Dilimizin inkişafında və
qorunmasında müəllimlərin üzərinə böyük məsuliyyət düşür
Xəzər rayonu Ə.Quliyev adına
121 saylı tam orta məktəbdə
keçirilən tədbirdə dilimizin
tarixindən, inkişaf yolundan
bəhs edilib, xalq
şairlərimizin dilimiz haqqında
yazdığı ən gözəl nümunələr
səsləndirilib
Fevralın 21-i bütün dünyada Beynəlxalq
Ana Dili Günü kimi qeyd olunur. Həmin gün 1999-cu ilin
noyabrında Banqladeş səfirinin təşəbbüsü
ilə YUNESKO tərəfindən Beynəlxalq Ana
Dili Günü elan edilib. Layihə çərçivəsində
təqdim etdiyimiz yazıda Beynəlxalq Ana Dili Günü
ilə məktəblərdə keçirilən tədbirlərə
toxunacağıq. Dil real
və mücərrəd irsin qorunması
və inkişaf etdirilməsi üçün ən mükəmməl bir alətdir. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkcə çoxdilliliyin
tədrisi deyil, həmçinin dilçilik və mədəni ənənələr
haqda biliklərin artması,
qarşılıqlı anlayış, dözümlülük
və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf
etdirmək məqsədi daşıyır. Millətin dilinin dövlət statusuna
yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin
qızıl səhifəsidir. Bu məqam
millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət
dili statusuna yüksəlməsi
millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq
və qorumaq qüdrətinin, eyni zamanda, dilinin
zənginliyinin sübutudur. Bu mənada dilin dövlət
dili statusu
qazanması, həqiqətən qürur gətirən
tarixi hadisədir.
Azərbaycan dili bu tarixi
hadisəni yaşamışdır. Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına, onun mənəvi dirilik atributuna çevrilməsi
yolunda böyük fədakarlıqlar göstərdiyinə
görə ümummilli
lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ölkəmizdə Ana dilinin hərtərəfli
inkişafı, beynəlxalq
münasibətlər sisteminə
yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər
Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş
siyasətinin nəticəsidir.
2002-ci il sentyabrın
30-da “Azərbaycan Respublikasında
dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi dünya azərbaycanlılarının
Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının
ödənilməsi istiqamətində
daha bir addım olmuşdur. Bu sənəd ümummilli
lider Heydər Əliyevin xalqımıza
və onun dilinə tükənməz
məhəbbətinin, qayğısının
parlaq nümunələrindən
biridir. Hazırda bu ənənələri
Prezident İlham Əliyev uğurla davam etdirməkdədir.
Dövlətimizin başçısının
“Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”
2004-cü il 12 yanvar tarixli sərəncamı və bu istiqamətdə görülən digər
işlər dilimizin inkişafına böyük
qayğının təzahürüdür.
Beynəlxalq Ana Dili Günü ilə bağlı müxtəlif tədbirlər
keçirilir. AMEA-da
Dilçilik İnstitutunun
təşkilatçılığı ilə keçirilən konfransda institutun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu
Azərbaycan dilinin dövlət dili kimi rəsmən tanınmasında ümummilli
liderin xidmətlərini
qeyd edib. Alim onun Azərbaycan dilinin inkişafına hər zaman böyük önəm verdiyini söyləyib.
Dilimizin orijinallığının qorunub-saxlanması,
inkişaf etdirilməsi
və nüfuzunun yüksəldilməsinin dövlətin
dilçilik sahəsində
siyasətin əsas prinsipi olduğunu söyləyən alim, milli ideoloji prinsiplərin qorunmasının
zəruriliyindən danışıb.
Azərbaycan dilinin qorunması istiqamətində
dövlət tərəfindən
həyata keçirilən
məqsədyönlü işlər
haqqında məlumat verərək dilimizin tətbiqi işinin təkmilləşdirilməsi və
s. ilə əlaqədar
qəbul olunan sərəncamlardan irəli
gələn vəzifələrin
həlli istiqamətində
görülən işlərin
vacibliyini nəzərə
çatdırıb. M.Nağısoylu
Prezident tərəfindən
təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsinə
və ölkədə
dilçiliyin inkişafına
dair Dövlət Proqramı”na uyğun olaraq institutda müəyyən
işlərin aparıldığını
qeyd edib. Azərbaycanda Atatürk Mərkəzinin
müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov YUNESKO tərəfindən 21 fevral
tarixinin Beynəlxalq
Ana Dili Günü kimi təsdiq edilməsinin bütün dünyada ana dilinə diqqətin artırılmasına səbəb
olduğunu nəzərə
çatdırıb. Qeyd edib
ki, bu əlamətdar
günün keçirilməsi
xalqların dil və mədəniyyətinin
qorunması məqsədini
daşıyır. Dünya azərbaycanlıları
da yaşadıqları
ölkələrdə bu
əlamətdar günlə
bağlı silsilə
tədbirlər keçirirlər.
Tədbirdə “Dilimizin
qayğıları”, “Ana dili
güvənc yerimizdir”,
“Azərbaycan ədəbi
dilinin qaynaqları”, “Müasir Azərbaycan dilində baş verən proseslər”, “Ana dilinin təbliğində
müasir informasiya texnologiyalarının rolu”
və s. mövzularda məruzələr dinlənilib,
müzakirələr aparılıb.
Tədbirdə vurğulanıb ki,
Ana dilini qorumaq, inkişaf etdirmək hər bir vətəndaşın
müqəddəs borcudur.
Belə tədbirlərin məktəblərdə
təşkil edilməsinin
böyük əhəmiyyəti
var. Şagirdlərin Ana dilimizi
dərindən bilməsi
onların milli-mənəvi
dəyərlər ruhunda,
Vətənə məhəbbət
hissi ilə böyüməsində böyük
rol oynayır. Bakı şəhəri Xəzər rayonu Əmirəhməd Quliyev adına 121 saylı tam orta məktəbdə keçirilən "21 fevral
Beynəlxalq Ana Dili Günü" adlı tədbir də bu qəbildəndir. Məktəbin ibtidai sinif müəllimi Gülər
Hüseynovanın rəhbərlik
etdiyi 1ç sinif şagirdləri doğma dilimiz Azərbaycan dilinə olan sevgilərini söylədikləri
şeirlərdə, oxuduqları
nəğmələrdə, canlandırdıqları səhnələrində
yüksək səviyyədə
əks etdiriblər.
Milli-mənəvi dəyərlərimizi əks etdirən tədbirdə dilimizin tarixindən, inkişaf yolundan bəhs edilib, xalq şairlərimizin
dilimiz haqqında yazdığı ən gözəl nümunələr
səsləndirilib. Tədbirdə
Milli Təhsil Şurasının sədri
Əjdər Ağayev,
Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəbin direktoru Elşən Qafarov da iştirak
edib, öz çıxışlarında tədbir
haqqında xoş təəssüratlarını bildiriblər. Dəyərli insan Akif Abdullayevin rəhbərlik etdiyi 121 saylı tam orta məktəbin hələ birinci sinif şagirdlərinin bu cür milli
ruhda böyüməsi,
milli dəyərlərimizə
bu cür hörmətlə yanaşması
xoş təəssürat
oyadır. Bu cür vətənpərvər,
Vətəninə, xalqına,
doğma dilinə bağlı gələcəyin
yetişməsində, təbii
ki, məktəblərin,
təhsil ocaqlarının,
müəllimlərin rolu
çox böyükdür.
Xalqa, dövlətə, cəmiyyətə
yararlı gənclər
yetişdirmək böyük
şərəfdir. Daha bir tədbir Xətai rayonundakı 56 saylı orta məktəbdə təşkil edilib. “Beynəlxalq Ana Dili Günü və multikulturalizm” mövzusunda
keçirilən tədbirdə
məktəbin direktoru
Hicran Qarabəyli fevralın 21-nin Beynəlxalq
Ana Dili Günü kimi qeyd olunmasının
tarixindən, bu günün əhəmiyyətindən
danışıb, dilimizin
keçdiyi inkişaf
mərhələlərinə nəzər salıb. Bildirilib ki, Ana dili xalqın
varlığını təmin
edən amillərdən
biri, insanın, bütövlükdə millətin,
xalqın mənəviyyat
aynasıdır. Hər bir
xalqın milliliyini, mənəvi dəyərlərini
yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz
xalqımızın, müstəqil
Azərbaycanın ən
böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə
və məsləkinin,
milli ruhunun ifadəsidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan,
çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. Biz müstəqil dövlətin,
azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.
Tədbirdə digər çıxış
edənlər Azərbaycan
dilinin qorunması və saflığı uğrunda ölkəmizdə
həyata keçirilən
islahatlardan, Azərbaycan
xalqının çoxəsrlik
qədim mədəniyyət
ənənələrindən söz açıblar. Qeyd edilib
ki, dilimizin inkişafında və saflığının qorunmasında
müəllimlərin də
üzərinə böyük
məsuliyyət düşür.
Vurğulanıb ki, cəmiyyət
mədəniyyəti qoruyarsa,
mədəniyyət də
cəmiyyəti xilas edər. Tədbirdə multikulturalizm barədə
də məlumat verilib. Bildirilib ki, Prezidentin müvafiq sərəncamı
ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə yaşayan dini azlıqların dilinin, dininin və mədəniyyətinin inkişafına
dövlətimiz tərəfindən
xüsusi diqqət və qayğı göstərilir. Xalqımız əsrlər boyu tolerantlıq və dünyəvilik ənənələrini
qoruyub saxlayıb.
Ölkəmizdəki tolerantlıq mühiti
dünyaya nümunədir.
Sonra məktəblilər ana dilinə həsr olunan ədəbi-bədii
kompozisiya göstərib,
dil haqqında şeirlər, hikmətli kəlamlar səsləndiriblər.
Anar Miriyev
Palitra.-2016.-20 fevral.-S.11.