Azərbaycanlı tələbə xaricdə
ilklərə necə imza atıb?
Rəhim Məmmədov:
“Hər kəsdə
olmayan yaradıcılıq qabiliyyəti sizi hədəflərinizə daha
yaxın edə bilər”
Xaricdəki gənclərin hər hansı bir sahədə uğur qazanması xalqımız üçün qürurvericidir. Müsahibimiz Rəhim Məmmədov da xaricdə təhsil alan gəncimiz olaraq bir sıra ilklərə imza atıb. Özünü şanslı sayan R.Məmmədov bu qələbələri bacarığı ilə bərabər, səmimiliyi sayəsində əldə edib. Ümumiyyətlə, ona şansları səmimiliyi qazandırıb. O, məhz elə bu səmimiliyi ilə almanlar kimi çətin bir xalqın sevgisini qazanıb. Qeyd edək ki, Litvanın Vilnüs Universitetinin “Bussines administartion” fakültəsinin 3-cü kurs tələbəsi olan R.Məmmədov ötən il Erasmus proqramı çərçivəsində Almaniyanın Karlshochschule Universitetinə 1 semestrlik təqaüdlə göndərilib. Semestrin sonunda isə universitetin keçirdiyi layihədə qalib komandada olub. Növbəti olaraq isə bu ilin yayında Erasmus çərçivəsində 6 ay Maltada marketinq üzrə təcrübədə olacaq.
-Almanların ürəyinə necə yol tapa bildiniz?
-
2014-cü ildə Mədəniyyətdəyişmə
(Culture Exchange) proqramı çərçivəsində
2 həftə bir alman ailəsində qalmışdım. O vaxtlar
Avropaya təzə gəlmişdim. Öncəki müsahibələrdə qeyd etdiyim kimi,
Avropada mədəniyyət
şokum 9 ay çəkmişdi,
baxmayaraq ki, 25 yaşım var idi. Haşiyə çıxım, bir gün alman dostum məndən soruşdu: “Xaricdə təhsil almaq nə deməkdir?”. Sadəcə, cavab verdim ki, xaricdə təhsil alanda artıq heç kəsin oğlu, qızı, qardaşı
və ya bacısı olmursan, tam
individual fərd olursan.
Tam dəqiq desəm,
atalı, analı yetim olursan. Amma o, buna inanmadı və mənə güldü. Amma indi
özü mən yaşadığım həyatı
yaşayır.
Ümumiyyətlə, almanlar işdə məsuliyyətli, çalışqan
və təmiz insanlardır. Sevmədikləri şey yalan
və xəyanətdır.
Bir də aylarla Almaniyada qalan insanın alman dilini bilməməsini heç sevmirlər.
Etibarlarını qazanmaq çətindir,
amma itirmək çox asandır. Xaricilərə o qədər də
etibar etmirlər.
Qaldığım alman ailəsi 43 yaşlarında ər və arvaddan ibarət idi. Çox gözəl
insanlar idilər.
Öncə qaldığım
ailə ilə münasibətlər bir az gərginləşmişdi.
Amma alman ailəmdə qanunlar var idi.
Mən düşündüm ki, qonağam deyə mənə aid deyil. Qaydaların biri bu idi
ki, gecə 2-dən gec evə gəlmək
olmazdı. Mən 5 dəqiqə
gecikmişdim və məni qapının ağzında qoydular.
Səbəb kimi dedilər
ki, sən bizim ailədənsən və bizim məsuliyyətimizdəsən.
Hamıya necə, sənə
də elə.
-Bəs münasibətləriniz
necə düzəldi?
-Bir gün holland pendiri ilə özümə tost hazırlayırdım. Bir pendiri bölüb 2 tost hazırlayırdım. Ailənin kişisi bunu gördü və çox sərt səslə “Sən nə edirsən? Niyə 1 dilim pendiri 2 yerə bölürsən?”- dedi. Çox səmimi şəkildə dedim ki, mən tələbəyəm və ailəmlə yaşamıram, müəyyən qədər qənaətlə yaşamalıyam. Alman dedi ki, burada tələbə deyilsən, sənə görə hər şeyi alırıq ki, rahat olasan. Mən də cavab verdim: “2 həftədən sonra yenə tələbə olacam. 1 ildir belə öyrəşmişəm. İcazənizlə belə də davam edim. Sonra çətin olacaq və hər şeyin bol olmağı, mən hər şey istifadə etməliyəm demək deyil. Siz mənim heç kimimsiz və çox sağ olun ki, məni hər şeylə təmin edirsiz”. Gözləri doldu, məni qucaqladı. O gündən hər şey düzəldi. Tez-tez məni şəhərə çıxarıb muzeyləri gəzdirirdi. Pul xərcləməyə icazə vermirdi. Mənə tez-tez müharibədən danışırdı və “sən də çox patriot oğlansan” deyirdi. Bir gün bunu haradan bildiyini soruşdum. Cavabında “Üzrlü say. İcazəsiz əşyalarını yoxladıq və bayraq gördük”. O gündən anladım ki, səmimiyyət ən gözəl seydi. Sözüm ondadır ki, almanlar, həqiqətən, səmimi insanları sevirlər. Görəndə ki, həqiqətən çalışırsan, lakin bacarmırsan, o zaman kömək edirlər. Amma görəndə ki, fırıldaqçılıq edirsən, hətta pulun, gözəl geyimin olsa da, sənin üzünə belə, baxmırlar.
-Öz
qələbələrinizdə, əldə etdiyiniz
uğurlarda kimə və nəyə borclusuz?
- Ümumiyyətlə, mənim bir insan kimi ən güclü tərəfim yaradıcılıq və satış qabiliyyətimdir. Hətta yaratdığım CV modeli videosu ABŞ-da, yəni Alyaskada 6882 namizəd arasından seçilmiş və məni 27 yaşımda Amerikaya Litvadan ilk viza alan beynəlxalq bakalavr tələbəsi kimi qırmızı kitaba salmışdı. 29.05.2015 tarixinə qədər Litvada belə bir hadisə olmamışdı. Onu da ilk bacaran azərbaycanlı tələbə oldu.
Vilnüs Universitetinin tələbələri arasında (xarici və yerli ) ilk medal gətirən də (təhsil üzrə) azərbaycanlı tələbə oldu. Beləliklə, 2 dəfə ilkin altına azərbaycanlı kimi xətt çəkdim. Bunun üçün ailəmə çox təşəkkür edirəm ki, mənə hər zaman dəstək veriblər.
-Almaniyada qalibi olduğunuz layihə barədə məlumat vermənizi istərdik.
- Layihə hazırda fəaliyyət göstərən Emerald Forest Hotelin () köhnə sahibəsi Çristina Bergman tərəfindən yaradılıb. Hər il müxtəlif vaxtlarda İngiltərə, Latviya, İtaliya, Hollandiya, Estoniya kimi ölkələrdə keçirilir. Almaniyada isə mən oxuduğum Karlshochschule Universitetində keçirildi. Nəzərinizə çatdırım ki, mən Karlshochschule Universitetində ilk və yeganə azərbaycanlı idim.
Layihədə 2 ümumi komanda var idi. Komandalar bir-birləri
ilə rəqabət aparırdılar. Layihənin məqsədi
və təlimin mövzusu marketinq menecerlərin axtarışı
və daha yaradıcı yeni fikirlərin üzə çıxması idi.
Qaliblər ən yaradıcı,
ən çox qazanc əldə edən, ən gözəl konsepsiya yaradan və hoteli mətbuata ən yaxşı təqdim edən komandalar üzrə təyin olunurdu.
Mən bir çox ölkələrdə
təlimlərdə olmuşam. Amma belə
real və çətin
oyun, eləcə də rəqiblər həyatım boyu görməmişdim. 5 gün
(məcazi mənada 5 il) hotelimiz
fəaliyyət göstərdi.
Əsas odur ki, verilən tapşırıqları yerinə
yetirə bilməyən
və yarımçıq
edən komanda açıqlama belə, qəbul olunmadan cəzalandırılırdı, yəni bal itirirdi.
-Tapşırıqlar
nədən ibarət
idi?
-Hotelə ad və loqo düzəldilməli,
sosial mediada səhifə açılmalı,
websəhifə dizayn olunmalı idi. Əsas hər qrup bizə
verilən ünvanlarda
müxtəlif yerlərdə
qrup kimi maraqlı şəkillər
çəkdirməli idi.
Əlavə olaraq 12 saat
ərzində bütün
görülən işlərin
hər gün izahatı yazılı formada verilməli idi. Bununla bir neçə
müxtəlif ölkələrdən
gəlmiş məllimlərin,
təlimçilərin seminarlarına
da girmək lazım idi. Dəqiq olaraq saat 9:30-da seminar başlayırdı,
tapşırılar verilirdi,
təlim keçirilirdi,
sonra 1-2 saat ərzində verilən tapşırıqların yerinə
yetirilməsi tələb
olunurdu. Axşam 6-ya kimi iş saatı
idi. Yalnız 12-1 arası fasilə
saatı hesab olunurdu.
Bununla yanaşı, sərgilər
üçün konsepsiyaların
yaradılması, hotelə
gələn müştəriləri
qarşılamaq, PR materialların
hazırlanması və
s. bizim tapşırıq
idi. Mən şanslı idim,
çünki bizim qrupda 4 alman var idi və
ən çox işi onlar görürdü. Bir
sözlə, bizə verilən 100 otağı
real reklam layihələri
və real servislər
təklif edərək
1 il satmalı
idik. Yəni açılışa “Cenefer Lopes gətirərəm”
kimi xəyali söhbətlər və ya mən dənizin
altında hotel açıram
kimi real olmayan söhbətlər edə
bilməzdin. Çünki yazılı izahatda reklam xərcləri və ümumiyyətlə,
bütün xərclər
göstərilirdi. Burada
məqsəd daha real yaradıcı olub, az xərc
çəkib, daha çox müştəri
cəlb etmək idi. Hər qrup 5 nəfərdən
ibarət komanda idi. 16 komanda
var idi. Komanda üzvlərinin universitet tərəfindən seçilməyi
rəqabətin daha sağlam olmağı üçün idi.
-Marketinq strategiyanız nədən
ibarət idi?
-Bizim hotelin adı
Olimpiya Supreme idi. Bu hotel Almaniyada “qara
meşə” deyilən
bir ərazidə yerləşirdi. Bizim müştərilər
idmanı sevən və sağlam həyata üstünlük
verən 20-55 yaşarası
insanlar idi. Marketinq strategiyamızın
təklifi məndən
gəlmişdi: reklam və informasiya. Yəni məqsəd reklam vasitəsilə müştərilərə
informasiya verib, onların düşüncələrini
dəyişmək idi.
Dəqiq
desək, tətilin yalnız gəzmək, parti, içki əyləncəsi olmadığını
onlara aşılamaq idi. Əlavə olaraq, bizim
hotel həm də sağlam yemək kursları, yoqa və fitnes dərsləri təşkil
edirdi. Sonda bizim komanda sərgilərdə ən
yaradıcı konsepsiya
yaradan və ən yaradıcı hotel təqdimatı edən qrup seçildi və medala layiq görüldük.
-Həmyaşıdlarınıza
nə tövsiyəniz
var?
- Bir çox xaricdə təhsil almaq arzusunda olan gənclər gecə-gündüz ingilis
dilini öyrənib yüksək nəticələr
toplayırlar və bu nəticələrlə
sonra təqaüd axtarışına çıxırlar.
Belə bacarıqlı gənclərimizə
məsləhət görərdim
ki, hədəfə gedən yollarını dəyişsinlər. Yəni
demək istəyirəm
ki, ingilis dilini Azərbaycanda çox adam
bilir. Aelts-dən çox adamın 8 balı var,
amma təqaüd tapmaq çətindir. Qısası,
alman dilini öyrənin. Yəni dolmuş
bazarda məhsul satmayın, çünki müştəri tapmaq çətindir. Siz boş
bazarda məhsul satın. Çünki müştərisi çox olur. Düzdü,
o boş bazarı yaradan yeni bir
məhsul olmalıdır,
amma bunun üçün də yaradıcı olmaq lazımdır. Adi hesab
olunan, amma hər kəsdə olmayan yaradıcılıq
qabiliyyəti sizi hədəflərinizə daha
yaxın edə bilər.
Fuad Hüseynzadə
Palitra.-2016.-20 fevral.-S.7.