“Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları”

 

Prezident Kitabxanasında AMEA A.Bakıxanov adına Tarix İnstitutu və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun birgə layihəsi əsasında çap edilən “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, son iki yüz il ərzində Azərbaycan xalqı dəfələrlə deportasiyalara, soyqırımlarına və repressiyalara məruz

qoyulub.

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib ki, 1918-ci il soyqırımları tarixinin araşdırılması institutun prioritet tədqiqat istiqamətlərindən biridir: "Tarix İnstitutunda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Son illərdə İnstitutun əməkdaşları Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımlarla bağlı materialları özündə əks etdirən külli miqdarda sənədləri dünyanın müxtəlif ölkələrindəki arxivlərdən gətiriblər. Həmin sənədlər əvvəlcə toplular şəklində çap olunub, sonra isə elmi-tədqiqat dövriyyəsinə cəlb edilərək ayrı-ayrı regionlar üzrə əsərlər yazılıb və nəşr edilib". Y. Mahmudov bildirib ki, təqdimatı keçirilən “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabı Şərqi Anadoluda, Cənubi Azərbaycanda, İrəvan quberniyasında və Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində və sonrakı dövrlərdə erməni silahlı dəstələrinin törətdikləri soyqırımları və deportasiyalardan, habelə Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən və soyqırımı cinayətlərindən bəhs edən ümumiləşdirilmiş əsərdir: "Əsərin yazılmasında arxiv materialları ilə yanaşı, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda yaradılmış Memorial Soyqırımı Muzeyində saxlanılan foto sənədlərdən də istifadə edilib". Hərbi prokuror Xanlar Vəliyev çıxış edərək təqdimatı keçirilən kitabın əhəmiyyətindən söz açıb, soyqırım anlayışının hüquqi-siyasi məzmunundan, müvafiq konvensiyalardan, Azərbaycan xalqına qarşı ayrı-ayrı tarixi dövrlərdə həyata keçirilmiş soyqırımı cinayətlərindən, terror aktlarından, Dağlıq Qarabağdakı terrorçu-separatçı cinayətkarların antiazərbaycan fəaliyyətindən bəhs edib, bu istiqamətdə bir sıra faktları xronoloji ardıcıllıqla təqdimat iştirakçılarının diqqətinə çatdırıb. X. Vəliyev bu istiqamətdə Tarix İnstitutu ilə birgə layihələrin bundan sonra da həyata keçiriləcəyini bildirib. Xanlar Vəliyev qeyd edib ki, o vaxtkı hakimiyyət Xocalıda soyqırımı olacağından xəbərdar idi: "Azərbaycanın o vaxtkı hakimiyyəti Xocalıda soyqırımı olacağından xəbərdar idi. Bunu bilmək üçün xüsusi məlumatların olmasına gərək yox idi. Bu hadisələr 1991-ci ilin noyabrında başlamışdı və intensiv şəkildə davam edirdi. Bunlar Qarabağda müxtəlif kəndlərdə baş verirdi. Əlbəttə ki, Xocalı miqyasında olmasa da, onlarla adamlar öldürülürdü, yüzlərlə insan yaralanırdı. Fevral ayının 16-17-də Qaradağlıda 67 nəfər qətlə yetirildi. Bir həftə sonra Xocalı faciəsi baş verdi. Siz bilirsiniz ki, o zaman Xocalıda 7 minə yaxın əhali yaşayırdı. Amma hadisə baş verəndə, orada o qədər adam olmayıb. Bunun səbəbini başa düşmək üçün alim olmağa gərək yoxdur. Azərbaycan hakimiyyətinin sözsüz ki, bundan xəbəri var idi, amma bunun qarşısını almaq üçün heç bir tədbir görmədi. Bu bir yana qalsın, hadisə baş verəndən sonra da insanların heç olmasa oradan köçürülməsini təşkil etmək lazım idi”. X. Vəliyev əlavə edib ki, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasının böyük rolu olub: “Məhz bu kampaniyadan sonra bir sıra ölkələr bunu soyqırımı kimi qəbul edib”.

 

Nigar

Palitra.-2016.-20 fevral.-S.6.