“Xaricdə təhsil peşəkar inkişafla yanaşı, özünü
kəşf edib tanımağa kömək
edir”
Aytən Şadlinskaya 1984-cü ildə Qərbi Azərbaycanın Vedibasar mahalında çoxuşaqlı ailədə anadan olub. 1988-ci ildə məlum hadisələr zamanı ailəsi ilə birgə Bakı şəhərinə köçüb. Bacı və qardaşları Bakıda orta məktəbi bitirib müxtəlif ixtisaslar üzrə ali təhsil alıblar. 283 saylı orta məktəbi bitirdikdən sonra 2002-ci ildə Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinə daxil olub və 2006-cı ildə həmin universiteti fərqlənmə ilə bitirib. Dil bacarıqlarına yiyələndikdən sonra özünü başqa sahədə sınamağı qərara alan Aytən Şadlinskaya magistratura təhsilini idarəetmə sahəsində davam etdirib. 2007-ci ildə Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakültəsinin Biznesin təşkili və idarə edilməsi ixtisasına qəbul olub. Qəbul olduqdan sonra Erasmus Mundus mübadilə proqramı çərçivəsində magistr təhsilini Yunanıstanın Saloniki şəhərində yerləşən A.T.E.İ. İnstitutunda (Alexander Technological Educational İnstitution) Menecment ixtisası üzrə davam etdirib. Təhsilini başa vurduqdan sonra 2009-2013-cü illərdə Xəzər Universitetində Beynəlxalq tələbələr və mütəxəssislər mərkəzinin direktoru vəzifəsində çalışıb. 2013-cü ildən etibarən isə Bakı Ali Neft Məktəbində işləyir. O, 2013 və 2014-cü illərdə Azərbaycan Turizm və Menecment Universitetində magistr fənlərini tədris edib. Hal-hazırda Aytən Şadlinskaya Bakı Ali Neft Məktəbinin Keyfiyyətin təminatı şöbəsinin mütəxəssisi olaraq çalışır.
-İxtisasınıza
olan marağınız nə ilə
bağlıdır? Bu ixtisasınız
üzrə xaricdə təhsil almaq fikrinə
necə gəldiniz?
-Xaricdə təhsil almaq uşaqlıq arzularımdan biri olub və onu reallaşdırmaq üçün münasib vaxt və fürsət gözləmişdim. İlk vaxtlar tərcüməçilik ixtisasını seçsəm də, sonralar işlədiyim sahələr əsasən idarəetmə və müxtəlif təhsil layihələri ilə bağlı olduğundan bu sahəni seçmişəm. Hazırda da əsas marağım təhsil və inkişaf layihələridir. Hər yaranan bir ideyanı layihələşdirib reallaşdırmaqdan zövq alıram. Ələlxüsus bu layihələr başqalarının həyatını, təhsilini inkişaf etdirməyə xidmət edirsə. Zövq ala biləcəyimiz işi görürüksə, yorulmuruq və bu iş anlayış çərçivəsindən çıxır. Məsələn, ilk böyük layihəmiz digər iki kolleqamla yazdığım “Azərbaycanın ali təhsil müəssisələrinə əlil tələbələrin inteqrasiyasının təməlinin qoyulması (ESFIDIP)” layihəsi olub. Bu layihəni yazarkən fikrimizi layihənin seçilməsindən daha çox gördüyümüz işin neçə insanın həyatını dəyişə biləcəyinə yönəltmişdik. Bizi motivasiya edən əsas səbəb məhz bu idi. Gözlədiyimiz kimi, bu layihə Avropa Komissiyası tərəfindən seçilərək maliyyələşdirildi. Mən bir işin ürəkdən və çox istəyərək görüldüyü təqdirdə uğurlu olacağına inanıram. Yaradan hər bir xoş niyyətlə görülən işi gec-tez yoluna qoyur. Bunun üçün, sadəcə, çox istəmək və çalışmaq lazımdır.
-Sizin
fikrinizcə, xaricdəki təhsilin Azərbaycandakı təhsildən
hansı üstün və mənfi cəhətləri
və ya fərqləri var?
-Öncə qeyd edim ki, ideal mühit və ya ideal təhsil yoxdur. Hər bir mühitdə
insan öz ağıl və mövcud imkanlarından maksimum istifadə edib yararlana bilər. Eləcə
də xaricdə təhsil və ya yerli ali məktəblərdə
təhsilin müsbət
və mənfi tərəfləri ola bilər. Xaricdə yaxşı ali
məktəblərdə təhsil
inkişafa meylli insan üçün çox qazanclı ola bilərsə, eyni zamanda tənbəl
biri üçün faciə ilə də bitə bilər. Xaricdə təhsil peşəkar
inkişafla yanaşı,
özünü kəşf
edib tanımağa kömək edir. Ümumilikdə götürsək, xaricdə təhsil almaq dünyagörüşünün
genişlənməsinə, akademik biliklərin dərinləşməsinə, qısa müddətdə
insan kimi daha tez yetkinləşməyə
yardım edir. Mənfi tərəfləri mənim
üçün olmayıb.
Həm təhsil aldığım müddətdə,
həm də sonralar xarici ölkələrə təhsillə
bağlı və iş səfərlərim
çox olub. Bu, mənim peşəkar
inkişafıma çox
kömək edib.
Mən hər yaşda ozünü inkişaf etdirməyin vacib olduğunu düşünürəm.
Həmişə bizim öyrənib
inkişaf etməyə
ehtiyacımız var. Kamil
insan heç vaxt öz bilik
və bacarıqlarının
kafi olduğunu düşünə bilməz.
O daim çalışır
və yeni üfüqlər kəşf
edir.
-İlk işinizi və ilk maaşınızı xatırlayırsızmı?
-Çox sevinirəm ki, peşəkar karyerama 19 yaşında başlamışam və
ən önəmlisi,
işlədiyim sahələr
bilavasitə oxuduğum
ixtisaslarla bağlı
olub. Bu mənə
nəzəri bilik bazamı möhkəmlətməyə
kömək etməklə
yanaşı, peşəkar
formalaşmamda böyük
rol oynadı. Qeyd etmək yerinə düşərdi
ki, ilk iş yerinin insanın həyatında əhəmiyyəti
danılmazdır. Yunanıstanda
təhsil aldığım
on altı ay müddətində
dərslərlə yanaşı, iş təcrübəsi keçdim. İş təcrübəm dörd ay olmaqla Yunanıstanın böyük
banklarından olan ATEbankda və əmlak tikintisi və satışı ilə məşğul olan beynəlxalq şirkətdə keçdi.
Maaşımı da təbii ki, yaxşı xatırlayıram. Yeni
işə başlayan
hər bir kəsə tövsiyə edərdim ki, iş yerini
seçəndə maaşdan
öncə işin perspektivini və oradakı inkişaf imkanlarını prioritet etsinlər.
-Bakı
Ali Neft Məktəbində
fəaliyyətə başlamanız
necə oldu?
- Bakı Ali Neft Məktəbi Azərbaycanda
mühəndislik ixtisası
üzrə tədrislə
məşğul olan
ilk ingilis dilli ali məktəbdir.
Yarandığı ilk vaxtlardan
bu ali
təhsil müəssisəsi
ilə bağlı məlumatım var idi. Ali məktəbin rektoru cənab Elmar Qasımovla görüşdükdən sonra
o mənə Keyfiyyətin
Təminatı şöbəsində
işə başlamaq
təklifi verdi.
Yeni yaranmağına baxmayaraq,
qısa müddətdə
çox peşəkar
akademik heyət və mühit mənə müsbət təsir bağışladı
və yaxşı mənada təəccübləndirdi.
Öz bilik və bacarığımı
tətbiq edə biləcəyim mühit burada işləməyə
və yeni ideyaları gerçəkləşdirməyə
məndə həvəs
oyatdı. Artıq iki
ildir ki, burada Keyfiyyətin Təminatı şöbəsində
işləyirəm. Qeyd etmək
yerinə düşərdi
ki, harada işlədiyinin də inkişafda çox mühüm rolu var. Sevinirəm ki, yeniliklərə açıq,
daim işçilərin
maarifləndirilməsinə dəstək verən təhsil ocağında çalışıram. Mən dövlətin
gücünü onun təhsilində görürəm.
Əminəm ki, dövlətimiz
təhsilə ayırdığı
qayğı və diqqətin sayəsində
güclənir və inkişaf edir. Hər bir dövlətin gücü onun təhsil səviyyəsi ilə ölçülür.
Nelson Mandelanın dediyi kimi, “Dünyanı
dəyişmək üçün
ən qüdrətli silah təhsildir!”
-Üzərinizə
hansı öhdəliklər
düşür və
işinizin öhdəsindən
necə gəlirsiniz?
- Şöbəmiz ali məktəbin təməl prinsiplərinə
xidmət edən ən məsuliyyətli işi aparır. Tədrisin keyfiyyəti, imtahanların gedişatı,
tələbələrin davamiyyəti
və s. kimi mühüm vəzifələr
şöbəmizin səlahiyyətlərinə
aiddir. Həmçinin burada çalışdığım
müddətdə yazdığım
iki layihə uğurlu olub və Alman Tələbə
Mübadilə Proqramı
(DAAD) tərəfindən maliyyələşdirilmək
üçün seçilib.
Bir layihəmizi 2014-cü ildə
“Bakı Qış Neft Məktəbi” (Baku
Winter Oil School) adı ilə
mart ayında həyata
keçirdik. Almaniyanın
ən nüfuzlu ali məktəblərində
təhsil alan tələbələr bu layihə çərçivəsində
Bakı Ali Neft Məktəbində 2 həftə
ərzində həm akademik biliklərə yiyələndilər, həm
də Azərbaycanın
mədəniyyəti, adət
ənənəsi və
əsrarəngiz təbiəti
ilə yaxından tanış oldular. Digər ikinci layihəmiz “ Bakı
Yay Neft Məktəbi” 2016-cı ilin
sentyabr ayında baş tutacaq. Qeyd edim ki, bu
layihələrdə alman
tələbələrlə yanaşı, azərbaycanlı
tələbələr də
iştirak edə bilər. Ali məktəbimizin inkişafı
və beynəlmiləlləşməsi
üçün növbəti
illərdə də bir çox böyük layihələrimiz
olacaq.
-Bir gənc olaraq, ali təhsil
ocağında işləməyin
məsuliyyəti nədən
ibarətdir?
- Mənim üçün ali təhsil
ocağında çalışmaq
və gənc nəslin yetişməsində,
təhsil almasında rol oynamaq məsuliyyətdən
savayı, müqəddəs
bir öhdəlikdir. Hər yeni layihə
ilə faydalı olmaq, ali
məktəbin inkişafına
töhfə vermək
çox məsuliyyətli,
eyni zamanda çox əhəmiyyətli
bir işdir.
-İnkişafınız
üçün işdən
savayı nələr
edirsiniz
?
- Mən xaricdə ali təhsil
almaqla yanaşı, indiyədək müxtəlif
ölkələrdə konfranslarda,
seminarlarda və təlimlərdə iştirak
etmişəm. Hər
bir keçdiyim təlim, seminar mənə
yeni biliklər əldə etməyə, müxtəlif insanlarla tanış olmağa və müəyyən ideyaların
yaranmasına imkan yaradır. Hər il ən
azından bir tədbirdə iştirak etməyi özümə məqsəd qoymuşam. Ən son 2014-cü ildə
Hindistanın Xarici İşlər Nazirliyinin
maliyyələşdirdiyi proqrama
seçilərək Hindistanın
paytaxtı Dehlidə
“Layihələrin İdarə
Edilməsi ” üzrə bir aylıq təlimdə iştirak etdim. Əslində bu mənim ən yaddaqalan təlimim oldu. Çünki indiyədək gördüyüm
inkişaf etmiş ölkələrdən fərqli
olaraq bu ölkə mənim dünyagörüşümə çox təsir etdi. Bu ölkəyə
ikinci səfərim olmasına baxmayaraq, son səfərim zamanı qaldığım bir ay müddətində ölkəni
daha yaxından tanıdım. Eyni vaxtda
ən təmtəraqlı
həyatı və ən məzlum insanları görmək insana bir çox
şeyi əyani şəkildə öyrədir.
Həmçinin təlim
zamanı otuza yaxın müxtəlif ölkədən olan insanlar arasında olmaq, yeni insanlar
kəşf etmək və fərqli baxışlarla tanış
olmaq çox maraqlı idi. Qeyd edim ki, bu
təlimdə iştirak
edən ilk azərbaycanlı
idim. Təlimin sonunda təşkilatçılar
tərəfindən sertifikat
almaqla yanaşı, həmçinin iştirakçılar
tərəfindən sorğu
əsasında “ən
yaxşı lider” kimi seçildim. İnkişaf üçün daim mütaliə etmənin də çox önəmli olduğunu düşünürəm.
Onu da bildirim ki,
öyrəndiklərin və
gördüklərin səni
yaxşı insan, yaxşı vətəndaş
kimi yetişdirə bilməyibsə, demək yanlış istiqamətdə
inkişaf etmisən.
Necə deyərlər, elmli cahil ən təhlükəli
insandır. Son zamanlar, əsasən, şərq mütəfəkkirlərinin
və hind müəlliflərin
kitablarını oxuyuram.
Düşünürəm ki, həm mütaliə, həm səyahət insanı inkişaf etdirən mühüm amillərdir.
Nigar Abdullayeva
Palitra.-2016.-23 fevral.-S.15.