“Azərbaycanda latın dilinin itməməsi üçün əlimdən gələni edirəm”

 

Latın dili dünyada çətin və ölü dillərdən hesab olunur. Amma buna baxmayaraq, bu dil Azərbaycanda da tədris olunur. Azərbaycan Dillər Universitetinin İspan dili kafedrasının baş müəllimi Hüseynağa Əmirov ölkəmizdə latın dilini tədris edən ən qocaman müəllimdir. Bu baxımdan Azərbaycanda onun müasiri yoxdur. 40 ildən çoxdur ki, müəllimlik təcrübəsi olan Hüseynağa Əmirov Azərbaycanda latın dilini ilk tədris edənlərdəndir.

 

-Uşaqlıq illəriniz harada keçib?

- 1939-cu ildə indiki Şabran rayonunda dünyaya göz açmışam. Müharibə illərinin övladı olmuşuq. Mən 5 aylıq olanda atam mübaribəyə gedib. Mən heç atamın üzünü görməmişəm. Uşaqlıq illərim Şabran rayonunun Aygünlü kəndində keçib. 1947-ci ildə orta məktəbə getmişəm. 8-9-cu sinifləri Xaçmazda təhsil almışam və bibim oğlunun himayəsində böyümüşəm. Elə əsgərliyə də buradan getmişəm. Hərbi xidməti 1959-cu ildə Moskvada başlamışam, 1963-cü ildə Kubada bitirmişəm.

-Necə oldu ki, Kubaya getməli oldunuz?

-Bir dəfə gördüm ki, qaçaqaçdır. Dedilər ki, bizi İndoneziyaya göndərirlər. Dedim ki, mən də gedirəm. Komandirə dedim ki, məni də aparın. Əvvəl razı olmadılar, sonra mənim getməyim üçün razılıq alındı. Bizə yolda hara getməyimizi demədilər. Almaniyanı keçəndən sonra bildik ki, Kubaya gedirik. Biz hərbçi olsaq da, Kubaya mülki paltarda getdik. Üç dəniz, bir okean keçdikdən sonra gedib Kubaya çatdıq. Mülki paltarda olsaq da, ehtiyat üçün hər birimizə silah vermişdilər. Biz ora turist adı ilə getmişdik. Amma əsas məqsəd inqilabdansonrakı Kubaya kömək etmək idi. Kubalılar mənə “balaca Fidel” deyirdilər.

-Hər halda, Kubada ispan dilini öyrənməyiniz sonrakı müəllimlik həyatınıza bir yol açıb.

-Bəli, hələ gəmi ilə Kubaya gedəndə ispan dilini bizə öyrədirdilər. 1962-ci ildə ozamankı Pedaqoji Xarici Dillər İnstitutunda İspan dili ixtisası açılmışdı. Hərbi xidmətdən elə təzəcə gəlmişdim ki, Bakıda ispan dilinin açılması xəbərini eşitdim. Kubada ispan dilini bir az bilməyimin mənə çox köməyi oldu. Sənədlərimi hazırlayıb, imtahan verib, Pedaqoji Xarici Dillər İnstitutuna qəbul olundum.

Məndə iki ixtisas idi; ispan və Azərbaycan dili müəllimi. 1968-ci ildə mən 5-ci kursda olanda adım Moskvaya göndərilmək üçün Xarici İşlər Nazirliyinə getmişdi. Tale elə gətirdi ki, Bakıda qalmalı oldum. Bizdən sonra ispan dili ixtisası 4 kurs oldu, sonra bağlandı. Çünki işləməyə yer vermədilər. Hərə bir yana getdi.

-Bəs əmək fəaliyyətinə haradan başlayıbsız?

-Mən, əvvəlcə Azərsu Dövlət Layihə İnstitutunda işlədim. Sonra keçmiş APİ-də Nəşriyyat şöbəsinin müdiri işləmişəm. Daha sonra Ali və Orta İxtisas Təhsili Nazirliyində çalışdım. Burada işləyərkən ali məktəblərlə əlaqəmiz də var idi. Öz müəllimlərimizin əsərlərini çap etməyə köməklik edirdim. Sonra mənə təklif gəldi ki, Pedaqoji Xarici Dillər İnstitutunda latın dilindən dərs deyim. Nazirlikdə işləyə-işləyə Pedaqoji Xarici Dillər İnstitutunda saathesabı dərs dedim. Dərs deyən zamanlarda latın dili üzrə özümü təkmilləşdirirdim. Gecə-gündüz öz üzərimdə işlədim. Gəldi o məqam çatdı ki, mən Pedaqoji Xarici Dillər İnstitutuna müəllim keçməli oldum. Mən burada tam müəllim kimi çalışmağa başlayanda tədris üçün vərəqələrdən dərs keçirilirdi. Bu vəsaitlər də rusca idi. O zaman rektor Zemfira Verdiyeva idi. Ondan icazə alıb Moskvaya getdim və Rusiyanın Xarici Dillər Universitetində Latın dili kafedrasını tapdım. O zaman ruslar latın dilinin tələbələr üçün ikinci dərs buraxılışını hazırlayırdılar. Mənə dedilər ki, hazır olanda xəbər verəcəklər.

-Moskvadakılar sizin istəkləri həyata keçirməkdə maraqlı

idilərmi?

-Onlar Azərbaycanda latın dilinin keçirilməsini çox müsbət qarşıladılar. O zaman Ümumittifaq Metodik Şura təşkil olunurdu. Məni də həmin şuraya üzv etdilər. Bir il keçməmiş məni yenidən Moskvaya çağırdılar. 4 aylıq gedib Moskvada latın dilini daha da dərindən öyrəndim. Mən onda 12 nəfərlik qrupun rəhbəri idim. Bakıya qayıdıb dərs dedim. Bir müddət sonra yenə də gedib Moskvada latın dili üzrə 4 aylıq kurs keçdim. Onlar mənə çox böyük köməklik etdilər. Bu minvalla mən bir neçə müəllim hazırladım. Eyni zamanda, onları təkmilləşmək üçün Moskvaya göndərirdim. Artıq Moskvada da bəlli oldu ki, Azərbaycanda latın dili tədris olunur.

Qeyd edim ki, Çernobıl hadisələri zamanı Ukraynada da müəllim çatışmırdı. Mən o zaman Kiyevə gedib 3 ay latın dilindən dərs demişəm.

-Yəqin ki, ADU-da ispan dilinin tədrisi sizin sayənizdə bərpa olunub?

-1993-cü ilə kimi ADU-da latın dilindən dərs dedim. Bu illərdə gedib rektora təklif etdim ki, ispan dilini bərpa edək. O zaman artıq kifayət qədər müəllimlərimiz də var idi. Elə həmin il ADU-da İspan dili şöbəsi də açıldı.

-Hazırda Azərbaycan dilində latın dili üzrə tədris kitabları varmı?

- Azərbaycan dilində latın dilinin tədris kitabı yoxdur. Uzun illərdir ki, bu dil üzrə tədris kitabı üzərində çalışıram. Burada təkcə latın dili deyil. Latın dili çox çətin dildir. Mən orada alman, fransız, ingilis, ispan, portuqal, italyan dilləri haqqında da məlumat verməliyəm. Çünki bu dillər latın dilinin üzərində inkişaf ediblər. Latın dili Avropa dillərinin mənbəyi kimi öyrənilir. Hazırda latın dili yeganə olaraq Vatikanın rəsmi dilidir. Amma Avropada latın dili ikinci dil səviyyəsində keçirilir. Çünki latın dili bir çox Avropa xalqlarının dillərinin bulağıdır.

-Latın dili ilə Azərbaycan dilinin hansı oxşarlığı var?

-Qrammatik baxımdan hallanmalarında oxşarlıq var. Hər iki dildə isimlər, sifətlər, saylar hallanır. Lüğət tərkibinə gəlincə, Azərbaycan dilində yüzlərlə latın sözləri var. Məsələn, “universitet”, “institut”, “professor”, “rektor”, “dekan”, “direktor” və s. sözləri misal gətirmək olar.

-Maraqlıdır ki, latın dilini öyrənənlər harada işləyə bilərlər?

- Mənim yetirmələrim var. Yaxşı öyrənənlər elm ocaqlarında, xüsusən AMEA-da işləyə bilərlər. Latın dili tələbələr üçün qazancdır. Bu dil əksər Avropa dillərinin özəyidir. Azərbaycanda latın dilinin itməməsi üçün əlimdən gələni edirəm. Ömrümü bu dilə həsr etmişəm. Qəlbən bu dilə çox bağlıyam. Tələbələrə başa salıram ki, latın dilini öyrənməklə ingilis, fransız, alman, portuqal, ispan dillərinə də yol açırlar. Vaxtilə mənim tələbələrimə, indiki müəllimlərə təşəkkür edirəm ki, latın dilinin tədrisini davam etdirirlər. Eyni zamanda, elmi iş üzərində çalışırlar. Çox gözəl kollektivimiz var.

-İspan ədəbiyyatından tərcümələriniz varmı?

-İspan ədəbiyyatından çoxlu tərcümələrim var. 2004-cü ildə “Biçin” adlı ilk tərcümə kitabım nəşr olunub. Bu kitabda həm Azərbaycan dilindən ispan dilinə, həm də ispan dilindən Azərbaycan dilinə tərcümələr etmişəm. Məsələn, bu kitabda Nizami Gəncəvi, Səməd Vurğun, Qabilin şeirlərini ispan dilinə tərcümə etmişəm. Bir tələbəm magistr idi, Meksikada oxuyurdu. Orada gedib mənim tərcümələrimdən müdafiə etdi. Sonra Meksikada bu kitab çap olundu.

Növbəti kitabımda isə yenə də Nizami Gəncəvi, Səməd Vurğun, Əhməd Cavad, Nigar Rəfibəyli, Abbas Səhhət, Molla Pənah Vaqif, Hüseyn Arif, Bəxtiyar Vahabzadə və s. şairlərimizin əsərlərini Azərbaycan dilindən ispan dilinə tərcümə etmişəm.

Həmçinin bu kitabda Q.Veqa, A.Kalderon, Q.Lorka, A.Maçado, R.Alberti, M.Ernandes, N.Amado, E.B.Bernandes, E.Vançs, K.Ekvador və s. İspan və Latın Amerikası ölkələrinin şairlərinin şeirlərini Azərbaycan dilinə tərcümə etmişəm.

Bunlar bədii tərcümələrdir. Bizdə leksikologiya keçirilir. Orada da misallar gətirmişəm ki, həm də dərslik kimi istifadə olunsun. Bir də üslub cəhətdən də tələblər bir çox bilgiləri buradan dərs zamanı öyrənirlər.

-İspaniya və Latın Amerikası ölkələrinin sizin bu fəaliyyətinizdən məlumatları varmı?

- Əlbəttə ki, onların mənim bu işlərimə münasibəti çox yaxşıdır. Bu tərcümələrim xüsusən İspaniyanın Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Xose Luis Diazın çox xoşuna gəldi və kitabdan bir ədəd istədi. Mən də kitabdan ona hədiyyə etdim. Bu yaxınlarda xarici ölkələrin şairlərinin poeziya gecəsi keçirildi. Həmin tədbirdə ispan dilindən Azərbaycan dilinə olan tərcüməmdən səsləndirildi.

 

Fuad Hüseynzadə

 

Palitra.-2016.-23 fevral.-S..11.