“Müdafiə mərhələlərinin növbələri yorucudur

 

Fatma Hüseynova: Nizami adına Ədəbiyyat İnstitutunda gənclərin elmi dərəcə almaları üçün yaradılan imkanlar daha da genişləndirilib, keyfiyyətli, orijinallığı ilə seçilən elmi işlərin növbəsiz mudafiələrə buraxılması rəhbərlik tərəfindən təmin edilir

 

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı Fatma Hüseynovadır. Bizimlə söhbətində o, gənc alimlərin elmi fəaliyyəti və onlar üçün aktual olan məsələlər barəsində fikirlərini bildirdi. Gənc alimlərin problemlərinə toxunan müsahibimiz bildirdi ki, istənilən sahədə olduğu kimi, elm sahəsində də mövcud olan problemlərə qarşı elm adamlarının, alimlərin reaksiyası, münasibəti fərqlidir:

Ancaq mənim diqqətimi daha çox gənclərin bu problemlərə qarşı olan ümidsizliyi cəlb edir. Və eyni zamanda təəssüfləndirir. Gənc elm adamları elmə təkcə “çörək ağacı” kimi baxmamalıdır, onlar, sahib olduqları, qazandıqları elmlə ilk növbədə millətin mədəni, mənəvi inkişafına xidmət etməlidirlər. Düşünürəm ki, ümidsizlik olmasa, mövcud problemlərin həllinə daha tez nail ola bilərik”. Gənc alimlərin elmi tədqiqatlarla kifayət qədər məşğul olmaları üçün hansı şərtlərin mövcud olmasına gəlincə, F.Hüseynova qeyd etdi ki, gənc alimlər, tədqiqatçılar dövlətin xüsusi diqqət mərkəzindədir və bu münasibət sistemli olaraq bir sıra qanunyeni qəbul olunan proqramlarda öz əksini tapır: “Dövlətin gənc elm adamlarına qayğısı, ilk növbədə onların elmi fəaliyyətini stimullaşdırmağa, daha səmərəli və effektiv elmi araşdırmalarla məşğul olmalarına xidmət edir. Çünki stimullaşdırma müasir dövrdə inkifaşın əsas şərtlərindəndir. İstənilən sahədə olduğu kimi, elm sahəsində də bu şərt olmadan dünya həqiqətləri ilə ayaqlaşmaq mümkün deyil”. Gənc alimlərin yetərincə elmi tədqiqatlarla məşğul olmaları və effektiv fəaliyyət göstərmələri üçün öz təkliflərini bildirən doktorantın fikrincə, bu gün istənilən gənc alim öz elmi fəaliyyətində başlıca olaraq dünya elminə inteqrasiyanı məqsəd olaraq seçməli, dünya elm məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etmək üçün çalışmalıdır: “Bunun üçün də beynəlxalq elmi konfranslarda iştirak etmək, inpakt faktorlu jurnallarda məqalələr nəşr etdirmək lazımdır”.

Gənc tədqiqatçıların əsas məsələlərindən biri elmi dərəcə almaq üçün bürokratik əngəllərlə qarşılaşmaları ilə bağlı fikir bildirən F.Hüseynova düşünür ki, Azərbaycan elmində, təhsilində köklü və müsbət dəyişikliklər olsa da, hələ də bəzi çətinliklərin, çatışmazlıqların qalması heç kəsə sirr deyil: “Elmi dərəcələrin alınması ilə bağlı yaranan bu cür problemlər, müdafiə mərhələlərinin yorucu növbələri gənc tədqiqatçılarda çox vaxt ruh düşkünlüyü yaradır. Ancaq onu da qeyd etmək istərdim ki, doktorantı olduğum Nizami adına Ədəbiyyat İnstitutunda son illər gənclərin elmi dərəcə almaları üçün yaradılan imkanlar daha da genişləndirilib, keyfiyyətli, orijinallığı ilə seçilən elmi işlərin növbəsiz mudafiələrə buraxılması rəhbərlik tərəfindən təmin edilir”.

Fəlsəfə doktoru(PHD) dərəcəsi almaq üçün əsas şərtlərdən biri İELTS imtahanından minumum 7 bal toplamaqdır. Bununla bağlı müsahib bildirir ki, müasir dünyada elmi proseslərin iştirakçısı olmaq üçün birinci növbədə ingilis dilinə yüksək səviyyədə hakim olmaq lazımdır: “Çünki bu istiqamətdə olan bütün məşhur jurnallar, nəşrlər, onlayn kitabxanalar ingiliscədir.AMEA Rəyasət Heyətinin bu qərarını mən yüksək hal kimi qiymətləndirirəm. Düşünürəm ki, doktorantların ingilis dilini arzuolunan səviyyədə mənimsəmələri üçün təhsil müddəti ərzində akademiyada müəyyən şəraitlər yaradılmalıdır. Elm və Təhsil idarəsi nəzdində dil təkmilləşdirmə kursları təşkil olunmalı, həmin kurslara yüksək səviyyəli mütəxəsislər cəlb olunmalıdır. O zaman doktorantlardan tələb olunan nəticələri almaq daha real olacaq”.

Gənc alim tədqiqatçıların maddi-sosial baxımdan stimullaşdırılması ilə bağlı bildirən doktorant, gənc tədqiqatçıların bütün diqqəti potensialı öz işlərinin keyfiyyətinin yüksəlməsinə yönəltmələrinin vacibliyini bildirir: “Bunun üçün onların maddi təminatı olmalıdır. Əməkhaqlarının yaşam şərtlərinə uyğun olması, evsizlərin evlə təmin olunması, güzəştli kreditlərin verilməsi maddi-sosial baxımdan stimullaşdırılmaq deməkdir”. Doktorantın fikrincə, son dövrlər dövlət tərəfindən bu yöndə atılan addımlar bu məqsədə xidmət edir.

 

İlkin AĞAYEV

Palitra.-2016.-23 fevral.-S.7.