Xocalı soyqırımı
qurbanlarının xatirəsi İstanbulda
yad edilib
Nevzat Kütük:
“Xocalı soyqırımı insanlığa qarşı cinayətdir,
bu cür vəhşiliklərin
bir daha təkrar
olunmaması üçün bu cinayət və onun
günahsız qurbanları unudulmamalıdır”
İstanbulun qədim Topkapısında yerləşən Türk Dünyası Məhəlləsindəki Azərbaycan Kültür Evində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Azərbaycanın baş konsulluğu və İstanbuldakı Türkiyə Azərbaycan Dərnəyi (İSTAD) tərəfindən təşkil olunan tədbirdə ictimaiyyətin tanınmış nümayəndələri, görkəmli alimlər, Türkiyədə yaşayan və işləyən azərbaycanlılar, KİV və QHT təmsilçiləri iştirak ediblər. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Xocalı şəhidlərinin, o cümlədən torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Xocalı soyqırımı” sənədli filminin nümayişindən sonra çıxış edən İSTAD-ın sədri Səfər Qaraqoyunlu Xocalı soyqırımının törədilməsinin səbəblərindən danışıb. O, bu cinayəti törətmiş erməni cəlladlarının ifşa olunmasının və beynəlxalq birlik tərəfindən ədalətlə mühakimə edilməsinin vacibliyini qeyd edib. Sonra Azərbaycan baş konsulu vəzifəsini icra edən Esmira Hüseynova Xocalı soyqırımının ağır nəticələri və onun dünya birliyi tərəfindən tanınması istiqamətində görülən işlər barədə məlumat verib. Diqqətə çatdırıb ki, ilk dəfə ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı soyqırımını törədənlərin ifşa edilməsi və beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı aktı kimi tanınmasına nail olunması üçün təxirəsalınmaz istiqamət müəyyən edib. “Kültür” A.Ş.-nin baş direktoru Nevzat Kütük Xocalı soyqırımının insanlığa qarşı cinayət olduğunu vurğulayaraq qeyd edib ki, bu cür vəhşiliklərin bir daha təkrar olunmaması üçün bu cinayət və onun günahsız qurbanları unudulmamalıdır. Sonra professor İbrahim Öztək Xocalı soyqırımı ilə bağlı geniş məruzə edib. O, 200 ildən artıq zaman kəsiyində Azərbaycan torpaqlarının bölüşdürülməsi siyasətinin ağır nəticələri, Osmanlı dövlətinin çökdürülməsi istiqamətində böyük güclərin səyləri və bütün bu proseslərin Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasına təsiri məsələləri barədə məlumat verib. İ.Öztək diqqətə çatdırıb ki, erməni millətçiləri XX əsrdə Azərbaycanda və Türkiyədə çox sayda soyqırımları həyata keçiriblər. Xocalı qətliamı bu soyqırımlarının təkzibolunmaz faktlarla sübut edilən nümunəsidir. Baş konsulluq tərəfindən iştirakçılara Xocalı soyqırımına, ermənilərin başqa cinayətlərinə dair tarixi kitablar və digər əyani vəsaitlər paylanıb. Sonra iştirakçılar Azərbaycan Kültür Evinin qarşısında qurulmuş, Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi ilə tanış olublar.
Palitra.-2016.-23 fevral.-S.6.