Qırğızıstanlı gənc Azərbaycana
niyə gəlmək istəyir?
Asel İsmailova:“Dillərimiz
çox bənzər olduğundan oxuduğum kitabları və
dinlədiyim mahnıları asan şəkildə anlaya bilirəm”
Hər dəfə
böyük sevinclə xaricdəki azərbaycanlı
gənclərin müsahibələrini dərc edirik.
Elə budəfəki müsahibimiz də
gəncdir, amma qeyri-azərbaycanlıdır.
Lakin buna baxmayaraq, Azərbaycanı sevir
və hətta bizim ölkəyə gəlməyi
də planlayır. Beləcə, buyurun, oxuyun: Asel İsmailova,
Qırğıstanın Bişkek şəhərində
yaşayır. 21 yaşı var. Çox aktiv gənclərdən
biridir. Bişkek şəhərində
yerləşən Qırğız-Türk Manas
Universitetinin Turizm və
sayahət fakültəsində təhsil alır.
- Niyə məhz
Manas Universitetinin Turizm və səyahət fakültəsini seçibsiniz?
- Manas Universitetinin Turizm və səyahət fakültəsini seçdiyim üçün çox məmnunam. Çünki mən liseydə ikən coğrafiya dərsini çox sevərdim və bu dərsdən yarışmalara qatılıb müvəffəqiyyətlər əldə etmişəm. Bununla yanaşı, səyahət etməyi də çox sevirəm. Turizm və səyahət fakültəsini seçməkdə məqsədim turizm sahəsində keyfiyyətli təhsil almaq, dünyanı gəzmək, fərqli-fərqli ölkələri görmək və tanımaqdır. Məsələn, keçən il Türkiyənin Antalya şəhərində hoteldə 5 ay təcrübə keçdim.
Bizim universitetin turizm bölümünün tələbələri üçün hər il Qırğızıstanın müxtəlif turistik yerlərinə dərs dövrlərində gəzintilər təşkil edilir. Həmçinin turizm sektorundakı icraçılar universitetə dəvət edilir və tələbələrin bu sektordakı inkişafları ilə əlaqədar aktual məlumatlar əldə etmələri təmin edilir.
- Manas
Universitetinin azərbaycanlı tələbələri
ilə əlaqəniz necədir?
-Mən çox ictimai fəal biri olduğumdan dünyanın hər bir tərəfindən gələn tələbələrlə dostluq etməyi xoşlayıram. Dostluq mühitini çox sevirəm. Manas Universitetində oxuduğumdan bəri dünyanın fərqli ölkələrindən gələn tələbələrlə yoldaşlıq münasibəti qurmağa calışıram. Oxuduğum Turizm və səyahət fakültəsində 4 azərbaycanlı tələbə də təhsil alır. Buna görə onlarla daha sıx görüşüb, yoldaşlıq əlaqələrimizi gücləndiririk. Fakültəmizdə təşkil edilən proqramlara birlikdə qatılaraq fəallıq edirik. Xüsusilə qış mövsümündə onlarla birlikdə xizək mərkəzinə getməmiz bizlərə gözəl anlar yaşadır və hər il bu işi təkrarlamaqdan zövq alırıq.
Bundan başqa, tətildə öz aramızda yeməyə, velosiped sürməyə, boulinq oynamağa, kinoya gedərək vaxtımızı səmərəli keçirməyə çalışırıq.
- Sizin
Azərbaycanla bağlı nə kimi məlumatınız
var?
-Azərbaycan Qırğızıstan kimi keçmiş SSRİ-nin tərkibində olub. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra sürətli şəkildə inkişaf edib. Heydər Əliyev dövlətin başına gəldikdən sonra Azərbaycan və Azərbaycan xalqı üçün çox işlər görüb. Heydər Əliyevin vəfatından sonra onu oğlu İlham Əliyev prezident seçilərək ölkənin sürətlə inkişafını təmin edib.
Azərbaycanın gözəl şəhərləri haqqında məlumatım var. Qısa müddət içərində inkişaf edən paytaxt Bakı şəhəri turistlərin marağını çəkməyi bacarıb. 2012-ci ildə “Avroviziya” musiqi müsabiqəsi və 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanda təşkil edildiyini bilirəm. Bu il “Formula-1” yarışları, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçiriləcək.
Xəzər dənizindən çıxan neft dünya ölkələrinin bəzilərinə satılmaqdadır və bu neft ölkənin inkişafında böyük rol oynayıb.
Dini və dili bir olan Azərbaycan və Türkiyənin qardaşlığı mövzusunda çox məlumatım var.
- Sizin yaxınlardan Azərbaycanda
olan varmı?
-Mənim nənəm sovet dönəmində Qırğızıstanın Talas
şəhərində müəllim
olaraq çalışıb.
O zaman təşkil edilən bir yarışmaya qatılaraq
onların komandasında
hər kəsə nümunə olub. Buna görə Bakıya
qazanmış olduqları
ekskursiya sayəsində
nənəm anamı da aparıb.
1984-cü ildə Yeni
ili orada
tələbələrlə birlikdə qeyd ediblər. Anamın mənə dediklərinə
görə Xəzər
dənizi, Qız qalası, muzeylər və tarixi yerlər onların diqqətini çəkib.
Bizim qohumlarımız 5 il Naxçıvanda yaşayıb. Qohumum hərbi cərrah
olaraq çalışırmış.
1992-ci ildə Azərbaycanda gedən müharibə üzündən
Qırğızıstana dönməyə
məcbur qalıblar.
- Ürəyinizdən
Azərbaycana səfər
etmək keçibmi?
-Bir səyahətçi kimi diqqətimi çəkən ölkələrdən
biri də Azərbaycandır. Sürətlə inkişaf etməkdə olan Azərbaycanagetmək niyyətim var. Azərbaycanın
gözəl şəhərlərindən
olan Bakı və Şəkidən dostlarım var. Onlar məni dəvət etdikləri üçün
məzun olduqdan sonra bu şəhərləri
görmək üçün
səy edəcəm.
- Qırğız
və Azərbaycan xalqları arasındakı
oxşarlıq haqqında
nə deyə bilərsiz?
-Türk toplumu olduğumuz üçün
Qırğızıstan və
Azərbaycan mədəniyyəti
o qədər də fərqli deyil. Azərbaycan və Qırğızıstanın
mədəniyyət bənzərliyi
yalnız bu iki ölkə arasında deyil, bütün türk xalqlarında eynidir. Türk dünyasında qeyd olunan Novruz bayramının
adət və ənənələrində ortaq
mədəniyyətimiz özünü
göstərməkdədir. Məsələn, bu bayramda edilən rəqslər, yeməklər,
oyunlar və s. mədəniyyətimizin bənzərliyindən
xəbər verməkdədir.
Bundan başqa, toylarda, bayramlarda, doğum günlərındə və
s. edilən işlər
mədəniyyətimizin eyni
olmasını bildirir.
Həmçinin Azərbaycan və qırğız dilləri
də bir-birinə o qədər də uzaq deyil. Dillərimiz çox
bənzər olduğundan
oxuduğum kitabları
və dinlədiyim mahnıları asan şəkildə anlaya bilirəm.
Fuad Hüseynzadə
Palitra.-2016.-24 fevral.-S.5.