“Rumıniyada müəllim tələbəyə imtahansız da qiymət yaza bilir”

 

Kamran Allahverdiyev: “Öyrəndiklərimi və təcrübələrimi ölkəmizə qayıdaraq tətbiq etmək və inkişaf etdirmək arzusundayam”

 

Müsahibimiz Rumıniyada təhsil alan Kamran Allahverdiyevdir.

 

-Özünüz barədə məlumat verərdiniz.

-Mən, Allahverdiyev Kamran, 1995-ci ildə Bakıda anadan olmuşam. Ailəmiz 4 nəfərdən ibarətdir. 1-ci sinifdən 8-ci sinfə qədər Rumıniyanın Mureş bölgəsi, Reqin şəhərində Auqustin Mayor adında məktəbə getmişəm. Burada təhsilimi alman dili üzrə davam etdirmişəm. Daha sonra lisey illərində 9-cu sinifdən 12-ci sinfə qədər Luçian Blaqa adına Riyaziyyat-İnformatika intensiv ingilis dilli liseydə təhsil almışam. Hazırda Rumıniyada Kluj Texniki Universitetində Mekatronika və Robotika ixtisası üzrə 2-ci kursda bakalavr təhsili alıram. Eyni zamanda Babeş-Bolyai Universitetində Beynəlxalq münasibətlər ixtisasında 1-ci kurs üzrə bakalavr təhsili alıram. Orta məktəb illərində bir sıra uğurlarım olub. İingilis dili olimpiadalarında bir neçə dəfə 1-ci yeri tutmuşam, informatika sahəsi üzrə 4-cü yer, alman dili üzrə 1-ci yer, Riyaziyyat Olimpiadasında 3-cü yerə layiq görülmüşəm. Bundan başqa, idman sahəsi üzrə də müəyyən mükafatlara layiq görülmüşəm. Misal olaraq, karate üzrə Rumıniya çempionatında 3-cü yerə layiq görülmüşəm. Lisey illərində məktəb basketbol komandasının kapitanı olub və həmin komanda ilə liseylərarası turnirdə 1-ci və 2-ci yerlərə layiq görülmüşük. Təhsil aldığım müddətdə alman, rumın, ingilis, türk dilini səlis öyrəndim.

-İbtidai sinifdən Rumıniyada təhsil aldığınızı dediniz. Yəqin bu, ailəliklə oraya köçməyinizlə bağlıdır?

- Bəli. Qeyd etmək istərdim ki, mən və ailəm artıq 14 ildir ki, Rumıniyada yaşayırıq. 19 ildir ki, Azərbaycandan ayrılmışıq. Atam Natiq Allahverdiyev 2001-ci ildə Rumıniyada Hayat Holdinqin Kastamonu Romania ağac sənaye fabrikində inşaat mühəndisi vəzifəsində işləməyə başladı. O zamandan etibarən ailəmiz ilə birlikdə Rumıniyaya köçdük və bu müddətdə qardaşım Onur Rumıniyada anadan oldu və burada təhsilə başladı. Atamın işi ilə əlaqədar Rumıniyada yaşamaq və burada təhsil almaq qərarına gəldik. Ailəm hər zaman mənə hər işdə mənəvi və maddi dəstəyini göstərib.

-Oxuduğunuz ali təhsil ocağı haqqında da söz acardınız.

-Kluj Texniki Universiteti Rumıniyanın ən tanınmış texniki universitetlərindən biridir. Eləcə də Avropada texniki sahə üzrə nailiyyətlər əldə etmiş bir universitetdir. Universitet 1920-ci ildə yaradılıb. Universitetdə 9 fakültə və 20000-ə yaxın tələbə var. Oxuduğum Mexanika fakültəsində Mekatronika və Robotika ixtisası dövrümüzdə ən önəmli ixtisaslardan hesab olunur. Universitetin diplomu dünyanın bir çox ölkələri tərəfindən tanınır və məzunlara beynəlxalq diplomlar verir. Universitetin Türkiyə, Almaniya, Çexiya, Fransa, İtaliya, Belçika, Koreya, Yaponiya universitetləri ilə ikitərəfli müqavilələri mövcuddur.

Təhsil aldığım digər universitet 1919-cu ildə fəaliyyətə başlayıb və nəinki Rumıniyada, eləcə də Şərqi Avropada olan ən qədim və böyük dövlət universitetlərindən biridir. Oxuduğum Babeş-Bolyai Universitetini rumın və macar xalqlarının ortaq universiteti də adlandıra bilərik. Universitet adını o vaxt Transilvaniyada yaşamış rumın Viktor Bebeş və macar Yanos Bolyainin adlarından götürüb. Universitetin 45 minə yaxın tələbəsi var, bununla da hazırda Rumıniyanın ən böyük dövlət universitetidir.

-Rumıniya necə bir yerdir? Yəni, insanların yaşayış səviyyəsi, mental dəyərlər və s. haqqında da söz açardınız.

-Burada yaşadığım 14 il müddətində Rumıniyanın demək olar ki, bütün şəhərlərində olmuşam. Bildiyiniz kimi, Rumıniyada insanlar arasında ortodoks xristian dini üstünlük təşkil edir. Hətta Rumıniya Avropa Birliyi ölkələri arasında ən dindar ölkə kimi qəbul olunur. Mən yaşadığım Cluj-Napoca şəhəri əsasən gənclərin daha çox üstünlük təşkil etdiyi bir yerdir. Bura da digər tipik Avropa şəhərləri kimidir.

Dövlət insanlara və insan haqlarına yüksək səviyyədə dəyər verir. Təhsil və səhiyyə ölkədə pulsuzdur. Tələbələrə yüksək təqaüdlər verilir. Digər Avropa ölkələri ilə müqayisədə burada irqçilik və digər mənfi xüsusiyyətlər yox səviyyəsindədir. İnsanlar öz zəngin tarixləri və mentalitetləri ilə fəxr edir, mümkün qədər onları təbliğ etməyə səy göstərirlər. Ümumiyyətlə Şərqi Avropa ölkələri istər tarixə bağlılıq, istərsə də, mental dəyərlərə hörmət baxımından bizim yerləşdiyimiz region ölkələrinə daha çox bənzəyirlər. Mənim düşüncəmə əsasən buna səbəb onların uzun müddət türk, Osmanlı imperiyasının tərkibində olması ilə bağlıdır. Hətta rumın leksikologiyasında bir sıra türk sözlərindən istifadə olunur.

Rumın iqtisadiyyatı inkişaf etməkdə olan iqtisadiyyatlardan hesab olunur. Xüsusilə, Avropa Birliyinin maliyyə dəstəyi ilə bir çox iri və regional layihələr həyata keçirilir. Bunlar da insanların həyat səviyyəsinin yüksəlməsində əsas faktorlardan biridir.

-İctimai işlərdə aktivsinizmi?

-Ölkəmizlə bağlı olan tədbirləri mənim üçün maraqlı və yaddaqalan hadisələrdən hesab etmək olar. Buxarestdə və Kluj-Napokada Azərbaycan və Rumıniya arasında ikitərəfli əlaqələrə həsr olunmuş tədbirlər və bu tədbirlərdə iştirakım məndə dərin izlər buraxıb. Daha sonra Rumıniyanın “Dareghin” kanalında Azərbaycan və Türk dünyası haqqında olan verilişlərə qatılmışam və rumın izləyicilərə ölkələrimiz haqqında həqiqətləri çatdırmışam. Kluj şəhərində keçirilən TED konfranslarında iqtisadiyyat və siyasət mövzularında olan tədbirlərə qatılmışam. Kluj meriyasının təşkil etdiyi Kluj 2015 Avropa Gənclər Paytaxtı ilə əlaqəli konfrans və seminarlara qatılırdım və bu tədbirlərin nəticəsi kimi, meriya bizim fikirlərimizi alaraq David Guetta və Avicii kimi məşhur DJ-ləri Kluja gəncləri ilə görüşlərə və konsertə dəvət etmişdi.

-              Rumıniyada təhsil almaq istəyən gənclərimizə hansı məsləhətləri verərdiniz?

-Öncə qeyd etmək istərdim ki, Rumıniyada təhsil almaq Avropada təhsil almaq mənasını daşıyır. Rumıniyada təhsil almaq istəyən gənclərimiz üstünlükləri aşağıdakı universitetlərdən yana etsələr daha çox faydalana bilərlər. Bunlar Babeş-Bolyai Universiteti, Kluj Texniki Universiteti, Buxarest Dövlət Universiteti, Buxarest Texniki Universiteti və s-dir. Tibb sahəsində təhsil almaq istəyən tələbələr də Rumıniyanı, xüsusilə, Kluj və Mureş şəhərlərindəki universitetləri seçə bilərlər. Çünki Rumıniya bu sahədə yüksək təcrübə əldə edib.

- Azərbaycan gəncliyi ilə Rumıniya gəncliyi arasında müqayisələr aparardınız.

-Mənə görə gənclik və gənclər ölkədən, dindən, dildən, mədəniyyətdən asılı olmayaraq, hər bir yerdə eynidir. Lakin təbii ki, ölkələr arasında olduğu kimi, gənclər arasında da müəyyən mentalitet və fikir fərqləri mövcuddur. Rumıniyada, xüsusilə Cluj-Napocada gənclərin demək olar ki, hamısı ingilis dilində və bir neçə digər Avropa dillərində səlis danışa bilirlər. Bu da onların dünyaya açılmasına mühüm təkan verir. Hər iki ölkə gənclərinin əyləncə meyarları da fərqlidir. Bizim gənclər həftəsonları dostlar şəkilində bir araya gələrək dərdləşmək, məsləhətləşmək və ya bir-birinə qonaq getməklə vaxt keçirirlərsə, rumın gənci həftəsinin sonunu gecə klublarının birində və yaxud publarda dostlarla əylənməklə keçirir. Rumıniyada gənclər hələ orta məktəb illərindən etibarən , ailədən asılılığı sıfıra endirirlər və müstəqil qərarlar qəbul etməyi öyrənirlər. Daha sonra rumın gəncləri boş günlərində səyahət etməyi çox sevirlər, həm ölkədaxili həmdə kiçik Avropa səyahətləri həyata keçirirlər. Rumın gəncləri intellektual və dünyagörüşü cəhətdən də xüsusi seçilirlər. Ümumi götürdükdə, əvvəldə qeyd etdiyim kimi,gənclər arasında fərqləri elədə qabartmağa dəyməz, çünki əsas fərqlər mentalitet və fikir fərqlərindən ibarətdir.

-Bəs Azərbaycan təhsili ilə bu ölkənin təhsili arasında hansı fərqləri görürsünüz?

-Ümumi təhsildən başlasaq, Rumıniya orta məktəbləri artıq bir neçə ildir ki, 12 illik ümumi təhsil sistemi ilə fəaliyyət göstərirlər, ölkəmizdə isə bu yenilik hesab olunur. Daha sonra bakalavr ixtisası üzrə təhsil Rumıniyada bir çox hallarda və ixtisaslarda 3 il müddətinə həyata keçirilir, ölkəmizdə isə bu, minimum 4 bəzən də 5 il müddətinə həyata keçirilir. Məsələn Rumıniyada tibb təhsili 6 ildir, texniki sahə və mühəndislik sahəsi 4 ildir, biznes, iqtisadiyyat, pedaqoji və s. isə 3 illik təhsildir. Ən əsas məsələlərdən biri kimi burada müəllim öz istədiyi sistem ilə istədiyi şəkildə tələbələri və magistrləri qiymətləndirir. Yəni, fənni tədris edən müəllim semestr ərzində və yaxud yekunda tələbədən istər imtahan şəklində, istər test üsulu ilə, istər essay verməklə, yaxud müxtəlif proyekt və prezentasiyalar verməklə qiymətləndirə bilər. Ola bilsin tələbə semestr ərzində çox aktiv fəaliyyət göstərir və müəllim onu yekun imtahandan azad edərək qiymətləndirir. Yəni, universitet müəllimə heç cür müdaxilə edə bilməz, müəllim istədiyi tərzdə tələbəni qiymətləndirir. Bizdə isə hər bir universitet konkret tələb qoyur ki, tələbəni bu üsul ilə qiymətləndirmək lazımdır. Buradakı universitetlərdə dərsə davamiyyətə limit qoyulmur. Hətta semestr boyu dərsə gəlməyən tələbə sonda imtahanda iştirak edib uğurlu nəticə göstərərsə, o fənni mənimsəmiş hesab olunur , lakin digər tələbələr kimi maksimum qiymətlər ilə qiymətləndirilə bilməz. Burada fikirləşirlər ki, tələbə azaddır öz qərarını özü verməlidir və tələbə dərsə gəlmirsə, özünə ziyandır. Çünki fənni yaxşı qavraya bilməyəcək. Bununla belə demək olar ki, tələbə heyətinin 80-90 faizi daimi olaraq dərslərdə iştirak edirlər. Ən alqışlanası məqamlardan biri də, fakültə rəhbərliyi tələbələrdən müəllimlər barədə feedback –lər alaraq onların fəaliyyətini daim diqqətdə saxlayırlar və hər ay ərzində hər bir qrup üçün, belə demək mümkündürsə, sorğu ilə ən yaxşı və ən pis tədris edən müəllimlər müəyyənləşdirilir və onlara çatışmazlıqları barədə məlumatlar verilir. Mekatronika və Robotika ixtisası bildiyim qədəri ilə Azərbaycanda heç bir universitetdə tədris edilmir. Ona görə də, iki ölkə arasındakı fərqləri izah etməkdə çətinlik çəkəcəm. 19 ildir Azərbaycandan kənarda yaşadığım üçün bu sahədəki vəziyyət barədə nə isə deyə bilmərəm.

-Gələcək planlarınız barədə də söz açardınız.

-Yaxın gələcəkdəki planlarım Azərbaycanın Buxarestdəki Konsulluğunda təcrübə keçməkdən ibarətdir. Bundan başqa Kastamonu Romania şirkətində təhsilimi bitirdikdən sonra Mekatronik mühəndisi olaraq işləmək istəyirəm. Bakalavr təhsilimdən sonra sənədlərimi magistratura dərəcəsi və daha sonra isə doktorantura sahələrinə təqdim etmək istərdim. Öyrəndiklərimi və təcrübələrimi ölkəmizə qayıdaraq tətbiq etmək və inkişaf etdirmək arzusundayam.

 

Tural TAĞIYEV

Palitra.-2016.-25 fevral.-S.6.