Xocalı soyqırımı insanlıq tarixinin ən qanlı səhifələrindən
biridir
“Xocalı
faciəsi iki yüz
ilə yaxın bir müddətdə erməni
şovinist-millətçiləri tərəfindən azərbaycanlılara
qarşı müntəzəm olaraq həyata
keçirilən etnik təmizləmə
və soyqırımı siyasətinin davamı və ən
qanlı səhifəsidir”
Heydər
Əliyev
Ümummilli lider
Xocalı faciəsi xalqımızın tarixinin dəhşətli və faciəli səhifələrindən biridir. Bu faciəyə yol xeyli əvvəllərdən başlanmışdı. Ulu öndərimiz Heydər Əliyev vaxtilə - XX əsrin 60-70-ci illərində mühüm dövlət vəzifələri və rəhbər vəzifədə olarkən ermənilərin DQMV-nin Ermənistana birləşdirilməsi üçün apardığı gizli fəaliyyətlərini aşkar edərək bir müddət bunun qarşısının alınmasına nail oldu. XX əsrin 60-cı illərində Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən ermənilərin DQMV-də gizli fəaliyyətlərindən xəbərdar olmuş, onlara qarşı tədbir görülməsi üçün müəyyən təşəbbüslər göstərmişdi. Azərbaycan KP MK-nın Birinci Katibi seçildikdən sonra Heydər Əliyev ermənilərin bu fəaliyyətinin qarşısını almaq üçün həm siyasi, həm də iqtisadi tədbirlər həyata keçirdi ki, bu da ermənilərin gizli planlarının və niyyətlərinin puça çıxmasına səbəb oldu. Erməni separatçılarının mənfur niyyətlərinin qarşısını almaq məqsədilə DQMV-nin iqtisadi inkişafı və əhalisinin sosial şəraitini yaxşılaşdırmaq tədbirləri həyata keçirərək onlara bəhanə yeri qoymadı.
Heydər Əliyev Moskvaya Siyasi büroya mühüm dövlət vəzifəsinə dəvət olunandan sonra Azərbaycana rəhbərlik edənlər Dağlıq Qarabağı unutdular. Bundan istifadə edən ermənilər sosial vəziyyətin pisləşməsini və buna görə də Azərbaycan hökumətinin rəhbərliyi altında yaşamağın mümkünsüzlüyünü ön plana çəkərək ictimai fikri çaşdıra bildilər. Qarabağda separatizm başlandı.
1988-ci il Dağlıq Qarabağ hadisələrinin başlanması erməni ideoloqları “Dənizdən dənizə Böyük Ermənistan” uydurmasını ortaya ataraq ərazi iddialarını canlandırdılar. Bu, Azərbaycanlılara məxsus olan kəndlərin və qəsəbələrin dağılmasına, 10 minlərlə günahsız insanın ölümünə, 100 minlərlə vətəndaşımızın öz tarixi-etnik ərazilərindən qovulmasına gətirib çıxardı.
1988-ci ilin fevralından Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində vəziyyət gərginləşdi. 1989-cu ilin fevral ayında Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqda qərar qəbul edildi. Sosial vəziyyətin ağırlığını bəhanə gətirərək gərgin ictimai vəziyyət yaradıldı. Vəziyyəti gərginləşdirmək üçün ermənilərlə azərbaycanlılar arasında ədavəti qızışdırmaqdan ötrü azərbaycanlılara qarşı qətllər törətdilər. Getdikcə geniş vüsət alan münaqişə müharibə vəziyyətinə gətirib çıxartdı ki, bu müharibə hələ də davam edir.
1992-ci il fevralın 26-da Ermənistan qoşunları Rusiya Federasiyasının silahlı qüvvələrinin 366-cı qvardiya motoatıcı polkunun köməyi ilə Azərbaycanın Xocalı şəhərini yerlə yeksan etdi. Ermənilərin güllə yağışında yüzlərlə insan məhv oldu. Həmin dəhşətli gecə erməni cəlladları nə uşaqlara, nə qocalara, nə də qadınlara aman vermədi.
Xocalı faciəsi zamanı 613 nəfər insan məhv edilmiş, 1271 dinc sakin girov götürülmüşdür, onlardan 150-sinin taleyi hələ də məlum deyil. Faciə zamanı 1000 nəfər dinc sakin müxtəlif dərəcəli yara aldı, 106 qadın, 83 azyaşlı uşaq, 70 qoca öldürüldü. 76 insan, həddi-büluğa çatmamış gənc oğlan və qız əlil oldu. Əsir düşənlər və meyitlər qeyri-insani hərəkətlərlə təhqir edildi. Onların başı və digər bədən üzvləri kəsildi, başlarının dərisi soyuldu, uşaqların gözləri çıxarıldı, hamilə qadınların qarınları yarıldı. Bütün beynəlxalq normalara zidd olaraq erməni silahlı qüvvələri əsirlərə qarşı qeyri-insani rəftar etdilər. Onlar Cenevrə konvensiyasının bütün maddələrinə, protokollara zidd olaraq dinc sakinlərin yollarını kəsərək işgəncələr verdilər.
Bu hərbi-siyasi cinayət zamanı 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi, 56 nəfər şəhid oldu, xüsusi amansızlıq və qəddarlıqla diri-diri yandırıldı.
Heydər Əliyev Xocalı soyqırımından danışarkən qeyd etmişdir: “Bu qəddar və amansız soyqırımı aktı insanlıq tarixinə ən dəhşətli kütləvi terror aktlarından biri kimi daxil oldu”.
Ümummilli liderimiz Heydər Əliyev MDB başçıları Şurasının 24 dekabr 1993-cü il bəyanatında haqlı olaraq göstərmişdir ki, Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüzü xalqımıza saysız-hesabsız müsibətlər gətirmişdir. SSRİ dağıldıqdan, Azərbaycan və Ermənistan müstəqillik qazandıqdan sonra münaqişə dövlətlərarası hərbi münaqişəyə çevrildi. Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan ərazisinin 17 min kv. km-ni (20 %-ni) işğal etdi. Erməni silahlı birləşmələri Dağlıq Qarabağ ərazisini tam nəzarət altına aldıqdan sonra təcavüzkar əməllərini ardıcıl surətdə genişləndirərək, onun hüdudlarından kənarda Azərbaycan Respublikasının Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını və Qazax rayonunun bir hissəsini işğal etdilər. Hərbi əməliyyatlar zamanı dinc əhali kütləvi surətdə qırıldı, işğal olunmuş ərazilərdə etnik təmizləmə aparıldı və dağıntılar törədildi.
Əslində, Xocalı faciəsi bir gecənin olayı deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq görmüşdü. Onlar Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. Bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir. Xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılamışlar. Öz evini, şəhərini, ailəsini qəhrəmancasına müdafiə edənlər həlak olmuşlar, şəhid olmuşlar. Vəhşi ermənilər tərəfindən açılan atəşlərin nəticəsində Xocalı ərazisi qana bulaşmışdır.
Faciəni törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi. Xocalı müdafiəçiləri təpədən dırnağa qədər müasir silahlarla təchiz olunmuş düşmən qarşısında özünü itirmədi, əyilmədi, qəhrəmanlıq və rəşadət nümunələri göstərdi. Onlar qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq əsl fədakarlıq və vətənpərvərlik nümayiş etdirdilər.
Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Faciədən bir neçə gün sonra cəsarətli reportyorlarımızın od içində çəkdikləri kadrları onu seyr edənləri iliyinədək sarsıdır. Meşələrdə əli, ayağı, burnu, qulağı donan, əsir və girov düşən qoca və uşaqların bizim könüllü Milli müdafiə əsgərlərinə təhvil verilməsi səhnəsi yüz il bundan sonra da ən güclü insanı belə sarsıdacaq, yandırıb-yıxacaq. Körpələri meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən zavallı anaların ağrılara dönən fəryadı heç vaxt heç kimin yaddaşından silinməyəcək.
Əsrlər boyu türk dünyasına qənim kəsilən, azərbaycanlılara qarşı daim qəddar münasibətdə olan, bizə içində hər zaman kin, nifrət və intiqam hissi alovlanan erməni anaları öz dığalarını da həmin ruhda tərbiyə edirlər. Azərbaycan anası isə qəlbi saf, humanist, mərhəmətli olduğundan övladlarını insansevər böyüdür. Əslində bu, bəşəri alicənablıqdır. Lakin analarımız heç vaxt unutmamalıdırlar ki, övladlarının kürəyinə tuşlanmış gavur xəncəri var.
Övladını o yağı xəyanətindən ehtiyatlandırmaq üçün onlara dostu düşməndən seçməyi öyrətməli, xalqımızın tarixi düşməni və intiqamla bağlı beşiyi başında layla çalmalıdır. Analarımız övladını düşmən tərəfindən əzilən, döyülən, öldürülən, müdafiə olunan, məzlum, fağır yox, düşmən üstünə gedən, şığıyıb intiqamını almağı bacaran mərd, cəsarətli, cəsur ruhda tərbiyə etməlidir.
Xocalı soyqırımına siyasi qiymət yalnız ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi. Onun sayəsində bu Faciənin əsl səbəbləri bütün dünyaya çatdırıldı. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin ağlasığılmaz vəhşiliklərini ifşa edən faktlar və sənədlər BMT-yə nüfuzlu beynəlxalq təşkilatlara göndərildi. Ulu öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli işlər görüldü. Onun hakimiyyətə gəlişindən sonra atılan əsas addım Azərbaycan qarşısında duran ən mühüm məsələnin həlli ölkəmizə qarşı erməni təcavüzünün dəf edilməsi, işğal olunmuş torpaqların geri qaytarılması, ev-eşiklərindən didərgin salınmış bir milyondan çox soydaşımızın öz el-obalarına dönməsi istiqamətində hərtərəfli fəaliyyət başlandı. Ölkədə daxili ictimai-siyasi durumun son dərəcə mürəkkəb olmasına baxmayaraq, tez bir zamanda erməni azğınlarının və silahlı qüvvələrinin qarşısı alındı və beləliklə də, 1994-cü ilin mayında münaqişənin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan olundu.
Ermənistanın hərbi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməli, cinayət cəzasız qalmamalıdır. Xocalı soyqırımına görə 9 dekabr 1948-ci il tarixli Cenevrə konvensiyasına əsasən Ermənistan Respublikasına qarşı sanksiyalar tədbiq olunmalı, bu cinayətin iştirakçıları təkcə Azərbaycan xalqına qarşı deyil, bütün sivilizasiyalı dünyaya qarşı yönəlmiş cinayətin icraçıları kimi ciddi cəzalarındırılmalıdır. Onlar soyqırımı törətməkdə günahkar olduqları üçün beynəlxalq məhkəmə qarşısında dayanmalıdırlar.
Həmin beynəlxalq sənəddə göstərilir ki, hər hansı milli, etnik, yaxud dini qrupun tam və ya qismən məhv edilməsilə törədilən bir sıra hərəkətlər genosid (soyqırımı) cinayətinin mahiyyətini təşkil edir. Bu hərəkətlər - həmin qrupun üzvlərinin öldürülməsi, ağır bədən xəsarətinin, onların fiziki məhvinə səbəb olan həyat şəraitinin yaradılması, uşaqların zorla bir insan qrupundan alınıb başqalarına verilməsi törədilmiş cinayətin soyqırımı kimi tövsif edilməsinə əsas verir. Bu hüquqi meyarlardan yanaşdıqda, ermənilərin Xocalıda törətdikləri dəhşətli cinayətlərin genosid olduğuna heç bir şübhə qalmır. Həmin gün mənfur erməni silahlı birləşmələri Xocalı əhalisini məhz milli-etnik, dini səbəblərlə son nəfərinədək qətlə yetirmək, məhv etmək məqsədini qarşıya qoymuşdular.
Ermənistanın müharibə zamanı beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar yalnız bununla bitmir. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranılması, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, bu insanların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin Konvensiyanın 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu prinsipə də aşkar sayğısızlıq nümayiş etdirmişdilər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsullara əl atmışlar.
Xocalı soyqırımı və işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi digər faciələr nəticəsində "İnsan hüquqları haqqında Ümumi Bəyannamədə", "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasında və digər beynəlxalq aktlarda təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud şəkildə, kütləvi surətdə pozulmuş, insanların şərəf və ləyaqəti tapdalanmışdır.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu davam etdirir. Bu istiqamətdə görülən işlərdə təşkilatın fəaliyyəti özünəməxsus yer tutur. Məhz Fondun gərgin əməyi nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılıb. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri və “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası həyata keçirilir ki, bununla da Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla böyük tarixi bir missiyanı həyata keçirir. Vətən bu gün Xocalıda şəhid və şahid olanların ruhu qarşısında baş əyir. Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilmiş, Bakıda, respublikamızın bir sıra bölgəsində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın bir sıra ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılmışdır. Bu isə ürəkləri daim vətən eşqilə döyünən soydaşlarımızın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir.
O gecə, o günlər həlak olanlar, dünyadan gedənlər Azərbaycanın əziz vətəndaşlarıdır, onlar respublikamızın ərazi bütövlüyü yolunda qurban gediblər, xalqımızın Milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır, şəhidləridir. Onların faciəli surətdə həlak olması, şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir. Buna görə də biz bu gün bütün şəhidlərin ruhuna rəhmət oxuyaraq, eyni zamanda başımızı dik tutmalıyıq. Nə qədər qəmgin olsaq da, o qədər də nikbin olmalıyıq, irəliyə, gələcəyə ümidlə baxmalı, ümidlə yaşamalıyıq. Biz əminik ki, tutduğumuz yol şərəfli, doğru yoldur.
Xocalı soyqırımı təkcə faciə deyil, milli iradə tərbiyə edən bir məktəbdir. Bu, bizi dözümlülüyə, həmçinin vətən yolunda canından keçməyə hazır olmağa, mərdliyə, qorxmazlığa ruhlandırır.
Məhəmməd Məmmədəliyev
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin
əməkdaşı
Palitra.-2016.-26 fevral.-S.