Xocalı faciəsi-Qarabağın qanlı səhifəsi

 

Bəşəriyyət tarixinə geniş bir zaman çərçivəsində nəzər saldıqda onun savaşsız, fəlakətsiz, iztirabsız günlərinin heyrətamiz dərəcədə az olduğunu görürük. BMT-nin statistikasına görə, bütün sivilizasiya tarixini əhatə edən beş min illik zaman kəsiyində 150 milyondan artıq insan müharibələrdə həlak olub. Həlak olanların da 73 faizi yalnız XX əsrdə baş vermiş müharibələrin payına düşür. Elə yaşadığımız üçüncü minilliyin bircə günü də savaşsız ötüşməyib.

Amma bütün müharibələrin içində öz qəddarlığı və insanlığa sığmayan əməlləri ilə fərqlənən elə cinayət aktları vardır ki, onlara heç cür haqq qazandırmaq mümkün deyil. 1992-ci ilin 26 fevralında Azərbaycanın Qarabağ regionunda yerləşən Xocalı şəhərində törədilmiş kütləvi qətliam da məhz həmin cinayət aktlarından biridir. Xocalı soyqırımı Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biridir.Lakin bu faciəyə təkcə Qarabağ ətrafında cərəyan edən hadisələrin tərkib hissəsi kimi yox, həm də Azərbaycanın yerləşdiyi geopolitik məkan və onun Qafqaz regionunda oynadığı rol kontekstində yanaşmaq onun əsl mahiyyətini və səbəblərini üzə çıxarmağa kömək edir.

Bütövlükdə Qafqazın dövlətçilik ənənəsinin əsas hissəsini məhz Azərbaycanın dövlətçilik ənənəsi təşkil etmişdir. Buna görə də rus imperiyası mövcud olduğu bütün zamanlarda Azərbaycan dövlətçiliyinin güclənməsini öz imperialist maraqlarına ciddi təhlükə hesab etmişdir. Çünki güclü Azərbaycan həm də güclü Qafqaz deməkdir.Tarixdən yaxşı məlumdur ki, Qafqazda dövlətçilik ənənələrinin formalaşmağa başladığı zamandan etibarən ən güclü və ən böyük dövlətlər məhz Azərbaycan dövlətçiliyinin tarixində yer almış Atabəylər, Şirvanşahlar, Səfəvilər kimi qüdrətli dövlətlər olmuşdur.

Azərbaycan dövlətçiliyi özünün ən yüksək zirvəsinə Səfəvilər dövlətinin (1501-1736) mövcudluğu dövründə çatmışdı. Zamanında böyük bir coğrafi məkanı əhatə edən bu dövlətin zəifləməsi ilə Azərbaycan öz sərhədləri içərisində daralmağa başladı. Səfəvilər dövlətinin süqutu, Azərbaycanın pərakəndə şəkildə xanlıqlara parçalanması sonda bütün regionun rus imperiyasının nəzarəti altına keçməsi ilə nəticələndi. Beləliklə, Azərbaycan dövlətçiliyinin zəifləməsi bütövlükdə Qafqaz regionunun imperiya tərəfindən işğalına səbəb oldu. Həmin dövrdə həm Qarabağ xanlığı, həm də İrəvan xanlığ, demək olar ki, 100 faiz azərbaycanlılardan ibarət idi. 1813 və 1828-ci illərdə İranla Rusiya arasında bağlanmış Gülüstan və Türkmənçay sülh müqavilələrinə əsasən Azərbaycan iki hissəyə bölündü. Cənubda 65 faizi İrana, şimalda - Qafqazda yerləşən 35 faizi isə Rus imperiyasına birləşdirildi. 1825-ci ildən başlayaraq Rus çarının xüsusi fərmanı ilə İranİraq sərhədləri boyunca məskunlaşmış və eləcə də Osmanlı ərazisində pərakəndə şəkildə məşkunlaşmış ermənilərin Qafqaza - Azərbaycan ərazilərinə köçürülməsinə başlandı. Burada məskunlaşan ermənilər həmin zamandan etibarən - son 200 il ərzində imperiya siyasətinin aləti kimi Qafqazda dağıdıcılıq missiyasını məharətlə yerinə yetirmişbu günseparatizmi alovlandırmaqla bütövlükdə Qafqazın Rusiyanın təsiri altında qalmasına yardım edirlər.

XX əsrdə çarizm imperiyasını əvəzləyən sovet imperiyası da bu ənənəyə sadiq qalaraq Azərbaycanı parçalamaqda davam etdi. 1918-ci ildə Azərbaycanın müstəqilliyinin tanınması müqabilində İrəvan xanlığı ərazisində Ermənistan dövlətinin yaradılması üçün ermənilərə 9000 kv km həcmində torpaq verilməsi Azərbaycan qarşısında şərt qoyuldu. Nə qədər çətin olsa da, Azərbaycan bu güzəştə getdiözünün dövlət müstəqilliyinin tanınması naminə öz ərazisində ilk erməni dövlətinin qurulması üçün həmin ərazini ermənilərə verdi. Nəticədə tarixdə ilk erməni dövləti Azərbaycan ərazisində 9.000 kv.km ərazidə quruldu. Lakinbolşevik Rusiyası, nə də ermənilər bununla kifayətlənmədilər. 1920-ci illərdə bolşeviklər Azərbaycanın Zəngəzur mahalını da ermənilərə təhvil verdi. Həmin illərdə silahlandırılmış ermənilər onlara verilmiş torpaqların hüdudlarından kənarda yaşayan azərbaycanlılara fasiləsiz hücumlar edir və get-gedə öz ərazilərini genişləndirirdilər. Sovet imperiyası isə soydaşlarımızın böyük bir hissəsini - yüz minlərlə Azərbaycanlını Asiya çöllərinə - Qazaxıstana sürgün etməklə erməniləşdirilən ərazilərin böyüməsini təmin edirdi.

Etnik təmizləmə prosesi sonrakı onilliklərdə də davam etdi. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il tarixli “Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən 1948-53-cü illər ərzində 150 midən çox azərbaycanlı öz torpaqlarından deportasiya olundu. Onların Qarabağ ərazisində yerləşdirilməsinə imkan verilmədi və çoxu Kür-Araz ovalığının iqliminə uyğunlaşa bilmədiyi üçün həlak oldu. Həmin əhalinin boş qalan evlərinə isə xaricdən gələn ermənilər yerləşdirildi. Beləliklə, Ermənistan sadəcə, Azərbaycan torpaqlarını hissə-hissə ələ keçirməklə kifayətlənmədi və həm də bu ərazilərdə etnik təmizləmə prosesini həyata keçirdi.

Sovet dövrünün son 10 illiyində, ölkədə baş verən qarışıqlıqlardan istifadə edən ermənilər yenidən etnik təmizləmə siyasətini davam etdirməyə başladılar. 1988-ci ildə hələ də Ermənistan ərazisində yaşayan 300 minə yaxın azərbaycanlı silah gücünə Ermənistandan qovuldu. Ermənistan ərazisində Azərbaycanlıların yaşadıqları əraziləri tamamilə təmizlədikdən sonra daha da həvəslənən ermənilər Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana birləşdirilməsini tələb etməyə başladılar. Azərbaycan vətəndaşları bu tələbə qarşı paytaxt Bakıda etiraz nümayişləri keçirməyə başladılar.

1990-cı ilin 20 Yanvarında Sovet ittifaqının sonuncu rəhbəri Mixail Qorbaçov ermənilərin etnik təmizləmə siyasətinə qarşı Bakıda təşkil olunmuş dinc nümayişin iştirakçılarını gülləbaran etmək haqqında əmr verdi. Nəticədə 146 nəfər dinc nümayişçi rus hərbçiləri tərəfindən qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. 200-dən çox ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, digər dövlət əmlakı və vətəndaşlara məxsus şəxsi əmlaklar məhv edildi. Həlak olanların arasında qadınlar, uşaqlarqocalar, həmçinin təcili yardım işçiləri və polis nəfərləri də vardı. Bu hadisənin nəticəsi olaraq azərbaycanlılar Sovet İttifaqından çıxmaq tələbini irəli sürdülər və 1991-ci ilin 18 oktyabrında öz müstəqilliyini elan etdilər. Bununla da 70 illik sovet əsarətinə son qoyuldu. Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdi və dərhal Avropa ölkələri ilə tarixi siyasi-iqtisadi əlaqələrini bərpa etməyə başladı.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə birləşmiş rus-erməni silahlı qüvvələri Xocalıya hücum edərək Xocalı soyqırımını törətdi. Soyuq fevral gecəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü, 150 nəfər isə itkin düşdü. Əsir və itkinlər haqqında bu günə qədər heç bir məlumat almaq mümkün olmamışdır. Öldürülən uşaqların, qocaların, qadınların cəsədləri tanınmaz hala salınmışdı. Bu soyqırımı aktı təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayət idi.

Xocalı faciəsinə qədər Qarabağda baş verən bütün olaylar bu faciənin azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən etnik təmizləmə siyasəti olduğunu göstərir. Xocalının mühasirəyə alınaraq mülki şəxslərin şəhəri tərk etməsinə imkan verilməməsi ermənilərin əsl niyyətini açıq şəkildə ortaya çıxarır. Faciənin törədilməsindən yalnız iki gün sonra hadisə yerinə çatmaq mümkün oldu. Şahidlərin qarşılaşdıqları tükürpərdici mənzərə sözlə ifadə edilə bilməyəcək qədər ağır və amansız idi.

Əslində, Xocalı qətliamı ondan bir il əvvəl Sovet imperiyası tərəfindən Azərbaycanın paytaxtı Bakıda törədilmiş Qanlı 20 Yanvar faciəsinin davamı idi.

Hal-hazırda da erməni terrorizmi, ermənilərin Qafqazda həyata keçirdiyi etnik təmizləmə və işğalçılıq siyasəti dünyada dayanıqlı sabitliyə və sülhə ən böyük təhdid mənbəyi kimi çıxış edir. Bununla, ermənilər təkcə Qafqaz regionunda deyil, bütün dünyada sabitliyin təmin olunmasına qarşı ən böyük maneə kimi çıxış edir və beynəlxalq humanizm siyasətinə ağır zərbələr vururlar. Ermənilər üçün müstəqillik heç zaman milli məqsəd olmayıb və bu gündeyildir. Bu gün Ermənistanın bütün sahələrdə Rusiyadan asılı vəziyyətə düşməsi və həmişə olduğu kimi, onun “vassalı” və “forposturolunda çıxış etməsi bunu bir daha sübut edir.

Vaxtilə əhalisinin əhəmiyyətli hissəsi azərbaycanlılardan və digər millətlərdən ibarət olan Ermənistanda bu gün vəziyyət kritik həddə çatıb. Etnik təmizləmə nəticəsində digər millətlərin nümayəndələri zorla öz tarixi yurd-yuvalarından didərgin salınmış və qonşu dövlətlərdə məskunlaşmağa məcbur olmuşlar. Ermənistan mono etnik dövlətə çevrilmişdir. Ölkə iqtisadi tənəzzül içərisində boğulur. Sadə ermənilər Ermənistanı tərk edərək minimum həyat şəraitinə nail olmaq üçün bütün dünyaya axışırlar.

Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan bütün tarixi boyu çoxsaylı millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı, bütün dünyaya tolerantlıq örnəyi olan bir məkandır. Hətta Azərbaycan vətəndaşı olan çoxsaylı etnik ermənilər də heç bir milli ayrı-seçkiliyə məruz qalmadan bu gün də Azərbaycanda yaşamaqda davam edirlər. Bu fakt bir daha Azərbaycan xalqının sülhpərvərliyini, dözümlülüyünü və birgəyaşayış ənənələrinə, multikulturalizm ideallarına sadiqliyini nümayiş etdirir.

Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində Xocalı soyqırımının tanıdılması xüsusi yer tutur. Bu faciənin geniş miqyasda tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən dünyanın yüzdən artıq ölkəsində “Xocalıya ədalət” beynəlxalq kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin təşkil olunması, Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülən işğalçılıq siyasəti haqqında əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. Bu gün Xocalı faciəsinin Pakistan, Meksika, Peru, Çexiya, Kolumbiya, BosniyaHerseqovina kimi dövlətlərin parlamentləri və ABŞ-ın 20-yə yaxın ştatı tərəfindən, eləcə də bir çox beynəlxalq təşkilatlar tərəfindən soyqırımı aktı kimi tanınması “Xocalıya ədalət” kampaniyasının böyük uğurudur. Kampaniyanın Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbini irəli sürən müraciətini artıq bütün dünyada on minlərlə insan imzalayıb.

Bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, Azərbaycan işğal olunmuş torpaqlar üzərində öz suverenliyini bütün qanuni vasitələrlə bərpa etməkdə israrlıdır. Bu məsələdə Azərbaycanın ən güclü silahı - onun haqlı mövqeyə malik olmasıdır. Azərbaycanın haqlı mövqeyinin arxasında beynəlxalq siyasətin ədalətli münasibətini və beynəlxalq hüquq normalarının yerinə yetirilməsini tələb etmək hüququmuz dayanır. Lakin təəssüflər olsun ki, bu gün Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarının hələ də gerçəkləşmədiyinin şahidi oluruq. Bu isə onu göstərir ki, müasir dünya siyasətində hələ də qlobal güclərin və onlara xidmət edən ayrı-ayrı dairələrin maraqları beynəlxalq ədalət və beynəlxalq hüquq normalarından üstün tutulur.

Lakin Azərbaycan beynəlxalq hüquq prinsipləri çərçivəsində Qarabağ probleminin həll olunması, ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpa olunması məqsədlərində israrlıdır. Bu yolda Azərbaycan dövlətinin və onun vətəndaşının yekdil fikrə malik olması torpaqlarımızın erməni işğalından azad ediləcəyinə böyük inam yaradır. Ədalətin bərpa olunması, ölkənin 20 faizə yaxın işğal olunmuş ərazilərinin azad edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılması üçün Azərbaycan dünya xalqlarının və dövlətlərinin, eləcə də beynəlxalq qurumların - BMT-nin, Avropa Birliyinin, ATƏT-in Minsk qrupunun ədalətli münasibətinə ümid bəsləyir.

 

Cavanşir Feyziyev

Millət vəkili, fəlsəfə doktoru,

Mətbuat Şurası İdarə Heyətinin üzvü

Palitra.-2016.-26 fevral.-S.7.