“Elmi-tədqiqat işlərimiz yeni tələblərə uyğun olmalıdır”

 

Fərhad Fəttahlı: “Elmi islahatlara ölkəmizdə elmin yaşını cavanlaşdırmaqdan başlamaq lazımdır”

Layihə çərçivəsində müsahibimiz AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə və ictimai fikir tarixi şöbəsində elmi işçi, şöbə müdirinin müavini Fərhad Fəttahlıdır.

 

-Mən - Fəttahlı Fərhad Qədir oglu, 1976-cı ildə ölkəmizin dilbər guşəsi Masallı rayonunda anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra 1993-97-ci illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində politologiya ixtisası üzrə təhsil almışam. 1998-ci ildə Masallı Rayon İcra Hakimiyyətində təlimatçı vəzifəsində işlədim və yenidən təhsilimi davam etdirmək üçün BDU- da Azərbaycanda siyasi proseslər ixtisası üzrə magistraturaya daxil olaraq 2000-ci ildə oranı bitirdim. Həmin il AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi ixtisası üzrə əyani aspiranturasına qəbul olundum. 2003-cü ildə oranı bitirdikdən sonra 2007- ci ildə BDU-nun ixtisaslaşmış Müdafiə Şurasında “Müasir Qərb hakimiyyət konsepsiyaları: təşəkkülü və inkişafı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, fəlsəfə üzrə fəlsəfə doktoru (PhD) alimlik dərəcəsini almışam. Hal-hazırada AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə və ictimai fikir tarixi şöbəsində elmi işçi, şöbə müdirinin müavini vəzifəsində çalışıram. Bir neçə il özəl ali məktəblərdə fəlsəfə, fəlsəfə tarixi, politologiya fənlərini tədris etmişəm.

 

- Təhsil aldığınız və ya tədqiqat apardığınız sahə barəsində hansı fikirləriniz var?

-              İlk baxışdan politologiya və fəlsəfə tarixi nəzəri əsaslarına görə, o qədər də yaxın elm sahələri kimi görünməyə bilər. Çünki politologiya Qərb dövlətlərində hələ keçən əsrdən dəqiq elm statusu alıb. Fəlsəfə tarixi humanitar elmlərə aid olub, bir çox elmi istiqamətlərin əsasını, başlanğıcını təşkil edir. Lakin fikirlərimizi daha da dəqiqləşdirsək, bu iki elmi istiqamətin ortaq çalarlarını görə bilərik. Ali təhsil müəssisələrində ictimai fikir tarixisosial-siyasi təlimlər nəzəriyyəsi adlı fənlər tədris olunur. Bu fənləri birləşdirən cəhət məhz fikirlər, təlimlər tarixini əhatə etməsidir. Bu iki fənn həm fəlsəfə tarixinin, həm də politologiyanın ortaq nöqtəsi kimi xarakterizə oluna bilər. Buna görə də mənim üçün baza təhsilim, politologiya olsa belə, fəlsəfə tarixçisi olmaq müəyyən qədər asan oldu. Əlbəttə, digər elm sahələrində olduğu kimi, fəlsəfə tarixinin tədqiqi və tədrisində müəyyən problemlər var. Bu problemlər təkcə səviyyəli elmi işlərin və məqalələrin azlığında deyil, eyni zamanda bu elmdə metodologiya, problemlərə yanaşma formalarının müasir tələblərə cavab verib-verməyəcəyi ilə bağlıdır. Digər problemlərə gəlincə, elm və tədris müəssisələrində hazırlanan proqramlarda heç bir koordinasiyanın olmamasıdır. Yəni məzun ali məktəbdən sonra AMEA-daya hər hansı ali təhsil müəssisəsində doktoranturaya sənəd verirsə, müəyyən anlaşılmazlıqlarla üzləşir. Yaxşı olardı ki, bu məsələlər - müəyyən koordinasiya qurumu tərəfindən koordinasiya olunaydı və tələbələr eyni proqramla ali məktəblərdə təhsil alıb, bütün imtahanlara (doktorantura, dissertantura) hazırlaşardılar.

- Bu sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər var?

- Ümumiyyətlə, fəlsəfə ilə bağlı beynəlxalq konfranslara dəvətlər alırıq. Açığı, bu konfransların maliyyə məsrəflərinin mənim tərəfimdən ödənilməsi cəlbedici görünmədiyi üçün imtina edirəm. Ancaq iştirak etdiyim konfranslar da az deyil. 2015-ci ildə Türkiyədə təşkil edilmiş “II Teoloji SimpoziumdaDin: idarəetmə və inanc mənbəyi kimielmi məqaləmlə çıxış etdim. Həm beynəlxalq, həm də qardaş ölkənin alimləri ilə fikir mübadilələri etdik. Müasir dövrdə dindən, əsasən də İslam dinindən qorxuducu alət kimi istifadə etmək, bu humanist dini terrorçuluğun mənbəyi kimi göstərmək kimi təhlükəli cəhdləri qınadıq. Çıxışımda yaranmış bu mənfi tendensiyalarla əsas mübarizə kimi alimlərin üzərinə böyük yük düşdüyünü, İslam dininə belə yanaşmaya cavab olaraq elmi əsərlərimizdə dərin tədqiqatlara ehtiyac duyulduğunu qeyd etdim. Əhalisi həm müsəlman olan, həm də qarışıq dini konfessiyaların bərqərar olduğu cəmiyyətlərdə tolerantlığın, ümumilikdə sekulyarizmindini maarifləndirmənin təbliğinə ehtiyac olduğunu qeyd etdim. Müasir dövrdə Avropa cəmiyyətinin multikultural ənənələrdən uzaqlaşması dini tolerantlığın aradan qalxması kimi təzahür edir. Məsələn, Avropanın lokomotivi hesab edilən Almaniya ideya olaraq, multikulturalizmdən hələ keçən əsrdən imtina edib. Bu, bir sıra psevdosəbəblərlə izah edilir. Bəzi analitiklər genofondun qorunması, digərləri Avropa ənənələrinin mühafizəsi, bir qrupu isə xristian dininin və əhalisinin məhv olub, aradan qalxması kimi təhlükələrlə izah edirlər. Zənnimizcə, Avropa bu durumdan - qarışıq mədəniyyətlərdən, miqrasiyadan - daha səmərəli dividentlər əldə edə bilərdi. Məsələn, islamofobiyadan xilas olub, sağlam ailə, pis vərdişlərdən çəkindirmə kimi məişət və mədəni İslam dəyərlərini öz cəmiyyətlərinə tətbiq edə bilərdilər.

- Təhsil aldığınız ixtisasın və elmi sahənin Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz?

-Elm adamı olaraq tədqiq etdiyim sahə Qərb fəlsəfəsidir. Müasir Qərb fəlsəfəsində idarəetmə, hakimiyyətə tarixi baxış kimi məsələlər maraq dairəmdədir. Qərb elminin hələ keçən əsrdən dərin tədqiq etdiyi bu sahə SSRİ dağıldıqdan sonra yeni yaranmış dövlətlərdə demokratik hakimiyyət quruculuğu, xalqların öz yeni milli ideologiyalarını seçmək cəhdlərinin nəzəri əsasları olmalı idi. Bunun üçün çoxillik təcrübə və nəzəriyyələrə əsaslanan konsepsiyalar lazım gəldi. Hazır formula kimi Qərb hakimiyyət konsepsiyaları ola bilərdi. Ona görə də avtoritar rejimlərdən fərqli olaraq, demokratik rejimlərin fəaliyyət formaları onların normativ aktlarında da öz əksini tapıb. Azərbaycan Respublikası da demokratik inkişaf yolunu öz Konstitusiyasından, hakimiyyət bölgüsünün təsbitindən başladı. Əslində bu, yeni tip - qərbyönümlü - milli dövlətçilik və hakimiyyət konsepsiyasının təzahürü idi. Demək, elə bu gün də gənc dövlətçiliyimizin inkişaf etdirilməsi üçün bu konsepsiyaların tədqiq edilməsinə ehtiyac vardır.

- Bu ixtisasınız yönündə Azərbaycan təhsilində və ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?

- Maraqlı sualdır. İslahatlara hər zaman ehtiyac var. İstər bizim kimi yeni müstəqillik qazanmış dövlətlərdə, istərsə də oturuşmuş, inkişaf etmiş cəmiyyətlərdə belə islahatlara ehtiyac duyulur. Amma mən sualı daha da inkişaf etdirərdim. Biz elm adamları olaraq, yeni dünyanın və çağdaş elmin çağırışlarına cavab verə bilirikmi? Nəzərə alsaq ki, istənilən inkişafın əsasında elmi biliklər, nəzəri çalışmalar dayanır, elmi-tədqiqat işlərimiz də yeni tələblərə uyğun olmalıdır.

İslahatlara gəlincə, məncə, ölkəmizdə elmin yaşını cavanlaşdırmaqdan başlamaq lazımdır. Əlbəttə, gənc elm adamlarının öz müəllimlərinə, elm fədailərinə həmişə ehtiyacları vardır. Məsələ isə ondan ibarətdir ki, gənclərin elmə davamlı gəlmələrini, onların bu sahəyə marağını artırmaq lazımdır. Buna isə yalnız mövcud imkanlardan maksimum istifadə etmək doktranturalara qəbul olunan gənc iddiaçılarımızı nəinki maddi, istənilən dəstəklə təmin etmək lazımdır ki, elmə yeni, daha keyfiyyətli “axın” başlasın.

- Təhsil və elmlə bağlı mütəxəssis kimi hansı fikir və təklifləriniz ola bilər?

- Fikrimcə, yeni təhsil qanunu müasir standartlara cavab verir. Ancaq, qeyd etdiyim kimi, elmə, elm adamlarına münasibət daha da təkmilləşməli, daha çox diqqət yetirilməlidir. Gənclərimizi maraqlandırmaq lazımdır. Elmi menecment ve marketinqlə istiqamətləndirmək inkişaf etdirmək lazımdır.

- Xaricdə təhsil alan gənclərimizə elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz?

- Xaricdəki gənc elmi-tədqiqatçılarımıza iddialı olmağı, müasir elmi istiqamətləri yaxşı mənimsəməyi, ölkəmizi inkişafa aparacaq hər bir sahəni mükəmməl bilməyi tövsiyə edərdim.

- Gələcək plan fəaliyyətinizlə bağlı nələri bölüşərdiniz?

- Planlarımız genişdir. Ancaq son zamanlar daha çox diqqətimi çəkən din tarixi, siyasi psixologiya kimi istiqamətləri tədqiq etməyə başlamışam. Ümumiyyətlə, psixologiya elmi son zamanlar bütün dünyada olduğu kimi, Azərbaycanda da geniş tədqiq edilir. Düşünürəm ki, indi bu sahədə tutarlı tədqiqatlara ehtiyac duyulur.

Sonda Sizə qəzetinizin rəhbərliyinə ölkəmizdə elmin inkişafına populyarlaşmasına verdiyiniz töhfəyə görə təşəkkür edirəm.

İlkin AĞAYEV

 

Palitra.-2016.-27 fevral.-S.11.