“Əsas məsələ elmi işin praktik əhəmiyyətidir”

 

Gülnarə İsgəndərova: “İşlənəcək mövzunun, həqiqətən, elmə, cəmiyyətə faydalı olması ən böyük islahat sayıla bilər”

 

Gənc alimlər üçün aktual olan məsələlərlə bağlı bizə AMEA Zoologiya İnstitutunun gənc elmi-tədqiqatçısı Gülnarə İsgəndərova fikirlərini belə bildirdi: “Gənc alimlərin də özünəxas ümumiya xüsusi problemləri var: sosial problemlər, gənc alimlərin bəzilərinin dil problemləri və s. Amma unutmayaq ki, bəzi problemlərin mövcudluğu istər-istəməz insanın öz üzərində çalışmasına, hətta onun şəxsi inkişafına gətirib çıxarır”.

G.İsgəndərovanın fikrincə, tədqiqatla məşğul olmaq üçün ilk əvvəl daxili istək, motivasiya olmalıdır: “Düşünürəm ki, məqsədli olmaq və hədəflərin düzgün təyin edilməsi zamanı gənc alimi heç bir maneə fikrindən döndərə bilməz və beləcə, gənc tədqiqatçı, hətta ömrünün sonuna qədər qarşısına çıxa biləcək maneələri dəf edib, tətqiqatla məşğul ola bilər. Əlbəttə, bu, məsələnin mənəvi tərəfləridir. Bundan başqa, gənc tədqiqatçıların baza biliklərinin, dünyagörüşünün kifayət qədər olması, həmçinin əməkdaşları tərəfindən dəstək, o cümlədən dövlətin elmə dəstəyi də, işlədiyi müəssisədə lazımi elmi mühitin olması da çox vacib elementlərdəndir”.

Gənc alimlərin elmi fəaliyyətlə məşğul olmaları üçün sözsüz ki, onların yalnız elmə maraqları kifayət etmir: “Real elmi mühitin olması əsas aparıcı amillərdəndir. Tədqiqat mövzusunun qarşıya qoyduğu problemlər, bu problemlərin ölkə üçün nə dərəcədə praktik əhəmiyyətli olması çox böyük rol oynayır. Əks təqdirdə aparılan tədqiqatın nə mənası, nə də əhəmiyyəti ola bilər. Belə olduğu halda isə tədqiqat fəaliyyətində heç bir müsbət nəticə görmək mümkün deyil”.

Elmi dərəcələrin alınması üçün lazımlı prosedurlar nə qədər sadə və keyfiyyətli olsa, bir o qədər yaxşıdır: “Ölkəmizdə yazılan dissertasiyaların müəyyən orqanlara göndərilib, uzun müddət nəticələrinin gözlənilməsi, bir neçə mərhələli müzakirələr yersizdir. Əsas diqqət işin mahiyyətinə, praktiki əhəmiyyətinə yönəldilsə, uzun sürən müzakirələrə ehtiyac qalmaz. Yəni aparılan tədqiqatın, həqiqətən də, elmə, cəmiyyətə faydası varsa, deməli, qarşıya qoyulan məqsədə nail olunub. Əsas məqsəd yenə də elmi işin praktik əhəmiyyətidir. Bu zaman aparılan tədqiqatlar yalnız kağızlarda, məqalələrdə qalmamalıdır. Alınan nəticə dünyanın istənilən yerində öz təsdiqini tapmalı, tətbiq oluna bilməlidir. Yalnız bu halda əsl elmdən söhbət gedə bilər və heç bir uzun sürən, üzücü müzakirələrə ehtiyac qalmaz”.

Bu sahədə inkişafa aid təkliflərini verən doktorant düşünür ki, bu sahədə mühüm islahatların yerinə yetirilməsi, ölkəmizdə elmin inkişafına böyük fayda verər: “Yenə də işlənəcək mövzunun, həqiqətən, elmə, cəmiyyətə faydalı olması ən böyük islahat sayıla bilər. Bundan başqa, bu mövzunun ən müasir metodlarla işlənməsi və alınan nəticənin dünya standartlarına uyğun olması, dünya elminə faydalılığı ən mühüm islahatlar kimi qəbul oluna bilər. Əlbəttə, bu, uzun bir vaxt, böyük bir zəhmət tələb edir. Düşünürəm ki, elmin millilikdən çıxıb, dünyəviliyə qoşulması ən böyük islahat olardı. Bu zaman dünya elminə töhfə vermiş olarıq”.

Elmi fəaliyyətlə məşğul olan gəncin dil biliklərinin yüksək səviyyədə olması arzu olunan bir haldır: Qeyd edim ki, həqiqətən, İelts sertifikatı beynəlxalq seviyyədə qəbul olunduğu üçün, azərbaycanlı tədqiqatçıların da dil biliyinin bu yolla qiymətləndirilməsi tədqirəlayiq olsa da, bu inqilabı birdən-birə ən yüksək səviyyədə etmək tədqiqatçıların işini bir az ağırlaşdırır. Bunu mərhələlərlə etmək və limit balının zamanla yüksəldilməsi daha yaxşı olardı. Nəzərə alsaq ki, hətta xarici dil məzunlarının hədəfi İelts balının 7 olmasıdır və tədqiqatçıların da belə bir yüklə yüklənməsi məsələni bir az qəlizləşdirir. Əminəm ki, istedadlı gənclərimiz bunun da öhdəsindən gələcək. Akademiyanın rəhbərliyi bu prosesi yüngülləşdirmək üçün artıq müəyyən addımlar atıb və gənclərin dil biliklərinin artırılması üçün dil dərslərinin qiymətlərində olunan güzəştlər alqışa layiq bir addımdır. Məncə, geridə qalan məsuliyyət gənclərin üzərinə düşür”.

Elmi fəaliyyətlə məşğul olmaq üçün tədqiqatçıların maddi-sosial problemlərinin həll olunması onların fəaliyyətinə də stimullaşdırıcı təsir göstərə bilər: Bunun üçün məvaciblərin onların xərclərinə uyğun olması, maddi dəstəyin gücləndirilməsinə yönələn elmi layihələrin artırılması, mümkün olduğu qədər gənclərin daşınmaz əmlakla təmin oluması mühüm maddi dəstəklərdən ola bilər”.

 

İ.AĞAYEV

Palitra.-2016.-27 fevral.-S.11.