“Gənc müəllimlərə üstünlük verilməsi təhsilin keyfiyyətinə müsbət təsir edir

 

Nurlan Hacıyev: “Bu gün gənclər yaxşı təhsilin onlar üçün aça biləcəyi imkanların fərqindədirlər”

 

Gənclərin ictimai sahədə aktiv olması, xüsusən, könüllülük fəaliyyəti, eyni zamanda onların təhsilinin və intellektual səviyyəsinin yüksək olmasının göstəricisidir. Artıq ölkəmiz də bu qəbildən olan böyük gənclər ordusu formalaşıb. Müsahibimiz Nurlan Hacıyev də belə gənclərdən biridir. Qeyd edək ki, N.Hacıyev 1992-cu ildə Bakı şəhərində anadan olub. 2010-ci ildə Namiq Fərəczadə adına 100 saylı orta məktəbi bitirib və həmin il Azərbaycan Kooperasiya Universitetinin Dünya iqtisadiyyatı və kommersiya fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə ATGT-nin fakültə üzrə sədri olub. Bir çox tədbirlərdə həm iştirakçı, həm də təşkilatçısı olub. 2014-cü ildə Azərbaycan Kooperasiya Universitetinin bakalavr pilləsini bitirib. 2015-ci ilin aprel ayından Binəqədi rayon YAP-da könüllü olaraq fəaliyyət göstərir. Könüllü fəaliyyəti dövründə birinci Avropa Oyunlarının sosial şəbəkələrdə təbliğatını aparıb. Bununla yanaşı, Binəqədi gəncləri arasında “Xəmsə” Milli İntellektual Oyununda, "Polietilensiz ay" layihə çərçivəsində təmizlik aksiyasında, “Binəqədi şifrəsi” intellektual yarışında və digər tədbirlərdə iştirak edib.

-Gənclərin milli düşüncəsinin formalaşmasında təhsilin nə kimi rolu var?

-Təhsilin inkişafı ölkənin və onunla birgə cəmiyyətin inkişafında misilsiz rola malikdir

Ümumiyyətlə, bu gün müasir Azərbaycan gənci dünənkindən daha savadlı, daha punktual, daha mübariz bir gəncdir. Bu baxımdan bir gəncin kompleks inkişafında, eyni zamanda güclü təhsilin daha çox önəmi vardır. Ölkə Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə təhsilin inkişafına yönəlik uğurlu siyasət göz qabağındadır. Ölkəmizin ucqarlarında inşa edilən məktəblər, təmir edilən məktəblər, müəllimlərə göstərilən diqqət, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinə yönəlik işlər göz qabağındadır. 2015-ci ildə təhsilə ayrılan xərclər 1711,2 milyon manat, 2014-cü illə müqayisədə 57,7 milyon manatyaxud 3,5 faiz çox, 2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 273,5 milyon manatya 19 faiz çox vəsait ayrılıb. Bütün bunlar yeniyetmə və gənclərin daha yüksək şəraitdə təhsil almalarına, daha bilikli və savadlı kadrlar kimi formalaşmasına xidmət etməkdir. Son zamanlar, xüsusilə gənc müəllimlərə üstünlük verilməsi isə təhsilin keyfiyyətinə daha da müsbət təsir edir. Təhsilə ayrılan diqqətin fonunda ölkəmizdə insan kapitalının inkişafına yönəlik uğurlu nəticələrin əldə olunması əsas prioritetdir.

Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlətin gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir.

Dövlətimizin Azərbaycan gənclərinin maarifləndirilməsi məqsədi ilə yeritdiyi aktiv siyasət son dövrlərdə dünyanın müxtəlif ölkələrində azərbaycanlı tələbələrin sayının artmasına səbəb olub.

-Gənclər arasında əməkdaşlıq hansı səviyyədədir və bunun inkişafı üçün xarici ölkələrin təcrübəsindən necə yararlanmaq olar?

-Bu gün gənclər müxtəlif proqramlardan yararlanıb, fərqli ölkələrdə fərqli layihələrin iştirakçıları olurlar. Bu isə xarici ölkələrdəki praktikanın ölkəmizdə tətbiqinə geniş imkanlar yaradır. Gənclər müxtəlif proqramlar vasitəsi ilə şəxsi inkişafa yönəlik qısamüddətli layihələrin iştirakçıları olmaqla yanaşı, xarici ölkələrdə təhsil təqaüdləri də əldə edirlər. Nəticə etibarı ilə xarici ölkələrin təcrübəsini öyrənib ölkəmizdə tətbiq etmək şansı qazanırlar. Bu, çox önəmli nüansdır və əldə olunan nəticələr bu baxımdan ciddi irəliləyişlərin olduğunun göstəricisidir.

-Gənclərin ictimai fəallığı hansı səviyyədədir?

-Bu gün gənclər müxtəlif ictimai təşkilatlarda çox sıx şəkildə birləşiblər. Bu isə uğurlu şəbəkələşmə, müxtəlif universitetlərdən olan tələbələr arasında daha sıx əlaqələrin qurulması, təhsil ilə paralel ölkənin gənclər siyasətində də aktiv şəkildə iştirak edərək gələcəkdə daha uyğurlu bir kadr kimi formalaşmaqda çox böyük önəm daşıyır. Gənclər ölkəmizdə fəaliyyət göstərən müxtəlif fondlara öz layihələrini göndərir, qrantlar əldə ediröz ideyalarını reallaşdırmaq şansı qazanırlar. Bu da onların ictimai fəallığını daha da artırmış olur.

-Gənc nəslin təhsil şüurunun inkişafını necə qiymətləndirirsiz?

-Prezident İlham Əliyev təhsil şüurunun inkişafı ilə bağlı bu sözləri deyib: “Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi və savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır”. Ali təhsil almaq istəyən və ixtisas seçimində çətinlik çəkən yeniyetmə və gənclərin, sonradan təhsillərini davam etdirmək istəyən tələbələrin, məzunların bu sahədə bilik və bacarıqlarını artırmaq, onları düzgün istiqamətə yönəltmək və vərdişlər qazandırmaq üçün təhsil şüurunu inkişaf etdirmək vacibdir.

Düşünürəm ki, bu gün gənclər yaxşı təhsilin onlar üçün aça biləcəyi imkanların fərqindədirlər. Bu gün ölkəmizdə yaxşı təhsil almaq üçün daha münbit bir şərait var. Kitabxanalar, elektron vəsaitlər, yeni təhsil metodları, bütün bunlar yeni biliklərə yiyənlənməyi daha əlçatan edir. Qalır gəncin öz hədəflərini müəyyən etməsi. Bu baxımdan ailələrin də öz övladlarına doğru istiqamət verməsi çox önəmlidir. Bununla belə, müəyyən bir yaş dövründən sonra artıq gənc özü müstəqil şəkildə təhlil etməyi bacarmalı və öz üzərində işləməlidir. Sevindirici haldır ki, bu gün xaricdə təhsil alan gənclərimizin sayı getdikcə artır və dövlətimiz də bu yöndə gənclərə daha geniş imkanlar yaradır. Eyni zamanda bu gün ölkə Prezidentinin övladının məhz Azərbaycanda təhsil alması isə ölkə gəncliyinə önəmli bir mesajdır. Məncə, gənclərimiz bu gün savadlı olmağın və savadlı həmyaşıdları ilə gələcəkdə müxtəlif sahələrdə kadr baxımından potensial rəqib ola bilmək ehtimalını yetərincə dərk edirlər. Onun üçün də gəncliyimiz yaxşı təhsil almağın nə demək olduğunu gözəl bilirlər.

-İctimai həyata yeni atılan gəncsiz. Gənclərin ictimai fəaliyyəti üçün yaradılan imkan sizi qane edirmi?

-Bəli, qane edir və düşünürəm ki, ölkəmizdə bu baxımdan görülən işlər digər ölkələr üçünuğurlu nümunədir. Əldə olunan nəticələr isə bu sahədə atılan addımların sınanmış təcrübə olmasını göstərir. Bu gün gənclər ölkəmizdə aparılan gənclər siyasətinə məhz ictimai sektorda göstərdikləri uğurlu fəaliyyətlə daha çox töhfə vermiş olurlar və dövlətimizin göstərdiyi nəticəyə qarşılıq uğurlu işlər reallaşdırırlar. Bu, bizim hər birimizin vətəndaşlıq borcumuz olmalıdır.

-Sizin ictimai fəaliyyətinizdə könüllülük daha çox yer tutur. Bu, nədən irəli gəlir?

-Könüllülük bir məktəbdir. Bu məktəbin sonunda hər bir gənc zəhmət müqabilində əvəzsiz təcrübə qazanır və qarşısında fərqinə varmadan yeni imkanlar açılır. Əsas olan könüllü olarkən qarşılıq düşünmədən öz işinə diqqətli, həssas və ürəkdən yanaşmaqdır. Bu gün fikirlərimi almanız özü elə mənim bir könüllü olaraq fəaliyyətimə verdiyiniz dəyərin göstəricisidir. Bunun üçün sizə təşəkkür edirəm.

-Perspektiv planlarınız nədən ibarətdir?

-İctimai sektorda qazandığım təcrübə və aldığım təhsilin fonunda ən qısa müddətdə seçdiyim istiqamətdə peşəkar bir kadr kimi formalaşıb, cəmiyyətdə öz mövqeyimi tutmaq ən başlıca hədəfimdir. Bununla vətənimə, xalqıma və dövlətçiliyimizə daha yararlı bir şəxs kimi xidmət edəcəyimi düşünürəm.

Fuad Hüseynzadə