Multikultural dəyərlər dünyanın “immun
sistemi”nin möhkəmləndirilməsində
başlıca təminatdır
Azərbaycanda
müxtəlif mədəniyyətlərə, dinlərə
açıq olan mühitin
formalaşması və bu mühitə
digər mədəniyyətlərin uğurlu
inteqrasiyası uzun əsrlərə
söykənən tarixi köklərə
malikdir. Ayrı-ayrı mədəniyyətlərə
malik etnosların əsrlər boyu sülh şəraitində
yaşamasında, etnik-mədəni müxtəlifliyin qorunub saxlanılmasında xalqımıza xas olan humanizmin
və multikultural dəyərlərin böyük əhəmiyyəti var.
Mədəniyyətlərarası
və sivilizasiyalararası dialoqun təşviq
olunması sahəsində xüsusi siyasi iradə nümayiş
etdirən ölkə Prezidenti cənab İlham Əliyev məhz bu
amillərə əsaslanaraq bildirmişdir
ki, “Multikulturalizm Azərbaycan
xalqına tarixən xas olan
dəyərdir”.
Azərbaycanda
multikulturalizm siyasətinin əsaslarını
qoyan ümummilli lider Heydər Əliyev deyirdi:
"Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin
olur, çünki
onların hər biri ümumdünya
mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir".
Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızın "Dövlət
dili" haqqında, (maddə 21, bənd
2), "Bərabərlik hüququ"
haqqında (maddə 25, bənd 3), "Milli
mənsubiyyət hüququ" haqqında
(maddə 44, bəndlər 1, 2), "Ana
dilindən istifadə hüququ" haqqında (maddə 45, bəndlər
1, 2) da öz əksini
tapmış qanunlar demokratik
və hüquqi dövlət quruculuğunun mühüm
istiqamətlərini təşkil edir. Dövlətimiz irqindən, milliyyətindən,
dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak
vəziyyətindən, qulluq mövqeyindən,
əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər
ictimai birliklərə mənsubiyyətindən
asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə
təminat verir.
Bu
baxımdan, qeyd etmək yerinə
düşərdi ki, mədəniyyətlər
arasında dialoqun inkişaf
etdirilməsi məqsədilə mühüm
işlər görülüb, ölkəmiz,
sözün əsl mənasında “Sülh məkanı”na çevrilib.
Belə ki, nəhəng silsilə tədbirləri
əhatə edən "Bakı prosesi"
xalqımızın multikulturalizm sahəsində
ən yüksək dəyərlərə malik
olduğunu bir daha dünyaya nümayiş etdirdi.
"Bakı prosesi" çərçivəsində
2008-ci il 2-3 dekabr
tarixində Bakıda Avropa və ona qonşu regionların mədəniyyət
nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu
regionlarında davamlı inkişafın və sülhün
əsasıdır" mövzusunda keçirilmiş konfrans,
2009-cu ildə Bakıda İslam ölkələrinin
mədəniyyət nazirlərinin VI konfransı (Azərbaycanın
təşəbbüsü ilə bu konfransa İslam ölkələri
ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi də
dəvət olunmuşdu) sülhün
və əmin-amanlığın təmin edilməsində, bir sözlə, dünyanın “immun sisteminin” möhkəmləndirilməsində
misilsiz əhəmiyyətə malikdir.
Bu prosesin davamı olaraq Prezident İlham
Əliyevin müvafiq fərmanı ilə
hər iki ildən bir
keçirilən Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunu (I Forum 7-9 aprel, 2011; II Forum- 29 may - 01 iyun, 2013; III Forum
-18- 19 may, 2015), 2010-cu ilin
26- 27 aprel tarixlərində keçirilmiş Dünya
dini Liderlərinin Sammitini,
2011-ci ildən indiyədək keçirilmiş
dörd Beynəlxalq Humanitar
Forumu (2011, 2012, 2013 və 2014) beynəlxalq
həmrəyliyin möhkəmləndirilməsi və multikulturalizmin inkişafına misilsiz
töhfə hesab etmək olar.
Prezident İlham
Əliyevin 2016-cı ili ölkəmizdə
“Multikulturalizm ili” elan etməsi ölkənin müxtəlif elmi-pedaqoji, siyasi-ictimai
qurumları ilə yanaşı müxtəlif xalqlara
məxsus fərqli mədəniyyətləri təmsil edən
tələbə kontingentinin birgə təhsil
aldığı Qafqaz Universiteti
qarşısında da mühüm
ictimai və mənəvi vəzifələr qoyur. Bu vəzifələrin
uğurla həyata keçirilməsi hər
birimizin ümumi vətənimiz
olan Azərbaycan qarşısında şərəf
və məsuliyyət hissini dərk etməyimizlə
şərtlənir.
Qafqaz Universiteti hər zaman multikultural dəyərlərin təbliğinə
xüsusi önəm vermiş
və bu məsələyə həssaslıqla
yanaşıb. Hər çağırışda olduğu kimi, Prezidentimizin multikulturalizm
çağırışına da Qafqaz Universiteti ən
yüksək səviyyədə qoşulub,
universitetimizdə 2016-cı ildə multikulturalizm
ilə əlaqəli çox sayda tədbir hazırlanıb. Belə tədbirlər
sırasında- "Multikultural Milli Mənəvi Dəyərlər və Gənclik”,
“VIII Beynəlxalq Gənclik və Multikulturalizm
Festivalı”nı qeyd etmək yerinə
düşərdi.
Bu baxımdan, Qafqaz
Universiteti multikultural
dəyərlərin daşıyıcıları olan tələbə - gənclərin fəaliyyətini
daim diqqətdə saxlayır, bu məqsədlə istər dil,
istər təhsil və elmi fəaliyyət,
istərsə də mədəniyyət sahəsində
tarazlığın qorunmasına xüsusi önəm verir.
Geniş
proqramı əhatə edən tədbirlər zamanı 27 fərqli
ölkədən olan tələbələrin
iştirakına, onların öz milli mədəniyyətlərini nümayiş etdirmələrinə, eyni zamanda Azərbaycan etno mədəniyyətinin təbliğinə
də şərait yaradılır.
Ulu öndərin başlıca
tövsiyələrindən olan multikultural ənənələrin inkişaf etdirilməsi insanların
yaddaşında hümanist dünyagörüşün
formalaşması, gənc nəslin yüksək mənəvi
dəyərlər əsasında tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.
Artıq 8 ildir böyük
təntənə ilə qeyd edilən bu festival Qafqaz
Universitetinin çöxmillətli tələbə
və müəllim heyətinin sülh və
dostluq bayramına çevrilib.
Bir çox ölkələrin səfirliklərinin
nümayəndələrinin, eləcə də dövlət
və elm xadimlərinin iştirak
etdiyi “VIII Beynəlxalq Gənclik və Multikulturalizm Festivalı”nda universitetin
özfəaliyyət dərnəkləri bir-birindən
maraqlı çıxışlar nümayiş
etdirdilər. Azərbaycanda təhsil alan
xarici tələbələr də öz ölkələrinin stendlərini quraraq milli mətbəx, geyim və digər mədəniyyət
nümunələrini nümayiş
etdirdilər.
2011-ci ildə
keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunda YUNESKO-nun sabiq Baş katibi Koitiro Mautsuura öz çıxışında qeyd edib ki,
“Multikulturalizmi inkişaf
etdirmək üçün milli meyillə beynəlxalq meyil
bir-birinə müvafiq olmalıdır”.
ABŞ-dakı Simon Vizental
Mərkəzinin rəhbərinin müavini,
tanınmış ravvin Abraham
Kuper də ölkəmizdə qonaq olarkən bildirdi ki, “Azərbaycan dünyaya
ixrac üçün
olduqca qiymətli sərvətə - tolerant və multikultural dəyərlərə
malikdir”.
Azərbaycada
multikultural ənənələr dərin
tarixi köklərə malik
olsa da, bu yalnız ümummilli lider Heydər Əliyev tərəfindən
dövlət siyasətinin bir hissəsinə
çevrilib. Bu gün
ölkə başçısı İlham
Əliyevin rəhbərliyi altında multikulturalizm
özünün yeni inkişaf mərhələsini yaşayır.
Ölkəmizdə multikulturalizmlə bağlı keçirilən
bütün tədbirlərin
başlıca məqsədi müxtəlif mədəniyyətlərin
inkişafına, dözümlülüyə və sülhün təmin edilməsinə xidmət
edir.
Bu gün fəxrlə
qeyd etmək olar ki, bu sərvətin
gündən-günə çoxalması xalqımızın
mənəvi zənginliyindən doğan multikultural dəyərlərin daha
da şaxələnməsini təmin edir və beynəlxalq aləmdə müasir imicinin
formalaşmasında müstəsna rol oynayır.
Turac Məmmədova
Palitra.- 2016.- 1 iyul.- S.15.