Şəki ilə bağlı yeni kitabların təqdimatı olub

 

 

Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı çərçivəsində iyunun 30-da Şəki xanları sarayının həyətində “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarının təqdimatı və “Zirvə” instrumental ansamblının konserti olub.

Tədbirdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, TÜRKSOY-un təmsilçiləri, festivala dəvət olunmuş qonaqlar və musiqisevərlər iştirak ediblər.

Tədbiri festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə açaraq “İpək yolu” Beynəlxalq musiqi festivalı tarixində ilk dəfə yeni kitabların təqdimatının keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Səadət Təhmirazqızının müəllifi olduğu “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarında Şəkinin tarixi, mədəniyyəti, folkloru və ifaçıları haqqında ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, Səadət Təhmirazqızı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur. O, musiqişünas kimi milliprofessional musiqinin təbliği və tədqiqi ilə məşğuldur.

Təqdimat mərasimində çıxış edən TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı artıq yeddinci dəfədir keçirilən Şəki “İpək yolu” Beynəlxalq musiqi festivalının proqramının ildən-ilə zənginləşdiyini, daha da maraqlı olduğunu vurğulayıb.

Müəllif Səadət Təhmirazqızı çıxış edərək, belə bir mötəbər musiqi bayramında kitablarının təqdimatının keçirilməsinə görə festivalın təşkilatçılarına minnətdarlığını bildirib.

Sonra tədbir iştirakçıları Şəkinin “Zirvə” instrumental ansamblının konsertini izləyiblər.

Respublikamızın tanınmış musiqi kollektivlərindən olan bu ansambl 1972-ci ildə yaradılıb. Kollektiv ötən əsrin 70-ci illərindən başlayaraq respublikamızın şəhər və rayonlarında, həmçinin keçmiş sovet respublikalarının müxtəlif şəhərlərində konsertlər verib, nüfuzlu festivalların iştirakçısı olub. Televiziyaxalq yaradıcılığına həsr olunmuş müsabiqələrin laureatı olan “Zirvə” ansamblı 1996-cı ildə Türkiyənin Eşmə şəhərində keçirilən “Sənət və kilim” festivalında respublikamızı layiqincə təmsil edib.

Ansamblın solistlərinin təqdim etdikləri bəstəkar və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertin sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim edilib.

Festival çərçivəsində iyunun 30-da axşam “Yuxarı Karvansaray” mehmanxana-kompleksində İranın “Təbriz” instrumental ansamblının konserti olacaq.

 

Fuad

Palitra.- 2016.- 1 iyul.- S.13.