Azərbaycanın
dövlətçilik tarixinin, milli adət- ənənələrinin, elm və mədəniyyətinin təbliği
Azərbaycan
xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə
malik olan
xalqlarındandır. Təqribən 5 min illik dövlətçilik tarixinə malik olan Azərbaycan tarixinin inkişafı zaman-zaman
mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın
tərəqqisinə səbəb olub. Azərbaycan
xalqı dövlətçilik tarixinə, ənənələrinə
bağlı bir xalq olaraq o təməllər
üzərində böyük mədəniyyət
hadisələri yaradıb. Dövlətimizin qədim tarixə
malik olduğunu üzərində
izlər qalmış abidələr də sübut
edir. Hətta bununla
bağlı ümummilli lider
Heydər Əliyev deyirdi: “Azərbaycan
insanın, bəşəriyyətin beşiyi
olan nadir ölkələrdən
biridir. Burada həyat çox erkən yaranıb və Azıx
mağarasında tapılmış Azıxantrop Azərbaycanın
ən qədim ibtidai insan
məskənlərindən biri
olmasını sübut edir.
Qobustandakı və Gəmiqayadakı
qayaüstü təsvirlər və
petroqliflər, Kür-Araz və Xocalı
mədəniyyətlərinə aid maddi mədəniyyət nümunələri, eləcə
də Kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki
minilliklərdə də Azərbaycanda inkişaf
etmiş mədəniyyət mövcud
olub”. Tarixdən də bəllidir
ki, dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın əhalisi
hələ qədim daş dövründən
(paleolit) başlayaraq
yüksək mədəniyyət yaradıb. Ölkəmizin
dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
istiqamətində davamlı tədbirlər həyata keçirilib. Bu gün də Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin, incəsənətinin,
bir sözlə, mədəni-intellektual
potensialının daha da
inkişaf etdirilməsi dövlət
başçısının diqqət mərkəzindədir.
“Əsrlər boyu xalqımızı qoruyan
bizim mədəniyyətimiz, incəsənətimiz,
musiqimiz, xalçaçılıq sənətimiz
və digər ənənələrimiz olub”
Ölkə
başçısı öz
çıxışlarında dəfələrlə tariximizin, milli adət-ənənələrimizin,
elm və mədəniyyətimizin təbliği
istiqamətində davamlı tədbirlərin həyata
keçirilməsinin vacib olduğunu
bildirib: “Azərbaycanın çox
zəngin tarixi var. Azərbaycan
alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz
öz tariximizi, bu reallıqları dünya
miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə
görə? İlk növbədə bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz
var. Digər tərəfdən, bizə
qarşı təxribatlar aparılır. Yəni Azərbaycan tarixini ermənilər təhrif etməyə
çalışırlar və diaspor
imkanlarından istifadə edərək, bəzi hallarda buna nail
olurlar. “Erməni alimləri”, xüsusilə
regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan,
uydurma əsasında kitablar
dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə
ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar
bu torpaqda əsrlər
boyu yaşamışlar. Bugünkü
Ermənistan tarixi Azərbaycan
torpaqlarında yaradılıb. Təkcə XX əsrin
əvvəllərində çar Rusiyası
tərəfindən dərc edilmiş xəritələrə
baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən
kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin
adları Azərbaycan mənşəlidir. Budur reallıq. İrəvan
xanlığının əhalisinin 70-80 faizi
azərbaycanlılar olub. Çox
şadam ki, mənim
tövsiyəmlə İrəvan xanlığı haqqında
çox sanballı elmi
əsər yaradılıb, bir neçə
xarici dilə tərcümə edilib. Bu əsərlər faktlar, həqiqətlər
üzərində yaradılır”. Əsrlər boyu Azərbaycan xalqını bir
xalq kimi qoruyan bizim mədəniyyətimiz,
incəsənətimiz, musiqimiz,
xalçaçılıq sənətimiz və digər ənənələrimiz
olduğunu deyən ölkə
başçısı onu da
qeyd edib ki, biz bu
gün bunları qorumalıyıq. Elmi inkişaf üçün
daha da gözəl
şərait yaradılmasının vacibliyini
deyən ölkə başçısının sözlərinə
görə, elmin inkişafı üzrə
milli strategiya və
dövlət proqramı artıq beş-altı ildir ki, qəbul edilib və icra olunur: “Çünki mənim
əsas istəyim ondan ibarətdir ki, ilk növbədə
Azərbaycan elmi inkişaf
etsin, digər tərəfdən ölkəmizin
ümumi inkişafına öz
töhfəsini versin”.
“Bu
istiqamətdə nəşr olunan bütün materiallar bir neçə aparıcı dünya
dillərinə tərcümə olunmalıdır”
Mütəxəssislərimiz,
alimlərimiz də bu gün,
həqiqətən, dövlətçilik tariximizin,
milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliğinə
ehtiyac olduğunu
deyirlər. Son vaxtlar bu
istiqamətdə görülən işlərin, doğrudan da təqdirəlayiq
olduğunu deyən siyasi
şərhçi Arzu Nağıyev bildirdi ki, milli
dəyərlərin təbliği vacib məsələdir,
çünki bu, bizim tarixi sərvətlərimizdir:
“Bundan başqa, bu istiqamətdə xarici
dövlətlərdə keçirilən tədbirlər də
vacibdir. Azərbaycanda multikulturalizmlə
bağlı müvafiq addımlar
atılır, tolerantlığın təbliği
aparılır. Mühüm faktdır ki, bu gün
AMEA-nın bütün müvafiq
strukturları bu istiqamətdə seminarlar, tədbirlər təşkil edir. Bundan başqa,
qeyri - hökumət təşkilatlarının
da rolunu mütləq qeyd etmək lazımdır”. Bu
istiqamətdə görüləsi işlərə gəldikdə
isə A.Nağıyevin fikrincə, ən böyük
vəzifələrdən biri də məhz
diaspor təşkilatlarımızın
üzərinə düşür:
“Artıq lobbiçilik siyasətini də
həyata keçirmək lazımdır. Həmçinin bu istiqamətdə nəşr olunan
bütün materiallar
bir neçə aparıcı dünya dillərinə tərcümə
olunmalı və ya həmin dillərdə,
dünyanın aparıcı media məkanlarında
çap edilməlidir. Bunun
üçün də güclü
kadr potensialı hazırlamalı və ya xaricdə Azərbaycanı təmsil edən
qurumlarda savadlı mütəxəssislərə
xüsusi yer
ayrılmalıdır”.
Azərbaycan Turizm
və Menecment Universitetinin
İctimai fənlər kafedrasının baş müəllimi, kulturoloq
Vüsalə Məmmədzadənin sözlərinə görə,
milli şüur-milli tarixi yaddaşı, milli mənəvi-əxlaqi
dəyərləri, Vətən əxlaqı, Vətənə
məhəbbət, milli həmrəylik, milli və ümumbəşəri
qürur hissləri kimi
mühüm keyfiyyətləri
özündə əks etdirir: “Bu baxımdan dünya
muzeylərinin, tarixi mədəniyyət
abidələrinin təbliği və öyrənilməsi
hazırda Azərbaycanda yaşayan hər bir gəncin, vətəndaşın, tarix və Vətən qarşısında vətənpərvərlik,
beynəlmiləlçilik borcu
sayılır. Bu işin
səmərəli təşkili isə bugünkü
müstəqil və daima inkişafda
olan Azərbaycanımız üçün böyük
əhəmiyyətə malikdir. Muzeylər
ora gələn insan kollektivinin təşəkkülü,
onların özünü dərk etməsi,
dünyagörüşünün
formalaşmasında əvəzsiz rol
oynayır. Muzeylər tərbiyə etmək, təhsilləndirmək,
zənginləşdirmək, inkişaf
etdirmək, yaradıcılığa meyil
oyatmaq, ümumiyyətlə, məqsədyönlü
təsir yolu seçmək üçün mühüm
fəaliyyət xətti sayılır”. Kulturoloqun fikrincə, tariximizi böyüməkdə olan nəsillərə hərtərəfli və
düzgün öyrətmək, habelə
başqa xalqların mədəniyyətinə
və adət-ənənələrinə hörmət və
məhəbbət hissi ilə
yanaşmağı tərbiyə etmək vacibdir.
“İmkanlarımızı
səfərbər edib
inkişafımıza yönəltsək, güclü
elmi potensialımızla dövlətimizin
də inkişafına mütərəqqi xidmətlər
göstərə bilərik”
Bu istiqamətdə
tədbirlərin həyata keçirilməsində
qeyri-hökumət təşkilatlarının da
üzərinə müəyyən vəzifə düşür. Milli QHT Forumunun prezidenti
Rauf Zeyni bildirdi ki, bu
gün bəşəriyyətimiz,
dünyamız nə qədər terrordan,
işğaldan, miqrasiyadan
və digər məsələlərdən əziyyət
çəkirsə, eyni zamanda
dünyamızın bir tərəfi elmin, intellektin
inkişafı ilə ölçülür
və bunlar hamısı bir-biri
ilə bağlıdır: “Beynəlxalq tədbirlərə, konfranslara gedəndə inkişaf
etmiş ölkələrin təcrübəsini
görürük. Bizə miras
qalmış tariximizi, ənənələrimizi
qoruyub saxlamaq şərtilə
yenilərini tətbiq etməliyik. Bu gün heç kəsə
sirr deyil ki, dünya elmi tərəqqi, elmi inkişaf, elmi kəşflər,
bilavasitə elmi tapıntılarla inkişaf edir. Ona baxanda biz
də beynəlxalq təcrübədən, beynəlxalq standartlardan ölçü
götürməliyik”. Bizim çox böyük
potensial alimlərimiz olduğunu
deyən R.Zeyninin sözlərinə
görə, XX əsr sovet dövründə
bizim bir çox alimlərimizin kəşfləri olub ki, onları elmi əsərlərinə görə Nobel mükafatına təqdim etmək
imkanı olub: “Ancaq,
təbii ki, mövcud
şərait buna imkan
verməyib. Bu o deməkdir
ki, Azərbaycan alimlərinin elmi potensialı çox
yüksək olub. Buna
bir çox misallar göstərmək olar.
Məsələn, Böyük Vətən
müharibəsində yüksək oktanlı benzinin
kəşfi akademik Yusif
Məmmədəliyevin adı ilə bağlıdır. Təəssüflər
olsun ki, bizim elmimizin gerçək
indikatoru hələ öz
yerini tutmayıb. Biz bu yaxınlarda BDU-da Nanotexnologiyalar İnstitutunda
olduq. Orada İctimai Nəzarət və Məşvərət
Şurası fəaliyyət göstərir və 11 nəfər
QHT üzvü təmsil olunur.
Biz orada gördük ki, çoxlu sayda gənc
alimlərimiz dünya səviyyəsində
nə qədər mükafatlar, nailiyyətlər,
medallar əldə ediblər. Bu universitetin timsalında gördük ki, bizim nə
qədər elmi potensialımız var. Bizim
bu elmi potensialımız
AMEA ilə birgə dövlətimizin, xalqımızın,
qeyri-neft sektorunun inkişafı üçün
bütün imkanlarımızı
səfərbər etməli,
ölkəmizdə və
dünyada layiqli yerimizi tutmağı bacarmalıyıq. Bu gün Yaponiyadan tutmuş Amerikaya qədər azərbaycanlıların
intellektual potensialı
özünü göstərir.
Hazırda Amerikanın
bir ştatında Adil Bağırov kimi təhsil şurasının sədri
var. Yaponiyada yapon dilində elmlər doktorluğunu müdafiə
edən alimlərimiz
var. Yaxud Rusiyada və digər ölkələrdə elmi
yüksəkliklər əldə
etmiş alimlərimiz
var. Biz əgər xalqımızın,
alimlərimizin gerçək
imkanlarını səfərbər
edib inkişafımıza
yönəltsək, doğrudan
da, güclü elmi potensialımızla dövlətimizin də inkişafına mütərəqqi
xidmətlər göstərə
bilərik”.
Bu gün artıq ölkəmiz müxtəlif
beynəlxalq tədbirlərin
məkanına çevrilib. Bir çox ölkələrin
nümayəndələri məhz
ölkəmizdə təşkil
olunan beynəlxalq tədbirləri, idman yarışlarını, eləcə
də mədəniyyət
tədbirlərini izləmək
üçün məhz
bizim ölkəmizə
səfər edirlər.
Ölkəmizdə 2016-cı ilin “Multikulturalizm
ili” elan edilməsi təsadüfi deyil. Çünki ölkəmizdə bir çox fərqli mədəniyyətin
bir arada yaşadığı cəmiyyət
mövcuddur. Eləcə də
dünya ölkələri
Azərbaycanı bu gün tolerant bir ölkə kimi qəbul edir. Bu gün artıq
Azərbaycanın təbliği
istiqamətində yalnız
ölkə daxilində
təşkil edilən
tədbirlərlə kifayətlənmirik.
H.Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın təşəbbüsü, həmçinin
xaricdə fəaliyyət
göstərən səfirliklərimiz,
diaspor təşkilatlarımız
tərəfindən təşkil
olunan tədbirlər ölkəmizin daha geniş təbliğ olunmasına imkan verir. Gələcəkdə də dövlətçilik
tarixinin, milli adət- ənənələrin,
elm və mədəniyyətinin
təbliği istiqamətində
tədbirlərin davam
etdirilməsi hər birimizin mənəvi borcudur.
Nigar Abdullayeva
Palitra.-
2016.- 6 iyul.- S.7.