Turizm sənayesinin inkişafı ölkəyə valyuta axını yarada
bilər
Dünyada
ən əhəmiyyətli sektorlardan biri hesab edilən turizm, hər il daha da inkişaf
etməkdədir. Turizmin sürətlə
böyüməsi və xüsusilə iqtisadi
baxımdan fayda təmin edən bir sənaye olması baxımından ölkələr
beynəlxalq turizm bazarından daha çox qazanc əldə etmək istəyir. Bunun nəticəsində turizm
sektorunda ölkələr arasında yaşanan rəqabət də artmaqdadır. Bu gün artıq turizm dünya
iqtisadiyyatına birbaşa 3,1 faiz gəlir verir.
Qloballaşmanın təsiri ilə artan turizm gəlirləri, ölkələrin xarici ticarət borclarının da ödənməsində əhəmiyyətli
bir paya malikdir. Təsadüfi deyil
ki, bu gün
turizmlə bağlı “bacasız sənaye”, “mövsümsüz
gəlir”, “inkişafın lokomotivi”,
“görünməyən ixracat” kimi ifadələr işlədilir.
“ASAN viza” turistlərə üç
gün ərzində viza
verəcək
Ölkəmizdə
də bu gün turizm sektoru prioritetdir və qeyri-neft sektorunda ən mühüm
rol oynayan sahələrdən
biridir. Postneft
dövründə xüsusi önəm kəsb
edən bu sektorun
inkişafı istiqamətində bütün
tədbirlərin həyata keçirilməsi vacibdir.
Xüsusilə də daxili turizmin
inkişafı ilə bağlı mühüm
məqamlara diqqət yetirilməlidir. Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı
zamanı Prezident İlham
Əliyev bildirib ki, valyuta gətirən sahələrdən biri də turizmdir: “Biz burada çox
böyük nəticələr gözləyirik.
Xüsusilə nəzərə alsaq ki, son illər ərzində
Azərbaycanın dünyada
tanıdılması istiqamətində çox
böyük işlər görülüb.
Azərbaycanda dünyanın diqqətini cəlb edən beynəlxalq
tədbirlər keçirilir. Misal üçün, bu il BMT-nin
Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib.
Dünya miqyaslı tədbirdir. Bir neçə il bundan əvvəl “Eurovision”,
keçən il Avropa
Oyunları böyük marağa
səbəb olub. Yəni Azərbaycanı
artıq tanıyırlar. Əlbəttə ki,
ölkəmizin tanıdılmasında “Formula-1”
yarışının xüsusi yeri var. Bizim
üstünlüyümüz ondan ibarətdir ki, bu, şəhər yarışıdır və
Bakının gözəlliyi 500 milyon insan üçün
artıq təqdim olunub. Bu,
turizmin inkişafına çox
böyük təkan verəcək və
verməlidir. Biz də buna
hazır olmalıyıq. Ölkəmizi dünyada
tanıtdırmaq üçün tədbirlər
görülür”. Bu istiqamətdə həyata
keçirilən tədbirlərdən biri
kimi vizalarla
bağlı problemlərin də bu
yaxınlarda aradan götürüldüyünü
deyən ölkə başçısı bildirib
ki, “ASAN viza” xidməti
yaradılır və üç gün ərzində Bakıya turist
kimi gəlmək istəyən heç bir maneəsiz,
problemsiz və başqa
bir iddiasız vizanı alıb gələcək.
Dövlət başçısının da
vurğuladığı kimi, həm daxili turizm, həm də xarici qonaqları qəbul etmək üçün əsas məsələ turizm sənayesini yaratmaqdır. Bizim gözəl iqlimimiz, yay aylarında Xəzər sahili,
qış aylarında dağlar, xizək
kurortları var. Bizim çoxlu tarixi abidələrimiz
var. Nəinki Bakıda, bütün
bölgələrdə müasir infrastruktur, otellər, yollar
var. Ona görə bu istiqamətdə görüləsi işlər
hələ çoxdur.
2016-cı
ilin altı ayında Naftalana
gələn turistlərin sayı 15 faiz artaraq 7000 nəfərə çatıb
Azərbaycanın
Kiçik Qafqaz
zonası, əsasən, karbon turşulu mineral sularla zəngin balneoloji kurortlarla fərqlənir. Bu
zonada nadir təbii
müalicə amili kimi
tanınan Naftalan nefti
mədənləri yerləşir. Naftalan
neftinin hikməti hələ qədim
dövrdən hamıya bəllidir. Bu nadir müalicəvi xassəli naftalan
nefti Naftalan şəhərini
nəinki ölkəmizdə, eləcə də yaxın və
uzaq xaricdə məşhurlaşdırıb.
Prezident İlham Əliyevin diqqəti sayəsində təbii
unikal müalicəvi əhəmiyyətə
malik naftalan nefti ilə məşhur olan
Naftalan şəhəri bu
gün intensiv inkişaf mərhələsinə qədəm
qoyub və sözün
əsl mənasında yeniləşməkdədir.
Regionların sosial-iqtisadi inkişafı
dövlət proqramının icrasına həsr olunmuş konfransda ölkə
başçısının qeyd etdiyi kimi, “Naftalanın keçmiş şöhrəti bərpa edilir. Naftalan vaxtilə Ümumittifaq turizm mərkəzi
idi. Bu gün
bunu beynəlxalq turizm
mərkəzinə çeviririk”. Hazırda dövlət başçısının
sərəncam və tapşırıqlarına uyğun olaraq
dünyanın unikal şəhərlərindən
biri olan Naftalanın
yüksək səviyyəli sanatoriya-kurort
mərkəzinə çevrilməsi ilə bağlı
işlər davam etdirilir.
Naftalan
ŞİHB aparatında İnformasiya təminatı
və təhlil sektorunun müdiri
Ülfət Əliyevdən aldığımız məlumata
görə, Naftalanda ümumilikdə fəaliyyət
göstərən 10 turizm obyektində gün ərzində 2100 qonaq
qarşılamaq, onlara yüksək səviyyədə
xidmət göstərmək imkanı vardır. Bu turizm obyektlərində
müalicə və istirahət üçün
çox gözəl imkanlar
yaradılıb. Turizm obyektlərində
turistlərin mənalı istirahəti üçün
onların marağını nəzərə alaraq
ekskursiyalar təşkil edilir,
konsert proqramları təşkil olunur. Eləcə də, sanatoriyalarda
müasir səviyyəli əyləncə
mərkəzləri fəaliyyət göstərir.
Ötən
ilin müvafiq dövrü ilə müqayisədə
2016-cı ilin altı ayında şəhərə
gələn turistlərin sayı 15 faiz artaraq 7000 nəfərə çatıb. Onlardan 1550-si xarici ölkələrdən
gələn turistlər olub. İyul ayının ilk
günlərindən isə turistlərin sayında artım
müşahidə olunmaqdadır. Naftalan
şəhərindəki mövcud turizm obyektlərində xidmət səviyyəsindən
asılı olaraq bir günlük xərc 29-80 manat
arasıdır. Buraya gündəlik 3 dəfə
qidalanma, yatmaq, naftalan nefti və digər
müalicə prosedurları daxildir.
Qubada turizm marşrutlarının sayı
artırılacaq: turistlər daha çox Xınalıq və Afurca
marşrutlarını seçir
Bu il Quba rayonuna
gələn turistlər daha çox Xınalıq kəndinə və Afurca şəlaləsinə səyahət
edirlər. Turist sıxlığına
görə birinci yerdə
Quba-Xınalıq, ikinci yerdə isə Quba-Afurca marşrutudur. Bu barədə
məlumat verən Quba Turizm
İnformasiya Mərkəzinin turizm mütəxəssisi Mətləb
Şıxbabayevin sözlərinə görə, Quba rayonu Azərbaycan
paytaxtına məsafə baxımından yaxın region olduğundan turistlərin
ən çox axın etdiyi
məkanlardandır. Xüsusilə bayram və istirahət günlərində Quba Turizm İnformasiya
Mərkəzinə müraciətlərin sayında artım
müşahidə olunur. Əcnəbi və
yerli qonaqlar
arasında Quba-Xınalıq, Quba-Afurca
istiqamətləri ilə yanaşı, Quba-Ləzə və
Quba-Xanəgah marşrutlarını seçənlər də
çoxluq təşkil edir.
Son
altı ayda mərkəzin xidmətlərindən
2514 turist yararlanıb ki,
onların da 400 nəfəri əcnəbidir.
Əcnəbi turistlərin bəzilərinin Qubaya
səfəri onlayn müraciətlər əsasında
təşkil olunub. Mərkəzə
müraciət edənlər rayona gələn
turistlərin təxminən 8-9 faizini təşkil
edir. Ümumilikdə isə bu il Qubaya
on minlərlə turist
gəlib. Mətləb Şıxbabayev deyir
ki, hazırda Quba Turizm İnformasiya Mərkəzi
gücləndirilmiş iş rejimində
çalışır. Turistlərin rayonda istirahətini təmin etmək üçün “qaynar xətt”
yaradılıb. Əcnəbi və yerli
turistlər 24 saat ərzində (070)
530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri,
turizm marşrutları barədə ətraflı
məlumat ala bilərlər. Quba Turizm İnformasiya
Mərkəzi tərəfindən turistlərə ödəniş
əsasında nəqliyyat vasitəsi və bələdçi
təqdim olunur.
Müraciətlərin
çoxluğu nəzərə
alınaraq, rayonda mövcud
turizm marşrutlarının
sayının artırılması nəzərdə tutulur. Yeni marşrutlar,
əsasən, Qubanın tarixi abidələrlə
zəngin, əsrarəngiz təbiət mənzərələri
ilə seçilən yaşayış məntəqələri
istiqamətində müəyyənləşdiriləcək.
Qubaya gələn turistlər 4 turizm marşrutundan faydalana bilərlər. Bunlar
Quba-Xınalıq, Quba-Afurca, Quba-Ləzə
və Quba-Xanəgah istiqamətlərində olan
marşrutlardır. Hazırda rayonda 40-a
yaxın istirahət mərkəzi fəaliyyət göstərir.
Beləliklə,
bu gün bölgələrə
səfər edən turistlərin sayının daha da artması yerlərdə
mövcud şəraitin daha
da
yaxşılaşdırılmasından xəbər verir. Qeyd edək ki, qəzetimizdə bu
yaxınlarda məhz Naftalan sanatoriya-kurort mərkəzinin fəaliyyəti
ilə bağlı yazı dərc olunmuşdu.
Ümumiyyətlə, qəzetimizdə turizmin
inkişafı istiqamətində davamlı yazılar, hətta
təkliflər öz əksini tapır. Bütün bunlar, təbii
ki, ölkədə qeyri-neft
sektorunun əsas sahələrindən olan turizmin
inkişafına yönəldilib. Bu sahədə
mütəxəssislərin yeni layihələrlə,
təkliflərlə çıxış etməsi də turizmin inkişafına böyük
təkan verər ki, bu
da “mövsümsüz
gəlir” deməkdir.
Nigar Abdullayeva
Palitra.- 2016.- 14 iyul.- S.5.