İKT-nin inkişafı fonunda yeni mediada multikulturalizmin təbliği önəmlidir

 

Bu baxımdan internetdə Azərbaycandakı mədəni müxtəliflik və multikultural mühitin təbliği ilə bağlı cavabdehlik şüurunun formalaşdırılmasına, inkişaf etdirilməsinə yardım etmiş olarıq

 

Bu gün İKT-nin inkişafı Azərbaycan həqiqətlərinin yayılması, təbliğ edilməsi və ölkə daxilində də bu barədə geniş maarifləndirmə işinin aparılması baxımından böyük imkanlar yaradıb. Bununla belə, İKT-nin inkişaf etdirilməsi kontekstində bu baxımdan bir sıra məqamlara diqqət yetirməyə və İKT-də bu baxımdan düzgün iştirakçılığa nail olmağa dəyər.

Məsələn, sosial və internet mediada - online saytlarda, online tv-lərdə, sosial şəbəkələrdə və sair yeni media vasitələrində çıxış edən gənclərin multikulturalizmlə bağlı maarifləndirilməsi və təşkilatlandırılması, onlarda bu baxımdan ictimai məsuliyyət hissinin formalaşdırılması və bu məqsədlə, onların yeni media vasitələrindən düzgün istifadəsi, cəmiyyətə və beynəlxalq aləmə Azərbaycanın multikultural mühiti barədə düzgün, faydalı, təbliğati mesajlar ötürməsinə yardımçı olmaq bu baxımdan olduqca önəmlidir. Gənclərin yeni media vasitələrində çıxışında, onların müxtəlif texniki hazırlıqlarından tutmuş, həmin texniki bacarıqlardan yararlanmaqla ideoloji və taktiki bilgilərini artırmaq da mühüm yer tutur. Bu baxımdan yeni mediada və internetdə Azərbaycandakı mədəni müxtəliflik və multikultural mühitin qorunması, təbliği ilə bağlı cavabdehlik şüurunun formalaşdırılmasına, inkişaf etdirilməsinə yardım etmiş olarıq. Xüsusən də ölkəmizdə media və söz azadlığı fonunda internet çox böyük sürətlə inkişaf edir, əhalinin 71 faizindən çoxu internetə birbaşa çıxış imkanına malikdir. Amma bu gün yeni media vasitələrində - sosial şəbəkələrdə və saytlarda çıxış edərkən, gənclərin böyük qismi Azərbaycanın ənənəvi dəyərləri, tolerant və multikultural mühiti ilə bağlı ciddi məlumat qıtlığı çəkir. Bununla bağlı sosial şəbəkələrin gücündən yararlanaraq gənclərin bu mövzu ilə bağlı yetərincə məlumatlı olub-olmamasına görə araşdırma apardıq. Bir daha bizə məlum oldu ki, internetdə aktiv olan gənclərin çoxunda bu sahə ilə bağlı ciddi məlumat qıtlığı var. Məsələn, multikulturalizm, mədəni müxtəliflik, tolerantlıq və digər dəyərlərlə bağlı cəmiyyətdə, xüsusən də gənclərin çoxunda ciddi məlumat qıtlığı var. Onlar bu anlayışların mənasını, eləcə də nəyi, hansı sferanı ifadə etdiyi ilə bağlı sualları cavablandırmaqda çətinlik çəkirlər. Bu isə onların sözügedən mövzuya və məsələlərə münasibətdə ictimai məsuliyyət və mədəniyyət probleminin ortaya çıxmasına səbəb olur. Bundan əlavə, bu gün internetdə saytlarda, xüsusən, sosial şəbəkələrdə elə təxribat qrupları fəaliyyət göstərir ki, onlar cəmiyyətimizdə süni intriqa və dözümsüzlük mühiti yaratmağa çalışırlar.

Məsələn, ölkədən xaricdə və ölkə daxilində elə qruplar var ki, onlar fikir və media azadlığından çox zaman şəxsi nəfslərini təmin etmək, hətta arzuolunmaz kampaniyalar aparmaq üçün istifadə edirlər. Azərbaycanın müxtəlif bölgələri və dini-etnik xüsusiyyətləri ilə fərqlənən rayon və bölgələrin adları ilə fəaliyyət göstərən, separatizm, milli və dini dözümsüzlük yaratmağa hesablanan bu cür qrup və səhifələr, saxta profillər məhz multikulturalizmlə bağlı məlumatsız gəncləri hədəfə alırlar. Belə hallarda məlumatsız gənclər onların qurbanına çevrilmiş olurlar və onların sosial şəbəkələrə buraxdıqları dezinformasiyaların, Azərbaycanın multikultural mühitini, həqiqətlərini təhrif edən yalan xəbərlərin mexaniki daşıyıcılarına çevrilməyə məruz qalırlar.

Bu isə Azərbaycanın multikultural mühitinin və milli təhlükəsizliyinin pozulması ilə bağlı açıq təhdid yaradır. Ona görə də internetdə, saytlarda və sosial media vasitələrində bu kateqoriyadan olan gənclərin multikulturalizmlə bağlı maarifləndirilməsi, multikulturalizmin və mədəni müxtəlifliyin Azərbaycan cəmiyyətinin rifahı, ölkədə konsensus və barışın hökm sürməsinin təməl prinsiplərindən biri olmasının aşılanması olduqca aktualdır.

Bir çox hallarda da Azərbaycanın bir sıra xəbər saytlarında multikulturalizm mühitini pozmağa yönəlmiş informasiyalar və qərəzli, yalan xarakterli yazılar getməkdədir. Bu da, ilk növbədə, yuxarıda qeyd edilən təxribat qruplarının, səhifələrinin sosial şəbəkələrdə, internetdə yaydığı dezinformasiyalardan təsirlənmədən, ya da məqsədli olaraq multikulturalizm mühitini pozmağa hesablanmış fəaliyyətdən irəli gəlir. Bununla bərabər, jurnalistika fəaliyyətində çox zaman, millət, xalq və etnosu ifadə edən anlayışlar multikultural baxımdan düzgün və yerində işlədilmir, yaxud belə məqamlarda təhqiramiz ifadələr ortaya çıxır. Bu zaman isə qanunvericilikdə nəzərdə tutulan müvafiq müddəalara çox vaxt məhəl qoyulmur.

Onu da qeyd edək ki, ölkədə, ictimai məsuliyyət kontekstində bu kimi zərurətlərdən irəli gələrək sözügedən sahədə - internetlə bağlı olaraq qanunvericiliyə dəyişiklik edildi: “KİV haqqında” qanuna və media qurumlarında yayılan informasiyalara baxsaq, burada informasiyanın ictimai məsuliyyəti nəzərdə tutulur. Amma çox təəssüf ki, bizdə bu məsuliyyət hissi, xüsusən də gənclər tərəfindən bir kənara qoyulur. Bizdə də bu məsələdə bir qədər fərqli olsa da, müəyyən məsuliyyət nəzərdə tutulur. “KİV haqqında” qanunda bu barədə nəzərdə tutulan məqamlardan başqa, ayrı-ayrı qanunlarda da bu barədə məsuliyyət nəzərdə tutan maddələr var. Bu məsələdə əsas məqamlardan biri odur ki, gənc yeni media jurnalistləri arasında da sırf bu məsələlərlə bağlı geniş maarifləndirmə işi aparılmalıdır.

Beləliklə, internetdə fəaliyyət göstərən iki kateqoriyaya aid gənclərin - istər jurnalistika sahəsində təhsil alan gənclər və gənc jurnalistlər, istərsə də sosial şəbəkələrdə çıxış edən və ya “vətəndaş jurnalistikası” ilə məşğul olan gənclərin multikulturalizmlə bağlı maarifləndirilməsi, onlara yeni mediada milli təhlükəsizliyi təhdid edən məqamlarla bağlı ictimai və hüquqi məsuliyyət hissinin aşılanması olduqca aktualdır. Qeyd edilənləri və eləcə də 2016-cı ilin Prezident tərəfindən "Multikulturalizm ili" elan olunduğunu nəzərə alaraq, Sosial və internet mediada gənclərin multikulturalizmlə bağlı maarifləndirilməsi və təşkilatlandırılması sahəsində layihələrin həyata keçirilməsi olduqca aktuallıq kəsb edir.

Bu cür layihələrdə əsas məqsədlərdən biri istər yeni media və sosial şəbəkələrdə aktiv olan, istərsə də peşəkar jurnalist olmaq istəyən gənclərin multikulturalizmlə bağlı maarifləndirilməsi və bu cür informasiyaların yayılması ilə bağlı səfərbər edilməsinə yardımçı olmaqdır. İKT-nin inkişafı fonunda bu cür layihələrdə aşağıdakı məqsədlər həyata keçirilə bilər: İnternetdə aktiv olan gənclərin internetdə multikulturalizm məsələləri ilə maarifləndirilməsinə yardım etmək, internetdə aktiv olan gənclərin multikulturalizmlə bağlı ictimai məsuliyyət hissinin inkişafına yardım etmək, internetdə aktiv olan gənclərin multikulturalizmlə bağlı hüquqi məsuliyyət hissinin artırılmasına və formalaşmasına yardımçı olmaq, internetdə aktiv olan gənclərin multikulturalizm məsələsində milli və dövlət maraqlarının qorunmasına əməl etməsinə yardımçı olmaq, internetdə aktiv olan gənclərin Azərbaycanın multikultural dəyərlərinə bağlı qalmasına yardımçı olmaq, internetdə aktiv olan gənclərin multikulturalizmlə bağlı informasiya əldə etmə və informasiyanı təhliletmə mədəniyyətinin və vərdişlərinin təkmilləşdirilməsinə yardımçı olmaq, peşəkar jurnalist olmaq istəyən gənclərin multikulturalizmi düzgün təqdim etmələrinə və multikulturalizmə zidd informasiyaların yayılmasının qarşısının alınması ilə bağlı hüquqi və texniki baxımdan bilgiləndirilməsi və sair.

 

İlkin AĞAYEV

 

Palitra.- 2016.- 6 iyul.- S. 11.