Mövsümə
“Qarabağnamə“ ilə yekun vuruldu
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında mövsümə “Qarabağnamə”
tamaşası ilə
yekun vurulub.
Teatrın mətbuat xidmətindən Trendə verilən məlumata görə, yekunla bağlı təşkil olunan tədbirdə çıxış edən teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemət bildirib ki, yola salınan mövsüm Akademik Milli Dram Teatrı üçün səmərəli olub: “Ənənəvi olaraq teatr mövsümünün həm bağlanış, həm də açılış mərasimini “Qarabağnamə” tamaşası ilə edirik. Akademik Milli Dram teatrında bu tamaşa artıq neçə illərdir ki, oynanılır. “Qarabağnamə”ni inşallah Şuşada oynayacağıq. Yola saldığımız mövsümdə uğurlarımızla yanaşı itkilərimiz də oldu. Xalq artisti İlham Əsgərovu itirdik. Allah etsin ki, itkilərimiz gec-gec olsun, yeni-yeni tamaşalar təhvil verək, tamaşaçılarımızı sevindirək”.
Xalq artisti Nurəddin Mehdixanlı yola salınan mövsümdə Akademik Milli Dram Teatrında bir neçə uğurlu tamaşanın təhvil verildiyini diqqətə çatdırıb: “Teatr xalqın sərvətidir, teatr mədəniyyət ocağıdır. Akademik Milli Dram Teatrında bu mövsümdə “Ölülər”, “Müfəttiş” və başqa tamaşalar təhvil verildi. Biz ciddi tamaşalarla ciddi imtahanlar veririk. İnşallah itkilərimiz az olsun, yeni səhnə əsərləri ilə tamaşaçılarımızı hər zaman sevindirək”.
Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Nigar Güləhmədova, Rövşən Kərimduxt, Anar Heybətov, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova, Günel İmanova ifa edirlər. Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.
O dövrdə xanlıqlara bölünmüş
Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq
münasibətlərini bərqərar etməyə
çalışan İbrahim xan erməni fitnəkarlığının
qurbanı olur.
Palitra.- 2016.- 19 iyul.- S.16.