NDU-da müasir İKT-nin tətbiqi real bəhrələrini
verir
Ali məktəbin idarəetmə sisteminin
müasir texnologiyalar
vasitəsilə təkmilləşdirilməsi, tələbələrə
onlayn təhsil xidməti göstərilməsi
üçün portal,
distant təhsil, akademik
işlər, elektron kitabxana
və s. ibarət elektron
təhsil şəbəkəsinin yaradılması yüksəkkeyfiyyətli
təhsilə təminat
verir
Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan -11: Elektron təhsil sistemində reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda konfransda elektron təhsil sisteminin inkişafı ilə bağlı səslənən fikirləri təqdim edəcəyik. NDU-nun Mətbuat şöbəsinin müdiri Mehriban Sultan “Palitra”ya bildirib ki, konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin qloballaşma və inteqrasiya, müasir texnologiyaların tətbiqi istiqamətində yürütdüyü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.
Belə ki, müasir texnologiyaların tətbiqi daha da genişləndirilib, informasiya cəmiyyət, elektron hökumət quruculuğu, müasir texnologiyaların tətbiqi vasitəsilə milli təhsilin inkişafi ilə bağlı mühüm nailiyyətlər əldə olunub. Dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş milli strategiya muxtar respublikada da uğurla həyata keçirilməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xüsusi dəstəyi və qayğısı sayəsində Naxçıvan Dövlət Universitetində də bu istiqamətdə mühüm işlər görülüb. Hazırda universitetdə 40-dan artıq elektron lövhə, 750 kompüter, 65 proyektor, 15 elektron kürsü pedaqoji kollektivin, tələbələrin ixtiyarına verilib. Universitetin beynəlxalq əlaqələrinin, virtual əməkdaşlığının genişlənməsi, beynəlxalq videokonfrans və onlayn dərslərin təşkili tədrisin keyfiyyətinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərməkdədir. 2005-ci ildə Naxçıvan Dövlət Universiteti tərəfindən təməli qoyulmuş ənənəvi “Elektron Naxçıvan” layihəsi bu onillik ərzində elmdə və təhsildə müasir informasiya texnologiyalarının ən son yeniliklərinin tətbiqi, ali təhsilin dünya standartları səviyyəsində qurulması, beynəlxalq təhsil şəbəkəsində uğurla təmsil olunması sahəsində öz real bəhrələrini verib. Naxçıvan Muxtar Respublikasında təhsilin inkişaf strategiyası ilə bağlı qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi məqsədi ilə Naxçıvan Dövlət Universitetində “Elektron təhsil” və “Elektron universitet” layihələrinin reallaşdırılması məqsədi ilə görülən tədbirlər, semestr və dövlət imtahanlarının elektron test üsulu ilə keçirilməsi, “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsinin həyata keçirilməsi nəticəsində ali məktəbin idarəetmə sisteminin müasir texnologiyalar vasitəsilə təkmilləşdirilməsi, tələbələrə onlayn təhsil xidməti göstərilməsi üçün portal, distant təhsil, akademik işlər, elektron kitabxana və s. ibarət elektron təhsil şəbəkəsinin yaradılması, yüksəkkeyfiyyətli təhsil üçün universitetin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması, rəqəmsal multimedia infrastrukturunun təkmilləşdirilməsi buna bariz nümunədir. Mehriban Sultan qeyd edib ki, Universitet Televiziyasının hazırladığı, “Elektron Naxçıvan” layihəsi çərçivəsində görülən işlərdən bəhs edən film nümayiş etdirilib. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə videobağlantı zamanı institutun direktoru, AMEA-nın vitse-prezidenti, “Elektron Naxçıvan” layihəsinin əsas yaradıcılarından biri, akademik İsa Həbibbəyli çıxış edərək informasiya əsri olan XXI yüzillikdə müasir texnologiyaların dünyaya inteqrasiya, ölkənin hərtərəfli dinamik inkişafı, cəmiyyətin formalaşmasındakı mühüm rolundan, Ədəbiyyat İnstitutunda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsindən danışıb. Akademik İsa Həbibbəyli AMEA, xüsusilə də Nizami adına Ədəbiyyat İnstitutunun Naxçıvan Dövlət Universiteti ilə sıx əməkdaşlığa malik olduğunu xatırladaraq elmi əlaqələrin gələcək inkişaf istiqamətlərindən bəhs edib. Qeyd olunub ki, universitet əməkdaşları AMEA-nın elmi nəşrlərində mütəmadi şəkildə elmi məqalələrlə çıxış edir. Ədəbiyyat İnstitutu dissertasiya müdafiələri zamanı aparıcı müəssisə qismində iştirak etməklə, institutun əməkdaşları gənc həmkarlarına opponentlik etməklə Naxçıvan Dövlət Universitetinin əməkdaşlarına öz köməkliklərini əsirgəmir. “Azərbaycanda ədəbi mərkəzlər” adlı yeni layihə və digər müştərək tədbirlər nəticəsində əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur.
Naxçıvan Dövlət Universitetinin Xarici tələbələrlə iş üzrə dekan müavini Hüseyn Qasımov “Naxçıvan Dövlət Universitetində elektron təhsil sisteminin dünəni və bu günü” mövzusunda məruzə edərək müasir informasiya-kommunikasiya texnologiyalarının bu ali təhsil müəssisəsində uğurlu tətbiqindən bəhs edib. 2012-ci ildə universitetdə yaradılan Elektron Təhsil Şöbəsinin fəaliyyətindən danışan məruzəçi bildirib ki, ilk dəfə yalnız birinci kursların müəyyən fənlərinə tətbiq olunan elektron imtahan hazırda bütünlükdə şamil olunur. Bu illər ərzində ümumilikdə 92073 tələbə 5762 elektron imtahanda iştirak edib. İmtahanların tam şəffaf və obyektiv keçirilməsi məqsədilə İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində kamera-nəzarət sistemi quraşdırılıb, ötən illər ərzində universitetin müxtəlif ixtisaslı 240 əməkdaşı elektron imtahanlarda nəzarətçi qismində iştirak edib. 2013-2014-cü tədris ilindən tələbə qeydiyyat sistemi istifadəyə vetilib, bu sistem nəticəsində hər bir tələbə fərdi şifrələrlə təmin olunub ki, bu da tələbələrin semestr və imtahan sessiyaları ərzində qazandıqları nəticələrin serverdə elektron şəkildə arxivləşməsi, məlumatların daha operativ və dəqiq əldə olunması baxımından əlverişlidir. Universitetdə quraşdırılan “Policam” kamera sisteminin köməyi ilə universitetin, eləcə də muxtar respublikada fəaliyyət göstərən digər elmi-tədqiqat və ali təhsil müəssisələrinin doktorant və dissertantları üçün AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən onlayn informatika dərsləri keçirilir, dissertant və doktorantlar informatika fənnindən minimum imtahanı da elektron test üsulu ilə verirlər. Növbəti tədris ilindən “elektron jurnal” tətbiq ediləcək ki, bu sistem fakültələr, ixtisaslar üzrə tələbələrin kreditləri və onların vaxtı barədə məlumatları özündə toplayacaq. Jurnala yazılan gündəlik müvəffəqiyyət qiymətləri və davamiyyət nəticələri tələbələrə təkcə imtahan qiymətlərini deyil, eyni zamanda imtahanaqədərki balları və ümumi nəticələri görməyə imkan verəcək. Mehriban Sultan bildirib ki, Fransanın Montopelye Universiteti ilə videobağlantı zamanı universitetin professoru, Avropa Birliyinin Erasmus+ proqrami çərçivəsində həyata keçirilən "NİZAMİ" layihəsinin baş koordinatoru Veronika Montero konfrans iştirakçılarına layihə haqqında məlumat verib. Qeyd olunub ki, ümumi dəyəri 994056,0 Avro olan layihə Azərbaycanda təhsilin doktorantura pilləsini Avropa Birliyinin standartlarına uyğunlaşdırmaq məqsədi daşıyır. Veronika Montero Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti, Qafqaz və Xəzər Universitetləri ilə yanaşı, Naxçıvan Dövlət Universitetinin də təmsil olunduğu layihə çərçivəsində görülən işlər, növbəti mərhələlər barədə danışıb. Universitetin Elektron kitabxanasının müdiri Fariz Əhmədov “Elektron kitabxananın müasir təhsil sistemində rolu” adlı məruzəsində vurğulayıb ki, XXI əsrin texnologiyalarının xarakterik inkişaf istiqamətləri içərisində müxtəlif növlü, tipli və məzmunlu sənədləri əhatə edən elektron informasiya daşıyıcılarının hazırlanması, sistemləşdirilməsi və mühafizəsi və şəbəkə rejimində uzaq məsafədən istifadəsi vacib yer tutur. Elektron kitabxanaların ənəvi kitabxanalardan fasiləsiz şəkildə, sərhədsiz olaraq, qeyri-məhdud sayda oxucuya xidmət etməsi kimi üstünlüklərini diqqətə çatdıran məruzəçi bildirib ki, muxtar respublikada elektron kitabxanaların yaradılması və elektron informasiya təminatı daim diqqət mərkəzindədir. Naxçıvan Dövlət Universitetinin 1968-ci ildən fəaliyyət göstərən kitabxanasında hazırda ayrı-ayrı elm sahələri üzrə ixtisaslaşmış 4 şöbə, 10 oxu zalı və 9 fond fəaliyyət göstərir. Kitabxana fondunda 30-dan çox dildə 160 mindən çox ədəbiyyat saxlanılır. 15 min oxucuya xidmət göstərən kitabxana respublika kitabxanaları, eləcə də 20 ölkənin 35 universiteti ilə informasiya mübadiləsi aparır ki, bu da kitabxananın beynəlxalq təcrübədən bəhrələnərək oxuculara yüksək səviyyədə xidmət göstərdiyinin əyani sübutudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüs və qayğısı ilə 2013-cü ildə kitabxananın binası təmir olunmuş, elektron kitabxana yaradılmışdır. Oxu zalı üçün 20 ədəd, işçi yeri üçün 10 ədəd kompüter, bir server, bir ədəd irihəcmli skayner, elektron kataloq köşkü, konfrans zalı üçün elektron lövhə, 1 ədəd dizüstü kompüter quraşdırılmışdır. 2013-cü ildən elektron kitabxana, PROLİB avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanılıb ki, buraya elektron kitabxananın təşkili, elektron kataloq və kitabların elektron versiyası və s. daxildir. Fasiləsiz mütaliə məqsədilə Elektron kitabxananın “www. lib.ndu.edu.az” saytı yaradılıb. Konfransda məruzələrlə bağlı slaydlar nümayiş olunub.
A.Miriyev
Palitra.- 2016.- 12 iyul.- S.11.