“Turizm
Şurası yaradılmalıdır”
Bahadur Bilalov:
“Belə olarsa,
ölkə Prezidentinin turizm
sənayesi yaradılması haqqında göstərişini
qısa müddətdə həyata keçirmək mümkün olar”
Dünya
iqtisadiyyatında ən sürətlə inkişaf
edən sektorlardan biri
kimi turizm, xüsusilə
də inkişaf etməkdə olan ölkələrin iqtisadi
inkişafında bir vasitə hesab edilir. Turizm
sektoru milli gəlirə
dəstəyi ilə yanaşı, valyuta
ehtiyatını təmin etməklə xarici
borcların aradan qaldırılmasında rol oynayır. Eyni zamanda turizm yeni məşğulluq imkanları yaratmaqla işsizlik faizinin yüksək olduğu
ölkələr üçün önəmli
bir sektora çevrilib. Turizm ölkələri
artıq bu sektordan gəlir
əldə etmək üçün hər
imkandan yararlanmağa
çalışır və xeyli gəlir
əldə ediblər. Məsələn, qonşu
Türkiyədə 9 günlük Ramazan bayramı turizm sektoruna böyük mənfəət
gətirib. Turizmçilərin hesablamalarına görə,
ümumilikdə 350 minə yaxın yerli turist sahil bölgələrində
səyahəti zamanı, adambaşına xərclərin normal tətil mövsümündəkinin iki qatını xərcləyib. Buna görə, səyahət üçün
adambaşına ortalama xərc 614 lirədən
1250 lirə səviyyəsinə yüksəlib, ümumilikdə
daxili turizm 500 milyon lirə gəlir əldə edib.
Ölkəmizdə
də turizm inkişafdadır və bu istiqamətdə tədbirlərin daha da gücləndirilməsi
vacibdir. Nazirlər Kabinetinin
son iclasında dövlət
başçısı bu istiqamətdə
tövsiyələrini bildirib. Bu gün biz
həm xarici, həm daxili
turizmi inkişaf etdirməklə
ölkəmizin adını dünya turizm ölkələri siyahısına
yazdıra bilərik, eyni zamanda
ölkəmizə valyuta
axınını təmin etmiş
olarıq. Mütəxəssislər də bu
sektorun inkişafı istiqamətində mühüm tədbirlərin həyata
keçirilməsinin vacibliyini deyir. Müsahibimiz Azərbaycan
Turizm və Menecment Universitetinin Turizm biznesi kafedrasının müdiri,
dosent Bahadur Bilalovdur:
- Ölkə
başçısı bildirib ki, əsas məsələ həm daxili turizm, həm də xarici qonaqları qəbul etmək üçün turizm sənayesini
yaratmaqdır. Siz bir
mütəxəssis kimi ilk
olaraq turizm sənayesi
anlayışına aydınlıq gətirərdiniz. Turizm sənayesini yaratmaq üçün hansı tədbirlərin həyata
keçirilməsi vacibdir?
- Doğrudan da, bu məsələnin izahına böyük ehtiyac var. Ölkə Prezidenti
artıq ikinci dəfədir ki, turizm sənayesinin
yaradılmasının vacibliyini
vurğulayır. Qeyd etmək
lazımdır ki, dünya
təcrübəsində “Turizm sənayesi”
anlayışının bir çox təyini mövcuddur,
bu səbəbdən də onun tam tərifini verməkdə
çətinlik çəkilir. Bu
anlayışa daha uyğun
təriflərdən biri 1971-ci ildə BMT
tərəfindən təşkil edilmiş
konfransda verilib. Tərifə
görə “turizm sənayesi” səyahətçilər
üçün mal və
xidmətin yaradılması məqsədini güdən istehsal və qeyri-istehsal fəaliyyət
növlərinin cəmindən ibarətdir. Turizm
sənayesi iqtisadiyyatın digər sahələri ilə
sıx qarşılıqlı əlaqədə olduğundan onun tam strukturu təyin edilərkən
bir çox çətinliklərlə
üzləşilir. Sənaye, kənd təsərrüfatı,
tikinti sənayesi və ticarətin kompleks iştirakı olmadan
turistlərin tələbinin ödənilməsi mümkün deyil. Məsələn,
ABŞ-ın Ticarət Nazirliyi
iqtisadiyyatın 24 sahəsini xidmət sferasına aid edib. Bu
baxımdan turizm sənayesinin dəqiq sərhədlərini
çəkmək mümkün deyil. Lakin buna baxmayaraq,
turizm məsələləri ilə
yaxından məşğul olan ÜTT tərəfindən
Turizm sferasında fəaliyyət növlərinin
standart beynəlxalq təsnifatı
(SİKTA) hazırlanıb və bu standart BMT-nın Statistika
Komissiyası tərəfindən 1993-cü ildə qəbul edilib. Bütün tərifləri ümumiləşdirərək
söyləmək olar ki,
“Turizm sənayesi” dedikdə, səyahəti
həyata keçirmək prosesində turistə zəruri olan hər şeylə (xidmət, məhsul) təmin
edən müəssisələrin və sahibkarların
qarşılıqlı əlaqə sistemi
başa düşülür. Beləliklə, turizm sənayesi - yerləşdirmə və nəqliyyat
vasitələri, ictimai iaşə, əyləncə,
dərketmə, işgüzar,
sağlamlıq, idman və digər təyinatlı
obyektlərin, turoperator, turagent,
ekskursiya və gid-tərçüməçi
xidmətləri göstərən təşkilatların məcmusudur.
Adıçəkilən bu müəssisələr
sayəsində turizmin maddi-texniki
bazası formalaşır. Onun tərkibinə
bunlar daxildir: Turizmi təşkil edən müəssisələr
(turoperator və turagentlər); Yerləşdirmə
xidməti göstərən müəssisələr (Hotellər,Motellər,
Pansionatlar və s.); Qidalanma müəssisələri; Nəqliyyat
müəssisələri; Ekskursiya
büroları; Məhsul istehsal edən turizm müəssisələri (suvenir, mebel, müxtəlif
ləvazimatlar istehsal edən müəssisələr);
Ticarət müəssisələri (mağazalar);
İstirahət və əyləncə xidməti göstərən
müəssisələr; Özfəaliyyət turizm
idarələri (turizm, alpinist,
velo klublar və s.); Turizmi idarə edən
orqanlar (dövlət idarələri, turizm təşkilatları).
-Bildirildi ki, Azərbaycanda
keçirilən mühüm beynəlxalq
tədbirlər, idman yarışları
ölkəni bütün dünyaya
tanıdır. Bu tədbirlər, o cümlədən sonuncu
“Formula- 1” yarışları, "Jara" festivalı ölkəmizin
tanıdılmasında hansı rol
oynayır?
- Ölkəyə xaricdən turist
axınını təmin etmək üçün
hotellərin, lazımi infrastrukturun
olması yetərli deyil. Əsas məsələ
bunlar haqqında, ölkə haqqında xarici turistlərə informasiyanın
çatdırılmasıdır. Ölkənin turizmə
yararlı imicinin
formalaşdırılması, onun
haqqında ətraflı məlumatın potensial
turistlərə
çatdırılması üçün
müxtəlif marketinq tədbirlərinin
həyata keçirilməsi vacibdir. Bildiyiniz kimi, bir müddət əvvəl dünyanın
aparıcı telekanallarında Azərbaycana dair
videoçarxlar nümayiş
etdirildi. Bundan əlavə,
Mədəniyyət və Turizm Nazirliyi hər il 20-dən
çox müxtəlif ölkələrdə
təşkil edilən turizm sərgiləri,
yarmarkaları, birjaları və bazarlarında iştirak
edir və ölkəmizin turizm
potensialını təbliğ edir.
Möhtərəm Prezidentimizin qeyd etdiyi tədbirlərin
də Azərbaycanın yeni bir turizm məkanı kimi tanıdılmasında müstəsna əhəmiyyəti
var. Təsəvvür edin
ki, “Formula-1” yarışlarının 500 milyon izləciyisi olub və
ən azından gələcək 4 ildə bundan
da çox
olacağı gözlənilir. Azərbaycanın harada yerləməsindən xəbəri belə
olmayan izləyicilər, Bakının
gözəlliyini seyr edib
və təbii ki, həmin gözəlliyi
əyani görmək üçün
ölkəmizə üz tutacaqlarına
şübhə yoxdur. Digər qeyd edilən tədbirlərin də kifayət
qədər izləyiciləri var ki, onlar da
ölkəmizə maraq göstərəcəklər.
Bundan əlavə, tədbir
iştirakçılarının özləri də ölkəmizin
reklamçıları olacaqlar.
-“ASAN viza” xidmətinin yaradılması turizmin inkişafında hansı rol oynayacaq?
- Bu xidmətin yaradılmasının xaricdən
turist axınına təkan verəcəyinə
şübhəm yoxdur. Uzun müddət turizm sektorunda işləmiş
biri kimi qeyd etməliyəm ki,
ölkəyə gəlmək istəyən turistlərə
vizaların rəsmiləşdirilməsi böyük
bir problemə çevrilmişdi.
Əvvəla, heç də bütün ölkələrdə səfirliyimiz
fəaliyyət göstərmirdi. Məsələn,
ölkəmizə gəlmək istəyən finlandiyalı turist viza almaq
üçün İsveçə getmək
məcburiyyətində idi. İkincisi, bəzi konsullarımız işlərini
asanlaşdırmaq üçün fəaliyyət
göstərdikləri ölkələrdə yalnız bir turizm şirkəti ilə
əməkdaşlıq etməklə əslində
vizaların rəsmiləşdirilməsini monopoliya
halına gətirmişdilər. Bəzən turistlər viza üçün
150-200 dollar ödəmək məcburiyyətində
qalırdılar. “ASAN viza” xidməti isə
imkan verir ki, heç bir yerə getmədən, vaxt
itirmədən istənilən əcnəbi vətəndaş
3 gün ərzində viza
alaraq ölkəmizə gələ biləcək.
-Valyuta gətirən sahələrdən biri də turizmdir. Ölkəmizə
valyuta axınını davamlı təmin
etmək üçün daha
hansı tədbirlərin reallaşmasına, problemlərin aradan qaldırılmasına ehtiyac
var?
- Bu bir həqiqətdir ki, dünyanın bir
sıra ölkələri turizmdən xeyli
gəlir əldə edir. Bu
gəlirlərin də əksər hissəsi xarici
valyuta (istər dollar,
istərsə də avro) ilə olur. Təbii ki, valyuta daxilolmalarının davamlı olması
üçün Prezidentin
qeyd etdiyi kimi, ölkəmizdə turizm
sənayesinin yaradılması mütləqdir. Bütün
bu prosesə aid olan nazirlik, komitə, idarə
və müəssisələrin kompleks fəaliyyətini
təmin etmək üçün isə
dəfələrlə təklif etdiyim Turizm Şurası yaradılmalıdır. Həmin Şuraya mədəniyyət
və turizm naziri rəhbərlik
etməli, digər aidiyyəti qurumlar isə
Şurada birinci
müavinlərlə təmsil edilməlidirlər. Şura ayda bir dəfədən gec olmayaraq toplanmalı, turizmin
inkişafına mane olan
problemləri müzakirə etməli və qərarlar qəbul
etməlidir. Bir şərtlə ki, həmin qərarlar bütün
ölkənin qurumları tərəfindən yerinə yetirilsin. Fikrimcə belə olarsa,
ölkə Prezidentinin turizm
sənayesi yaradılması haqqında göstərişini
qısa müddətdə həyata keçirmək mümkün olar. Digər
bir məsələnin də həll edilməsinin
vacibliyini qeyd etmək
istəyirəm. Bu da turizm sahəsində əsas xidmətlərdən
hesab edilən qidalanma
ilə bağlıdır. Bu sahədə
təcili dönüş
yaradılmalı, dünya təcrübəsinə
əsaslanan tədbirlər həyata keçirilməlidir.
Fikrimcə, bu sahənin monitorinqi
mütləq şəkildə turizmi idarə
edən orqana həvalə edilməlidir.
Nigar Abdullayeva
Palitra.- 2016.- 15 iyul.- S.5.