Qasım Məmmədov:
UFAZ-ın yaradılması Azərbaycan təhsilində yeni hadisədir
Prezident
İlham Əliyev
2016-cı il iyunun 9-da “Birgə Azərbaycan–Fransız Universiteti
(UFAZ)” layihəsinin həyata
keçirilməsi barədə
Sərəncam imzalayıb.
Azərbaycan Respublikasında
ali təhsil
sisteminin təkmilləşdirilməsi
və Fransanın nüfuzlu ali məktəbləri ilə
əlaqələrin genişləndirilməsi,
eləcə də vətəndaşlara xaricə
getmədən öz vətənlərində aparıcı
ölkələrin ali
təhsil standartları
çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə
imzalanan sənəd əsasında Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində
yeni ali məktəb – UFAZ yaradılıb.
Bu ali məktəbin
gələcək fəaliyyəti
və görəcəyi
işlər ictimaiyyətin
marağını cəlb
edir. ADNSU-nun tədris
işləri üzrə
prorektoru Qasım Məmmədov AZƏRTAC-a müsahibəsində
bu və digər məsələlər
barədə ətraflı
məlumat verib.
-UFAZ-ın yaranması hansı zərurətdən irəli
gəlib? Dövlət başçısının bununla bağlı Sərəncamının əhəmiyyəti
barədə nə deyərdiniz?
-Bu, Azərbaycan təhsilində
yeni hadisədir, çünki ilk dəfə
belə bir ali məktəbin
Azərbaycanda yaradılması,
sözsüz ki, çox böyük əhəmiyyət daşıyır.
Sərəncamın əhəmiyyəti
bir də ondadır ki, Azərbaycan gənci ölkə hüdudlarını
tərk etmədən
Avropanın ən qabaqcıl universitetlərindən
olan Strasburq Universitetinin metodikası əsasında təhsil
ala biləcək və
təhsilini başa vurduqdan sonra ona həm
Azərbaycan Dövlət
Neft və Sənaye Universitetinin, həm də Strasburq Universitetinin diplomu veriləcək. Yəni
UFAZ-ı bitirən gənclərə
iki diplom veriləcək. Bunlar iki
ayrı diplomlar olacaq və Strasburq Universitetinin diplomu Fransada verilən diplomla eyni qüvvəyə malikdir. Onu da qeyd etmək istəyirəm ki, UFAZ-ın məzunları həm Azərbaycanda, həm də Fransada işlə təmin olunacaqlar.
- Ümumiyyətlə,
bu ali
məktəbdə təhsil
hansi üstünlükləri
ilə fərqlənəcək,
Azərbaycan təhsilinə
nə kimi yeniliklər gətirəcək?
Bu ali məktəbdə
tələbə qəbulu
qaydaları barədə
məlumat verməyinizi
xahiş edirik.
-UFAZ-da fransız metodikası əsasında
dörd ixtisas üzrə tədris aparılacaq. Pedaqoji heyətin əlli
faizi Fransadan dəvət olunacaq, əlli faizini isə bizim universitetin müəllimləri
təşkil edəcəklər.
Tədris ingilis dilində
həyata keçiriləcək.
İngilis dili beynəlxalq dil olduğu üçün
tələbələrin asanlıqla
transfer olunmaları, yəni
xaricdən gəlib burada təhsil almaları, yaxud buradan gedib xaricdə
təhsil almaları üçün tədrisin
ingilis dilində aparılması qərara alınıb. Lakin, eyni zamanda,
UFAZ layihəsi çərçivəsində
tələbələrə fransız dili də tədris olunacaq. Yəni yuxarı kurslarda
bəzi fənlərin
fransız dilində tədris olunması nəzərdə tutulur.
Birinci il
hazırlıq mərhələsi
olacaq. İkinci, üçüncü və dördüncü kurslarda isə tələbələr fransız
metodikası ilə təhsil alacaqlar. Gənclər ikinci və
üçüncü kurslarda
mübadilə proqramı
çərçivəsində Fransada bir semestr
müddətində təhsil
almaq üstünlüyünə
malik olacaq və eyni zamanda,
yay məktəblərində
iştirak etmək imkanı qazanacaqlar.
İyulun
15-də birinci qrupda imtahan vermiş abituriyentlər arasında
500 və ondan yuxarı bal toplamış gənclər
UFAZ-a qəbul olunmaq üçün namizəd
qismində iyulun 18-dən
23-dək online qaydada və
yaxud ADNSU-ya gəlməklə qeydiyyatdan
keçə bilərlər.
İyulun 25-26-da onlara imtahanda
iştirak etmək üçün vəsiqələr
veriləcək. İyulun 27-də isə imtahan keçiriləcək. Bir məsələni
də diqqətə çatdırmaq istərdim
ki, imtahanlarda həm Azərbaycan, həm də rus bölməsi üzrə abituriyentlər
iştirak edə bilərlər. İmtahanlar Fransa
tərəfin hazırladığı,
dörd fənn üzrə test sualları
və ingilis dilində iki qısa esse yazılması ilə aparılacaq. Qiymətləndirmə Fransa tərəfindən həyata keçiriləcək.
Dörd fənn üzrə - fizika, riyaziyyat, kimya, ümumi fənlər blokundan 10 sual təqdim ediləcək. Hər sual
iki balla qiymətləndiriləcək. İki səhv cavab bir duz cavabın
balını aparır.
İki essenin hər biri 10 balla qiymətləndirilir.
Tələbələr imtahandan əvvəl
qeydiyyatdan keçəndə
hansı ixtisası seçdiklərini əvvəlcədən
bildirəcəklər. Onların qəbul aparılan dörd ixtisas üzrə həm dövlət sifarişi ilə, həm də ödənişli əsaslarla təhsil almaq imkanları var. Tələbələr istədikləri
ardıcıllıqda dörd
dövlət sifarişli
və dörd ödənişli ixtisası,
yəni ümumilikdə
səkkiz ixtisası qeyd edəcəklər.
Topladıqları bala uyğun
sıralamada ilk 30 nəfər
ixtisaslar üzrə dövlət sifarişi ilə, sonrakı 10 nəfər isə ödənişli əsaslarla
qəbul olunacaq.
Ümumilikdə bu il UFAZ-a 160 gəncin
qəbul olunması planlaşdırılır. İxtisaslara
gəldikdə, onu deyə bilərəm ki, bu ixtisaslar
Strasburq Universiteti ilə birgə hazırlanan kimya mühəndisliyi, kompyuter
elmləri, geofizika mühəndisliyi ixtisasları,
Fransanın Renn1 Universiteti
ilə birgə hazırlanan neft-qaz mühəndisliyi ixtisasıdır.
-UFAZ üçün
ayrıca tədris binası nəzərdə
tutulubmu? Bu, universitet
üçün hansı
imkanları yaradacaq?
-UFAZ üçün ADNSU-nun üçüncü
tədris binası nəzərdə tutulub. Hazırda orada təmir işləri gedir. Tarixi tikili olduğuna və əsaslı təmirə ehtiyac duyulduğuna görə bina gələn tədris ilinə hazır olacaq. Amma vəziyyətdən çıxmaq
üçün biz əsas
binamızın bir hissəsində, yeni tədris ilinədək təmir işləri başa çatdıqdan sonra UFAZ üçün lazım olan hər bir şəraiti
yaradacağıq. UFAZ-ın rəhbərliyinə
gəldikdə isə,
bu ali
məktəb Strasburq Universitetinin və ADNSU-nun
rektorları və yaxud onların təyin etdikləri nümayəndələr tərəfindən
idarə ediləcək.
Valideynlərə və abituriyentlərə
müraciət edərək
bildirirəm ki, həqiqətən də Azərbaycanı tərk etmədən Avropanın nüfuzlu ali
məktəbinin diplomunu
almaq mümkündür.
Onları maraqlandıran
sualları cavablandırmaq
üçün iyulun
19-da saat 11:00-da ADNSU-nun əsas
tədris binasında
“Açıq qapı”
günü keçiriləcək.
Qeyd etmək
istəyirəm ki, bir sıra təhsil
müəssisələrində UFAZ-ın təqdimatı keçirilib. Bu ali
məktəbdə təhsil
almaq üçün
bizə müraciət
edənlər çoxdur.
Keçid balına gəldikdə, abituriyentlər
maksimum yüz bal toplaya bilərlər.
Sıralanma yüz baldan
aşağıya doğru
aparılacaq.
UFAZ-ın yaradılmasını
ölkə Prezidentinin
bizim ali
məktəbə göstərdiyi
böyük etimad kimi qəbul edirik və işimizi elə quracağıq ki, bu layihədən gənclərimiz yüksək
səviyyədə bəhrələnsinlər.
İnanıram ki, UFAZ tezliklə
ölkəmizin ən qabaqcıl ali təhsil
müəssisələrindən birinə çevriləcək.
Palitra.- 2016.- 19 iyul.- S.12.