UNEC müasir İKT-nin
tətbiqi
baxımından liderdir
“Elektron Universitet Modeli” yeni tədris
ilindən etibarən əsas tədris binası ilə
yanaşı, digər iki tədris binasında da tətbiq ediləcək
Azərbaycan
Dövlət İqtisad Universitetinin (UNEC) Elmi
Şurasının 2015/2016-cı tədris ilində sonuncu
iclası keçirilib. Layihə çərçivəsində
təqdim etdiyimiz yazıda UNEC-də tətbiq edilən İKT
yeniliklərinə toxunacağıq. Qeyd edək ki, Elmi
Şurada iki yeni üzv - UNEC-də yeni seçilən tələbə
rektor Şahin Həsənov və Tələbə Elmi Cəmiyyətinin
(TEC) sədri Əvəzağa Məlikov iclas
iştirakçılarına təqdim edilib. UNEC-in rektoru,
professor Ədalət Muradov tələbə rektorun işinin
daha da təkmilləşdirilməsi üçün tədbirlərin
görülməsinə ehtiyac olduğunu bildirib.
TEC-in gələcəyindən
söz açan rektor qeyd edib ki, iqtisad elmi üzrə
intellektual yarışların mərkəzi UNEC
olmalıdır. Ə.Muradov yeni tədris ilindən bu sahədə
respublika olimpiadasına hazırlıqların
başlanmasına dair göstəriş verib. UNEC-in Təcrübə
və işədüzəltmə şöbəsinin
müdiri Fuad Əliyev “Ali təhsilin bakalavr pilləsi üzrə
IV kurs əyani və V kurs qiyabi şöbədə təhsil
alan tələbələrin diplomqabağı təcrübəsinin
yekunları və III kurs əyani şöbə tələbələrinin
yay istehsalat təcrübəsi haqqında” məruzə ilə
çıxış edib.
Əyani şöbənin IV kursundan
2957, qiyabi şöbənin V kursundan isə 756 tələbə
təcrübəyə göndərilib
Bildirib
ki, əyani şöbənin IV kursundan 2957, qiyabi şöbənin
V kursundan isə 756 tələbə təcrübəyə
göndərilib. Təcrübənin operativ və effektiv təşkil
edilməsi məqsədilə bir ay əvvəldən
ATİB, TUSİAB, ASK, AMCHAM təşkilatlarından, eləcə
də Paşa Həyat Sığorta, Xalq Sığorta, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama
Palatası, Dövlət Statistika Komitəsi və bir çox
təşkilatlarla razılaşmaqla təcrübə obyektləri
müəyyən edilib. Eyni zamanda UNEC tələbələri
üçün xarici ölkədə də təcrübəsi
təşkil edilib. Tələbələrə UNEC-in müxtəlif
strukturlarında da təcrübə keçmək imkanı
yaradılıb. F.Əliyev ən yaxşı təcrübə
təşkil edən və yeni təcrübə obyektləri
cəlb edən kafedraları təqdim edib. Bunlar Maliyyə və
maliyyə institutları, Biznesin idarə edilməsi, Əməyin
iqtisadiyyatı, Ətraf mühitin mühafizəsi və
iqtisadiyyatı, İqtisadiyyatın tənzimlənməsi,
Müəssisənin iqtisadiyyatı, Marketinq, Beynəlxalq
iqtisadiyyat, Dizayn, Standartlaşdırma və sertifikasiya,
İqtisadi hüquq, Beynəlxalq iqtisadiyyat (ingilis dili), Beynəlxalq
iqtisadi münasibətlər və İnformatika
kafedralarıdır. F.Əliyev bildirib ki, bu kafedralar üzrə
tələbələr tərəfindən indiyə kimi
heç bir şikayət daxil olmayıb. F.Əliyev təcrübənin
təşkili ilə bağlı tələbələr tərəfindən
digər kafedralar üzrə Karyera Mərkəzinə daxil
olan müraciətlərin dərhal araşdırılaraq,
operativ qaydada müvafiq tədbirlər
görüldüyünü vurğulayıb. III kursların
yay istehsalat təcrübəsinin təşkilindən söz
açan şöbə müdiri bu tədris ilində 28
ixtisas kafedrası üzrə, 3126 tələbənin təcrübəyə
göndəriləcəyini bildirib. Onların istehsalat təcrübəsinin
daha mütəşəkkil və keyfiyyətli təşkil
edilməsi, qarşıya çıxacaq problemləri operativ
həll edilməsi məqsədilə UNEC-in rəsmi internet və
“Facebook” səhifələrində elan verilməklə, “Yay
istehsalat təcrübəsi üzrə qaynar xətt”in
(146-1-3) açılmasını təklif edib. Rektor
Ə.Muradov təklifin dərhal icra edilməsi ilə
bağlı müvafiq quruma göstəriş verib. UNEC rektoru
təcrübənin təşkilindən narazı olan tələbələrlə
F.Əliyevin görüşdüyünü bildirib.
Görüşdə təcrübə rəhbərləri tərəfindən
subyektivizm halları, əlavə bürokratik tələblər,
süründürməçilik, təcrübə
hesabatlarının hazırlanmasında lazımsız,
mövcud olmayan tələblərin irəli sürülməsi,
tələbələrin təcrübə obyektlərində
ixtisas təcrübəsinə uyğun olmayan işlərə
cəlb edilməsi və onlara biganə münasibətlərin
müzakirə edilib. Rektor müraciətlərin şəffaf
və operativ həll edilməsi üçün Təcrübə
və işədüzəltmə şöbəsinə ciddi
tapşırıqlar verib. Şura üzvləri təcrübə
obyektlərinin nümayəndələri ilə
görüşlərin təşkilini, təcrübə rəhbərləri
üçün təlimlərin keçirilməsini, təcrübəyə
yollanan tələbələrin qiymətləndirilməsi məsələsinə
yenidən baxılmasını, regionlarda da istehsalat təcrübəsinin
təşkil edilməsi, təcrübəyə göndərilən
tələbələrin işə düzəlməsi ilə
bağlı təminat və təcrübənin nəticələrinə
görə qiymətləndirməni işəgötürənin
verməsini təklif ediblər. Təkliflər müsbət dəyərləndirilib.
Rektor Ədalət Muradov təcrübənin təşkili ilə
bağlı onun rəsmi “Facebook” səhifəsinə
iradlarını yazan tələbələrlə
görüşdüyünü, onların şikayətlərinin
təcili olaraq araşdırılması məqsədilə
tapşırıqların verildiyini bildirib. Bu sahədə
problemlərin aşkar olunduğunu deyən Ə.Muradov
nöqsanlara yol verənlərə qarşı ciddi tədbirlərin
görüləcəyini diqqətə çatdırıb.
Rektor Təcrübə və işədüzəltmə
şöbəsinə təcrübə müddətini
uğurla başa vura bilməyən tələbələr
haqda təcili hesabatın hazırlanması
tapşırığını verib. Təcrübənin keyfiyyətinin
aşağı səviyyədə olmasını həm də
bu məsələdə dekanlıqlarla kafedralar arasında
koordinasiyanın zəif olması ilə izah edib. Rektor kafedra
müdirlərinə təcrübə obyektlərini mütəmadi
ziyarət etmələrini və tələbələrin
müraciətlərini dinləmələrini tapşırıb.
Təcrübə başlamazdan əvvəl təcrübə
rəhbərləri ilə rektorun görüşünün
təşkil edilməsi ilə bağlı aidiyyəti
strukturlara göstəriş verilib. Bununla da, Elmi Şura
üzvləri Təcrübə və işədüzəltmə
şöbəsinin müdiri Fuad Əliyevin hesabatını
qeyri-qənaətbəxş sayıblar. Təcrübənin təşkili
işinin Fuad Əliyevdən alınması barədə qərar
verilib.
Beynəlxalq standartlara uyğun tədris
planı hazırlanıb
UNEC-in
elmi katibi, professor Elnur Sadıqov 2015/2016-cı tədris ilində
UNEC Elmi Şurasının qəbul etdiyi qərarların icrası
haqda tədbir iştirakçılarına məlumat verib.
Bildirib ki, tədris ili ərzində Elmi Şura tərəfindən
76 qərar olunub və onların 73-ü müvəffəqiyyətlə
icra edilib. 3 qərar isə icra mərhələsindədir. Təklif
edilib ki, hər iclasda ötən Şuranın qəbul etdiyi
qərarların icrası barədə Şura üzvlərinə
məlumat verilsin. Sonra cari məsələlərin müzakirəsinə
başlanılıb. İclasda Elmi Şuranın tərkibində
yaradılan komissiyalar haqqında əsasnamə və
komissiyanın tərkibi müzakirə edilib. Bildirilib ki, Elmi
Şuranın gündəliyinə salınacaq məsələlər
öncədən aidiyyətı üzrə komissiyalardan
keçdikdən sonra müzakirəyə
çıxarılsın. Komissiyalar haqqında əsasnamə
və komissiyaların tərkibi səsə qoyularaq qəbul
edilib. Şura üzvləri, həmçinin UNEC-in Zaqatala
filialının əsasnaməsinə bəzi dəyişikliklər
edilməsini təklif ediblər. Filialın strukturu isə
Şura tərəfindən bəyənilərək təsdiq
edilib. “UNEC Biznes Məktəbi”nin direktoru Nazim Hacıyev top
menecerlerə MBA təhsili sahəsində 5 yeni ixtisas üzrə
hazırlanan standartlar barədə ətraflı məlumat verib.
Bildirib ki, Bank və sığortanın idarəedilməsi, Səhiyyənin
idarəedilməsi, İdmanın idarəedilməsi, Turizm və
otelçiliyin idarə edilməsi və Mühəndislik və
idarəetmənin riskləri sahəsində ixtisaslaşmaq
üzrə beynəlxalq standartlara uyğun tədris planı
hazırlanıb. Həmçinin Biznes Məktəbində
ikinci yeni proqram “Executive MBA” yaradılıb. Burada tədris
proqramı dünyanın aparıcı universitetlərinin tədris
proqramına uyğunlaşdırılıb. İclasda “UNEC
Biznes Məktəbi”nin yeni ixtisaslar üzrə standartları
müzakirə edilərək, qəbul edilib. İclasda
bildirilib ki, yaşı 70-dən çox olan dosentlərə
könüllü təqaüdə gedəcəkləri təqdirdə
birillik əməkhaqları öncədən veriləcək.
Onlar sentyabr ayının 15-ə kimi müraciətlərini
bildirməlidirlər. Fakültə rəhbərlərinə
bu barədə məlumatlandırma aparmaları
tapşırığı verilib. İclasda qeyd edilib ki, yay
imtahan sessiyasının nəticələrinə əsasən,
512 bakalavr IV kursu bitirə bilməyib. Şura üzvləri kəsiri
olan I, II və III kurs tələbələrinə 1 və 2
balın əlavə edilməsi barədə qərar qəbul
edib. Kəsiri olan IV kurs tələbələrinə isə 5
balın əlavə edilməsi qərara alınıb.
Şura üzvləri dövlət imtahanından kəsilən
14 tələbənin vəziyyətini də müzakirə edərək,
5 bala qədər kəsiri olan tələbələrə 5
balın əlavə edilməsi barədə təklifi
müsbət qiymətləndiriblər. Digər tələbələrə
isə istisna olaraq ikinci imtahan vermək şəraiti
yaradılacağı bildirilib. Qeyd edilib ki, bununla da tələbələrə
əlavə bal vermək təcrübəsinə son qoyulacaq.
Elmi Şurada bildirilib ki, yeni yaradılan İqtisadiyyat
fakültəsinin dekan əvəzi dos. Asiman Quliyev olub. “Rus
İqtisadiyyat Məktəbi”nə isə dos.Mansur Bərxudarov
rəhbər təyin edilib. M.Bərxudarova qısa müddətdə
“Rus İqtisadiyyat Məktəbi”ndə müasir tələblərə
cavab verən tədrisin təşkilinə dair təkliflərin
hazırlanması tapşırılıb.
Elmi Şurada Biznes
inzibatçılığı, Kommersiya və İnformatika və
idarəetmə fakültələrinin birləşdirilərək,
Biznes və menecment fakültəsinin yaradılması barədə
qərar qəbul edilib. Tədbirdə gələcəkdə
fakültələrin institutlaşması istiqamətində
müzakirələr aparılıb, təkliflər dinlənilib.
Şurada dərs ilinin yekununun nəticələri əsas
götürməklə hər fakültənin beş
işçisinə fəxri fərman və mükafatlar verilməsi
barədə qərar qəbul edilib. Eyni zamanda, universitetin Quba
tədris, idman və sağlamlıq kompleksində
professor-müəllim heyətinin və əməkdaşlarının
yay məzuniyyətində istirahətinin təşkilinə
şərait yaradılması barədə müvafiq
tapşırıqlar verilib. Xatırladaq ki, UNEC müasir
İKT-nin tətbiqi baxımından liderlər
sırasındadır. “Elektron universitet Modeli”nin tətbiqi də
bunu təsdiqləyir. Universitetə keçirilən nümunəvi
dərslər də bunu təsdiqləyir. Nümunəvi dərslərdə
tədris-təlim prosesində yeni texnologiyaların tətbiqinin
əhəmiyyəti, “Elektron Universitet Modeli”ndən istifadə
qaydaları barədə professor-müəllim heyətinə
məlumat verilib. Dərs zamanı professorlar innovativ tədris
metodları ilə tanış olub və modeli uğurla tətbiq
edən professorların təcrübəsindən
yararlanıb. Dərslər UNEC-in rəsmi “Youtube” kanalı
vasitəsi ilə canlı yayımlanıb. “Elektron Universitet Modeli” 2015-2016-cı
tədris ilindən UNEC-in əsas tədris binasında
uğurla həyata keçirilir. Yeni tədris ilindən isə
model universitetin digər iki tədris binasında tətbiq ediləcək.
Bu məqsədlə “Elektron Universitet Modeli”nin daha səmərəli
istifadəsinin təşkili ilə əlaqədar UNEC-in
bütün kafedraları üzrə 900 professor-müəlliminin
iştirak etdiyi təlimlər keçirilib.
Anar Miriyev
Palitra.- 2016.- 16 iyul.- S.11.