Azərbaycan musiqi ruhu Londonun aparıcı
caz klublarında
Bu günlərdə məşhur
azərbaycanlı pianoçu
Elçin Şirinov Londonun iki caz
məkanında – “The Spice of Life” və “The Vortex” klublarında
etno-caz musiqi üslubunda konsert proqramı ilə çıxış edib. Ecazkar caz
musiqi gecəsi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı
ilə baş tutub.
Xalq musiqimizin
zəngin ənənəsindən
bəhrələnən Elçin
Şirinov yeni nəsil Azərbaycan caz musiqiçilərinin nəslindəndir. Onlar post-bop caz musiqisinin
elementlərini Azərbaycan
xalq musiqisi və klassik musiqisinin üsulları, melodiya və mikrotonları ilə birləşdirir.
TEAS-dan AZƏRTAC-a bildirilib
ki, “The Spice of Life” klubunda
reallaşan konsertə
Elçin Şirinovun
ifasına yaxşı
bələd olan iki musiqiçi - italiyalı bas gitaraçı
Andrea Di Bias və britaniyalı
zərb ifaçısı
Con Skott də qatılıb. İki ildən artıqdır
ki, E.Şirinov onlarla sıx əməkdaşlıq edir.
Skottun Azərbaycanın
xalq mahnısı “Durna”nı zərb
alətlərində məharətli
ifa etməsi Elçin Şirinovun çevik improvizasiyası
ilə dəstəklənib.
O, pianoda tempi daha da artıraraq həyəcanın yüksək
dərəcəsinə çatmağa
müvəffəq olub.
İfa zamanı
Elçin Şirinov həm Skott, həm də Di Biasa mümkün qədər sərbəst
şəkildə improvizasiya
üçün yer ayırıb. Arxa fonda akkompaniator
kimi mükəmməl
şəkildə ifanı
tamamlayıb, zərurət
yarandıqda öz həyəcanlı improvizasiyası
ilə ön plana çıxıb.
Gecədə Azərbaycan xalq mahnısı olan “Sarı gəlin” də ifa edilib. Skottun təqdimatındakı
əzəmətli və
davamlı templə başlayan bu kədərli melodiya bütün auditoriyanı
valeh edir və bu Di Biasın
empatik reflektiv bas keçidlərinə gətirir.
Bu parça əsas
melodiyanın zəngin
bəzədilmiş variasiyaları
və basın müşayiəti ilə
yekunlaşdırılır və tam sükutda oturan bütün auditoriyanı sanki ovsunlayır.
Azərbaycan klassik musiqisi üzərində improvizasiya
edən Elçin Şirinov yeganə caz pianoçusu olaraq qalır və o, Londondakı konsertini Qara Qarayevin “Yeddi gözəl” baletindən
“Vals”ı öz aranjemanında ifa edir. Sakit tempdə ifa
olunan məşhur melodiya Skottun poliritmik zərb ifası ilə dəstəklənir. İfanı yekunlaşdırandan
sonra təsirlənmiş
auditoriya musiqiçini
“bravo” deyərək alqışlayır.
Londonda keçirilən
hər iki konsertin yekun nəticələri barədə
danışan amerikalı
pianoçu Bred Mehldaun
deyib ki, Elçin Şirinov trionu idarə etmək üçün çox gözəl hissiyyata malik musiqiçidir. Xüsusilə o, musiqidə piano və bas gitara üçün ayrı-ayrı
yerlər tapır, basın çaldığı
heç bir kənar hissələri ifa etmir.
Palitra.-2016.- 21 iyul.- S.15.