“...Moskvada
kiçik bir Azərbaycan var”
Afaq Şıxlı: “Vətənindən
kənarda yaşayan hər bir yaradıcı insan istər-istəməz
öncə öz el-obasını,
xalqını tərənnüm edir”
(Əvvəli
ötən sayımızda)
-Rusların bizim poeziyaya marağı
necədir?
- Moskva olduqca böyük və çoxmillətli bir şəhərdir. Hər kəsin öz düşüncə və maraq dairəsi var. Rus oxucusu savadlı və hər əsərə həqiqi dəyərini verə bilən oxucudur. Rus toplumu hindlillərlə birlikdə dünyada ən çox mütaliə edən toplum kimi ad çıxarıb. Rus ədəbiyyatı yetərincə zəngin, maraqlı və özünəməxsus keyfiyyətlərilə seçilən bir xəzinədir. Bu ədəbi dəryada bir damla ola bilmək - böyük bir nailiyyət deməkdir. Burada Azərbaycan ədəbiyyatının bizim dövrlərə qədər olan korifeyləri və indiki dövrün maraqlı yazarları, eləcə də türk yazarları (təbii ki, rus dilinə tərcümə olunmuşlar) izlənir və oxunur. Bir də onu deyə bilərəm ki, indiyə kimi moskvalı oxucular Azərbaycan ədəbiyyatını, Xaqaniyə, Nizamiyə, M.F. Axundova, sonralar Səməd Vurğuna, Anara, Çingiz Hüseynova, Məmməd İsmayıla və s. görə tanıyırdısa, artıq müasir dövrdə Rusiyada yaşayan azərbaycanlı yazarlara görə də tanımağa başlayıblar və daha yaxşı tanıyacaq. Dediyim odur ki, artıq Moskvada da bir Azərbaycan ədəbi mühiti formalaşır.
-Diaspor
işində hədəflərə çatmaq
üçün əsas nəyə ehtiyac var?
- Azərbaycan diasporundan danışarkən bir şeyi qeyd etmək istəyirəm. Mən hər zaman hiss etmişəm ki, Moskvada kiçik bir Azərbaycan var! Biz Vətənin ondan uzaqlara düşmüş bir parçasıyıq və qəlbimizdə, əməllərimizdə, ruhumuzda Vətəni yaşadırıq. Mənə elə gəlir ki, Azərbaycan diasporu - öz işini layiqincə görə bilən insanlardır. Azərbaycanın adına, milli mentalitetimizə layiq insanlardır. Düzdür, çətin məqamlarımız da oldu, keşməkeşli dövrlər yaşadıq. . Lakin içimizdəki inam ölmədi və ölməyəcək də. Azərbaycan xalqı elə bir dərin köklərə malik, elə bir gücə və enerjiyə malik xalqdır ki, o, gec-tez bir gün öz istəyinə nail olacaq! Və təşkilati işlərimizin günü-gündən daha da irəliləyəcəyinə, birliyimizin və həmrəyliyimizin daha da güclənəcəyinə inam var məndə.
Vətənindən kənarda yaşayan hər bir yaradıcı insan istər-istəməz öncə öz el-obasını, xalqını tərənnüm edir. Əlbəttə ki, bu yolda bir nəfərin səyi azdır, necə deyərlər, “tək əldən səs çıxmaz”. Amma bu da həqiqətdir ki, hər bir insan birinci özündən başlamalıdır. Mən, sən, o - bu, artıq çoxluq deməkdir və burada yaşayan müəllimlər, həkimlər, yazarlar - bütün ziyalılarımız Vətən naminə yaşamalıdır. Yad millətə xalqımızı sevdirə bilməklə bərabər, adət-ənənələrimizi qətiyyən unutmamalıyıq. Öz vətənini sevən xalqa daha çox hörmət edirlər, daha yaxşı qəbul edirlər. Çünki hamı bilir ki, özününkünü sevə bilməyən, özgəninkini heç sevə bilməz, səmimi və dürüst ola bilməz. Bu sarıdan, Rusiyada yaradılan ədəbi-mədəni və diaspor cəmiyyətlərinin çox böyük rolu vardır. Pərakəndə deyil, bir toplum olaraq biz daha güclü oluruq. Bu bir başlanğıcdır. Və harada başlanğıc var, orada davamiyyət də olacaq. Mən, buna inanıram!
-Bir
şairə olaraq necə düşünürsüz,
diaspor işində poeziyanın,
ümumiyyətlə, ədəbiyyatın nə kimi rolu var?
- Məsuliyyətli sualdır... Və, məncə, yuxarıda verdiyim cavablar bu mövzunu da tam olaraq əhatə edir.
-Siz uzun müddətdir
ki, Rusiyada diaspor sahəsindəsiz və tez-tez
gənc diasporun tədbirlərində
iştirakınızı müşahidə edirik.
Gənclərə nə kimi tövsiyələr
verirsiniz?
- Deyirlər, yaşlılar artıq pis örnək ola bilmədikləri üçün yaxşı məsləhətlər verməyi sevirlər. Bu, əlbəttə ki, bir zarafatdır. İnsan ömrün hər çağında gözəl örnək olmalı və xeyirli məsləhətlər verməyi bacarmalıdır.
Gəncliyin gözəlliyi ondadır ki, ömrün bu çağında insan hər şeyə qadir olduğuna, bütün çətinliklərə sinə gərə biləcəyinə inanır. Bu inamı onlardan almaq olmaz!
Mən, Azərbaycanda olarkən Dünya Gənc Türk Yazarlar Birliyinin, Gənc Şairlər Birliyinin, Moskvada isə RAGT, AMİİF, Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının tədbirlərində tez-tez iştirak edirəm.
Gənclər arasında olmaq iki səbəbdən vacibdir: həm gənclərimizi düzgün yola yönəltmək, məsləhət vermək, həm də həyat təcrübəmizi onlara miras qoymaq!
Q.Derjavin, gəncliyi - iti axan çaylara, cavanlığı - coşub-daşan dənizə, qocalığı isə məlul dağ göllərinə bənzədirdi.
Məncə, qocalığa hələ çox var... Biz gələcəyimizin güvən yeri olan, ümidimiz,
qol-qanadımız olan balalarımızdan
ilham almalıyıq. Əgər üzləri
gülürsə, onların əhatəsində özümüzü xoşbəxt hiss ediriksə - qəlbən
qocalmamışıq! Hələ də öyrədəcəyimiz
bir şeylər varsa
və bu, gələcək həyatlarında
onlara gərəkli olacaqsa,
nahaq yaşamırıq demək!
Fuad Hüseynzadə
Palitra.- 2016.- 26 iyul.- S.7.