Çin dilini öyrənmək böyük maraq, səbir və diqqət tələb edir

 

Ülkər Novruzlu:

“Mədəni dəyərlər, Konfutsinin siyasi görüşükommunist baxış Çinin təhsil sistemini daha da sərtləşdirib”  

 

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Çinin məşhur universitetlərindən birində ali təhsilini davam etdirən Ülkər Novruzludur. Bu savadlı və fəal gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik:

 

-Özünüz barədə ətraflı məlumat verərdiniz.

-Mən, Novruzlu Ülkər İftixar qızı 1993-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi Ə.Mahmudov adına 220 saylı məktəb-liseydə almışam. 2015-ci ildə bakalavr təhsilimi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Siyasi idarəetmə fakültəsi, Politologiya ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurmuşam. Hazırda Çin Xalq Respublikasının Pekin şəhərində Pekin Normal Universitetində (Beijing Normal Univeristy) Sosial inkişafİctimai siyasət ixtisası üzrə magistr təhsilimi davam etdirirəm.

İctimai fəallığa hələ orta məktəbdə təhsil aldığım zamandan marağım var idi. 2009-cu ildə UNESCO-nun Mondioloqo layihəsi çərçivəsində şagird mübadilə proqramı və ABŞ məktəbləri ilə təcrübə mübadiləsində fəal iştirakçı olmuşam. 2009-2010-cu tədris ilində isə DOTKOM (ABŞ) layihəsi çərçivəsində şagird jurnalistikası və bloggerlik haqqında amerikalı professordan distant təhsil almışam.

Universitet illərində ictimai fəallığa xüsusi diqqət yetirməyə başladım, çünki bu aktivlik və əldə edəcəyim təcrübə mənə xaricdə təhsil şansını qazanmaq üçün əhəmiyyətli idi. Tələbəlik illərimdə ATGTİ-də könüllü olaraq Protokol xidməti vəzifəsində çalışmağa başladım. Daha sonra isə İctimaiyyətlə əlaqələr departamentinin direktoru olaraq fəaliyyətimə davam etdim. ATGTİ-də çalışdığım 4 il ərzində bir çox irimiqyaslı layihələrdə Təşkilat Komitəsinin üzvü olmuşam. Eyni zamanda AzGF-nin maliyyə və ATGTİ-nin təşkilati dəstəyi ilə “Həyata gülümsə” sosial layihəsini həyata keçirmişəm. ATGTİ-də çalışdığım zaman əldə etdiyim təcrübə mənə hər zaman əvəzsiz kömək olub.

Həmçinin “Bakı-2015” I Avropa oyunlarının açılış və bağlanış mərasimlərini həyata keçirmiş ABŞ-ın “Five Currents” şirkətində səhnə meneceri olaraq çalışmışam.

-Bəs necə oldu ki, xaricdə təhsil almaq qərarına gəldiniz? Bu məsələdə sizə ailəniz dəstək oldumu?

-Qəbul imtahanına hazırlaşdığım zaman artıq planımı qurmuşdum. İlk öncə DİA-nı bitirib daha sonra magistr təhsili üçün xaricə üz tutacaqdım. Çox şükür ki, belə də alındı. Çinin tarixi, zəngin mədəniyyəti mənim üçün həmişə maraqlı gəlirdi və bu haqda məqalələr oxuyurdum. Universitetdə oxuduğum zaman DİA-nın tərkibində Konfutsi İnstitutunun filialı açılarkən Çin dilini öyrənməyi qərara aldım.

Amma, səmimi olaraq deyim ki, mən də bir çox tələbələr kimi, təhsilim üçün Qərb ölkələrinin əsas prioritet olduğunu düşünürdüm. Hətta Böyük Britaniyada, Macarıstanda bir neçə tanınmış universitetə müraciət etmiş və qəbul cavabımı almışdım.

Lakin bu ölkənin inkişaf yolu, mədəniyyəti və siyasətinə olan marağım daha üstün olduğu üçün orada təhsil almağı qərara aldım. ÇXR-in dövlət təqaüdü proqramına müraciət etdim. Bu təqaüd proqramı “China Scholarship Council” adlanır. İlk turda sənədlərin yoxlanışı baş tutduqdan sonra Təhsil Nazirliyində müsahibə mərhələsindən müvəffəqiyyətlə keçdim.

Düzünü desəm, ilk vaxtlarda çox tərəddüd edirdim. Çünki Çində mədəniyyət şoku yaşayacağımı, bir çox yeniliklərin qarşıma çıxacağını bilirdim. Həmçinin Çin nə qədər sürətlə inkişaf etsə də, təhsil sahəsində bizim ölkə üçün populyar variant deyildi. Qərar qəbul etməkdə ailəm, müəllimlərim və dostlarım dəstək oldular. Lakin qeyd etməliyəm ki, Çində təhsil almağımı dəstəkləyən ilk insan ATGTİ-nin sədri, millət vəkili Şahin İsmayilov idi. Onun mənəvi dəstəyi, göstərdiyi inam mənə çox böyük stimul verdi. Ona çox borcluyam.

-Oxuduğunuz ali təhsil ocağı haqqında da söz acardınız. Ümumiyyətlə, bu ölkənin təhsil sistemi, tədrisin səviyyəsi sizi qane edirmi?

-Təhsil aldığım universitet 1902-ci ildən fəaliyyət göstərir. Universitet özündə 94 ölkədən olan beynəlxalq tələbələri birləşdirir. Təhsil sistemi çox güclüdürAsiyada, əsasən, təhsil departamentinin uğuru ilə məşhurdur. Dərslərdə, əsasən, Çin və digər inkişafda olan ölkələrin iqtisadiyyatı, siyasəti, sosial inkişafı və s. öyrənilir, araşdırılır, bu ölkələrdə olan əsas problemlər təhlil olunur və onların həlli yolları müzakirə edilir.

Universitetdə əksər fakültələr həm ingilis, həm də çin dilində tədris olunur. İngilis dilli proqramda professorlar ABŞ-dan dəvət olunur. Ümumilikdə deyə bilərəm ki, universitet mütəmadi olaraq tanınmış professorları mühazirələr və seminarlar üçün qonaq qismində dəvət edir ki, bu da biz tələbələrə daha geniş imkanlar yaradır.

-Deyirlər, dünyanın ən çətin dili çin dilidir. Bu dili öyrənmək çətin olmadı ki? Ümumiyyətlə çin dilinin hansı özəllikləri var?

-Çin dilini öyrənmək çətin olsa da, maraqlıdır. Bu çox böyük maraq, səbir və diqqət tələb edir. Əslində, danışıq dili o qədər də çətin deyil. Qısa bir zamanda danışıqda uğur əldə etmək olar. Lakin heroqliflər... Onları xatırlamaq, düzgün ardıcıllıqla yazmağı öyrənmək illər tələb edir. Heroqliflərlə mütəmadi məşğul olmadıqda unudulur.

-Bəs Çin, ümumiyyətlə, necə bir ölkədir? Bir qədər də bu insanların yaşayış səviyyəsi, mental dəyərlər və s. haqqında söz açardınız.

-Çin mədəniyyətini qoruyub saxlamaq orta yaş nəsil üçün çox önəmlidir. Bəzi məqamlarda ölkəmizin mədəniyyəti ilə Çin mədəni dəyərləri arasında oxşarlıqların olduğunu da hiss etmək olar. Onların qonaqpərvərliklərini, böyüklərə göstərdikləri hörməti, bəzi mental dəyərləri hələ də qoruyub saxladıqlarını gördükdə özümü fərqli bir cəmiyyətdə hiss etmirəm. Ümumilikdə insanlar mehriban və gülərüzdürlər. İnsanların çox xoş aurası var. Eyni zamanda da çox çalışqandırlar, onların bu cəhətini çox xoşlayıram. İdmana çox maraqları var. Axşam saatlarında bütün mərkəzi küçələrində orta yaşlı nəslin yüngül idman hərəkətləri və rəqs etdiklərinin şahidi olmaq olar. İlk görünüşdə onların həyat tərzi və mətbəxləri mənə qeyri-adi görünsə də, yaxından tanış olduqca sağlam qidalarla qidalandıqlarını anladım.

-Çində başınıza gələn ən maraqlı, yaddaqalan hadisələrdən də danışardınız.

-İlk aylarda başıma çox əhvalatlar gəldi. İngilisrus dili bilən əhalinin sayı azdır ki, bu da ilk vaxtlarda ünsiyyət zamanı anlaşılmazlıqlar yaradırdı. Pekində keçirdiyim ilk günüm həyəcan və macəralarla dolu idi. Hava limanına enərkən taksi sürücüsü məni anlamadığı üçün başqa bir universitetə apardı. Univeristetin adı belə yalnız çin dilində olduğu üçün səhv yerdə olduğumu anlamağım xeyli zaman aldı. Ağır əl çantalarımla bir-birindən uzaq iki universitetə getmək, heç kəsə problemini izah edə bilməmək və bütün olanlardan sonra yataqxana həyatı ilə tanış olmaq həm stressli, həm də maraqlı idi.

-Çində ictimai işlərdə necə, aktivsinizmi? Tədbirlərə qatılırsızmı?

-Magistr təhsili bakalavr pilləsindən fərqli olaraq daha çox məsuliyyət tələb edir. Dərs rejimim, demək olar ki, çox gərgindir. Pekin universitetlərində mütəmadi olaraq mədəniyyət günləri keçirilir. Mən və Pekində təhsil alan bir sıra tələbələr bu sərgilərdə iştirak edirik. Birlikdə bacardığımız qədər gəncləri ölkəmiz haqqında məlumatlandırırıq. Universitetdə 94 fərqli ölkədən tələbənin olması mənə ölkəmizi tanıtmaq üçün daha geniş imkanlar yaradır. Şübhəsiz ki, Azərbaycan- Çin əlaqələrinin inkişaf etdirilməsi, genişləndirilməsində bir azərbaycanlı gənc kimi öz töhfəmi vermək üçün çalışıram. Magistr təhsilim üçün planlarım bir qədər fərqlidir. Hazırda fikrimi daha çox təhsilimə yönləndirmişəm. Düşünürəm ki, ictimai fəallıqlarla yanaşı, elmi istiqamətdə ölkəmizin təbliğatına da çox ehtiyac var.

-Çində təhsil almaq istəyən gənclərimizə hansı məsləhətləri verərdiniz?

-Çinin sürətli inkişafı hər kəsə məlumdur. Bu ölkə Azərbaycan üçün də kifayət qədər vacib əhəmiyyət daşıyır. Son zamanlarda iki ölkə arasında keçirilmiş rəsmi görüşlər və imzalanmış müqavilələr də hər iki tərəfin əlaqələrin genişlənməsində maraqlı olduğunu göstərir. Zənnimcə, bu əlaqələrin irəliləməsində biz tələbələrin də rolu çox böyükdür.

Çin təhsil sisteminin inkişafı üçün daim yeniliklərə can atır. Bu ölkənin təhsil sistemi heç Avropa təhsil sistemindən geri qalmır. Çin dilində təhsil almaq bir qədər çətin olsa da, burada təhsil almaq gənclərimiz üçün gələcəkdə çox geniş imkanlar yarada bilər. Gənclərə Çin haqqında eşitdikləri stereotiplərdən, çətinliklərdən qorxmamağı məsləhət görərdim. Çünki bu ölkənin sosial-iqtisadi inkişafından, təhsil sistemindən çox nümunələr götürə bilərik.

-Bir qədər Azərbaycan gəncliyi ilə Çin gəncliyi arasında müqayisələr aparardınız.

-Fikrimcə, Azərbaycan gəncləri ictimai fəallıqda daha aktivdirlər. Ölkəmizdə artıq universitetə qəbul olan əksər tələbələrimiz könüllülük fəaliyyətinə can atırlar, təcrübə proqramlarına qoşulurlar. Çinli tələbələr isə tələbəlik illərində fikirlərini daha çox təhsilə yönəldir, asudə vaxtlarını kitabxanalarda keçirir ya idmanla məşğul olurlar. Həmçinin Çində gənclər sahəsində fəaliyyət göstərən QHT-lərin sayı da çox deyil. Hazırda könüllülük anlayışının tələbələr arasında təbliğatı ölkənin əsas diqqət göstərdiyi sahələrdəndir.

-Azərbaycan təhsili ilə Çinin təhsili arasında hansı fərqləri görürsünüz?

-Çinin təhsil sistemi çox sərt gərgindir. Azərbaycan təhsil sistemi ilə Çin təhsil sistemində bəzi oxşarlıqlar da var. Bu əvvəllər ölkəmizdə mövcud olmuş sosialist quruluşu ilə əlaqəlidir. Hazırda hər iki ölkə bu təsirdən uzaqlaşmağa təhsildə yeni təcrübələr əldə etməyə çalışır. Lakin bu proses kommunist rejimi olan Çində bir qədər fərqlidir. Mədəni dəyərlər, Konfutsinin siyasi görüşü kommunist baxış Çinin təhsil sistemini daha da sərtləşdirib. Müəllimlər üçün nizam-intizam, vaxtında bütün dərslərdə iştirak etmək tələbənin sonda göstərəcəyi nəticədən daha əsasdır. Bəzi yaşlı nəsil çinli müəllimlər dərsdə aktiv olan, çox sual verən, kritik fikir bildirən tələbələri yüksək yox, aşağı balla qiymətləndirməyin tərəfdarıdırlar. Çinli tələbələr isə çox çalışqandırlar. İş tapmaqda böyük rəqabətlə qarşılaşacaqları üçün tələbələr gecə-gündüz səylə çalışırlar.

-Oxuduğunuz sahə üzrə Azərbaycanda vəziyyət necədir?

-Oxuduğum sahə, “Social development and Public Policy” adlanır. Düşünürəm ki, bu ixtisas, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün çox vacib yararlı sahələrdən biridir. Bu sahədə yerli mütəxəssislərə ehtiyacımız var. Sevindirici haldır ki, artıq bizdə tədqiqat mərkəzlərinə, beyin mərkəzlərinə diqqət artır. Azərbaycanlı gənclərin müxtəlif dillərdə araşdırma məqalələrini oxuduqda çox sevinirəm. Bu mənə xüsusi stimul verir.

-Çində təhsil alan gəncin hansı gələcək planları var?

-İxtisasıma olan marağım böyükdür, bu sahədə gənc mütəxəssis olaraq fəaliyyətimə davam etmək əldə etdiyim bilikləri tətbiq etməklə, paylaşmaqla xalqımıza töhfə vermək istərdim. Azərbaycanın daxili xarici siyasətində baş verən aktual məsələlər ilə bağlı təhlilyönümlü məqalələr yazmağı planlaşdırıram. Ümumilikdə, planlarım çoxdur. Əlbəttə ki, planların reallığa çevriləcəyini zaman göstərəcək.

 

Tural TAĞIYEV

 

Palitra.- 2016.- 30 iyul.- S. 6.