“Bütün uğurlarım İKT biliyinin və kurikulum kursunun nəticəsidir”

 

“Şəhərdə müəllimlərin hamısı deməzdim, əksər hissəsinin İKT bacarıqları var və öz üzərində çalışırlar. Təlimlər zamanı bölgələrdə təlim keçərkən bəzi müəllimlərin bu cəhətdən zəif olduğunu görürdüm. Onların bu sahədə təkmilləşməsinə, maariflənməyə ehtiyacları var”

 

Ötən illər ərzində İKT sahəsinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilib, məqsədyönlü, kompleks və ardıcıl fəaliyyət həyata keçirilib. Məhz bunun nəticəsidir ki, bir çox beynəlxalq hesabatlarda, o cümlədən Dünya İqtisadi Forumunun “The Global Information Technology Report” hesabatında Azərbaycan Respublikasının İKT sahəsindəki nəticələri nəzərə alınıb və 2013-cü ilin hesabatında “İKT-yə dəstəkdə hökumətin uğurları” və “Hökumətin gələcək baxışlarında İKT-yə verilən əhəmiyyət” indekslərinə görə ölkəmiz dünya üzrə ilk onluqda yer alıb.

Bundan başqa, ölkəmizdə mövcud hüquqi aktlar İKT-nin inkişafı üçün yeni imkanlar açmaqla yanaşı, sahə üzrə azad bazar və sağlam rəqabət prinsiplərinin gözlənilməsinə, vətəndaşların və dövlət orqanlarının İKT-dən geniş istifadə etməsinə şərait yaradıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi ölkə başçısı tərəfindən Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya təsdiqlənib.

Müasir dünyada təhsil hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul olunur. Bu baxımdan ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir.

Son illərdə dövlətimizin başçısının ölkədə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam və tapşırıqlarına uyğun olaraq yüzlərlə məktəb binası tikilib və ya təmir olunub. Təhsil ocaqlarının kompüter texnologiyaları ilə təchiz olunması ilə bağlı sərəncam və tapşırıqlara uyğun olaraq ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı gücləndirilib. Ölkə başçısı çıxışında bildirib ki, “Azərbaycanda elmə, təhsilə göstərilən diqqət mütləq öz nəticəsini verəcək. Bizdə savadlılıq yüksək səviyyədədir, savadsız insan yoxdur. Bu, böyük üstünlüyümüzdür. Ancaq bu gün yeni texnologiyalar tətbiq olunur. Uşaqlar da bunu bilməlidirlər. Elmin, təhsilin inkişafı ölkəmizin dayanıqlı inkişafını təmin edəcək”.

Hazırda İKT təhsilin ayrılmaz hissəsinə çevrilib. Müəllimlər İKT üzrə təşkil olunmuş treninqlərdə iştirak ertməli, öz dərslərində bu bacarıqlarından yararlanmadılar. Dərslər elə qurulmalıdır ki, bu dərslərdə verilən suallar şagirdləri düşündürməyə sövq etsin, eyni zamanda digər fənlərlə inteqrasiyani elə qurmaq lazımdır ki, bu fənlərin bir-biri ilə qarşılıqlı əlaqəsi nəticəsində şagirdlər aldıqları bilikləri həyatda tətbiq etməyi bacarsın. İndi uşaqlar çoxlu informasiya mənbələrindən istifadə etmək imkanına malikdirlər: kitab, mətbuat, televizor, radio, ən əsası isə internet şəbəkəsi. Artıq şagirdlər sərbəst şəkildə biliklərə yiyələnmək, bilikləri səmərəli şəkildə tətbiq etməyi, müxtəlif informasiyaları analiz etməyi, yoldaşları ilə ünsiyyətcil olmağı bacarmalıdır. Bütün bunların təməlini məktəbdə müəllim öz qurduğu dərslərdə şagirdlərə zaman-zaman aşılamalıdır.

Layihə çərçivəsində müsahibimiz 111 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Melihə Əsədovadır:

 

- Müasir texnikadan istifadə şagirdlərin daha tez və çox məlumat əldə etməsinə imkan verirmi?

- Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyada göstərilir ki, təhsilli gənc nəslin yetişdirilməsi, onların müasir texnologiyaların fəal istifadəçiləri, yaradıcıları kimi formalaşması, İKT-nin təhsil prosesinin bütün mərhələlərinə inteqrasiyası ilə informasiya cəmiyyətinin tələblərinə uyğun müasir təhsil sisteminin qurulması, rəqəmli təhsil informasiya ehtiyatlarının yaradılması, müəllimlərin kompüter biliklərinin artırılması, e-təhsil və distant təhsil sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi, xüsusi qayğı tələb olunan sosial qruplar da nəzərə alınmaqla, fasiləsiz təhsil konsepsiyasının formalaşdırılması və inkişaf etdirilməsi bu istiqamətin əsas məqsədlərindəndir. Strategiyadan da göründüyü kimi müasir təhsil sistemində bütün vasitələrin tətbiqi lazımlıdır. Belə vasitələrdən biri olaraq, ağıllı lövhələrdən istifadə etməklə hazırlanan dərslər şagirdlərin çox böyük marağına, diqqətinə səbəb olur. Mən bunu həm işlədiyim məktəbin müəllimi olaraq, həm də universitetdə tələbələrin uğurunda görərək deyirəm.

Doktorant olaraq, universitetdə müəllim kimi fəaliyyətim zamanı tələbələrin praktika zamanı şagirdlərlə qısa müddət ərzində maraqlı və uğurlu dərs aparmalarının şahidi oldum. Bu, məni çox sevindirdi. Hələ heç bir məktəbdə pedaqoji praktikası olmayan tələbələr bu həvəslə şagirdlərlə İKT-dən istifadə etməklə rəngarəng və səmərəli nəticəsi olan dərs apara bilirsə, demək ki, zəhmət boşuna itməyib və təhsildə azyaşlılardan tələbəsinə qədər faydası dəyib.

- Təhsildə İKT ilə bağlı hansısa problemlər varmı?

- Mənim fikrimcə, bütün siniflər İKT ilə təmin olunmalıdır. Bunu Azərbaycanın bütün təhsil ocaqlarını nəzərdə tutaraq deyirəm. Yenə deyirəm, bu gün dərslər tətbiqdən təsdiqə yönəlib. Bu o demək deyil ki, İKT olmasa, dərslər səmərəsizdir. Əsla. Sadəcə? daha mükəmməl nəticələr üçün bu addım danılmazdır.

- Bu gün şagirdlərin bir çoxu evdə də kompüterdən istifadə edir. Bu sahədə mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

-Şagirdlərin valideyn nəzarəti altında kompüterdən istifadə edə bilməsi çox normaldır. Sevinirəm ki, şagirdlərim verilən tapşırıqların öhdəsindən məharətlə gəlirlər. Sərbəst öz ideyalarını, axtarışlarını sübut etmək sevgisiylə dərslərdə iştirak etmələri biz müəllimləri ruhlandırır. Çünki onlar analiz etmək bacarığı, ünsiyyət qurmaq, fikir yürütmək bacarığı qazanırlar.

-Gələcəkdə siniflərdə, dərslərdə İKT-nin tətbiqi ilə bağlı hansı yenilikləri görmək istərdiniz?

- İKT-nin təhsildə tətbiqi Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən məsələdir. Respublikamızda bütün sahələrdə, xüsusilə də təhsil sistemində mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. Bu səbəbdən həm müəllimlərin, həm şagirdlərin bu sahədə maariflənməsi başlıca şərtdir. İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolu isə, təbii ki, orta məktəbdən başlaması bu sahədə həyata keçirilən siyasətin mühüm və vacib amillərindən birdir.

İstərdim ki, respublikamızın bütün regionlarında olan hər bir məktəblinin qarşısında kompüter olsun. İnformasiyanı birbaşa onların masalarına ötürərək qısa vaxt ərzində keyfiyyətli dərs keçilər. Həm də şagirdlər inteqrasiya edər, öyrəndiklərini digər fənlərlə qarşılaşdırar. Maraqlandığı bütün suallara qısa vaxt ərzində geniş cavablar əldə edərək fikir mübadiləsi apara bilər.

-Siz müvafiq kurslarda da iştirak edirsiz. Bu kurslarda İKT ilə bağlı kifayət qədər məlumat əldə edə bilirsizmi? Bunun dərs prosesində sizə hansı köməyi olur?

- Şəhərdə müəllimlərin əksər hissəsinin İKT bacarıqları var və öz üzərində çalışırlar. Təlimlər zamanı bölgələrdə təlim keçərkən bəzi müəllimlərin bu cəhətdən zəif olduğunu görürdüm. Onların bu sahədə təkmilləşməsinə, maariflənməyə ehtiyacları var.

Beləliklə, qərara gəlmək olar ki, istər təhsil sahəsində, istərsə də gündəlik həyatda informasiya və kommunikasiya texnologiyaları hər kəs üçün -yaşından asılı olmayaraq üçün gündəlik fəaliyyətimizin adi həyat tərzinə çevrilib.

Bütün uğurlarım İKT biliyinin və kurikulum kursunun nəticəsidir. Həmişə yenilik axtarırdım, amma bilmirdim bunu necə və hansı şəkildə tətbiq etmək olar. Kurikulum kurslarına cəlb olunduqdan sonra anladım ki, axtardığım istiqaməti öyrəndiklərimdə tapdım. Bunları öyrəndikdən sonra qarşıma məqsədlər qoydum, daha çox maarifləndim. Hətta digər layihələrdə iştirak etmək istəyim kurikulum üzrə təlimçilikdən başladı. Təlimçilik fəaliyyətim mənim öz üzərimdə işləməyimə, püxtələşməyimə səbəb oldu. Özümə güvən yaratdı. Bunun üçün məni öyrədənlərə minnətdaram. Onlar mənə istiqamət veriblər, sevdiriblər işimi. Beləcə, “İlin müəllimi” müsabiqəsinin qalibi oldum. İndi Bakı Slavyan Universitetinin doktorantıyam. Hədəfdə daha böyük uğurlar əldə etmək durur. Mən bu sahədə addımlayan, maariflənən bütün peşəkar həmkarlarıma uğurlar arzu edirəm. Həm öyrənənlərə, həm öyrədənlərə.

 

Nigar Abdullayeva

 

Palitra.- 2016.- 30 iyul.- S. 11.