ADNSU-nun məzunu Cəlal Şirəlizadə:
“ADNSU tez bir zamanda dünya səviyyəli
universitetə çevriləcək”
“Son dönəmdə digər sahələrin də inkişaf etdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi üçün böyük addımlar atılsa da, istər tarixi, istərsə də müasir dövrdə dünya bazarında iştirak baxımından neft bizim üçün çox önəmlidir. Təbii ki, belə olan halda, böyük ənənələrə, tarixi keçmişə malik olan, adı birbaşa neftlə bağlı olan bir universitetdə təhsil almaqla çox şeylər əldə etmək olar”.
Layihə çərçivəsində müsahibimiz Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İqtisadiyyat və menecment fakültəsinin (İMF) 2012-2016-cı illər üzrə təhsil alan və bu il məzun olacaq tələbələrdən biri Cəlal Şirəlizadədir. O, təhsil aldığı müddət ərzində verdiyi bütün imtahanlardan (44 imtahan) A qiyməti alaraq təkrarlanması mümkünsüzə yaxın olan bir uğura imza atıb.
-Səni köhnə
adı ilə seçib daxil
olduğun Azərbaycan Dövlət Neft Akademiyasına (ADNA), yeni
adı ilə bitirdiyin Azərbaycan
Dövlət Neft və Sənaye
Universitetinə gətirən səbəblər nə idi?
- Mən təhsilin önəmini dərk edən və bunu kiçik yaşlarımdan etibarən mənə aşılayan həkim və mühəndis oğluyam. Məktəb vaxtından lap aşağı siniflərdən sona qədər hər zaman oxuduğum təhsil müəssisələrinin ən seçilən tələbələrindən biri olmuşam və daim birincisi olmağa çalışmışam. Hesab edirəm ki, bu günə qədər əldə etdiyim nəticələr də məhz bu birincilik arzusunun və onun uğrunda apardığım mübarizənin məhsuludur. Universitet seçimi ilə bağlı 11-ci sinfin əvvəllərindən etibarən düşünməyə başlamışam və təhsil aldığım “Araz” hazırlıq kurslarının təsiri ilə bir az Qafqaz Universitetinə, bir az da həmin dönəmin ən populyar universiteti hesab edilən Prezident yanında İdarəçilik Akademiyasına meyilli olmuşam. Xaricdə təhsil almaq arzum isə müəyyən obyektiv və subyektiv səbəblərdən baş tutmayıb. Hazırlıq dönəmində əldə etdiyim uğurlu nəticələri ən zəruri olan vaxt - abituriyentlərin dili ilə desək “həyatımızı dəyişəcək 3 saat” boyunca qazana bilmədim və hədəflədiyim nəticədən 127 bal az bal topladım (573). Bu həmin dönəmə qədər başıma gələn, bəlkə də, ən pis hadisə idi, amma zamanla anladım ki, hər işdə bir xeyir var və bu balın önəmi, sadəcə I kursun ilk gününə qədərdir, sonrası yeni başlanğıc, yeni mübarizələr və onlarla başqa 3 saatlardır. Təbii ki, topladığım bala əsasən ödənişsiz təhsil ala biləcəyim yeni alternativlər ortaya çıxdı. BDU, İqtisad Universiteti və ADNA-ADNSU. Birinci alternativi beynimdə, dərhal sildim, çünki çoxlu sayda qohum, tanış orda oxuyurdu və bilirdim ki, istədiklərimi əldə edə biləcəyim bir yer deyildi. Yerdə qalan iki variant arasında seçimdə valideynlərimin məsləhəti həlledici rol oynadı və mən ADNA tələbəsi oldum.
- İlk
təəssüratların necə oldu və
bunlar zamanla necə dəyişdi?
- Düzünü desəm,
ilk təəssüratlarım heç də xoş deyildi. İlk dəfə qeydiyyat üçün gəldiyim
zaman əsas binada deyil, İqtisadiyyat
fakültəsi üçün ayrılmış
binada təhsil alacağımı öyrəndim.
Qarşıma çıxan bir neçə
nəfərdən bu binanın yerini öyrənməyə
çalışsam da, tanıyan
olmadı, axırda küçənin ünvanı ilə gəlib
çıxdım. Binanın xarici görünüşü çox
pis vəziyyətdə idi.
Mən məhz görünüş
baxımından bəyənmədiyim bu binada 4 il boyunca
necə təhsil alacağımı düşünə-düşünə
qeydiyyat üçün
ora daxil oldum. Daxili görünüşün daha qənaətbəxş olması, qeydiyyat prosesinin səmimi bir şəraitdə keçməsi, daha sonralar baş
verən onlarla gözəl hadisələr
bu binanı çox
sevməyimə gətirib çıxardı və mən bunun sayəsində ilk dəfədən
mühakimə etməməyi öyrəndim. Həmin bina Nizami küçəsində
yerləşir və III korpus
adlanırdı və keçmiş
dekanımız Azad Əliyevin təşəbbüsü
və səyləri nəticəsində daha
sonra yüksək səviyyədə təmir
edildi. Artıq gələn ildən həmin bina Fransız - Azərbaycan Universitetinin binası olacaq.
- ADNSU həm təhsil, həm ənənələr baxımından
bir gənc üçün nə verir?
- Azərbaycan neft ölkəsidir. Son dönəmdə digər
sahələrin də
inkişaf etdirilməsi
və iqtisadiyyatın
şaxələndirilməsi üçün böyük
addımlar atılsa da, istər tarixi, istərsə də müasir dövrdə dünya bazarında iştirak baxımından neft bizim üçün çox önəmlidir.
Təbii
ki, belə olan halda, böyük
ənənələrə, tarixi keçmişə malik olan, adı
birbaşa neftlə bağlı olan bir universitetdə təhsil almaqla çox şeylər əldə etmək olar. Hazırda burada təhsil
almaq üçün
çox yaxşı şərait var və günü-gündən
daha da yaxşılaşır.
ADNSU mükəmməldirmi?
Xeyr! Səhvsiz insan olmadığı kimi, qüsursuz universitet də ola bilməz.
Lakin hesab edirəm ki, yüksək səviyyədə təhsil
almaq, özünü
istər ixtisaslı kadr, istərsə də cəmiyyətə yararlı bir vətəndaş kimi yetişdirmək istəyən
gənclərimiz ADNSU-ya
qəbul olub, bu şəraiti və imkanları öz gözləri ilə görə bilərlər.
-Son ildə, IV kursda universitetdə hansı dəyişiklikləri
müşahidə etdin
və gələcək
üçün nə
düşünürsən?
- İlk öncə,
təbii ki, ad dəyişdi. ADNA-dan
ADNSU-ya keçid elədik və hesab edirəm ki, bu dəyişimlə
birlikdə universitetimiz
yenidən canlandı.
Yəqin
ki, illər sonra ADNSU haqqında bir kitab yazılacağı
halda, tarixi professor
Mustafa Babanlıdan əvvəl
və sonra olaraq ikiyə ayırmaq olar. Tələbələrin birbaşa şahid
olduğu və onların sayəsində ictimaiyyətə də məlum olduğu kimi, cənab rektor, həqiqətən də, böyük işlər görüb və görməyə də davam edir.
Qeyri-adi bir şey edirmi?
Yox, sadəcə, lazım olanı edir. Lakin Mustafa Babanlını fərqləndirən
əsas cəhət odur ki, o, çox
qısa zamanda düzgün və qəti addımlarla uğurlu nəticələr
əldə etdi.
Hesab edirəm ki, onun yaratdığı və uzun illər
davam edəcək bu irsə görə
hələ uzun müddət bu şəxsə minnətdar
olacağıq. Əminliklə deyirəm ki, o, artıq indidən ona etibar edən
Prezidentin və 6 ay boyunca yeni rektor
gözləyən tələbələrin
ümidlərini artıqlaması
ilə doğruldub.
Mən rektorumuzun yeniliklərini aşağıdakı
kimi sıralamaq istərdim:
İlk olaraq ədalətli və şəffaf mühit yaratdı. Təhsilin ən böyük
düşməninə çevrilən
rüşvət və
tapşırıq kimi
uzun illər təhsilimizin “boğazından”
yapışan iki məfhumu birdəfəlik
söküb atdı.
Təbii ki, əziyyəti qarşılığında
qiymətləndiriləcəyindən əmin olan tələbəyə oxumaq
və özünü
inkişaf etdirmək üçün bundan gözəl şərait ola bilməz.
Həmçinin bariyerləri aradan qaldırdı. Əvvəlki illərdə universitetin
yüksəkvəzifəli şəxsləri ilə danışmaq, nədənsə
şikayət etmək,
yaxud hər hansı bir problemi çatdırmaq müşkül məsələ
idi. Lakin Mustafa müəllim həftəlik qəbul, “açıq mikrofon” günləri həyata keçirir, gənclərin
ən aktiv olduğu yerdə, sosial mediada belə, bir sıra hallarda sualları və problemləri dinləyib onlara aydınlıq gətirir və həlli üçün tapşırıqlar verir.
Hər zaman bizdən biri kimi davranan
bu insana hörmət etməmək
və sevməmək mümkün deyil.
Eləcə də tələbəyə
ən yüksək səviyyədə hörmət
qoyuldu. Əvvəlki illərdə qeyd
etdiyim boşluqlardan
sui-istifadə edərək
bəzi müəllimlər
tələbələrin haqqını
tapdalayır, onlar üçün problem yaradırdılar.
Lakin sistemin tamamilə şəffaflaşdırılması ilə bərabər müəllim-tələbə münasibətləri
də yeni bir fazaya keçdi.
Qarşılıqlı hörmət
üzərində olan
bu münasibətlər
tələbələrə daha sərbəst olmaq, istər yaxşı məsələlər,
istərsə də problemlər barədə daha rahat danışıb
fikir mübadiləsi etməyə imkanı verdi.
Təhsilin səviyyəsinin artırılması
və işində peşəkar olacaq ixtisaslı kadrların hazırlanması üçün
böyük addımlar
atdı. Dərslərin daha yüksək
səviyyədə həyata
keçirilməsi üçün
çalışan rektor
nəinki ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyədə universitetimizin
nüfuzunun artırılması
üçün fəaliyyət
göstərir. Növbəti ildən açılacaq bir sıra ingilisdilli
fakültələr, Fransız-Azərbaycan
məktəbi təhsilin
keyfiyyətinin artırılması
və beynəlxalq standartlara uyğunlaşdırılmasında
mühüm addımlar
olacaq. Ümumiləşdirsək, Mustafa Babanlı universiteti, bəlkə, də adının dəyişməsi ilə
birlikdə 0-dan yaradıb.
Ümid edirəm ki, növbəti illərdə
onun başçılığı
altında daha böyük uğurlar əldə edərik.
Nigar Abdullayeva
Palitra.-2016.-4 iyun.-S.11.