Naxçıvanda Hüseyn
Cavid və Kazım Qarabəkir paşaya həsr olunan beynəlxalq
konfrans keçirilib
Naxçıvan Dövlət Universitetində “Əsrin sınaqlarında ədib və paşa – Hüseyn Cavid və Kazım Qarabəkir” mövzusunda konfrans keçirilib. Konfrans hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə öz işinə başlayıb. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov konfransda çıxış edərək “Bir millət, İki dövlət” olan Azərbaycan -Türkiyə arasındakı çoxşaxəli münasibətlərin bugünkü uğurlu davamından, belə müştərək tədbirlərin iki qardaş xalqın istiqlal tarixinin, milli-mənəvi dəyərlərinin gənc nəsil arasında təbliğində böyük rol oynamasından danışıb. Kazım Qarabəkir Vəqfinin sədri, Timsal xanım Qarabəkir atası, Türkiyənnin görkəmli hərbi və dövlət xadimi Kazım Karabəkir Paşa haqqında məlumat verərək bildirib ki, o, 1918-1923-cü illərdə Türkiyənin istiqlal savaşında fəal iştirak etmiş, Şərq cəbhəsinin komandanı kimi bir sıra əzəli türk torpaqlarının geri qaytarılmasında, ermənilərin sülh bağlamağa məcbur edilməsində əvəzsiz rol oynamışdır. Hərbi sahədəki xidmətlərinə görə 1918- ci ildə diviziya generalı, sonra ordu generalı rütbəsinədək yüksəlmiş, “İstiqlal ordeni” ilə təltif olunmuşdur. Kazım Karabəkir Paşa Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında, iki ölkə arasında diplomatik münasibətlərin inkişafında mühüm xidmətlər göstərmişdir. 1946-1948-ci illərdə Türkiyə Böyük Millət Məclisinin sədri olmuşdur. Mustafa Kamal Atatürklə birlikdə Anadolunu düşməndən xilas edən Kazım Qarabəkir ermənilərin qətlə yetirdiyi ailələrin altı minə yaxın yetim uşağına sahib çıxmışdır. Timsal xanım slaydlar vasitəsilə 2003-cü ildə yaradılan Kazım Qarabəkir Paşa Vəqfi, görkəmli sərkədənin 2011-ci ildən fəaliyyət göstərən ev muzeyi, muzeydə qorunub saxlanılan, Ərzurumdan Təbrizədək Şərq cəbhəsinədək həbi şücaəti əks etdirən nadir tarixi eksponatlar, fotolar haqqında məlumat verib. Timsal Qarabəkir Kazım Qarabəkir Vəqfinin plaketini Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmova təqdim edib. Türkiyənin Naxçıvandakı baş konsulu Nihat Erşen çıxışında bildirib ki, türk dünyasının Kazım Qarabəkir Paşa, Hüseyn Cavid kimi görkəmli tarixi şəxsiyyətlərinin, türk xalqlarının dövlətçilik tarixinin, ədəbiyyat və mədəniyyətinin öyrənilməsi iki ölkə arasındakı sarsılmaz birliyin qorunub saxlanması və türklərin vahid düşmənlərinə qarşı birgə mübarizə baxımından zəruridir. “Turan Cavid” Qadın Mərkəzinin sədri Sevda Cəfərova mərkəzin Cavid irsinin təbliği istiqamətində gördüyü işlərdən, bu gün haqqında söhbət açılan türk dünyasının iki nəhəng simasının gələcək nəsil üçün türkçülük, insanlıq örnəyi olmasından danışıb. Naxçıvan Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi Hüseyn Həşimli “Türk dünyasının mütəfəkkir ədibi” mövzulu məruzəsində dünya romantizm cərəyanının görkəmli nümayəndəsi Hüseyn Cavidin öz əsərlərində bəşəri dəyərlər, türkçülük, turançılıq ideyaları təbliğ etməsi, türk-müsəlman dünyasının Məhəmməd peyğəmbər, Əmir Teymur, İldırım Bəyazid kimi görkəmli şəxsiyyətlərinin obrazlarını canlandırması, yaradıcılığı ilə zəngin türk tarxini və mədəniyyətini təbliğ etməsi, Kazım Qarabəkir Paşa ilə tarixi görüşündən bəhs edib . Qars Qafqaz Universiteti Fənn-ədəbiyyat fakültəsinin yardımçı dosentləri Oqtay Qızılqaya “Qurtuluş savaşında Şərq cəbhəsi komandiri”, Cem Tuysuz “Qars tarixində Kazım Qarabəkir” mövzusunda məruzələr ediblər. Məruzələrdə vurğulanıb ki, Mustafa Kamal Atatürkün yaxın silahdaşı olan Kazım Qarabəkir Paşa 1919-cu ildə Osmanlı ordusunun Şərq cəbhəsinə komandanlıq edən zaman Naxçıvanın erməni-daşnak işğalçılarına qarşı müdafiəsində əvzsiz rol oynayıb. Görkəmli türk sərkərdəsinin Naxçıvanda ordu, təhsil quruculuğu, teatr sənətinin formalaşmasında da müstəsna xidmətləri olub. Kazım Qarabəkirə olan sonsuz sevgi və ehtiram əlaməti olaraq Naxçıvanın ən görkəmli yerində onun adını daşıyan möhtəşəm məscid, ibadətgah fəaliyyət göstərir. Universitetin İncəsənət fakültəsinin, Tələbə Teatr Studiyasının hazırladığı bədii hissədə sözləri və musiqisi Kazım Qarabəkir Paşaya aid olan “Türk Yılmaz marşı”, Turan Oflazoğlunun “Türklərin Atatürkü” tamaşasından parça, Telli Pənahqızının “Paşam” şeiri, Azərbaycan-türk xalqlarının sarsılmaz birliyini rəmzi olan “Azərbaycan – Türkiyə” mahnısı səslənib.
Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri
Palitra.-2016.-7 iyun.-S.13.