“Təhsilimizin təhlil istiqamətinə
yönəldilməsinin sürətlənməsini istərdim”
Cəmil
Hüseyn: “Macarıstanda təhsil almağımıza
baxmayaraq, Böyük Britaniyanın təhsil sisteminin təsirini
dərindən hiss edirik”
Xaricdə təhsil
alan gənclərlə bağlı rubrikamızın
qonağı Macarıstanda təhsil alan Cəmil
Hüseynovdur:
-Öncə özünüz barədə ətraflı məlumat verərdiniz.
- Mən, Cəmil Hüseynov 1990-cı ildə Bakıda dünyaya göz açmışam. Orta təhsilimi başa vurduqdan sonra 2007-ci ildə Azərbaycan Dillər Universitetinin amerikaşünaslıq ixtisasına qəbul olmuşam. Bakalavriatı bitirdikdən sonra hərbi xidmət keçdim. İdarəetmə sahəsinə olan marağım məni 2013-cü ildə ixtisasımı dəyişməyə həvəsləndirdi. Beləliklə, magistratura pilləsi üzrə təhsilimi Azərbaycan Universitetinin ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə həyata keçirdiyi biznesin idarə olunması ixtisasında davam etdirdim və iki il MBA proqramında təhsil aldım.
Vurğulamaq istəyirəm ki, bakalavriat təhsilini aldığım universitetin və ixtisasın profili, ali məktəbdə mövcud olan qaynar tələbə həyatı beynəlxalq səviyyəli tədbir və layihələrə qatılmağıma, eləcə də ictimai işlərdə fəal iştirakıma stimul verdi. Təhsilin birinci ilindən başlayaraq onlarla beynəlxalq konfrans, sammit, dünya çempionatları kimi kütləvi, mədəni, elmi və idman tədbirlərinin təşkilində könüllü kimi fəaliyyət göstərdim. Universitetdə qazandığım bilik və könüllü fəaliyyətin təsiri ilə formalaşmağa başlayan təcrübə məni ciddi şəkildə ictimai işlərlə məşğul olmağa və əhatəsində olduğum mühitin tələbələr üçün səmərəsinin daha da artırılması istiqamətində işlər görməyə yönəltdi. Bu məqsədlə universitetin Tələbə Gənclər Təşkilatına (TGT) qoşuldum və tədris ilinin sonunda təşkilatın sədr müavini seçildim.
-İctimai işlərdə aktiv olduğunuzu qeyd etdiniz. İctimai fəaliyyətiniz barədə bir qədər geniş söz açardınız.
-Əminliklə deyə bilərəm ki, həyatımın
ən yadda qalan günlərini məhz ictimai işlərlə
fəal məşğul olmağım sayəsində
yaşamışam. Könüllü kimi fəaliyyət
göstərdiyim ilk illərdə ölkəmizdə
ayrı-ayrı müstəqil gənclər təşkilatları
olmasına baxmayaraq tələbələrin vahid bir şəbəkəsi
yox idi. Bəlkə də, mənim və
yaşıdlarımın bəxti onda gətirdi ki, vahid tələbə
platforması – TGT-lərin ittifaqının təsis
olunması məhz bizim fəaliyyət dövrümüzə
təsadüf elədi. 2009-cu ildə təsis olunan Azərbaycan
Tələbə Gənclər Təşkilatları
İttifaqının (ATGTİ) bir müddət
qərarverici orqanı olan İdarəetmə Şurasında
və İcra aparatında vəzifələr icra etmək
şansını əldə etdiyim üçün
özümü xoşbəxt hiss edirəm. İctimai təşkilatlarda
çalışdığım dövrdə keçirilən
yüzlərlə tədbirdə iştirakım, onlarla layihənin icrası və inzibati işlərin təşkilində
çiyinlərimə yüklənən məsuliyyət,
etdiyim səhvlərdən çıxardığım nəticələr,
nəhayət, uzunmüddətli zəhmətin sonunda
qazanılan qələbələrin cəmiyyətin daha təcrübəli
bir üzvü kimi formalaşmağımda əhəmiyyəti
danılmazdır. Heç şübhəsiz, hər bir insana
özünü sübut etmək üçün şans
verilməlidir. Mənim üçün həm TGT, həm də
ATGTİ özümü sınaqdan keçirib inkişaf etmək
yolunda uğurlu bir laboratoriya oldu.
- Başqa bir ölkədə təhsil
almaq şansından yararlandınız. Bu işlər necə oldu yarandı? Bu işdə sizə kimlər dəstək
oldular?
- Bu
işlərin ortaya çıxması barədə
danışmamışdan öncə deyim ki, ölkəmizin əmək
bazarına nəzər yetirsək, görərik ki, bu bazarda
xaricdə təhsil alan gənclərin say
çəkisi sürətlə artmaqdadır. Güman
edirəm ki, yaxın onillikdə bu bazarda rəqabət
aparıb gəlirli işlərdə mövqe tutmaq daha da
çətinləşəcək. Sözsüz
ki, bir neçə peşəkar şəxsin bir vəzifə
uğrunda apardığı rəqabətdə onlardan hər
hansı birinin üstünlük qazana bilməsi
üçün daha savadlı, yaradıcı olması və
alternativləri dəyərləndirə bilmək
bacarığı çox önəmlidir. Bunlara yiyələnmək üçün isə həmin
şəxs özünü bu və ya digər şəkildə
inkişaf etdirməlidir. Düşünürəm
ki, əhatə olunduğun mühitdən kənara
çıxaraq həmin mühitə yenilikləri gətirə
bilməyin daha realdır.
Mən xaricdə təhsil almağı qərara alarkən
heç də təkcə ixtisas üzrə bilik
qazanmağı qarşıma məqsəd qoymamışam. Həm də
təhsil aldığım ölkədə mövcud olan
uğurlu təcrübələri müşahidə və təhlil
edərək onların ölkəmizdə tətbiq
olunması istiqamətində işlər görməyi hədəfləmişəm.
Hədəflərimə çatmaq yolunda ailəm,
dostlarım və müəllimlərimin zəhməti
danılmazdır. Bu müsahibəni
fürsət bilərək onlara bütün səmimiyyətimlə
təşəkkür edirəm.
-Bir qədər də Budapeşt, təhsil
aldığınız universitet haqqında söz
açardınız. Buradakı təhsil sizi
qane edirmi?
-Hazırda
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə dövlət
proqramı”nın təqaüdü ilə
Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq
Biznes Məktəbi (International Business School) adlı universitetdə
insan resurslarının idarə olunması ixtisası üzrə
tədqiqatyönümlü magistratura təhsili alıram.
Artıq tədris ili yekunlaşır və
magistr dərəcəsini almaq üçün zəruri olan
dissertasiyanın hazırlanması dövrü başlayır.
İnanıram ki, iki semestrlik intensiv tədris
ilini uğurla başa vurduğum üçün, subyektiv
fikirlərim buradakı tədrisin Azərbaycandakı analoji təhsil
prosesi ilə müqayisə olunmasına və obyektiv şəkildə
qiymətləndirilməsinə yardımçı olacaq.
Öncə qeyd etmək istərdim ki, təhsil
aldığım proqram Böyük Britaniyanın Bakinqam
(Buckingham) Universiteti ilə birlikdə həyata keçirilən
ikili diplom proqramıdır. Tədris və
dissertasiya prosesinin sonunda məzunlara magistr dərəcəsi
məhz Böyük Britaniya universiteti tərəfindən
verilir. Bütün tədris prosesi həmin
universitetin proqramı əsasında reallaşdırılır.
Buna görə də Macarıstanda təhsil
almağıma baxmayaraq bu ölkənin deyil, Böyük
Britaniyanın təhsil sisteminin bizə təsirini dərindən
hiss edirik.
Həm
ölkəmizdə, həm də ölkədən kənarda
magistr təhsili alan bir gənc kimi qeyd edə
bilərəm ki, hər iki təhsilin özəlliyi tədris
prosesinə olan yanaşmada özünü göstərir. Belə ki, əgər Azərbaycanda tələbələrin
daha çox nəzəri biliklər qazanmasına diqqət
ayrılırsa, Avropada nəzəri biliklərin dərinliyinə
fikir verilir. İkincidə tələbələrin
təhlillər apararaq hər bir prosesin nə
üçün, necə baş verməsi, hansı formada
inkişafını müəyyən etməsi, eləcə də
nəticələrin əvvəlcədən
proqnozlaşdırılması, mövcud olan nöqsanların
aradan qaldırılması istiqamətində tövsiyələr
verə bilmə bacarığı ön plana çəkilir.
Hesab edirəm ki, burada biz – tələbələrin analitik təhlil
qabiliyyətinin inkişaf etdirilməsi gələcəkdə
real iş prosesində effektiv nəticələr verəcək.
Əlbəttə, çox istərdim ki, Azərbaycanda
təhsilin təhlil istiqamətinə yönəldilməsi
prosesi sürətlənsin. İnanıram
ki, mən və yoldaşlarım da bu prosesdə yaxından
iştirak edəcəyik.
Hesab edirəm
ki, universitetin adına uyğun olaraq 65 ölkədən olan
beynəlxalq tələbələri özündə birləşdirməsi
və beləliklə də mədəniyyətlərarası
mübadilənin inkişafına şərait yaratması, eləcə
də tələbələrin birgə qrup işləri,
simulyasiya oyunları və təqdimatlara cəlb olunması sayəsində
tədris prosesində interaktivliyin təmin olunması təhsil
aldığım universitetdə pozitiv göstəricilərdir.
Bu müsbət göstəricilərlə
yanaşı bəzən universitetin inzibati heyəti ilə
ünsiyyətdə anlaşılmazlıqlar ortaya
çıxır ki, bu çətinliyin aradan
qaldırılmasında tələbənin öz konstruktiv
kommunikasiya bacarıqlarını işə salaraq problemin
aradan qaldırılmasında iştirakı həm onların
problem həlletmə qabiliyyətinin inkişafına, həm də
tədris prosesinin təkmilləşdirilməsinə öz
töhfəsini verməkdədir.
Beynəlxalq Biznes Məktəbində tədris prosesinin
informasiya texnologiyaları ilə dəstəklənmə səviyyəsini
yüksək qiymətləndirirəm. Administrasiya, müəllimlər
və tələbələr arasında körpü rolunu
oynayan “Moodle” informasiya sisteminin mövcudluğu, bu sistemdə
hər bir tələbənin öz şəxsi səhifəsi
vasitəsilə ayrı-ayrı modullar üzrə fənlərini,
dərs materiallarını, dərslərdə iştirak
sayını, imtahan və tapşırıq qiymətlərini
izləyə bilməsi, müəllimlərlə dərsdənkənar
sıx təmas qura bilməsi həqiqətən təqdirə
layiqdir.
Əlbəttə, bütün bu pozitiv özəlliklərlə
yanaşı universitetin bəzi nöqsanlarını da qeyd
etmək lazımdır. Baxmayaraq ki, universitetin magistratura pilləsi
məhz tədqiqat yönümlüdür, elektron kitabxana
bazasında əhəmiyyətli resurslara qoşulma məhduddur.
Dərsdənkənar tələbə həyatında
Azərbaycandakı kimi fəallıq və tələbə təşkilatının
işində sistem müşahidə olunmur.
-Macarıstan
fərqli mədəniyyət, fərqli adətlərin
olduğu bir ölkədir. Burada qarşılaşdığınız
maraqlı hadisələr, başınıza gələn
olaylar haqqında da danışardınız.
-Bizim
üçün Macarıstanda ən böyük problem məhz
yerli xalqın dilini bilməməyimizdir. Burada
Sovet İttifaqının təsiri ilə yaşlı
insanların çox kiçik bir qisminin rus dilini, gənc nəslin
nümayəndələrinin bir qisminin isə ingilis dilini bilməsi
küçədə, ictimai nəqliyyat və məkanlarda
bizimlə yerlilər arasında ünsiyyətin qurulmasına
heç də kifayət etmir. Bəzən
başa düşmədiyimiz halda macar ağsaqqal və
ağbirçəklərinin məsləhətlərinə
qulaq asmalı oluruq. Əlbəttə, biz
macar, onlar isə ingilis dilini bilmədiyi üçün
onlara danışdıqlarından heç nə başa
düşmədiyimizi izah etməkdə çətinlik
çəkirik. Belə halda sadəcə
gülümsəyib dinləmək daha faydalı olur.
-Xaricdə təhsil alan
gənclər ordusu həm də Azərbaycanın ən
yaxşı təbliğatçılarıdırlar. Siz necə,
oxuduğunuz ölkədə təbliğati, ictimai işlərdə
aktivlik göstərirsinizmi?
-Macarıstan
və Azərbaycan arasında ciddi dostluq münasibətləri
hökm sürür. Azərbaycan Silahlı
Qüvvələrinin zabiti Ramil Səfərov və erməni
zabiti Qurqen Markaryan arasında 2004-cü ildə baş
vermiş insidentdən sonra bu ölkə ilə Ermənistan
arasında diplomatik münasibətlər
korlanmışdı. Hazırda burada Azərbaycan
səfirliyi fəaliyyət göstərir, Ermənistanın
isə heç bir diplomatik nümayəndəsi yoxdur. Bununla belə erməni lobbisi Azərbaycan və
Türkiyəyə qarşı müxtəlif aksiyalar
keçirməkdədirlər. Biz də bu
ölkədəki azərbaycanlılar olaraq düşmənlərimizə
qarşı ölkəmizi müdafiə etməkdən
çəkinmirik. 2016-cı ilin aprel
döyüşlərindən sonra Budapeştin Qəhrəmanlar
meydanında Ermənistanın təcavüzkar siyasətinə
qarşı keçirilən aksiyada mən də tələbə
yoldaşlarımla birlikdə fəal şəkildə
iştirak etməyə çalışdım. Əlbəttə, çalışıram ki, Azərbaycan
səfirliyinin və diasporunun təşkil etdiyi mədəni-kütləvi
tədbirlərdə yaxından iştirak edim.
-Macarıstanı təhsil almaq
üçün seçən abituriyentlərə hansı məsləhətləriniz
olardı?
-Macarıstanın
təhsil strategiyası bu ölkəni təhsil dövləti
kimi dünyaya tanıtmağa yönəldib. Tempus Fondunun
maliyyə dəstəyi ilə hər il
minlərlə əcnəbi gənc Macarıstanda təhsil
almaqdadır. Azərbaycan və Macarıstan arasında
imzalanan hökumətlərarası saziş nəticəsində
bu il təkcə qeyd olunan fondun dəstəyi
ilə ölkəmizdən 200-dən çox tələbənin
Macarıstana oxumaq üçün üz tutmasına zəmin
yaradıb. Digər fond və şəxsi büdcələri
hesabına təhsil alan və təhsil
almaqda niyyəti olan potensial tələbələrin sayı
da az deyil. Onlara ən birinci məsləhətim
bu olardı ki, öncə tədris dilini mükəmməl səviyyədə
öyrənərək təhsillərinə
başlasınlar. Əgər burada iş tapıb dərsdənkənar
çalışmağı düşünürlərsə,
seçdikləri şəhərlərdə iş
imkanlarını əvvəlcədən
araşdırsınlar. Türk və rus dillərini bilən həmyerlilərimiz
üçün iş imkanlarının daha geniş
olduğunu nəzərə alsınlar. Macarıstandakı
yaşayış şərtləri ilə bağlı
ölkəyə gəlməmişdən əvvəl burada
yaşayanlarla məsləhətləşsinlər. Əmin olsunlar ki, bir mənzili bölüşmək
üçün burada kifayət qədər həm azərbaycanlı,
həm də əcnəbi tələbələr var. Mənzillərini
bölüşərək ən mühüm xərclərini
azalda bilərlər.
-Gələcək
planlarınız barədə də söz
açardınız.
-İxtisasım üzrə və biznes sahəsində fəaliyyət
göstərməyi məqsədəuyğun hesab edirəm. Çox istərdim ki, bir
neçə il ixtisasım üzrə
işlədikdən sonra bu sahədə ali məktəblərdə
dərs tədris edim. Əlbəttə, bunlar istəklərdir.
Reallıqları gələcək göstərəcək.
Tural TAĞIYEV
Palitra.-2016.-8 iyun.-S.7.