Elm məhdudiyyətləri sevmir

 

Cavadxan Qasımov: “Ən real, gerçək faktlara əsaslanan tədqiqatları həyata keçirmək elmin tələbidir”

Layihə çərçivəsində müsahibimiz AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovdur.

 

- Elmi sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər var?

- Ümumiyyətlə, elm məhdudiyyətləri sevmir. Araşdırmaya, sorğulamaya, ən real, gerçək faktlara əsaslanan tədqiqatları həyata keçirmək elmin tələbidir. Elm heç bir çərçivəyə sığmır. Onu əsas götürmək, taleyini, ümidini, həyatını və fəaliyyətini elmə həsr etmək onu ictimailəşdirir, beynəlmiləşdirir, daha doğrusu, dünyəviləşdirir. Hər hansı bir ölkənin hüdudlarından kənara çıxarır, dünya elminin cərgəsinə qoşur. Bu bir həqiqətdir ki, elm adamı, məkanından asılı olmayaraq yaşadığı coğrafiyanın təcrübəsi, dünyagörüşü, biliyi ilə hesablaşmamalı, daha geniş, daha əhatəli, daha böyük məlumatlara və bilgilərə malik olmalıdır. Və qazandığı bilikləri, gəldiyi elmi qənaət və nəticələri yalnız öz ölkəsinin mənafeyi naminə səfərbər etməlidir.

Bu mənada yenə də qeyd etməliyəm ki, ölkəmizdə elmin inkişafına, bu sahədəki potensialın artırılmasına, kadrların düzgün seçilməsinə çox ciddi diqqət göstərilməkdədir.

Elm sahəsində böyük təcrübəsi olan bir çox alimlərimizin də gəldiyi qənaət elm adamlarının fəaliyyətində, xarici ölkələrlə əlaqələrin qurulmasında çeviklik göstərilməsi ən zəruri vasitə kimi qeyd edilməkdədir. Bu istiqamətdə dövlətimizin həyata keçirdiyi məqsədyönlü tədbirlərin müstəsna əhəmiyyəti vardır. Elə ümummilli liderimizdən bizlərə ərməğan olan bu kimi uzaq gələcəyə hesablanmış tədbirlərin davamı və birbaşa bu tədbirlərə təkan olaraq ölkə Prezidentinin 2009-cu il 04 may tarixli 255 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı”nı göstərə bilərik.

Elm sahəsində islahatların həyata keçirilməsi və bunun davamlı hal alması, elm-təhsil sahələrinin də bu sferada genişmiqyaslı təmsil olunması, ölkəmizlə xarici ölkələr arasında tələbə mübadiləsinin təşkil edilməsi və s. məsələlər məhz bu sahədə aparıcı amildir.

Onu qeyd edim ki, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsində də bütün laboratoriya və şöbələrimizdə olduğu kimi, beş ili əhatə etməklə, bir üzrə beş mərhələdə tədqiqatlardan ibarət fəaliyyət planı təsdiq edilib. Bu plan üzrə ölkənin iqtisadi inkişaf istiqamətlərinin, sosial həyatının və digər prioritet seçilən sahələrinə aid tədqiqatların aparılması nəzərdə tutulub. Tez-tez əməkdaşlarımızın xarici ölkələrdə keçirilən beynəlxalq, elmi konfranslarda iştirak etməsi, xarici ölkələrdəki elmi-tədqiqat işçilərinin bizim ölkəmizdəki elmi tədbirlərdə iştirak etmələri və təcrübə mübadiləsi həyata keçirməsi kimi məsələlər təbii ki, çox güclü potensialın daha da artmasına səbəb olmaqdadır. Bu tədqiqatların aparılmasında əməkdaşlarımız qardaş Türkiyə Cümhuriyyətində, İran İslam Respublikasında, Rusiyadabaşqa ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirak etmişelmimizi layiqincə təmsil edə biliblər.

-Təhsil aldığınız ixtisasın və elmi sahənin Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz?

- Belə bir fikir var. Cəmiyyətdə hər kəs iqtisadçı olmaya bilər, amma iqtisadiyyat hər kəs olmalıdır. Mən də bu ixtisası seçərkən fəaliyyəti ilə ölkəmizə mühüm töhfələr verə biləcək bir ixtisaslı kadr kimi formalaşmağı əsas məqsəd olaraq seçdim. Məlumdur ki, ölkəmizdə milli liderimiz böyük Heydər Əliyevin müəllifi olduğu və başlatdığı nəhəng iqtisadi layihələr uğurla həyata keçirilməkdə və davam etdirilməkdədir. Bazar münasibətlərinə keçid etdikdən sonra iqtisadiyyatın bu sistemin tələb və qanunlarına uyğunlaşdırılması, müvafiq idarəetməyə əsaslanan proseslərin düzgün istiqamətləndirilməsi, ölkənin milli iqtisadi inkişafına töhfə verəcək strateji layihələrin gerçəkləşdirilməsi, beynəlxalq iqtisadi təşkilatlara inteqrasiyanın sürətləndirilməsi, müvafiq iqtisadi şərait üçün zəruri olan və tələb olunan məqsəd və vəzifələrin uğurlu icrası üçün məhz təcrübəli iqtisadçı kadrların hazırlanması bütün dövrlər üçün çox vacib şərtdir.

1994-cü ildə təbii sərvətlərimizin qiymətləndirilməsi sahəsində ən vacib məsələ olan “Əsrin Müqaviləsi”nin imzalanması müasir dövrdə ümumilikdə Cənubi Qafqaz da daxil olmaqla, regionda Azərbaycan Respublikası, sanki mərkəzə çevrilməklə, qüvvələr nisbətinin dəyişməsinə səbəb oldu. Bunun ardınca 1995-ci ildən ölkəmizdə nəhəng iqtisadi islahatlara start verildi. Bununla da ümumilikdə yeni dövr üçün ölkə iqtisadiyyatına yeni istiqamət verildi, yeni inkişaf səhifəsi açıldı. Dövlət Mülkiyyətinin Özəlləşdirilməsi kimi çox mühüm məsələnin həlli istiqamətində eyniadlı Dövlət Proqramı qəbul və icra edildi. Yəni bütün bunlarla, ölkəmizdə neftqeyri-neft sektorlarının əsasları müəyyənləşdirilmiş oldu.

Eləcə də bu dövrdən başlayaraq Azərbyacan özünü bütün dünyaya sülhsevər dövlət olmaqla yanaşı, həm də sosial-iqtisadi sferada yenilikçi, islahatçı, müasir düşüncənin, ideyanın, fəaliyyətin və nailiyyətlərin müəllifi və təminatçısı olaraq təqdim etdi, tanıtdı. Keçdiyimiz yola nəzər salanda görürük ki, bu günə qədər əldə olunan bütün nailiyyətlər də ölkəmizdə iqtisadi siyasətin səmərəliliyini təsdiq etməkdədir. Aydındır ki, hazırda dövlətimiz miqyasında qeyri-neft sektorunun inkişaf etdirilməsinə çox ciddi dəstək verilməkdədir. Yəni əsas hədəf daxili istehsalın gücləndirilməsi, artan təlabatın bu vasitə ilə qarşılanması, rəqabətqabiliyyətli məhsulların istehsalının stimullaşdırılması, idxaldan asılılığın azaldılması və ixracın artırılması kimi amillərdən ibarət olmaqla strateji hədəfləri gerçəkləşdirilməsinə xidmət edir. Yəni bu gün Azərbaycan iqtisadiyyatı böyük Heydər Əliyev ideyalarından və siyasətindən bəhrələnməklə ayrılıqda hər bir vətəndaşın, bütövlükdə isə xalqımızın maraqlarını ifadə etməyi bacarır.

Təbii ki, dövlətimizin milliiqtisadi maraqlarına xidmət edən belə bir sahənin davamçısı olmaq mənim üçün bir şərəfdir. İqtisadçı olmağın müasir Azərbaycan gerçəkliyindəki aktuallığı milli liderimizin başlatdığı və cənab Prezidentimizin daha da təkmilləşdirməklə davam etdirdiyi böyük iqtisadi inkişaf strategiyasında ifadə olunmaqdadır. Belə ki, ölkəmiz Cənubi Qafqazdan bütün dünyaya sülh, əminamanlıq, xoşməramlıq, inkişaf, intibah, tərəqqi, inteqrasiya, etibarlı tərəfdaşlıq, sosial dayanıqlıq, iqitisadi yüksəliş mesajlarının həm təqdimedicisi və həm də təminatçısı kimi qəbul edilib. Bütün bunlar iqtisadi baxımdan öz təsdiqini tapmaqla, eyni zamanda ciddi iqtisadi təhlillər və araşdırmalar tələb edir. Bu baxımdan iqtisadiyyatla bağlı ixtisasların bu gün ölkəmiz üçün olduqca vacibaktual olduğu qənaətindəyəm.

 

İlkin AĞAYEV

Palitra.-2016.-9 iyun.-S.11.