“Ölkəmizin sürətli iqtisadi inkişafı iqtisad elminin tədrisinə ehtiyacı daha da artırıb”

 

Cavadxan Qasımov:

“İqtisadiyyatın böyük sahələrinin ayrı-ayrılıqda öyrənilməsi, onun bölmələrinin mənimsənilməsi elə orta məktəblərdən başlanmalıdır”

 

Layihə çərçivəsində müsahibimiz AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovdur.

 

-İqtisadiyyatla bağlı ixtisasınız yönündə Azərbaycan təhsilində və ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?

- Bilirsiniz, islahatlar daha çox proseslərin bağlanğıc mərhələsinə xas olan anlayış kimi qarşılanır. Ancaq istənilən sahə üçün keçərlidir ki, orada inkişaf naminə yeniliklər edilsin, daha yaxşıları tətbiq edilsin, dövrlə səsləşməyənlər müvafiq keyfiyyətlərlə əvəzlənsin. Bu baxımdan da islahatlar dediyimiz anlayış elmimizin inkişafı məqsədilə zaman-zaman olub və olmaqdadır. Təbii ki, bu məsələ müvafiq səlahiyyətli rəhbərlərimiz tərəfindən hər zaman zəruri hesab edilib. Fikrimi əsaslandırmaq üçün deyə bilərəm ki, Milli Məclisin Elm və təhsil komitəsi tərəfindən bu gün də ən yüksək səviyyədə bu məsələlər diqqətdə saxlanılmaqdadır.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Yolumuz siyasi sabitliyə, sosial ədalətə və səmərəli iqtisadiyyata doğrudur”. Bəli, bu, hər zaman öz dəyərini daha da artıran və bütün dövrlərin obyektiv inkişaf qanunlarına çevrilən bir kəlamdır. Düşünürəm ki, dünyanın müasir ictimai-siyasi, sosial-iqtisadi, hətta hərbi mənzərəsi fonunda iqtisadiyyat daha mükəmməl öyrənilməlidir. Bu gün iqtisad elmi, əsasən, ali məktəblər səviyyəsində əhatəli şəkildə öyrənilir. Düzdür, orta məktəblərdə də əsasən IX-XI siniflərdə iqtisadiyyatın əsasları fənni tədris edilməkdədir. Amma düşünürəm ki, bir az əvvəl qeyd etdiyim gerçəkliklə yanaşı, ölkəmizin də müasir sürətli iqtisadi inkişaf səviyyəsi iqtisad elminin tədrisinə ehtiyacı daha da artırmaqdadır. Belə ki, iqtisadiyyatın böyük sahələrinin ayrı-ayrılıqda öyrənilməsi, onun mikro, makro, mezomeqa səviyyədəki bölmələrinin mənimsənilməsi elə orta məktəblərdən başlanmalıdır. bu fənnə aid tədris bir az da aşağı siniflərdə (məsələn, VI sinifdən başlanmaqla) nəzərdə tutularsa, daha yaxşı olar deyə düşünürəm. Çünki gündəlik qarşılaşdığımız sosial-iqtisadi hadisələrdən şagirdlər də nəticə çıxarmağı bacarmalıdır. Təhlilə meyillilik, proqnoza səy göstərmək onların tədris təcrübəsinə həkk olunmalıdır. Bununla yanaşı, şagird orta təhsilini bitirib abituriyent olduğu halda artıq özündə iqtisadi fənnə aid yetərli baza hiss etməlidir.

Elə elmi-tədqiqatların da səmərəliliyi baxımından da bu, çox zəruridir. Bu gün AMEA strukturunda, onun sosial yönümündəki və elə bir başa olaraq iqtisadi tədqiqatlarla məşğul olan çox dəyərli, çox qiymətli alim, fəlsəfə doktorlarımız, dossentlərimiz, elmlər doktorlarımız, professorlarımız, akademiklərimiz fəaliyyət göstərməkdədirlər. Onlar biz gənclər üçün işıqdır, nurdur. Bu potensialı qorumaq və gələcəyə möhtəşəm uğurlarla aparmaq üçün məhz orta məktəblərdən elmə həvəs yaratmaq lazımdır. Biz elmi-tədqiqat institutlarımıza kadrlar orta məktəblərdən, ali məktəblərin bakalavrmagistr pillələrindən axtarmalı və cəlb etməliyik. Bunu bacarmalıyıq.

-Təhsil və elmlə bağlı gənc mütəxəssis kimi hansı fikir və təklifləriniz ola bilər?

- Qeyd etmək istəyirəm ki, elmlə təhsil bir ağacın budaqları kimidir. Yəni onların hər ikisi eyni mənbədən qidalanır. O ağacın gümrahlığı, yaşıllığı və məhsuldarlığı o zaman baş tutur ki, ona qulluq da yüksək səviyyədə olsun. Ölkəmizdə insan amilinin üstün tutulması, neft kapitalının insan kapitalına çevrilməsi, insan potensialının inkişaf etdirilməsi, insana bir vətəndaş, bir ziyalı, bir ixtisaslı kadr, bir alim kimi dəyər verilməsi əsas hədəfdir. Bunu əsas götürməklə, təhsil müəssisələrinin elektronlaşdırılması, siniflərdə, mühazirə zallarında elektron löhvələrdən istifadənin sürətləndirilməsi və stimullaşdırılması, internetə çıxışın asanlaşdırılması və sürətləndirilməsi, bir sözlə, innovativ potensialın gücləndirilməsi və İKT-nin özünə kök salması kimi amillər artıq gündəlik qarşılaşdığımız gerçəklik olub. Artıq bu gün təkcə Naxçıvan Muxtar Respublikasının bütün təhsil müəssisələrində kompüterləşmə özünün ən yüksək səviyyəsinə çatmaqdadır. Məktəblərimizə 4000-ə yaxın kompüter quraşdırılmış, bununla da hər 12 şagird bir dəst kompüterlə təmin olunub. Qeyd edim ki, istifadədə olan kompüterlərin 3300-ə yaxını internetə qoşulub. Tədrisin keyfiyyətinin artırılması və səviyyəsinin yüksəldilməsi məqsədilə 600 dən çox elektron lövhə quraşdırılıb. Naxçıvan Muxtar Respublikasında bu sahədə əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir. Belə ki, Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən 14 mart 2015-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasının elm, aliorta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” imzalanmış Sərəncama əsasən AMEA Naxçıvan Bölməsinin, aliorta ixtisas təhsili müəssisələrinin professor və müəllim heyətinin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində ayda bir dəfə nümunəvi dərslərin təşkil olunması nəzərdə tutulub. Məhz bu da elə elmlə təhsilin vəhdətindən yaranan gücün təntənəsidir. Bu tarixi sənədin icrası ilə əlaqədar olaraq Bölməmizin bütün tədqiqat institutlarında fəaliyyət göstərən fəlsəfə və elmlər doktorları böyük stimulla çalışırlar. Bir az əvvəl də qeyd etdiyim kimi, bu, bir çox tərəfləri ilə yanaşı, həm də elmi potensialın orta məktəblərdən seçilməsi və gələcək fəaliyyətlərini elmə bağlayacaq kadrların ortaya çıxarılmasında çox böyük köməklik göstərəcəkdir.

Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aliorta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı çox müstəsna əhəmiyyətə malikdir.

-Xaricdə təhsil alan gənclərimizə və elmi-tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz?

- Ümummilli liderimiz böyük Heydər Əliyevin tövsiyə etdiyi kimi, bütün azərbaycanlılar harda yaşamasından, harda işləməsindən asılı olmayaraq yalnız və yalnız Azərbaycan Respublikası, dövlətı, xalqı üçün çalışmalı olduğunu unutmamalıdırlar. Çünki, həqiqətən də, hamımızın bir vətəni var - bu, Azərbaycandır. Qeyd etmək zəruridir ki, hələ keçmiş SSRİ dövründə İttifaqın müxtəlif ölkələrinə aid ali məktəblərdə təhsil almaq üçün 800-dən artıq tələbə yola salınırdı. Məhz bu, müasir Azərbaycan təhsilinin, tədrisinin, elminin, araşdırmalarının və tədqiqatlarının təkanverici qüvvəsinə çevrilib. Bütün məsələlərə, fəaliyyətimizə, addımlarımıza, məqsəd və vəzifələrimizə elə bu fonda yanaşmalıyıq.

-Gələcək plan və fəaliyyətinizlə baglı nələri bölüşərdiniz?

- Tədqiqatlarımız davamlı xarakter daşıyır. Ölkəmizdə də, bütün sahələrdə olduğu kimi, elmi araşdırmalar sahəsində də münbit şərait yaradılıb. Belə olan halda isə özümüzdə stimul hiss edərək maksimum səviyyədə səmərəli fəaliyyət göstərməliyik. Hazırda iqtisad üzrə fəlsəfə doktoru, dosent kimi fəaliyyət göstərməkdəyəm. Və qeyd edim ki, bu məndə fəaliyyətimin çevikliyini daha da artırmağa ruhlandırmaqdadır. Gələcək məqsədlərim içərisində tədqiqatlarımızın daha geniş əhatədə mümkünlüyü üçün bütün səy və bacarığımı sərgiləyəcəm. Aksiomdur ki, ölkəmizdə kifayət qədər iqtisadisosial potensial formalaşdırılıb. Belə olan halda, bu potensialın elmi cəhətdən əsaslandırılması, tədqiqatların səviyyəsinin yüksəldilməsi, keyfiyyətinin daha da yaxşılaşdırılması işlərində heç bir çətinlik özünü göstərmir. Gələcək elmi fəaliyyətimizi də bu yöndə qurmağa çalışacağıq.

 

İlkin AĞAYEV

Palitra.-2016.-10 iyun.-S.11.