“İctimai nəzarəti
gücləndirməyə çalışacağıq”
Rasim Məmmədov: “Ən vacib məsələ insanların maariflənməsi,
öz hüquq və
qanunlarını bilməsidir”
“İctimai iştirakçılıq haqqında” qanuna əsasən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları yanında İctimai şuralar yaradılmalıdır. Amma indiyə kimi çox az qurumlarda İctimai şuralar yaradılıb. Nəzərə çatdıraq ki, İctimai şuralar ictimai nəzarəti həyata keçirən strukturdur. Bu strukturun formalaşma sürətinin belə zəif olmasının əsas səbəbi cəmiyyətdə bu sahədə maariflənmənin az olmasıdır. Elə İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədovla da söhbətimiz bu mövzuda oldu.
- İctimai
Nəzarət Koalisiyası hansı zərurətdən
yaradılıb?
- Cəmiyyətdə hər zaman ictimai nəzarət olub. Sadəcə, bu, rəsmi qaydada fəaliyyət göstərməyib. Bildiyiniz kimi, cənab Prezident 2015-ci ilin 23 sentyabrında açıq şəkildə çıxış edərək ictimai nəzarətin güclü olmasının vacibliyini qeyd etdi, həmçinin korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimaiyyəti aktivliyə çağırdı. Bu, Prezident tərəfindən ümumxalq çağırışı idi. Əlbəttə ki, 2003-cü ildə Sabitlik və İnkişaf Mərkəzini təsis edən vətəndaş cəmiyyəti, 2015-ci il oktyabrın 1-də toplaşaraq İctimai Nəzarət Koalisiyasını yaratdı. İlk olaraq 11 təşkilat bizim çağırışa qoşuldu. 11 təşkilat Sabitlik və İnkişaf Mərkəzinin bazasında birləşərək koalisiya yaratdı. Bu koalisiyanın niyyət protokolu imzalandı. Eyni zamanda koalisiyanın fəaliyyət istiqamətləri müəyyənləşdirildi.
Biz cənab Prezidentin dediyi fikirlərə arxalanaraq fəaliyyət göstəririk. Biz koalisiyasının e-poçt (inkoalisiya@gmail.com) ünvanı və “Facebook” səhifəsini yaratdıq. İcra strukturlarında baş verən bütün xoşagəlməzlikləri ifşa etməyə başladıq. Çünki bu gün yaranan kiçik problem, məsələn, 5 il sonrası üçün böyük təhlükələrə yol aça bilər. Hər bir ailənin normal həyat tərzi keçirməsi üçün aidiyyəti dövlət qurumları mütləq onları nəzarətdə saxlamalıdır.
- İctimai
nəzarətlə bağlı maarifləndirmə işinin aparılmasına nə dərəcədə
ehtiyac var?
-Əlbəttə, buna çox ehtiyac var. Biz maarifləndirmə işini aparırıq. Ən vacib məsələ insanların maariflənməsi, öz hüquq və qanunlarını bilməsidir. İkinci növbədə insanlarla sıx təmasda olmaq, görüşlər keçirmək lazımdır. Vətəndaşlarla virtual əlaqə qurmaq, onların problemlərini dinləmək lazımdır. Eyni zamanda məmurların maariflənməsi lazımdır ki, sadə insanları yaxına buraxsınlar. Həmçinin cəmiyyətdə inam olmalı, bir ictimai çağırış gəlməlidir. Ölkədə qurultay və beynəlxalq konfransların keçirilməsi də ictimai aktivliyin, ictimai nəzarətin güclənməsinə gətirib çıxarır. Bilirsiz, təbliğat ən böyük silahdır. Ona görə də cəmiyyət arasında təbliğat aparılmalıdır. Bizm də işimiz bundan ibarətdir. İctimai nəzarətin nə olduğunu cəmiyyət tam bilmir. Elə qurumlar var ki, onlar İctimai şuralar yaratmalıdırlar, amma hələ yaratmayıblar. Bu da qanuna bir hörmətsizlikdir. Prezidentin sözü qətidir. Biz bir vətəndaş cəmiyyəti olaraq Prezidentin cağırışına, tövsiyəsinə bu cür reaksiya veririk.
-İctimai şuraların fəaliyyətinin monitorinqini İctimai Nəzarət Koalisiyası olaraq apara bilərsizmi?
- Əlbəttə, apara bilərik. Biz hər gün müşahidə, araşdırma və monitorinq aparırıq. Bütün bunları keçəndən sonra hanısa orqanda olan qüsur və noqsanları onlara yazırıq. 15 gün ərzində bizim keçirdiyimiz monitorinqlə bağlı öz fikirlərini yazmadıqları halda, bunu mediada işıqlandırırıq.
İctimai Şura və Apelyasiya şuralarının yaradılması sonda ictimai nəzarətə xidmət edir. Amma bu şuraların yaradılması, strukturun formalaşdırılmasında şəffaflıq təmin olunmalıdır. Bu məsələdə kiminsə spekulyasiya etməsinə yol vermək olmaz. Bu gün hər bir insan fikirləşməlidir ki, dövlət, xalq üçün nə etməlidir. “Dövlətim mənə nə edəcək?” düşüncəsi absurd bir düşüncədir. Azərbaycanda gözəl şərait var. İstənilən biznesi qurmaq üçün rahat iqtisadi mühit yaradılıb. İnsanlarda həvəs, istedad olmalıdır. İnsanlar öz hüquqlarını bilmək üçün maariflənməlidir. Belə olduqda onlar qarşılaşdıqları bir çox problemləri özləri həll edə bilərlər.
-İctimai
nəzarəti aktivləşdirmək üçün
hər hansı təklifləriniz varmı?
- Qarşıda bizim bir konfrans-qurultayımız
var. Eyni zamanda ictimai nəzarət mexanizmlərinin daha da güclü olması üçün
xüsusi təkliflərimiz
olacaq. Yaxın üç ay ərzində
biz ictimai nəzarət
məsələsini gündəmdə
saxlayıb insanlarda inam yaratmaqla dövlətə öz təkliflərimizi mütləq
şəkildə verəcəyik.
-“İctimai
nəzarət haqqında”
yeni qanun layihəsinin qəbulu ictimai nəzarətin aparılması üçün
hansı yeni imkanlar açacaq?
- Bu ilin əvvəlində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında ictimai nəzarətin mexanizmləri
və qanunlarının
işlənib hazırlanması
ilə bağlı müzakirələr gedirdi.
Mən də ora dəvət
olunaraq 17 bənddən
ibarət 7 fəaliyyət
istiqaməti olan qərar layihəsini müzakirə etdik. Mən orada da dedim
ki, bu gün
cənab Prezident zəif, kağız üzərində qalan ictimai nəzarəti istəmir. Dövlət başçısı real iş
görən vətəndaş
cəmiyyəti istəyir.
Mən bildirdim ki, bu
qanuna əlavələr
edilməlidir. Milli Məclisdə
müzakirə olunan bu qərarın güclü şəkildə
qəbul olmasına ümid edirik. Bütün verilən sərəncam və fərmanların həyata keçməsi üçün ictimai nəzarət, ictimai qınaq güclü olmalıdır. Yəni ictimai
nəzarət hər bir fəaliyyətdə olmalıdır. İctimai nəzarəti
aparan qurum heç bir şeyə biganə qalmamalıdır.
-Perspektiv planlarınız nədən
ibarətdir?
- İctimai Nəzarət
Koalisiyasının perspektiv
planları təşkilatlanma
ilə bağlıdır. Biz maksimum dərəcədə
fəaliyyət göstəririk
ki, digər təşkilatlar da bu koalisiyaya üzv olsunlar. Hazırda koalisiyaya 24 təşkilat
üzvdür. Lakin biz kəmiyyətə
yox, keyfiyyətə üstünlük veririk.
Yəni bizim təşkilatın giriş qapısı dəmirdir, çıxış
qapısı isə açıqdır. Cəsarətsiz insanlar burada yer ala bilməz. Biz konkret olaraq,
dəyərli, sədaqətli
və tamahsız QHT rəhbərlərini dəvət
edirik. Ətrafda olan insanların
problemlərinın həlli
ilə bağlı fədakarlıq edən təşkilatları bura cəmləşdiririk. İnanıram ki, bundan sonra
da İctimai Nəzarət Koalisiyasının
sıralarına nüfuzlu
insanları, təşkilat
rəhbərlərini, haqlı
insanları toplayaraq yaxın vaxtlarda bütün metod və vasitələrdən
istifadə edib-ictimai nəzarəti gücləndirməyə
çalışacağıq.
Fuad Hüseynzadə
Palitra.-2016.-10
iyun.-S.7.