Özümü Azərbaycanın Türkiyədə mədəniyyət elçisi olaraq görürəm”

 

Azərbaycanda nəşr olunan ədəbiyyatın Türkiyədə çap olunmasından daha çox maraq doğuran amillərdən biri Türkiyədə nəşr edilən Azərbaycan ədəbiyyatı nümunələridir. Türkiyədə bu istiqamətdə çalışan bir sıra yazıçılar var ki, orada doğulub-böyüyən və əsərlərində Azərbaycan ədəbiyyatından nümunələr təqdim edən yazıçılardan biriMehmet Kumdur. Mehmet Kumun Avropada yayımlanan “Baxış” jurnalında nəşr edilən hekayələri oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb. Azərbaycana, ədəbiyyatımıza böyük rəğbəti olan yazıçının əsərlərində də bu sevgi öz əksini tapıb. Müsahibimiz hər əsərini Azərbaycanla bağlamağa, ondan nümunə gətirməyə çalışan və yeni əsərlərində də bu istiqamətdə mövzulara toxunan yazıçı Mehmet Kumdur:

- Öncə Azərbaycanla bağlı fikirlərinizi bilmək istərdik.

- Mən də azəriyəm. Biz bir millətik. Atatürkün dediyi kimi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Ulu öndər Heydər Əliyev isə bildirib ki, “Biz bir millət, iki dövlətik”. Bir başqa baxışla desəm, atam Türkiyə, anam isə Azərbaycandır. Bir tərəfim Türkiyə, bir tərəfim Azərbaycandır. Vətən torpağı hər zaman gözəldir. Demokratiya möhkəmləndikcə o ölkənin inkişafı da paralel olaraq sürətlə gedir. Ən önəmli amillərdən biri ölkədə insana olan yatırımdır. Müasir bir təhsil sisteminin olması çox önəmlidir. O cümlədən ölkədə peşə təhsili sahələrinin artırılması vacibdir. Gənclərin Avropada texnologiya sahəsində təhsil alması önəmlidir. Xüsusilə də texnologiya təhsilinə üstünlük verilməlidir.

- Belə bir xəbər aldıq ki, sizin kitabınız işıq üzü görüb. Bununla bağlı nə deyərdiniz?

- Bəli, yeni kitabım nəşr olunub. Kitab “Atamın səsi” adlı hekayələr kitabıdır. Burada 17 hekayə öz əksini tapıb. Hekayələrdən biri “Zurnaçı Gulem” adlanır.

1992-ci ildə Naxçıvana qohumlarını axtarmağa gedən iqdırlıların hekayəsidir. Digər hekayə “Zakir müəllim” isə yenə Naxçıvandan gəlib İqdırda çətin şərtlərlə çalışanların hekayəsidir.

Şeirlər və nağılvari hekayələrim “Tamahkar Köyü”ndə keçir. “Tamahkar Köyü” əslində azəri türklərinin Türkiyədə yaşadığı ərazidir. Mədəniyyətimizi Türkiyəyə anlatmaya çalışıram. Hekayə qəhrəmanlarım sadə, kasıb, amma qürurlu insanlardır. Mədəniyyətimizi hekayələşdirdim. Hər hekayədə mədəniyyətimizi tapmaq mümkündür. Hazırda bu kitabım alman dilində nəşrə hazırlanır və Almaniyada yayımlanacaq.

Əsərlərim gah Cəlil Məmmədquluzadə, gah Mirzə Ələkbər Sabir, gah Yaşar Kemal, gah da Ç.Aytmatov ruhludur. Ancaq heç biri deyil. Düşünürəm ki, Mehmet Kumun özünə xas bir tərzdədır. Ümumiyyətlə, adları çəkilən yazıçıları çox sevirəm. Azərbaycan ədəbiyyatını sevirəm. Özümü Azərbaycanın Türkiyədə mədəniyyət elçisi olaraq görürəm.

- Bu sizin işıq üzü görən ilk kitabınızdır?

- Deyilənə görə, mənim digər xüsusiyyətim İqdır və ətrafında danışılan Azərbaycan türkcəsinə xas tərzdə yazmağım və Türkiyə oxucusunu bu bölgənin insanları, adət-ənənələri və inanclarıyla tanış etməkdir. Bu mənim ilk kitabımdır, ikinci kitabım da hazırdır. Ancaq hələ çap olunmayıb.

- Əslində, deyilənə görə, sizin peşəniz tamam başqa bir sahədir, doğrudurmu?

- Mənim peşəm həkimlikdir. Ancaq yazmağı sevirəm. Ailə həkimiyəm. Öncə siyasi sahədə təhsil aldım. Sonra onu yarıda qoyub tibb fakültəsində oxudum.

Hazırda İqdırda ailə həkimi kimi çalışıram. Ümumiyyətlə, insana xidmət etmək gözəl bir hissdir.

- Bəzən həkimlərin yazıçılıq hislərinin olduğunu deyirlər. Sizinbu duyğunuz bununla bağlı ola bilərmi?

- Mən, əslində, orta məktəb illərində yazmağa başladım. Təhsilim və peşəm yazmağıma uzun müddət mane oldu. Mədəniyyətimizin getdikcə yox olmağa başladığını gördükdə yazmağa qərar verdim. İstədim ki, yeni nəsil mədəniyyətimizi oxusun, öyrənsin. Mədəniyyətimizdən uzaqlaşmasın deyə, yazmağı özümə vəzifə seçdim.

- Sizin ailəniz, qohumlarınız Azərbaycanı tanıyırlarmı?

- Təbii ki, tanıyırlar. Biz Arazın bu tayında qalan azəri türküyük. 1920-ci ilə qədər İrəvana bağlı olan Küllük kəndində yaşayırıq. Azərbaycanı hər zaman izləyirik. Təbii ki, ermənilərin Azərbaycan torpaqlarına təcavüz etdiyini bilirik. İnşallah, qısa zamanda torpaqlarımızı geri almağı dörd gözlə gözləyirik. Eyni zamanda rəhmətlik Ecevitin dediyi kimi, Türkiyə ilə Azərbaycan arasında Ermənistandan bir dəhliz açılmasını arzu edirəm. O zaman əlaqələrimiz daha da genişlənəcək. Türk dünyası arasında maneə qalmayacaq. Onsuz da Türkiyə ilə Azərbaycan qardaşlığının dünyada başqa örnəyi yoxdur.

- Nə vaxtsa Bakıya gəlmək istəyirsinizmi?

- İnşallah kitabımı imzalamaq üçün gələrəm. Yeni kitabımda hekayələrdən ibarət olacaq və əsas hekayə “CİNNİ CEFER” olacaq. Ümumilikdə 14 hekayədir.

- Kitablarınız, əsasən, hekayələrdən ibarətdir. Nə vaxtsa daha böyük həcmdə əsər, məsələn, roman yazmağı düşünürsünüzmü?

- Bəli, düşündümüçüncü kitabım roman olacaq. İndi yazmağa hazırlaşıram. Mövzusu məlumdur. 1930-cu illərdə Azərbaycandan İqdıra gələnlərdən bəhs edən tarixi bir romandır.

- Bu gün Türkiyədə oxucu kütləsi varmı?

- Avropada adambaşına 35 kitab oxunan ölkələr var. Bizdə isə ildə adambaşına 26 səhifə oxunur. Yəni bir kitab belə deyil. Bu isə mənim fikrimcə, təhsil sistemindən qaynaqlanır.

- Bizdə də son zamanlar oxucu kütləsində azalma müşahidə olunur. Bu, yazıçı sayının azalması, bəzən də gənclərin bədii kitaba marağının azalması ilə əlaqələndirilir.

- Ümumiyyətlə, bu, çox kədərləndiricidir. Mən də sizin fikirlərinizlə razılaşıram. Amma dünyada bu istiqamətdə bir geriləmə var. Fərqli sahələrə, xüsusilə də texnoloji alətlərə maraq çox artıb. Ancaq bunların heç biri bəhanə ola bilməz. Avropalı yenə çox kitab oxuyur. Övladlarımıza orta məktəb dövründə oxumaq alışqanlığı yaratmırıq. Mən bütün şəhər məktəblərinə hekayə və nağıl kitabı paylayıram ki, oxumağı sevsinlər, oxumağa alışsınlar. Çünki oxumaqla inkişaf edə bilərik.

- Son zamanlar elektron kitab oxumağa meyil yaranıb. Sizcə, bu, kitaba marağı azaldırmı?

- Mən elektron kitab oxuya bilmirəm. Kitab əlində olmalıdır. Kitabın qoxusunu hiss etməliyəm. Sətirləri yadımda saxlamalıyam. Ən doğrusu elə kitabı əlinə alıb oxumaqdır. Ancaq fakt odur ki, yazan çoxaldı, ancaq oxuyan azdır.

- Burada valideynlərin günahı varmı?

- Doğrudur. Valideynlər oxumur ki, uşaqlar da onlardan bu vərdişi öyrənsinlər. Valideynlər oxuyaraq uşaqlara örnək olmalı, onu təşviq etməlidirlər.

 

Nigar Abdullayeva

Palitra.-2016.-10 iyun.-S.5.