“Xaricdə təhsil almış gənclərin
biliklərindən istifadə edilməlidir”
Hakim Ələsgərov: “İngiltərədə
tələbənin istəkləri nəzərə
alınır və onun idarə edilməsi
daha effetktiv olur”
“2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı” gənclərimizin
xaricdə təhsili üçün geniş imkanlar
açdı. Proqram bir
növ gənclərin xaricdə təhsilini
kütləviləşdirdi. Amma bununla yanaşı, gənclərimiz fərdi olaraq da müxtəlif təşkilatların
təqaüd və proqramları çərçivəsində
xaricdə təhsilə yiyələniblər. Layihə
çərçivəsində belə gənclərdən biri, İngiltərənin Nottingham
Universitetinin magistri Hakim Ələsgərovla müsahibəni təqdim
edirik.
- Zəhmət olmasa, özünüzü
təqdim edərdiniz?
-Cümhuriyyətimizin ilk paytaxtı olan Gəncə şəhərində anadan olub, orta və ali təhsilimi bu şəhərdə almışam. 2007-ci ildə Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinə daxil olub və 2011-ci ildə ali təhsilini menecment ixtisası üzrə başa vurmuşam. Tələbəlik illərində 20-yə yaxın xarici ölkədə keçirilən beynəlxalq tədbirlərdə, konfranslarda, mübadilə proqramında, o cümlədən Avropa Parlamenti, Avropa Şurası və BMT-nin tədbirlərində Azərbaycan gəncliyini təmsil etmişəm. Ali təhsilimi başa vurduqdan sonra 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin QQ tərkibində həqiqi hərbi xidmətdə olmuşam. Gəncə şəhərində yerləşən “Gələcəyə Körpü” Gənclər İctimai Birliyində 2012 -2014-cü il iyul tarixlərində Baş Katib vəzifəsində çalışmışam. O cümlədən 2012-2014-cü illərdə Gənclər İdman Nazirliyi və BMT-nin İnkişaf proqramının birgə layihəsi olan “Gənclərin Qərarların Qəbulunda iştirakçılığı” layihəsində fəal iştirak edib, layihə çərçivəsində Gəncə Şəhəri Gənclər İdman Baş İdarəsində 3 aylıq təcrübə proqramını uğurla bitirərək Nazirlik və BMT-nin İnkişaf proqramının sertifikatı ilə təltif edilmişəm. O cümlədən 1960-cı ildən dünyanın ən böyük sahibkarlıq-liderlik təşkilatlarından olan Gənc Sahibkarlar Palatasının Gəncə şəhəri üzrə Lokal Prezidenti kimi fəaliyyət göstərmişəm. 2015-ci il fevral-iyun aylarında Budapeştdə yerləşən Macarıstanın Dövlər Qulluğu üzrə Milli Universitetində “Avropa Əlaqələri” mövzusunda araşdırma aparmışam. 2015-ci ilin avqust ayında İstanbul Bilgi Universitində 1 ay müddətində Akademik hazırlıq kursunu bitirmişəm. 2015-ci ilin sentyabr ayından Birləşmiş Krallıqda yerləşən və Britanıyada ən yaxşı on təhsil ocaqlarından biri olan Nottingham Universitetində bu universitetin təqaüdü hesabına dövlət idarəetməsi istiqamətində magistr təhsilimi davam etdirirəm.
- İngiltərədən əvvəl xarici ölkə olaraq Macarıstanda təhsil alıbsız. Hər iki ölkənin həyatına uyğunlaşmaq sizə çətin olmadı ki?
-Macarıstana qədər bir çox Avropa ölkələrində olmuşdum. Macarlar böyük tarixə malik xalqlardandır və bunu onlarla ünsiyyətdə rahat şəkildə anlamaq olur. Açığını deyim ki, öz dillərinə bu qədər bağlı olduqlarını bilmirdim. Bütün həyatı boyu başqa bir dildə təhsil alan macarın başqa bir macarla o dildə danışması, demək olar ki, mümkün deyil və öz aralarında macarca danışırlar. Macarıstanın özünəməxsus tarixi, coğrafiyası və ən önəmlisi mehriban insanları var. Macarların əcnəbilərə qarşı qonaqpərvərliyi yüksəkdir və xaricilərin öz vaxtlarını səmərəli keçirmələri üçün bir çox imkanlar yaradılıb.
İngiltərə isə tamam başqadır. Həmçinin indiyə qədər bir çox ölkələrdə müxtəlif millətlərin, o cümlədən ingilislərlə bir çox tədbirlərdə olmuşam. Qısa deyək ki, heç bir mədəni şok yaşamadım.
- İctimai
fəaliyyətinizin sizin həyatınızda,
karyeranızda nə kimi rolu
olub?
-İctimai fəaliyyətə 2008-ci illərdə qoşulmuşam. Onun həyatımda və şəxsi inkişafda rolu çox böyük olub. Fərqli düşüncəyə malik insanları tanımağımda, o cümlədən dost qazandırmaqda əvəzsiz rolu olub.
- Avropada keçirilən onlarla beynəlxalq tədbirdə ölkəmizin gəncliyini təmsil edibsiz. Azərbaycan gəncliyi hansı cəhətinə görə Avropa gənclərindən üstündür?
-Son zamanlar gənclər siyasəti ölkəmizin əsas istiqamətinə çevirilib və bu sahədə təxirəsalınmaz fəaliyyətlərin həyata keçirilməsini görmək çox sevindirici haldır. Belə müqayisə aparmamışam, açığını deyim. Hesab edirəm ki, hər bir gəncin üstün və zəif tərəfləri yaşadığı yerin tələblərinə görə obyektiv və subyektiv səbəblərdən dolayı formalaşır.
- Bəs azərbaycanlı
tələbələr İngiltərədə hansı
üstünlükləri ilə fərqlənirlər?
-Açığı, belə müqayisələr aparmaq çətindir. Tanıdığım azərbaycanlı tələbələrin hamısı dərslərində çalışqan və fəaldırlar. Universitet tələbələri tərəfindən təsis edilmiş Nottinghamda təhsil alan tələbələr cəmiyyəti adında bir dərnəkdə daha çox bir araya gəlib, ölkəmiz üçün önəmli günləri və bayramları qeyd edirik.
- Britaniya
təhsil sistemi ilə Azərbaycan təhsil
sistemi arasında, əsasən, hansı fərqlər
və üstünlüklər var?
-Bu baxımdan fərqlər çoxdur. Məsələn, çox təəssüf ki, hələ də bizdəki bir çox özəl universitetlərdə dekanatlığın və ya kafedranın öncədən təyin etdiyi dərslər məcburi şəkildə tələbələrə tədris olunur. Belə ki, tələbənin istəyindən asılı olmayaraq məcburi şəkildə o dərsi götürməsi tələb olunur. Burada isə qəti şəkildə elə bir şey yoxdur. Qısa olaraq izah edim. Deməli, tələbə bir semestri 60 kreditlə başa vurmalıdır. Ona hər biri 10, 20 və ya 30 kredit şəklində əsas və seçməli dərslər təklif olunur. Buna uyğun olaraq tələbə 60 krediti tamamlamaq üçün ya iki dənə 30 (təbii ki, əgər elə dərslər varsa) kredit olan fənni (qərb təhsilində bu “modul” olaraq ifadə olunur) və ya 3 dənə 20 kredit olan fənni və ya 6 dənə 10 kredit olan fənn götürür. Beləliklə, tələbənin istəkləri nəzərə alınır və onun idarə edilməsi daha effetktiv olur.
- Ümumiyyətlə,
xaricdə təhsil alan gənclərmizin
təcrübəsindən hansı sahələrdə yararlanmağa ehtiyac var?
-Hesab edirəm ki, dövlətimiz bütün sahələrdə xaricdə təhsil almış gənclərin biliklərindən istifadə etməlidir. Düşünmürəm ki, hər hansı sahədə daha çox, digərində daha az olmalıdır. Ölkəmizin hərtərəfli inkişafı üçün bütün sahələrdə qabaqcıl ölkələrdə təhsil almış gənclərin təcrübəsindən faydalanmaq lazımdır.
- Təhsil
aldığınız universitetdə əcnəbi tələbələrə
ölkəmiz haqqında nə kimi təbliğat
aparırsız?
-Təmsil olunduğum tədbirlərdə və görüşlərdə ölkəmizin tarixi, mədəniyyəti, ən əsası isə yaralı yerimiz olan Dağlıq Qarabağ münaqişəsi mövzusunda lazımi məlumatlar verirəm.
- Xaricdə təhsil
sizə əlavə nə verdi?
-Bir çox şey deyərdim. Həyata başqa bir prizmadan baxmaq, araşdırma və analiz, özünü inkişaf kimi bir çox üstünlükləri var. O cümlədən insan özünü mənəvi cəhətdən daha zəngin hesab edir. Müxtəlif ölkələrdən onların insanlarla bir araya gəlib ortaq məsələləri müzakirə etmək şansı əldə edirsən.
- Xaricdə təhsil alan potensial kadr kimi biliklərinizi vətəndə hansı sahədə tətbiq etmək istərdiniz və perspektiv planlarınızı bilmək maraqlı olardı.
-Hal-hazırda ölkə başçısı tərəfindən Azərbaycan dərin iqtisadi islahatların başlanıldığı yuxarı səviyyələrdə qeyd edilib. Bu, çox sevindirici haldır və bu istiqamətdə inqilabi addımlar atılıb. Buna misal olaraq dövlət qulluğu haqqına qanunun dəyişməsi, “ASAN viza” və “ASAN kommunal” xidmətlərinin yaranmasını qeyd etmək yerinə düşər. Mən də öz növbəmdə ölkəmizi sevən bir gənc olaraq Britaniyanın qabaqcıl universitetində dövlət idarəetməsi sahəsində öyrəndiklərimi hər hansı təklif olarsa, hər hansı dövlət orqanında çalışaraq bu işə öz töhfəmi verməkdən qürur duyaram.
Fuad Hüseynzadə
Palitra.-2016.-11 iyun.-S.11.