Türk mifoloji obrazlarının etimoloji üsulla tədqiqi

 

Layihçə çərçivəsində Türk mifoloji obrazlarının etimoloji üsulla elmi tədqiqi yolları ilə bağlı danışacağıq. Bu barədə Azərbaycan elmində də yetərincə elmi tədqiqatlar aparılıb. Amma mövzu aktual və maraqlı olduğu üçün yeni yanaşmaların diqqətə çatdırılmasına ehtiyac duyulur.

Bu barədə bizə fikirlərini bildirən Qafqaz Universiteti Azərbaycan dili və ədəbiyyatı bölməsinin müdir müavini, filologiya üzrə fəlsəfə doktoru Emin Ağayev belə düşünür: “Prof. M.Seyidovun mifoloji görüşləri, mif haqqında nəzəri düşüncələri, Azərbaycan mifik təfəkkürünün qaynaqlarına baxışları praktiki olaraq onun tədqiqat metodunda gerçəkləşmiş, elmi reallığa çevrilmişdir. Bu səbəbdən irəli gəlməklə alimin mifoloji görüşlərinin öyrənilməsi onun mifi hansı üsullarla, hansı tədqiqat metodları ilə araşdırması məsələlərinə toxunmağı da zəruriyyətə çevirir.

M.Seyidov mifologiya məsələlərini etnogenez problemlərindən ayırmamış və mifi xalqın dünyagörüşünün ən əski qaynağı kimi hərtərəfli - kompleks şəkildə tədqiq etməyə çalışıb. O, hər hansı bir mif örnəyini kompleks halda tədqiq edərkən onu tarixi, ictimai, etnogenetik, etnopsixoloji, etnocoğrafi, etnoqrafik, linqvistiks. istiqamətlərdə araşdırmaqla mifin mahiyyətini, ilkin şəklini, əski dünyagörüşdəki yerini üzə çıxarmaq istəyirdi. M.Seyidovun mifologiyanın öyrənilməsi zamanı tətbiq etdiyi ən başlıca üsul etimoloji tədqiqat motodu idi”.

Ümumiyyətlə, etimologiya M.Seyidovun yaradıcılığında çox mühüm yer tutub: “Onun Azərbaycan xalqının təşəkkülündə, mədəniyyət tarixində önəmli rol oynamış tayfaların adlarının, mədəni-tarixi anlayışların, ümumiyyətlə, adların etimologiyasına həsr olunmuş çox məşhur tədqiqatları vardır. Məsələn, alimin «Bundurk-Bunturk», «Uzan», «Qazaq», «Qarabağ», «Arsaq», «Qaşqay», «Ayrım», «Günortac», «Ortac» və s. adların etimologiyasına həsr olunmuş araşdırmaları tədqiqatçılar arasında indi də məşhurdur. Alim, eyni zamanda mifoloji adlara, o cümlədən mifologiya ilə bağlı anlayışlara da etimoloji yazılar həsr edib. Ancaq alimin mifoloji etimologiyaları təkcə bu sözlərə həsr olunmayıb. Onun tədqiqatları mifoloji etimologiyalarla zəngindir. Həmin etimologiyalar adların yalnız dilçilik baxımından sözaçımından ibarət deyil. M.Seyidov mifologiya ilə bağlı har hansı adın etimologiyasını kompleks şəkildə aparmış, tədqiqata çoxsaylı faktlar cəlb etməklə geniş və zəngin müqayisələr aparıb.

Prof. M. Seyidov etimoloji araşdırmalar apararkən sözlərin təkcə leksik mənalarını üzə çıxarmaq istəməyib. O, sözün leksik mənası ilə mifoloji mənalarının bir-birini təsdiq etdiyi, doğrultduğu məqamları axtarıb. Bu etimologiyaları oxuyarkən ilk baxışdan oxucuyu elə gəlir ki, M.Seyidov adı təkcə leksik cəhətdən təhlil edir və həmin leksik mənanı adın mifoloji mənaları ilə uzlaşdırır. Əslində, belə deyil. Prof. M.Seyidov hər hansı mifoloji obrazı öyrənərkən onun əvvəlcə mifik təfəkkürün hansı qatları ilə bağlılığını, hansı mifoloji mənaların daşıyıcısı olduğunu üzə çıxarır və sonra leksik etimologiya aparıb, obrazın mifoloji mənaları ilə onun adının leksik mənalarının bir-biri ilə bağlılığını təsdiq etməyə çalışırdı”.

Alimin mifoloji etimologiyalarının bir əhəmiyyəti də ondan ibarətdir ki, M.Seyidov bu etimologiyalarla mifologiya elmimizdə Azərbaycan mifik təfəkkürünün qaynaqlarının öyrənilməsinin yeni istiqamətinin əsaslarını qoydu. Ona qədər mifoloji etimologiyalardan heç kəs bu şəkildə (bu həcm və bu keyfiyyətdə) istifadə etməyib: “Düzdür, mifologiya ilə məşgül olan alimlərimiz ayrı-ayrı sözlərin etimologiyasına da diqqət yetirib, onlardakı mifoloji mənaların üzə çıxarılmasına çalışmışlar. Lakin Azərbaycan mifologiya elmində etimoloji metodu coşğun şəkildə, bol-bol tətbiq edən, onu araşdırmalarında sistemə çevirən, elm tariximizi çoxsaylı mifoloji etimologiyalarla zənginləşdirən, o cümlədən Azərbaycan folklorşünaslığında etimoloji tədqiqi məşhurlaşdıran prof. M.Seyidov olub”.

M.Seyidov türk mifoloji obrazlarının, Azərbaycan mifik təfəkkürünün qaynaqlarının tədqiqində mifoloji etimologiya üsulundan uzun illər ərzində, demək olar ki, bütün yaradıcılığı boyu istifadə edib: Onun mifoloji tədqiqatlarını nəzərdən keçirdikdə məlum olur ki, alim türk mifologiyasının, Azərbaycan mifik düşüncə qaynaqlarının məşgul olduğu hər bir obrazının, anlayışının adını həm də etimoloji cəhətdən təhlil edib. Beləliklə, mifoloji etimologiyalar prof. M.Seyidovun mifoloji görüşlərinin tərkibinə zəruri şəkildə daxildironun mifologiyaya yanaşma tərzində, mifə baxışlarında əsas yer tutur. Bu amildən irəli gəlməklə M.Seyidovun mifoloji görüşlərinin öyrənilməsi onun türk mifoloji obrazlarının etimoloji üsulla tədqiqini nəzərdən keçirməyi zəruriyyətə çevirir”.

Tədqiqatçının mifoloji etimologiyaları məzmun, fakt bazası, tədqiq üsulları və s. baxımından, sözün həqiqi mənasında, həm zəngin, həm də maraqlıdır. Onun bu sahədəki hər bir etimologiyası türk mifik təfəkkürünün unudulmuş, tarixin qaranlıqlarında itmiş, bizim dünyamızın adamları üçün əlçatmaz və görünməz olan səhifələrini üzə çıxarır: “Ümumiyyətlə, M.Seyidovun tədqiqatlarını fakt zənginliyi fərqləndirir. O, tədqiq etdiyi sahə ilə bağlı bütün faktları araşdırmaya cəlb etməyə çalışmışdır. Biz belə bir həqiqəti etiraf etməliyik ki, M.Seyidov öz etimologiyaları ilə təkcə tədqiqat aparmamış, eyni zamanda Azərbaycan oxucusunu, ilk növbədə cavan alimləri onlar üçün əlçatmaz olan erməni, gürcü mənbələrindəki faktlarla tanış etmiş, elmin yeniyetmə pöhrələrinin diqqətini ilkin qaynaqlara - Assur, het, yunan, ərəb, farss. dillərdəki mənbələrə yönəltmiş və onlara ilkin mənbələrdəki faktları müqayisəli şəkildə necə tədqiq etməyin yollarını (metodlarını) öyrətmişdir. Bütün bunlar göstərir ki, M.Seyidovun mifoloji etimologiyaları zəngin məzmuna malik tədqiqatlardır və alimin mifoloji görüşlərinin öyrənilməsi üçün onun türk mifoloji obrazlarına həsr etdiyi etimologiyaları ardıcıllıqla nəzərdən keçirmək lazımdır”.

Qeyd edək ki, M.Seyidov öz tədqiqatlarını əvvəlcə məqalələr şəklində yazıb çap etdirib, sonra isə onları monoqrafiyalarında ümumiləşdirib: “Bu səbəbdən irəli gəlməklə, onun mifoloji tədqiqatlarını özündə cəmləşdirən kitabları mifoloji etimologiyalarla zəngindir. Bu cəhətdən nəzəri əvvəlcə «Azərbaycan mifik təfəkkürünün qaynaqları» kitabı cəlb edir. Kitabda çoxlu mifoloji ad və anlayışlara etimologiyalar verilib”.

M.Seyidov təbiət kultları sırasına daxil olan Öləng ilahəsinin adı ilə bağlı tədqiqat apararaq adın (obrazın) müxtəlif, hətta bir-birindən çox uzaq olan mənalara malik olduğunu göstərib: «Öləng»in ilk baxışda bir-birindən çox uzaq olan mənaları vardır. Bu söz türkdilli xalqların, demək olar ki, hamısında aşağıdakı anlamlardan, bəzən birini, bəzən isə bir neçəsini ifadə edir: 1. Çayır, çəmən, otlaq, yaylaq, yaşıllıq; 2. Göl, nəmişlik, bataqlıq; 3. Yaşıllıq və gənclik, ailə ilahəsinin adı; 4. Şeir forması, nəğmə adı» Göründüyü kimi, söz, doğrudan da, bir-birindən uzaq olan mənaları ifadə edir. Məsələn, yaşıllıq, nəmişlik, hətta bununla bağlı ilahə mənaları bir-biri ilə məntiqi cəhətdən səsləşir. Lakin sözün yaşıllıq və nəmişlik mənaları ilə ədəbi janr mənası bir-biri ilə uzlaşmır. Bunun üçün prof. M.Seyidov çox geniş tədqiqat aparıb, zəngin faktları tədqiqata cəlb etməli olub.

Alim müqayisəli dilçilik araşdırması apararaq belə bir nəticəyə gəlib ki, «öl» // «öləng»in ilkin mənası «su», «dəniz», «göl», «bataqlıq», «bataqlıq bitkisi», daha sonrakı inkişafında isə, ümumiyyətlə, «bitki», «çayır», «çəmən» olub».

Tədqiqatçı araşdırma nəticəsində aydınlaşdırıb ki, Öləng bir mifoloji obraz kimi keçi obrazı ilə bağlıdır. O bu barədə yazır: «Əski türkdilli xalqların əksəriyyətində keçi, qoyun baharın ilk oyanışının rəmzidir. Keçi, qoyun otla qidalanır. Öləng yaşıllıq (ot) ilahəsidir. Yaz ayına keçi, qoyun ayı da deyirlər. Deməli, yaşıllaşma - keçi ayıdır. Öləng - yaşıllıq ilahəsinin, keçi isə - yaşıllıq ayının adıdır. Ölənglə keçi arasındakı əsatiri əlaqə bağlılıq da buradan yaranır».

«Öləng»in ailə qurmaq ilahəsinə necə çevrilməsini izah edən müəllif göstərir: «Sonralar yazın gəlməsi, təbiətin oyanması, bitkilərin, ağacların yaşıllaşması, gəncləşməsi, yeni məhsul ilinin başlanması bayramında yad edilən Öləng gənclik, ailə qurmaq ilahəsinin adı olmuşdur».

 

İlkin AĞAYEV

Palitra.-2016.-14 iyun.-S.11.