15 iyun - tariximizin Qurtuluş tarixi
1991-ci ildə müstəqilliyi elan etmək çətin bir məsələ deyildi. Çünki bu, tarixi zərurətdən irəli gəlmiş bir hadisə idi. SSRİ dağılırdı, istəsən də, istəməsən də, sən öz respublikanın aqibətini müəyyən etməli idin. Burada da müstəqillikdən başqa yol yox idi. Amma bu müstəqilliyi qoruyub saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin idi.
Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri
Həyatda elə tarixi günlər var ki, illər ötdükcə onun dəyəri daha aydın görünür. 1993-cü ilin 15 iyunu məhz belə tarixi hadisələrdəndir. Bu tarixi gün haqqında çox deyilib. Ancaq 15 İyun Qayıdışının fəlsəfi, siyasi, iqtisadi qiyməti, Azərbaycan tarixində yeri və rolu ölçüyəgəlməzdir. Həmin gün elə əbədi məşəldir ki, bizdən sonrakı bütün nəsillər bu məşəldən od alacaq, ona mayak tək baxıb tarixin dolanbac yollarında istiqamət götürəcəklər.
1993-cü ildə xalqın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə Qayıdışı labüd idi, zəruri idi və bunu Azərbaycan xalqının milli mənafeyi tələb edirdi. Bu Qayıdışı Gəncə hadisələrinin nəticəsi kimi qələmə verənlər, ən azı, yanılırlar. Müsavat-AXC cütlüyünün səriştəsiz, bacarıqsız, korafəhm rəhbərliyi sayəsində ölkəmiz vətəndaş müharibəsi həddinə çatmış, ordumuz, dövlətçiliyimiz dağılıb məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Respublikada hər yerdə xaos, hərc-mərclik, tənəzzül tüğyan edirdi.
Sivil siyasi mübarizə metodlarından uzaq olan bir çox siyasi qüvvələr hərbi birləşmələr yaradaraq onlardan öz məqsədlərini həyata keçirmək üçün istifadə etməyə çalışırdılar. Nəticədə 1992-ci ilin mayınadək Dağlıq Qarabağ üzərində Azərbaycan öz nəzarətini tamamilə itirmişdi, Xocalı soyqırımı baş vermişdi, Şuşa, Laçın əldən getmişdi. Ətraf ərazilər üzərində isə işğal təhlükəsi gündən-günə güclənirdi. Ölkədə xaos, hərc-mərclik, şimalda və cənubda separatçılıq hərəkatları, daxildə isə təxribatlar baş alıb gedirdi. Belə bir şəraitdə, hətta hakimiyyətdə olan qüvvələrə də bəlli idi ki, Azərbaycanı fəlakətdən qurtara biləcək çox güclü, təcrübəli, milli liderə böyük ehtiyac var. Hamıya da gün kimi aydın idi ki, bu siyasi lider, bu nüfuzlu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, uzun müddət respublikaya rəhbərlik etmiş xalqın müdrik oğlu Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı haqqında mətbu orqanlarda dəfələrlə geniş məqalələr yazılmış, təhlillər verilmişdir. Amma həmin günlərdən uzaqlaşdıqca, o dövrün ictimai-siyasi hadisələrini daha təmkinlə, daha dərindən və obyektiv təhlil etmək imkanı yaranır.
Əsasən, meydan hərəkatı nəticəsində formalaşmış yeni “siyasi liderlər” səriştə və səviyyəcə bir-birlərindən çox az fərqlənirdilər. Onların nə idarəçilik təcrübəsi, nə də siyasi təfəkkürü var idi. Əgər olsaydı, 1988-ci ildə Ermənistan və Dağlıq Qarabağla bağlı münaqişələr kəskinləşməyə başlayanda-ilk növbədə əsl siyasi lider, əsl müdrik siyasətçi Heydər Əliyevə müraciət etməli, ilk növbədə ondan məsləhət alınmalı və onun ətrafında birləşməli idilər. Yalnız belə olduqda milli birliyə nail olunardı, xalqın azadlıq ehtirası ilə nüfuzlu rəhbərin təmkinli siyasi gedişləri, müdrik məsləhətləri birləşərdi, respublikanın təhlükəsizliyi təmin olunar və vəziyyət sabitləşə bilərdi. Bu belə olmadığından müxtəlif siyasi qüvvələr respublikanın ayrı-ayrı ərazilərində həqiqi mənada meydan sulamağa başladılar, bir-birini qəbul etmədilər, şəxsi iddialarından geri çəkilə bilmədilər və respublika öz ərazisini hissə-hissə itirməyə başladı. Çünki onlar müstəqilliyin həqiqi mənada nə olduğunu dərk edə bilmirdilər.
Bu dövrdə yalnız qəti
tədbirlər, cəsarətli siyasi və
hərbi addımlar Azərbaycanı yaranmış vəziyyətdən
qurtara bilərdi. Yenicə
hakimiyyətə qayıdan ulu öndər
Heydər Əliyevin də ən əvvəl gördüyü
iş respublikada
sayı-hesabı bilinməyən pərakəndə və qanunsuz fəaliyyət göstərən hərbi-siyasi
birləşmələri ləğv etmək, vahid
mərkəzdən idarə olunan nizami ordu yaratmaq
oldu. O zaman bu çox da asan
həll olunan məsələ deyildi. Lakin taleyin bütün qovğalarından həmişə
məharətlə çıxmış
dahi şəxsiyyət
Heydər Əliyev bu vəzifənin öhdəsindən ləyaqətlə
gələ bildi, ölkəni separatçı
qüvvələrdən və
qanunsuz silahlı birləşmələrdən təmizlədi,
əmin-əmanlığın və qanunçuluğun bərqərar olmasına
nail oldu.
Ona görə də təsadüfi deyil ki, 1993-cü il
Azərbaycan Respublikasının
tarixində, ictimai-siyasi
fikir və müstəqil dövlətçilik
tariximizdə bir dönüş ili kimi tanınmaqdadır. Həmin il,
əslində Azərbaycan
Respublikasının mövcud
olub-olmaması kimi tarixi bir dilemma həll olunurdu. Tarix isə həmişə hər xalqın taleyüklü məsələləri
ortaya çıxanda onu həll edə
biləcək qüdrətli
tarixi şəxsiyyəti
özü yaradır.
Bu baxımdan o tarixi şəxsiyyət artıq çoxdan var idi və
1993-cü ilin 15 iyununda
onun Bakıya qayıdıb ölkəni
yenidən idarə etməyə başlaması
tarixi zərurətdən
doğan bir həqiqət idi,
QURTULUŞ idi.
O gündən - QURTULUŞDAN sonra
xalqımızda öz
gücünə və
gələcəyinə inam
hissi möhkəmləndi,
müstəqilliyimiz real və
dolğun məzmun kəsb etməyə başladı. Ölkədə qanunculuğun, dövlət
intizamının möhkəmləndirilməsi,
dövlət idarəçiliyinin
və iqtisadi həyatın normal məcraya
salınması, ölkə
iqtisadiyyatında, təhsildə,
ordu quruculuğunda və digər sahələrdə cəsarətli
və uğurlu islahatlar aparılması üçün sabit siyasi şərait yaradıldı. Zəngin dövlətçilik
ənənəsi olan
bir xalqın təlatümlü tarixində
yeni şərəfli
və məsuliyyətli
bir dövr başlandı. Bundan sonra
Azərbaycan dövləti
səriştəsiz, təsadüfi
rəhbərlərdən xilas
edildi. Ölkə məqsədyönlü strategiya əsasında dövlət müstəqilliyinin
qorunması, xalqın
dinc yaradıcı əməklə məşğul
olması, ordu quruculuğuna başlanması
və digər sahələrdə ilk inamlı
addımlarını atmağa
başladı. 1994-cü ildə Ermənistan-Azərbaycan
münaqişəsində atəşkəsə
nail olunması isə
problemin dinc yola həll olunacağına ümidləri
artırdı, ordumuzun
qüdrətinin artması,
xalqın maddi rifahının yaxşılaşdırılması
üçün bütün
zəruri addımların
atılmasına şərait
yaratdı.
Biz hər il iyunun 15-ni Azərbaycanın müasir tarixində Milli Qurtuluş günü kimi qeyd edir və bir daha əmin oluruq ki, 1993-cü ilin həmin günü ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə xalqımız anarxiyadan, dövlət müstəqilliyini itirmək və vətəndaş müharibəsi təhlükəsindən xilas oldu, bütün sağlam və vətənpərvər qüvvələr səfərbərliyə alınmaqla ölkəmiz demokratik dövlət quruculuğu, iqtisadi inkişaf və tərəqqi yoluna çıxdı.
Məhz həmin gündən Azərbaycanın başı üzərini almış qara buludlar dağılmağa, respublikamız işıqlı sabaha doğru inamla addımlamağa başladı. Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində ölkəmiz hərtərəfli inkişaf və tərəqqi yoluna qədəm qoydu. Ulu öndər Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdı, onu beynəlxalq aləmdə nüfuz sahibi etdi. Qədirbilən Azərbaycan xalqı öz böyük oğlunu sevir və onun xatirəsini daim əziz tutur. Nə qədər ki, müstəqil Azərbaycan var, Heydər Əliyev də var olacaqdır. Azərbaycanın müstəqilliyi isə ümummilli liderin sözləri ilə desək “daimidir, dönməzdir və əbədidir”.
Artıq milli qurtuluşunu əldə etmiş
Azərbaycan Respublikası 25 ildir ki, inamla inkişaf
edir, yeni-yeni uğurlara doğru irəliləyir.
Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi
yoldur. Ümummilli lider Heydər Əliyevin siyasi
irsinin layiqli
davamçısı Azərbaycan Prezidenti
İlham Əliyevin müdrik,
inamlı, son dərəcə cəsarətli,
eyni zamanda tarazlı,
xalqının milli maraqlarına xidmət
edən daxili və xarici
siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik
inkişaf edir, əhalinin
sosial rifahı gündən-günə
yaxşılaşır, etibarlı tərəfdaş və sabit ölkə kimi
respublikamızın nüfuzu durmadan artır. Təcavüzkar Ermənistan
artıq Avropa Şurası, Birləşmiş
Millətlər Təşkilatı kimi
mötəbər beynəlxalq qurumlar tərəfindən
işğalçı ölkə kimi
tanınır, Azərbaycan regionda lider dövlətə çevrilmişdir.
Bütün bunlar, Prezident İlham Əliyev
tərəfindən uğurla və
yaradıcılıqla həyata keçirilən bu siyasət Heydər Əliyev yolunun
təntənəsidir.
A.
Miriyev
Palitra.-2016.-14 iyun.-S.7.