Mifoloji obrazların adlarının etimologiyası ilə bağlı tədqiqatlar

 

Emin Ağayev: “Mirəli Seyidov bu etimologiyanın aparılması üsulunu nəzəri fikirlər şəklində əsaslandırıb”

 

Layihçə çərçivəsində türk mifoloji obrazlarının etimoloji üsulla elmi tədqiqi yolları ilə bağlı danışacağıq. Bu barədə Azərbaycan elmində də yetərincə elmi tədqiqatlar aparılıb. Amma mövzu aktual və maraqlı olduğu üçün yeni yanaşmaların diqqətə çatdırılmasına ehtiyac duyulur.

 

Bu barədə bizimlə fikirlərini Qafqaz Universiteti Azərbaycan dili və ədəbiyyatı bölməsinin müdir müavini, filologiya üzrə fəlsəfə doktoru Emin Ağayev bölüşür. Onun fikrincə, sözügedən sahədə Azərbaycan alimi Mirəli Seyidovun böyük və müstəsna xidmətləri var: “Məsələn, tədqiqatçı oxucuların diqqətini türk mədəniyyətindəki belə bir qanunauyğunluğa cəlb edib: Bir çox dəlillər sübut edir ki, əksər xalqlarda, eləcə də türkdillilərdə onların mifik kultlarının, ilahələrinin adları sonra həmin qəbilənin, daha sonra qəbilə başçılarının, zaman keçdikdə isə adi insan adına çevrilib. Məsələn, «bayat» Allah deməkdir, sonra ona sitayiş edən qəbilə belə adlanıb. «Uğur» tanrısının adı qəbilə, daha sonra isə adi insan adına çevrilib».

Alim göstərir ki, «Öləng» adı da eyni qananauyğunluğun təsirinə məruz qalıb: «Professor bunun necə baş verməsini də izah edib: «Öləng də bu qəbildəndir. Öləng ilahəsinin adı sonra həmin ilahəyə tapınan qəbilənin başçısına verilib. Bu hadisə, şübhəsiz ki, ilahənin tədricən başqa bir mifik inamla əvəz olunması ilə əlaqədar olaraq meydana gəlib. Bu prosesdə əsatiri əqidə (mif), ilahənin (kultun) adı böyük nüfuza malik olan qəbilə başçısına verilir, nəhayət, həmin ad sonralar qəbilə qəhrəmanlarına və adi insana da qoyulur».

Prof. M.Seyidov «Öləng» adının ilahə, yaşıllıq mənaları ilə onun ədəbi janr mənasının necə əlaqələnməsini də üzə çıxarıb: «O yazır: «Vaxtilə yaşıllıq, su, ailə qurmaq ilahəsi Öləngin şərəfinə düzəldilmiş böyük, təmtəraqlı məclislər Öləngə inam zəiflədikcə və ya tamamilə yox olmağa başladıqca, yavaş-yavaş toy mərasimində də özünə yer tapır və sonralar toyun bir hissəsinin - şeirləşmə hissəsinin adını daşıyır». Alim tədqiqatının başqa bir yerində bu barədəki fikirlərini belə ümumiləşdirib: «Bizcə, Öləng (ilahə kimi) yaddaşlardan silindikcə su, yaşıllıq, sevilmək, ailə qurmaq ilahəsi şərəfinə qoşulmuş şeirlərə, toy məclislərində bəyin, gəlinin şərəfinə deyilən mahnıya, sonralar isə, ümumiyyətlə, adi mahnıya da «öləng» deyilib. Zaman keçdikcə, «öləng» üçün yaranmış şeir forması da eyni adla adlanıb».

Beləliklə, M.Seyidov Öləngi mifoloji cəhətdən təhlil edərkən onun adının etimologiyasını aparmaqla obrazın mifoloji məna qatlarına gedən yolları (istiqamətləri) üzə çıxarıb: “Adın bir-birindən uzaq görünən mənalarının təsadüfi olmadığı tədqiqatçını düşündürmüşo, etimologiya ilə üzə çıxan bu mənaları mifoloji tədqiqatla sübuta yetirib”.

M.Seyidov türk mifologiyası, ümumtürk və Azərbaycan folklorunun geniş yayılmış obrazı olan Xızırı da tədqiq edərkən mifoloji etimologiyadan istifadə edib: “Alim öz tədqiqatı ilə belə bir nəticəyə gəlib ki, «... Xızır yazın gəlməsi mərasimi ilə bağlı mifoloji obrazdır. Başqa sözlə desək, Xızır mövsümlə əlaqədardır». «Xızır (Xıdır) - Xızır - Ilyas - Xəzər - Nəbi mərasimində azərbaycanlılar, hər şeydən öncə, yazın uğurlu gəlməsi üçün istiliyi vəsf edir, onun həsrəti, intizarı ilə yaşayırdılar».

Tədqiqatçı M.Seyidov Xızırın mifoloji anlamlarını onun adının etimologiyasını verməklə daha da dərinlərə aparmış və bu obrazın mifoloji mahiyyətini, daxili əsatiri aləmini üzə çıxarıb. E.Ağayev deyir ki, alimə görə, söz iki hissədən ibarətdir: «Xızır» türkdilli sözdür: «xız» («xıd») və «ır» tərkibindən yaranıb».

Hər iki tərkib hissəsinin leksik mənasını aydınlaşdıran M.Seyidov bununla obrazın mifoloji mahiyyətini, məna aləmini üzə çıxarıb. O yazır ki, «xız»ın türk dillərində «istilik», «atəş (od)», «qızmaq», «qüvvə», «qızışmaq» mənası var... «Ir» həm də «ər» // «ar»ın fonetik variantıdır. «Ar» // «ər»in türk dillərində «kişi», «igid», «saf», «hörmətli», «müqəddəs ilahi» mənaları da var. Onda Xızır saf, müqəddəs, ilahi od, istilik deməkdir. Bu, belə də olmalıdır. Xalq ilk yazı gətirəni saf, müqəddəs od, istilik saymalı idi. Xalq yaratdığı obraza bu mənaları verdiyi üçündür ki, onun şərəfinə qoşduğu mahnının elə başlanğıcında ondan istilik, od diləyir: Xızır, Xızır xız gətir, Var dərədən od gətir».

Prof. M.Seyidovun elm aləmində çox böyük marağa səbəb olmuş etimologiyası «Qorqut» adı haqqındakı tədqiqatıdır: Alim tədqiqat nəticəsində belə bir qərara gəlmişdir ki, dünya qorqudşünaslarının hamısının diqqətini cəlb etmiş Dədə Qorqud obrazının mifoloji məna aləminə gedən yol onun adının etimologiyasından başlanır: «Deməli, Qorqutun miflə əlaqəsini öyrənmək üçün onunüçün «Qorqut» adlandığını izah etməliyik... «Qorqut» sözünün etimoloji təhlili obrazın bütün səciyyələrinin aydınlaşdırılmasına kömək edəcəyi üçün elə buradan başlamalıyıq».

Mifoloq alim bu sözün iki sözdən əmələ gəldiyini göstərmişdir: «Bizcə, Qorqut... iki tərkib hissəsindən - qor... və qut... - ibarət mürəkkəb ad-sözdür».

Professor türk dillərinin qədim və müasir leksikası üzərində apardığı müşahidələr nəticəsində «qut» sözünün bu mənalarının olduğunu göstərib: «Qut» bir çox əski və müasir türk dillərində həm müstəqil, həm də buya başqa sözlə bitişik şəkildə işlənmiş və işlənir. Istər əski türk dillərində, istərsə də müasir türk dillərində «qut» sözünün mənalarını və onun çalarlarını iki qismə ayırmaq olar: a) xoşbəxtlik, bəxt, bərəkət, tale; b) ruh, həyat qüvvəsi, can».

Tədqiqatçı «qut» sözünün məna aləminin dərinliklərinə enərək onun türk mifoloji düşüncəsinin ən ilkin qaynaqları, yaradılış kökləri ilə bağlı olduğunu üzə çıxarıb. O yazır ki, «qut» ilk yaradıcı, bəlkə də, demiurq (həyatı yaradan qüvvə) olmuşya başqa demiurqun qalığıdır. Biz sonradan görəcəyik ki, «qut» nəinki kainatdakı cisimlərin ibtidası, kökü, əsasıdır, o, eləcə də canlı insanların mayası, canıdır, həyatı, qüvvəsidir... «Qut» türkdilli xalqların ən əski inamları ilə bağlıdır. Bu inam öz kökləri etibarilə ibtidai qəbilə quruluşu insanlarının təfəkkürü ilə səsləşir».

M.Seyidov «qor» sözünün də çoxmənalı olduğunu göstərib: «Qor» əski və müasir türk dillərində çoxmənalı sözdür. Onun başlıca iki mənası var: «od» və «maya».

Alim «Qorqut» sözünün mənaları ilə bağlı zəngin faktlara, çoxsaylı müqayisələrə əsaslanan tədqiqat apararaq bu obrazın mifoloji məna aləmi, əsatiri mahiyyəti ilə əlaqədar belə bir nəticəyə gəlib: «Yada salaq ki, «qut»un xoşbəxt, xoşbəxtlik, bəxt, can, ruh, xeyirxah ruh, bir şeyin əsası, kökü, həyat qüvvəsi, həyatverici mənaları var və eləcə də insan şəklində insanı, heyvanları qoruyan bütdür, tanrıdır. «Qor»un isə maya, od, üstü küllə örtülmüş od, qızarmış kömür mənaları vardır. Deməli, «Qorqut» sözünün hər iki tərkib hissəsinin mənaları aydındır. Indi görək Qorqut nə deməkdir? Qorqut xoşbəxtlik mayası, bəxt mayası, can, ruh mayası, xeyirxah ruh mayası, həyatverici maya deməkdir».

M.Seyidov Qorqut obrazının niyə belə təsəvvür edildiyini, bu təsəvvürün necə yaranmasını da izah etmişdir: «Bəs nə üçün onu belə təsəvvür etmişlər? Bu suala cavab vermək üçün «qor»un ikinci mənası ilə «qut»un birləşməsindən yaranan mürəkkəb sözə diqqət yetirək. Qeyd edildiyi kimi, «qor» həm də od, qızarmış kömür, nazik kül qatı ilə örtülmüş oda deyilir. Onda «Qorqut»un ikinci anlamı belədir: Qorqut - xoşbəxt od, xoşbəxtlik odu, bəxt odu, xeyirxah ruh, həyat qüvvəsi, odu, həyatverici od deməkdir».

Professor türk mifik düşüncəsinin ən əski qaynaqları ilə bağlı olan «qor» və «qut» anlayışlarının hansı zəmində birləşməsinin səbəbləri üzərində düşünmüşbunun mifoloji düşüncənin məntiqi ilə bağlı olması qərarına gəlmişdir: «Qor»la «qut»un belə mürəkkəb söz yaratması, bizcə, mifoloji aləmlə, mifoloji baxışla bağlıdır. Burada əski insanlar odun şərdən, bəladan qoruyan, təmizləyən mifoloji səciyyəsini nəzərə alıblar. Belə bir inam türk xalqları üçün çox əski və doğmadır. Elə buna görə də «qor» müstəqil sözünü «qut»la birləşdirmişlər».

Ümumiyyətlə, prof. M.Seyidov Qorqud obrazı ilə bağlı çox geniş və müqayisəli tədqiqat aparıb. Onun tədqiqatında obrazın adına verdiyi etimologiya mühüm yer tutur. O, Dədə Qorqud obrazının yüzilliklər ərzində qazandığı, müxtəlif dövrlərin bu obraza verdiyi mifoloji, dini, epik mənaların mahiyyətinə məhz etimologiya ilə gedib çıxa bilib. Etimologiya onun üçün bu mifoloji obrazın məna aləminin ən dərin qatlarını, başqa tədqiqatçılar üçün anlaşılmaz olan cəhətlərini üzə çıxarmaqda vasitə olub. Deyilməlidir ki, Qorqud obrazı qorqudşünas alimlərin ən çox müraciət etdiyi obrazdır. Bu sözə müxtəlif etimologiyalar da verilib. M.Seyidovun tədqiqatı və etimologiyası özünün fakt zənginliyi, müqayisələrin genişliyi, inandırıcılığı, məntiqi ilə seçilən əsər olub, öz dəyərini indi də saxlayır.

M.Seyidov Qafqazın əski sakinlərindən olmuş hun türklərinin mifoloji obrazı -ildırım tanrısı «Quar»ı da tədqiq edərkən mifoloji etimologiyadan istifadə edib. O aydınlaşdırıb ki, «quar» iki müstəqil sözdən ibarət addır... «quar» mürəkkəb ad-sözü «qu» // «ku» // «» // «küy» və «ar» // «ər» müstəqil sözlərindən ibarətdir».

O, mənbələri, faktları araşdıraraq «qu» // «ku» // «» // «küy»ün bir çox türk dillərində, əsasən, «yanmaq», «səs» «bağırtı», «gurultu», «mahnı», «mahnı oxumaq», «danışmaq», «şöhrət» mənalarının olduğunu göstərib. Tədqiqatçı sözün ikinci hissəsi ilə bağlı yazıb: «Quar» // «kuər» // «küər» söz-adının ikinci hissəsi «ar» // «ər»dir... «Ar» // «ər» həm də feildən isim düzəldən şəkilçidir. Onda quar - «yanan», «bağıran» deməkdir».

Əvvəlki mifoloji adlarda olduğu kimi, Quar mifoloji obrazının adındakı tərkib hissələrinin bir-birinə necə və hansı şəraitdə birləşməsi alimi düşündürmüşo, buna belə bir izah vermişdir: «Görünür, «ər» sözü «qu» // «kü»yə birləşərkən onun igid, qoçaq, xüsusilə kişi mənası nəzərə alınmışdır... Deməli, quar // kuər // küər səsli, hayqıran, yanan ər - kişi deməkdir. Qədim hunlu «qu» // «ku» // «» // «küy»ü animistləşdirmək, canlılaşdırmaq üçün «ər» // «er» sözündən istifadə etmişdir».

Prof. M.Seyidov, bəzən tədqiqatlarında mifoloji obrazların adlarının etimologiyasının aparılması üsulunu nəzəri fikirlər şəklində əsaslandırıb.

İlkin AĞAYEV

Palitra.-2016.-15 iyun.-S.11.