“Bizdən
real iş gözləyənlər
var”
Naibə
Hacıyeva:
“Azərbaycan
hökumətinin diaspor siyasətinin
prioritetlərindən biri də vətənimizin
hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşımızın
formalaşması, vahid bir
amal ətrafında birləşdirilməsi
və Azərbaycan həqiqətlərinin təbliğ
olunmasıdır”
Diaspor fəaliyyəti çox çətin və məsuliyyətli işdir. Çünki hər hansı diaspor üzvü bu fəaliyyəti yad bir ölkədə edir və öz doğma yurdunu müxtəlif yollarla tanıdır. Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva da Almaniyada diaspor fəaliyyəti göstərir. Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində vətənə gələn N. Hacıyeva ilə həmsöhbət olduq.
-Qurultay
təəssüratlarınızı bilmək maraqlı
olardı?
-Dünya azərbaycanlılarının hər beş ildən bir qurultayının çağırılması diasporumuzun məsuliyyətini daha da artırır. Xaricdə yaşayan azərbaycanlıların bir yerə toplanması və onların bir-birlərini yaxından tanıması baxımından qurultayın böyük əhəmiyyəti var. Burada diasporla, eyni zamanda bu sahədəki problemlərin aradan qaldırılması yolları ilə bağlı müzakirə aparmaq çox önəmlidir. Biz, xaricdə yaşayan azərbaycanlıların əsas vəzifəsi Azərbaycanı tanıtmaqdır. Dünya azərbaycanlılarının təşkilatlanması, müstəqil Azərbaycan Respublikası ilə siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrin inkişaf etdirilməsi son dərəcə önəmli məsələlərdəndir. Bu gün Azərbaycan hökumətinin diaspor siyasətinin prioritetlərindən biri də vətənimizin hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşımızın formalaşması, vahid bir amal ətrafında birləşdirilməsi və Azərbaycan həqiqətlərinin təbliğ olunmasıdır. Cənab Prezident də Dünya Azərbaycanlılarının IV qurultayında çıxışında bizlərə bu göstərişi verdi və bildirdi ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları birləşməli və bir nöqtəyə vurmalıdır. Dövlət başçısının Qurultaydakı çıxışı diasporumuz üçün növbəti beş ilin proqramıdır. Alman-Azərbaycan Dostluq Cəmiyyəti olaraq biz də ölkə başçısının tapşırıq və tövsiyələrini canla-başla yerinə yetirəcəyik. Bütün diasporumuz ələ-ələ verməlidir. Həmrəy şəkildə öz fəaliyyətimizi aparmalıyıq.
-Diasporun
işinə verilən qiymətdən razısızmı?
-Diaspor nümayəndələrinin işinə və onların özlərinə vətəndə qiymət verilirsə, sayğı göstərilirsə, bu, diasporun məsuliyyətini daha da artırır. Elə bir neçə gün bundan öncə "Effektiv Cəmiyyət İnstitutu” İctimai Birliyinin dəstəyi, Diaspor Jurnalistləri Birliyinin təşkilatçılığı ilə xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün iftar süfrəsi verildi. Mən də oğlumla o görüşdə iştirak etdim. Biz orada süfrə arxasında səmimi söhbət, o cümlədən diasporla bağlı fikir mübadiləsi etdik. Bu görüş məndə və əminəm ki, orada iştirak edən digər diaspor nümayəndələrində də çox xoş təəssürat yaratdı. Bizlər bu cür göstərilən münasibəti çox yüksək qiymətləndiririk. Yaşadığımız ölkəyə qayıdandan sonra ikiqat artıq fəaliyyət göstəririk. Çünki fikirləşirik ki, bizdən real iş gözləyənlər var.
-Almaniyada
insan haqları necə qorunur?
-İnsan haqlarının qorunması ümumbəşəri işdir. Düzdür, hər bir ölkə kimi Almaniyada da insan haqlarının qorunması istiqamətindən işlər görülür. Amma bütün bunlar onların dedikləri qədər də deyil. Almaniya dövləti özünü dünyaya insan haqları ölkəsi kimi göstərir. Hansı ki, dedikləri ilə əməlləri üst-üstə düşmür. Bu gün Almaniyada qaçqınlara qarşı heç də birmənalı münasibət göstərilmir. Dövlət söz verdiyi qədər immiqrantlara yer vermir. Avropanın bir çox ölkələri kimi, Almaniyada da qəbul olunan qaçqınlar hərtərəfli təmin olunmayıblar. Onların sosial, psixoloji təminatını Almaniya dövləti istənilən səviyyədə etmir. Bunu yerli alman xalqı da deyir, eləcə də media da yazır.
Statistikaya görə,
hazırda 8500 qaçqın uşaq Almaniyada itkin düşüb. Ümumi
götürsək, Avropada, eləcə də
Almaniyada qaçqın problemini
həll edə bilmirlər.
Fuad Hüseynzadə
Palitra.-2016.-15 iyun.-S.7.