“Hər bir müəllim öz
üzərində işləməlidir”
Həcər Mahmudova:
“Məzunlardan
peşə təhsilinə də marağı olanlar
var”
Binəqədi rayonu 144 nömrəli tam orta məktəb 1978-ci il avqustun 30-dan fəaliyyətə
başlayıb. Məktəb Qarabağ
döyüşlərində qəhrəmancasına şəhid
olmuş məzun Namiq
Babayevin adını daşıyır. Məktəbin
direktoru Həcər Mahmudovanın dərs
ilinin yekunları ilə bağlı qəzetimizə
müsahibəsini təqdim edirik.
- Rəhbəri olduğunuz məktəbdə şagirdlərin
maraq və potensial
imkanları nə dərəcədə nəzərə
alınır?
-Məktəb ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatə edir ki, ibtidai təhsil səviyyəsi üzrə siniflərin sayı - 12, ümumi orta təhsil səviyyəsi üzrə siniflərin sayı - 12, tam orta təhsil səviyyəsi üzrə siniflərin sayı - 4 olmaqla, məktəb üzrə ümumilikdə 28 sinifdə 694 şagird təhsil alır. Təhsil müəssisəsində 68 pedaqoji işçi çalışır ki, onlar da şagirdlərin maraq və potensial imkanlarını, fərdi xüsusiyyətlərini nəzərə almaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil həyatda səmərəli təhsil və əmək fəaliyyətinə hazırlanmasını təmin etmək üçün bilik və bacarıqlarını əsirgəmirlər və onların birgə səyi nəticəsində təlim-tərbiyə prosesi dövlət standartlarına uyğun hazırlanmış müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir. İbtidai təhsil səviyyəsində şagirdlərə oxu, yazı, hesablama, ünsiyyət bacarıqları aşılanır, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, xarici dildə sadə ünsiyyət bacarıqları və məntiqi təfəkkür elementləri, estetik zövq, sadə tətbiqi bacarıq və vərdişlər formalaşdırılır. Ümumi orta təhsil səviyyəsi üzrə şagirdlərin yazılı və şifahi nitq inkişafının, idrak fəaliyyətinin gücləndirilməsi məqsədilə məktəbdə bilik yarışları, qiraət müsabiqələri təşkil edilir, yüksək nəticə əldə etmiş şagirdlər dəyərləndirilir. Eyni zamanda ölkənin tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti barədə təsəvvürlərin genişləndirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və digər bu kimi keyfiyyətlərin formalaşdırılması məqsədilə nəinki məktəb kitabxanası, eyni zamanda F.Köçərli adına mərkəzi uşaq kitabxanası, şəhərin diyarşünaslıq muzeyləri ilə müntəzəm əməkdaşlıq edilir.
- Məktəbdə
hansı tədbirlər keçirilir?
-Məktəbdə şagirdlərin iştirakı ilə təşkil edilən tədbirlərə yalnız məktəb kollektivi deyil, həmçinin valideynlər, təhsil idarəsinin, icra strukturlarının əməkdaşları da dəvət olunur, tez-tez onlarla məktəbdə görüş təşkil olunur. Məktəbdə şagirdlərin meyil və marağına uyğun dərnək və məşğələlərin təşkilinə, onların milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə, habelə psixoloji cəhətdən gərgin ailə mühitində böyüyən uşaqlarla iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə xüsusi diqqət yetirilir. Tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil olunur ki, bu səviyyədə tədris edən müəllimlər yüksək potensiala malikdirlər. Onlar daim öz üzərlərində çalışır, ixtisasının artırılması istiqamətində mütəmadi olaraq müxtəlif maarifləndirici kurslara qatılırlar. Məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını, pedaqoji işçilərin yaradıcı və təşəbbüskar fəaliyyəti, müasir pedaqoji innovasiyaların tətbiqi üçün hərtərəfli şəraitin yaradılmasını təmin edilməsi hər zaman diqqət mərkəzində saxlanılır. Məktəbin maddi-tədris bazasının möhkəmləndirilməsi məqsədilə məktəbdə müxtəlif fənn kabinetləri: fizika kabineti, müasir kompüterlər və internet xidməti ilə təmin edilmiş informatika kabineti, kimya laboratoriyası yaradılıb. Məktəbin geniş idman zalı vardır ki, şagirdlər həvəslə orada müxtəlif idman yarışları və oyunlarına qatılırlar. Şagirdlərin asudə vaxtlarında qiraətlə məşğul olması məqsədilə müxtəlif ensiklopediyalar, jurnallar və kitablarla zəngin məktəb kitabxanası fəaliyyət göstərir. Bundan başqa, səliqəli və geniş akt zalı vardır ki, burada tədbirlərin təşkil olunması üçün lazımi şərait yaradılıb.
- Ötən il məzunlar hansı nəticəni göstərdilər?
- Ümumilikdə məktəb məzunlarının 25 nəfəri 6 qızıl və 19 gümüş olmaqla, medallara layiq görülüb. Fəxrlə qeyd etmək olar ki, məktəbin məzunlarından 102 nəfəri ölkədə keçirilən qəbul imtahanlarında 500 baldan yüksək bal toplayıb ki, onlardan 6 nəfəri 650 baldan yuxarı, 21 nəfəri 600-650 bal arası, 42 nəfəri 550-600 bal arası, 39 nəfəri isə 500-550 bal toplayaraq müxtəlif ali məktəblərə qəbul olublar. Sevindirici haldır ki, bu məzunların sorağı vətənimizin, eləcə də xarici ölkələrin yüksək idarəetmə orqanlarından gəlir.
- Məktəbin
şagirdləri müsabiqələrdə iştirak
edirlərmi?
- “Gələcək nəsillərlə üz-üzə” beynəlxalq layihəsinə məktəbin 8 şagirdi qatılmışdı. Azərbaycanla Meksikanın birgə keçirdiyi bu layihəyə 15 qlobal problem müzakirəyə çıxarılmışdı. Respublika üzrə 8 şagirdimizdən 2-si (Nəzrin Zeynalova və Toğrul Məmmədov) bu müsabiqədə yer tutdular. Nəzrin Zeynalovanın mövzusu “Sağlamlığa təhlükə”, Toğrul Məmmədovda isə “Qlobal etika” mövzusu idi.
Həmçinin 8-ci sinif şagirdləri 12 iyun Kosmonavtika Günü ilə bağlı respublika səviyyəsində keçirilən müsabiqəyə qatılıb yer tutmuşdular.
Məntiq Olimpiadasına 5-6-cı sinif şagirdlərimiz qatılıblar. Burada da 8 şagirdimizdən 6-sı İştirakçı sertifikatı ilə təltif olundular. 2 şagirdimiz (Aygül Şirəliyeva və Eldar Xancanov) isə yer tutdular. Daha sonra şagirdlərimiz İnformatika fənni üzrə olimpidaya qatılıb yer tutublar. Eyni zamanda Tarix fənni üzrə müsabiqələrdə şagirdlərimiz qalib olublar. Yeri gəlmişkən, iyunun 2-də məktəbdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Azərbaycanın böyük dövlət xadimi - Həsən Padşah” mövzusunda elmi-praktik konfrans keçirildi. Bu layihədə də şagirdlərimizin əksəriyyəti yer tutdular. “Gənc fiziklər” müsabiqəsində də şagirdlərimiz respublika səviyyəsinə qədər gedib çıxa bildilər.
Bununla yanaşı, idman sahəsində də xeyli uğurlarımız var. Şagirdlərimiz müxtəlif idman yarışlarında iştirak edib qalib olublar. Ümumi olaraq Təhsil Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Binəqədi Rayon İcra Hakimiyyətinin və digər qurumların keçirdiyi tədbirlərdə məktəbimiz mütəmadi olaraq iştirak edirlər.
- Müəllimlərin
təkmilləşmə prosesi necə gedir?
-Əlbəttə ki, hər bir müəllim öz üzərində işləməlidir. Amma bununla yanaşı, müəllimlərimiz tez-tez təlimlərdə olurlar. İlin əvvəlində, dərsə başlamazdan öncə öz İKT bacarıqlarını daha da artırmaq üçün məktəbin 45 müəllimi “İnteraktiv lövhələrin tədrisdə tətbiqi” mövzusunda kursdan keçdi. Bu kurs Təhsil Nazirliyinin xətti ilə elə məktəbin özündə təşkil olunmuşdu. Ehtiyacı olanlar və ya indiyə qədər kursdan keçməyənlər fənn kurikulumlarına göndərildi. Hətta tətillərdə də məktəbin müəllimləri bekar dayanmadılar. Belə ki, noyabr tətilində müəllimlərimiz “ADA” Universitetində keçirilən 4-K təlimində iştirak etdilər. Bununla yanaşı, Təməl layihəsinə ibtidai sinif müəllimlərimiz qatıldılar.
- Tədrisdə valideyn dəstəyinə nə dərəcə
ehtiyac var?
-Əvvəla, istər müəllim, istərsə valideyn olsun, hər biri şagirdin səviyyəsinə enməlidir. Mən heç vaxt demirəm ki, pis şagird var. Pis şagird yoxdur. Valideyn və müəllim şagirdə düzgün münasibət göstərməlidir. Əgər evdə valideyn nəzarəti, dəstəyi yoxdursa, uşaqda boşluq yaranır. Belə olanda da təhsilin effektiv nəticəsini almaq olmur. Valideyn, şagird, müəllim-bunun ikisi varsa, üçüncü yoxdursa, yenə də bir tərəfi çatışmır.
- Hər “Son zəng” keçirəndə siz hansı hislər yaşayırsız?
- İyunun 14-də 144 nömrəli tam orta məktəbində də 11-ci sinfi bitirən şagirdlər üçün “Son zəng” çalındı. "Son zəng" zamanı şagirdlərlə bərabər, biz müəllimlərdə də yaxşı mənada həyəcan olur. Çünki özümüzün "Son zəng"imiz yadımıza düşür, həm də sanki yuvadan balalar uçur. Şagirdlər bizdən ayrılmaq istəmədiyi kimi, biz də onlardan ayrılmaq istəmirik. Hər bir şagirdin özünə görə yaxşı xüsusiyyəti var. Onların arasında sabahın ən yaxşı alimi, həkimi, jurnalisti, politoloqu, proqramçısı və s. olacaq.
- Sizin
məktəbdən bu il
neçə şagird məzun oldu?
-Bu il bizim
məktəbdən 11-ci sinfi
41 şagird bitirdi. 9-culardan isə 48 şagirddir. 11-ci sinfi
bitirənlərdən də
təxminən 60 faizi
ali məktəbə
sənəd verəcək.
Qeyd edim ki, məzunlardan
peşə təhsilinə
də marağı olanlar var. İnşallah, bütün məzunlardan yüksək nəticə
gözləyirik. Fürsətdən istifadə edib bütün məzunlarımızı
bir daha təbrik edir, onlara yeni müstəqillik
yolunda uğurlar arzu edirəm.
Fuad Hüseynzadə
Palitra.-2016.-17 iyun.-S.11.