“Fəxrlə deyə bilərəm ki, bu gün
mənim istedadlı tələbələrim var”
“Müəllim dərs dediyi sahəni
həvəslə, yüksək səviyyədə
qurmağı bacararsa, o zaman istənilən nəticə
çox asanlıqla əldə oluna
bilər”
Layihə çərçivəsində
müsahibimiz Naxçıvan Dövlət
Universitetinin müəllimi, Pedaqoji fakültədə elmi
işlər üzrə dekan müavini, elmi katib, filologiya üzrə
fəlsəfə doktoru, dosent
Mehriban Quliyevadır:
- 2008- ci ildə "Əhməd Cəfəroğlunun dilçilik görüşləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişəm. Hazırda filologiya üzrə elmlər doktoru elmi dərəcəni almaq üçün "XIX əsr - XX əsrin əvvəlləri Naxçıvan ədəbi mühiti nümayəndələrinin yaradıcılığında bədii dil xüsusiyyətləri" mövzusu üzərində işləyirəm. Hər iki işimdə elmi rəhbər filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərovdur. "Professor Əhməd Cəfəroğlunun dilçilik gorüşləri", " Əhməd Cəfəroğlunun türk dili tarixi ilə bağlı görüşləri", " Kiçik yaşlı məktəblilərin nitq mədəniyyəti və nitq inkişafı məsələləri" adlı kitablarım işıq üzü görüb.
-Mehriban xanım bu gün gənclərin filologiyaya münasibətini necə qiymətləndirirsiniz?
- Gənclərin filologiyaya münasibətini artırmaq, onlarda maraq yaratmaq, əlbəttə ki, filoloji mühitdən çox asılıdır. Bu gün universitetimiz bu məsələyə çox həssas münasibət göstərir. Belə ki, universitetimizdə keçirilən beynəlxalq konfranslar, disputlar, dəyirmi masalar və eyni zamanda bunların televiziyada işıqlandırılması gənclərimizdə bu sahəyə marağı artırır. Bundan başqa, Tələbə elmi cəmiyyətinin fəaliyyəti də çox təqdirəlayiqdir. Gənclər seçdikləri mövzular üzərində həvəslə işləyir, respublika konfranslarında yer tutmaq üçün çox ciddi çalışırlar.
Pedaqoji təcrübəmə əsaslanıb onu deyə bilərəm ki, hər hansı bir sahəyə tələbədə maraq yaratmaq vəzifəsi müəllimin üzərinə düşür. Müəllim dərs dediyi sahəni həvəslə, yüksək səviyyədə qurmağı bacararsa, o zaman istənilən nəticə çox asanlıqla əldə oluna bilər. Hər şeydən öncə, pedaqoji ustalıq, gözəl natiqlik mədəniyyəti müəllimin köməyinə gəlir. Bakalavrda təhsil alan tələbələri elmə həvəsləndirmək, onları gələcəkdə elm adamı olmağa yönləndirmək üçün magistraturaya, magistraturada təhsil alan tələbəni isə elmi kitab yazmağa, elmi fəaliyyət göstərməyə istiqamətləndirmək məqsədilə uca dağları təpə kimi göstərib ruhlandırmaq müəllimin vəzifəsinə çevrilməlidir. Onu fəxrlə deyə bilərəm ki, bu gün mənim istedadlı tələbələrim var, onlar bu sahəyə maraq göstərirlər.
-Universitetinizdə
bu sahənin tədrisi, təbliği
istiqamətində hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?
- Universitetimizdə gözəl
elmi şərait yaradılıb. “Elektron
universitet” layihəsinin
həyata keçirilməsi,
semestr imtahanlarının
elektron test üsulu ilə keçirilməsi,
Cənubi Koreya Beynəlxalq Əməkdaşlıq
Agentliyi (KOİCA) ilə
birgə “Naxçıvan
Dövlət Universiteti
üçün elektron
təhsil şəbəkəsi
və rəqəmsal
multimedia infrastrukturunun yaradılması”
layihəsinin uğurla
həyata keçirilməsi,
beynəlxalq videokonfrans
və onlayn dərslərin təşkili
bu istiqamətdə görülən işlərdəndir.
Naxçıvan Dövlət Universitetində
tələbələrimizin elmi-tədqiqat işlərinin
təşkili və əlaqələndirilməsi vəzifələrini
Tələbə Elmi Cəmiyyəti (TEC) yerinə
yetirir. Tələbə Elmi Cəmiyyəti
sabahın gənc tədqiqatçılarının həqiqi axtarış və yaradıcılıq
məktəbidir. Eyni zamanda,
bu cəmiyyət istedadlı və bacarıqlı tələbələrin
üzə çıxarılmasında
mühüm rol oynayır. Bu elmi arena tələbələrin
nə qədər bilikli, bacarıqlı, elmə bağlı olmalarını nümayiş
etdirmələri baxımından
çox önəmlidir.
Hər tədris ilinin başlanğıcında bütün
fakültələrdə, xüsusən,
birinci kurslara TEC haqqında məlumat verilir. Fakültə TEC sədrləri və üzvləri seçilir, fəaliyyətə
başlanılır. Müxtəlif mövzular seçilərək
tələbələrə verilir. Naxçıvan Muxtar Respublikasının
tarixi, coğrafiyası,
təbiəti, incəsənəti,
görkəmli şəxsiyyətləri
haqqında mövzuların
verilməsinə üstünlük
verilir. Hər tələbənin elmi rəhbəri vardır. Tədris ilinin sonuna kimi tələbələr
öz elmi işi üzərində çalışır, araşdırmalar
aparır. Tədris ilinin
sonuna yaxın fakültələrdə yekun
konfranslar keçirilir.
Daha bacarıqlı tələbələr
seçilərək universitet
turuna buraxılırlar.
Universitet turunda tələbələrin
işlərindən ibarət
yaradıcılıq sərgisi
də nümayiş etdirilir. Burada ən layiqli
tələbələr qalib
çıxaraq müvafiq
diplomlar və hədiyyələrlə təltif
olunurlar. Qaliblər Azərbaycan
Respublikası Təhsil
Nazirliyinin keçirdiyi
tələbə elmi konfranslarında iştirak
etmək hüququ qazanırlar.
-Sizin bu sahədə
dərslikləriniz var. Ümumiyyətlə,
hazırda bu sahədə dərslik problemi varmı?
- Mən Azərbaycan
dili və nitq mədəniyyəti fənnini tədris edirəm. Xatırladım ki, bir ildir ki, bu
fənn bütün ixtisaslarda tədris olunur. Bu sahə ilə bağlı çoxlu sayda kitablar var. Universitetimizin müəllimlərindən də
Azərbaycan dili və nitq mədəniyyəti
haqqında dərslik yazanlar var. Nitq mədəniyyətini düzgün
inkişaf etdirmək işinin vacibliyini kiçik yaşlarından
möhkəmləndirməyin vacib olduğunu düşündüyüm üçün
Təhsil Nazirliyinin qrifi əsasında "Kiçikyaşlı məktəblilərin
nitq mədəniyyəti
və nitq inkişafı məsələləri"
mövzusunda metodik vəsait hazırladım.
Hər kəsin cəmiyyətdə, insanlar arasında, yığıncaqlarda, müxtəlif məclislərdə, ailədə müəyyən ölçülərə sığan, ümumi davranış normalarına tabe olan hərəkət mədəniyyəti də olmalıdır. Bilindiyi kimi, dilin bütün sahələrində - fonetik sistemində, lüğət tərkibində, qrammatik quruluşunda daxili qanunlar əsasında müəyyənləşmiş normalar var. İnsanların həmin normalara yiyələnməsi və gündəlik ünsiyyətində ona əməl etməsi nitq mədəniyyətidir. Əlbəttə, fonetik tələffüz, leksik, qrammatik normalara bələd olmaq vacibdir. Nitqin gözəlliyi normalara formal əməl olunmasında da deyil. Nitqin məzmunu gözəl olmalı, danışıq aydın və dinləyənin, ya dinləyənlərin səviyyəsinə uyğun gəlməli, anlaşılmalıdır. Birisi geniş çıxışında məzmuna uyğun olaraq intonasiyasını yerli - yerində dəyişməklə dinləyicilərin diqqətini cəlb edir, onları yorulmağa qoymur - bu, nitqin gözəlliyidir. Bəzən natiqliklə nitq mədəniyyətini eyniləşdirirlər. Hər kəs nitqini tərbiyə edə bilər, lakin hamı natiq ola bilməz. Ancaq hər kəs nitqini tərbiyə etməyə, normaları öyrənməyə çalışmalıdır. Ədəbi dilə yiyələnməyin özü nitq mədəniyyətinə sahib olmağa çalışmaqdır. Təsadüfi deyil ki, bir sıra Avropa xalqlarında “ədəbi dil” adlandırdığımız anlayışa “mədəni dil”, “mədəniyyət dili” deyirlər. Yəni nitqin mədəniliyi dilin - danışığın gözəlliyi bütövlükdə millətin mədəniyyətinin tərkib hissəsidir. Biz müəllimlərin işi bu sahəyə marağı artırmaq, tələbələri mütaliəyə həvəsləndirmək, zövqlərinə uyğun kitabın oxunmasına köməklik göstərmək olmalıdır.
-Gənc müəllimlərin
fəaliyyətini necə qiymətləndirirsiniz?
- Auditoriya
qarşısında öz məsuliyyətini
dərk edən müəllim mütləq öz
üzərində işləməlidir. Xüsusilə gənc
müəllimlər yaxşı nəticə əldə etmək
üçün daim
axtarışda olmalıdır. Yeniliyi təqib
etməli, dərsi KİV-lərin köməyi ilə düzgün qurmağı bacarmalıdır. Bu gün gənc müəllimlərimiz
açıq dərslər keçirməyi, dərslərin
müzakirəsinə obyektiv münasibət
göstərməlidirlər. Açıq dərslər təlim
işində təcrübə mübadiləsinə kömək
edən vasitə kimi ən yaxşı dərs
nümunələrini yaymaq məqsədi
daşıyır. Digər tərəfdən, müəllimləri
öz işinə tənqidi nəzərlə
yanaşmağa sövq
edir və onları başqalarının
qabaqcıl təcrübəsini öyrənməyə istiqamətləndirir.
Açıq dərslər pedaqoji kollektivin təlim işinə, metodik
həyatına yeni ab-hava,
təravət gətirməli, onun
canlanmasına səbəb olmalıdır. Belə dərslərin
gənc müəllimlər üçün,
xüsusilə böyük əhəmiyyəti
var. Sevindirici
haldır ki, universitetimizdə
yaradıcı, pedaqoji fəaliyyəti düzgün qurmağı bacaran
gənc müəllimlər çoxdur.
Nigar Abdullayeva
Palitra.-2016.-21 iyun.-S.11.