“Ölkədə yaşayan xalqların
bir-birinə münasibətində heç bir problem yoxdur”
Əhməd
Abbasbəyli:
“Respondentlərin
çoxu hesab edir ki, ətrafdakı münasibətlər
müxtəlif millətlərdən olan vətəndaşlarımızın
ünsiyyətinə, bir-birinə qarşı olan
davranışına təsir etməyib”
Tolerantlıq və multikulturalizm anlayışları Azərbaycan üçün heç də yad deyil. Azərbaycan xalqı praktiki olaraq öz yaşayışında bu dəyərlərə hər zaman yer verib. Bununla yanaşı, bu dəyərlər istər alimlər, istərsə də vətəndaş cəmiyyəti tərəfindən öyrənilib araşdırılır. Elə son belə bir araşdırmanı “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi German Marşal Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində apararaq maraqlı nəticələr əldə edib. Tədqiqat zamanı ölkədə və regionda millətlərarası münasibətlərin vəziyyəti, xalqlar, ayrı-ayrı qruplar arasında etimad səviyyəsi və bu sahədə olan problemlərin səbəbləri öyrənilib. “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli bu tədqiqat işi ilə bağlı qəzetimizə
müsahibə verib.
-Belə bir tədqiqat işinin
aparılması nə dərəcədə önəmlidir?
-Azərbaycanda
multikultural dəyərlərə hər zaman önəm
verilib. Xalqımız digər millətlərin
nümayəndələrinə də tolerant münasibət
göstərib. Biz tədqiqat zamanı bunun
bir daha şahidi olduq. Elə
araşdırmanın əsas məqsədlərindən biri də
beynəlxalq aləmə bunu nümayiş etdirməkdir.
Layihə məhz əhalinin müxtəlif təbəqələri
arasında tədqiqat işi aparmaq, məsələyə
münasibətdə real vəziyyəti öyrənmək,
analitik sənədlər hazırlamaq, bu istiqamətdə
maarifləndirmə işləri aparmaqdır. Əminik
ki, layihə, ilk növbədə ölkədə Azərbaycan
xalqının dinindən, dilindən, milli mənsubiyyətindən
asılı olmayaraq müxtəlif qrupları (rusdilli əhali,
etnik azlıqlar və s.) arasında etimadın
artırılması baxımından, həmçinin ciddi
problemlərin vaxtında qarşısının
alınması, beynəlxalq əlaqələrin genişləndirilməsi,
təcrübə mübadiləsi, xalqlar arasında
separatçılıq toxumu səpmək siyasətinin,
qonşu dövlətlərdə sabitliyi pozmaq cəhdlərinin
qarşısını almaq baxımından əhəmiyyətli
və səmərəli təşəbbüsdür. Məhz bu mənada tədbirlərin həyata
keçirilməsi və bu prosesdə vətəndaşların
fəal iştirakı vacibdir. Tədqiqat
German Marşal Fondunun maliyyə dəstəyi ilə həyata
keçirilən layihə çərçivəsində
aparılıb. Sorğu bütövlükdə Bakı,
Quba, Qusar, Xaçmaz, Lənkəran və Masallı şəhərlərində,
eləcə də ətraf qəsəbə və kəndlərdə
həyata keçirilib və cəmi 857 respondenti əhatə
edib. Sorğular eyni ərazidə bütün vətəndaşlar
arasında, eyni zamanda həmin ərazilərdə fəaliyyət
göstərən dövlət orqanları, ictimai təşkilatlar,
biznes qurumları və s. arasında aparılıb. Lakin burada vacib bir nüans etnik mütənasibliyin
qorunması olub. Layihənin həyata
keçirildiyi ərazilərdə yaşayan digər
xalqların təmsilçiliyi təmin edilib. Eyni məsələyə bütün tərəflərin
münasibətinin öyrənilməsi və obyektiv nəticənin
ortaya qoyulması əsas məqsədlərdən idi. Bunun üçün anket tərtib edilib, respondentlərə
paylanıb. Sorğuda Azərbaycan Respublikasının
bütün vətəndaşları- azərbaycanlılar (Azərbaycan
türkləri), talışlar, ləzgilər, ruslar,
ukraynalılar, tatlar və s. iştirak ediblər. Sorğuda
iştirak edənlərin 64,35% kişi,
39,71%-i qadın idi. Respondentlər əsasən,
18-55 yaşlı insanlar idilər.
-Araşdırmanın nəticəsində
əhalinin başqa xalqların, millətlərin nümayəndələrinə
münasibətinin necə olduğu ortaya çıxdı?
-Apardığımız
tədqiqat işinin nəticəsindən aydın olur ki, bu
günə ölkədə millətlərarası münasibət,
ölkədə yaşayan xalqların, millətlərin
nümayəndələrinin bir-birinə münasibətini
ümumilikdə qənaətbəxş hesab etmək olar. Sorğuda
iştirak edən vətəndaşlarımızın 43,49%-nin məsələyə münasibəti
birmənalı olaraq müsbətdir, yəni onlar
üçün, ümumiyyətlə, ya milli mənsubiyyət
əhəmiyyət kəsb etmir (14,38%), ya da digər millətlərin
nümayəndələrinə münasibəti
yaxşıdır (29,11%). Sorğu iştirakçılarının
44,54%-i də, əslində, digər millətlərə
münasibətinin pis olmadığını qeyd edir, lakin
müəyyən şərtlərlə, yəni 8,35%-i hesab
edir ki, digər millətlərin nümayəndələrinə
münasibət “pis deyil, amma onlarla dostluq etmərəm”, bu
yanaşmanı da, sırf subyektiv münasibət kimi, yəni
milli münasibətlər baxımından deyil, şəxsi
münasibətlər zəminindən dəyərləndirmək
olar. 36,19%-nin isə “baxır, hansı millətin
nümayəndəsidir” fikrini, ölkədə son baş verən
hadisələr və torpaqlarımızı işğala məruz
qoymuş, minlərlə həmvətənlərimizin qatili
olan məlum xalqa (erməni) olan münasibətlə izah etmək
lazımdır. Bunu bəzi anketlərlə,
respondentlərin qeydləri də sübut edir. Hətta
sorğu anketinin sonuncu “digər, qeyd edin” qrafasındakı
qeydlərin (1,79%) əksəriyyəti
(1,16%) məhz bu xalqı məxsusi olaraq qeyd ediblər. Nəticələrin
təhlilindən göründüyü kimi, sorğuda
iştirak edən həmvətənlərimizin yalnız 9,62%-i digər millətlərin nümayəndələrinə
birmənalı olaraq mənfi münasibət göstərirlər.
Əslində, müasir dövrdə,
bütün dünyada, o cümlədən regionda milli, dini
münasibətlərin pisləşdiyi, ətrafda bu zəmində
münaqişələrin artdığı bir dövrdə
ölkəmizdə yaşayan xalqların bir-birinə,
qonşu millətlərin, xalqların nümayəndələrinə
(digər dövlətlərin vətəndaşlarına) bu
cür münasibəti, ən azı təqdirəlayiqdir.
-İnsanlar üçün
şəxsi münasibətlərdə milli mənsubiyyət
nə dərəcədə əhəmiyyət kəsb edir?
-Bu
baxımdan maraqlı nəticələr hasil oldu. Belə ki,
sorğuda iştirak edən respondentlərin 35,72%-i
üçün şəxsi münasibətlərdə milli
mənsubiyyətin, ümumiyyətlə, heç bir əhəmiyyəti
yoxdur (bunlardan 6,84%-i, ümumiyyətlə, bu barədə
düşünmədiklərini vurğulayırlar), 19,37%-i
üçün yenə də bu münasibət şəxsi
məhz hansı millətə aid olmasından
asılıdır ki, bunun da səbəbi əvvəlki
sualın təhlilində izah etmişdik. Yəni
bu cavabı verənlər, əslində, yalnız bir
xalqın nümayəndələri istisna olmaqla bütün
xalqlara münasibəti müsbətdir.
-Ümumiyyətlə, ölkədə
millətlərarası münasibətləri necə qiymətləndirdilər?
-
Sorğuda iştirak edən vətəndaşlarımız
hesab edir ki, ölkədə bu sahədə elə bir ciddi
problem yoxdur. Çox ehtimal ki, respondentlər bu
münasibətdə Azərbaycanın vətəndaşları
hesab olunan ermənilərlə olan münaqişəni nəzərə
almayıblar. Sovet dönəmindən qalan
bu münaqişə uzun müddət davam etdiyindən və
bir sıra başqa dövlətlərin də bu və digər
formada iştirakçısı olduğu bu münaqişə
ölkədaxili problem olmaqdan çıxıb. Bu mənada sorğu iştirakçıları bunu
ölkədaxili millətlərarası münasibət kimi
qiymətləndirməməsi başa düşüləndir.
Beləliklə, qeyd edildiyi kimi, bu sualın nəticələrindən
aydın olur ki, respondentlərin 79,34%-i
ölkədə millətlərarası münasibətlərin
ümumən yaxşı olduğunu, ciddi bir problemlərin
olmadığını bildirib. Amma bu cür düşünənlərin
arasında yanaşma tərzinə görə ciddi fərqlər
var. Yəni, bunlardan 11,95% - i hesab edir ki, hər şey “əladır,
hətta Azərbaycan bu baxımdan nümunə ola bilər”,
33,17% vəziyyəti “normal” qiymətləndirir, 14,73%-i “müəyyən
problemlərin olduğunu bildirsə də, bunun ciddi mahiyyət
daşımadığını, həll oluna biləcəyinə”
inanır, ən maraqlı yanaşma isə sorğu
iştirakçılarının 19,49%-nə aiddir ki, onlar
düşünürlər ki, “əslində, heç bir
problem yoxdur, amma bəzi xarici qüvvələr təfriqələr
salmağa, ölkədə xalqlar arasında gərginlik
yaratmağa çalışırlar ”. Lakin ümumilikdə
sorğuda iştirak edən vətəndaşlarımızın
16,57%-i hesab edir ki, ölkədə bu sahədə ciddi
problemlər var. Bunlardan da 5,45%-i “Azərbaycanda milli
azlıqların hüquqlarının pozulduğunu” bildirsə,
6,02%-i isə, əksinə, “milli azlıqların daha çox
imtiyazlardan və imkanlardan istifadə etdiyini” qeyd ediblər.
Sorğu iştirakçılarının 3,48%-i
bu barədə heç bir məlumatı
olmadığını bildirib. İstənilən halda, bu nəticələr,
həqiqətən də, bu sahədə milli, dini
dözümlülük ənənəsi olan Azərbaycanda, əsrlər
boyu birgə yaşamış, artıq
qaynayıb-qarışmış xalqların bu gün də
bir-birinə isti, səmimi münasibətlərini hələ
də qoruyub saxladıqlarını sübut edir.
-Bəs regionda, o cümlədən
postsovet məkanında millətlərarası münasibəti
necə qiymətləndirdilər?
-Regionda, ələlxüsus
da postsovet məkanında millətlərarası vəziyyətlə
bağlı münasibətin öyrənilməsi maraqlı nəticələr
ortaya qoydu. Belə ki, sorğuda iştirak edənlərin
böyük əksəriyyəti -72,5%-i hesab edir ki, regionda
millətlərarası münasibətlə bağlı vəziyyət
həddən artıq pisdir, hətta bunlardan 37,47%-i
düşünür ki, bu ərazidə xalqlar, demək olar
ki, bir-birinə düşməndir. Yalnız respondentlərin
9,62%-nin məsələyə münasibəti
nisbətən nikbindir. 14,27% hesab edir ki,
“indi hər yerdə vəziyyət pisdir” və 3,075 faiz isə
bu barədə nə isə deməyə çətinlik
çəkir. Göründüyü kim,i
ölkə əhalisinin əksəriyyəti ölkədəki
vəziyyətdən fərqli olaraq, regiondakı vəziyyətə
heç də optimist yanaşmırlar. Müqayisə
üçün əvvəlki nəticələrdən
göründüyü kimi, əgər respondentlərin
79,34%-i Azərbaycanda millətlərarası münasibətlərin
ümumən yaxşı olduğunu bildirsələr də, əksinə,
sorğu iştirakçılarının 72,5%-nin eyni məsələ
ilə bağlı regiondakı vəziyyətə münasibəti
neqativdir. Heç şübhəsiz ki, bu nəticələrə
Azərbaycanın Ermənistanla cəlb edildiyi münaqişə,
qonşu Gürcüstanın problemləri, Ukraynadakı son
hadisələr və s. öz təsirini göstərib. Yəni
sorğuda iştirak edən vətəndaşlarımızın
çoxu hesab edir ki, ətrafda nə qədər münasibətlər
pis olsa da, düşmənçiliklər, müharibələr
getsə də, bu, ölkə daxilindəki münasibətlərə,
müxtəlif millətlərdən olan vətəndaşlarımızın
ünsiyyətinə, bir-birinə qarşı olan
davranışına təsir etməyib, edibsə də, hiss
olunacaq dərəcədə olmayıb.
-Postsovet məkanında baş
vermiş milli münaqişələrin, separatizmin
yaranmasının səbəblərini əhali nədə
görür?
-Bu
sualın cavablarına istinad edərək belə fikir söyləmək
olar ki, sorğuda iştirak edənlərin böyük bir hissəsi
(70,29%) postsovet məkanında baş
vermiş milli münaqişələrin, separatizmin
yaranmasının səbəblərinin daha çox
münaqişədə iştirak edən dövlətlərin,
xalqların iradəsindən kənar faktorlardan asılı
olduğuna inanırlar. Bu cür düşünənlərin
də 25,64%-i bunu daha çox SSRİ-dən
miras qalmış problemlərlə izah edir. Lakin sorğu
iştirakçılarının 44,65%-i bu problemlərin
fövqəlgüclər tərəfindən idarə
olunduğunu, imperiya və ya böyük dövlətlərin
maraqlarına uyğun gəldiyini düşünür (29,69%
hesab edir ki, baş vermiş milli münaqişələrin,
separatizmin yaranmasının səbəbləri “region dövlətlərini
təsir altında saxlamaq istəyindən” irəli gəlir,
14,96%-i isə bunun “parçala, hökm sür” siyasəti, təfriqəçi,
qızışdırıcı siyasətinin nəticəsi
hesab edir). Bu problemləri münaqişə tərəfləri
olan region dövlətlərinin, xalqlarının
ayağına yazanların (17,51%) isə 12,29%-i buna “yeni
yaranmış dövlətlərin ambisiyaları,
psevdopatriotizm ideyalarının”, 5,22%-i “etnik azlıqların
diskriminasiyaya uğramaları”nın səbəb olduğunu
düşünür. Sorğu
iştirakçılarının 6,61%-i anket sorğusunda
qoyulmuş bu sualın cavabını “daha çox iqtisadi və
maliyyə maraqlarında” axtarırlar, respondentlərin 4,98%-i
isə bu məsələyə fərqli yanaşmağa
çalışıb, problemin səbəbini müxtəlif
yerlərə yozmağa cəhd ediblər.
-Digər millətlərlə
münasibətləri yaxşılaşdırmaq
üçün hansı üsullardan istifadə etmək
lazımdır?
-Aparılan
sosioloji-tədqiqat işinin nəticəsi olaraq,
araşdırılan problemin aradan qaldırılması
üçün mümkün yollar axtarmaq, buna münasibəti
öyrənmək vacib məsələlərdən biri idi. Anket sorğusuna salınmış suallardan biri də
məhz bu məqsədi daşıyırdı. Bu suala verilən cavablar diqqəti cəlb edir.
Nəticələrdən aydın olur ki, sorğuda iştirak
edən vətəndaşların böyük əksəriyyəti
(87,58%) millətlərlə münasibətləri
yaxşılaşdırmaq üçün ən vacib amil
“status-kvonun bərpa olunmasını və işğal
olunmuş torpaqların azad olunması”nı qeyd edirlər. Yəni
sorğu iştirakçıları bu məqsədə nail
olmaq üçün, eyni zamanda digər üsullardan istifadə
etməyi təklif etsələr də, bu amilin həlledici
faktor olduğuna əmindirlər. Başqa sözlə,
respondentlər millətlərlə münasibətləri
yaxşılaşdırmaq üçün, “status-kvonun bərpa
olunması və işğal olunmuş torpaqların azad
olunması” ilə yanaşı, 17,86%-i “xalqlar arasında
ünsiyyətin genişləndirilməsi”nin, 11,02%-i
“sosial-iqtisadi inteqrasiya”nın, 11,95%-i “dövlətlərarası
münasibətlərin
yaxşılaşdırlması”nı, 20,99%-i “mövcud
konfliktlərin sülh yolu həll edilməsi”nin, 40,72%-i
“münasibətlərə kənar müdaxilələrin
qarşısının alınması”nın, 50,23%-i isə
“beynəlxalq qurumların, fövqəldövlətlərin bu
məsələyə ciddi təsiri”nin daha səmərəli
olacağını düşünür. Sorğuda
iştirak edənlərin 8,81%-isə fərqli mövqe sərgiləməyə
çalışıb.
Fuad Hüseynzadə
Palitra.-2016.-22 iyun.-S.7.