Modern iqtisadiyyatla
gələcəyə doğru
Davamlı və sürətli inkişafı ilə dinamik yüksələn vəziyyətin təminatına çevrilən Naxçıvan Muxtar Respublikası ötən hər bir ili güclü artım potensialı ilə geridə qoymaqdadır. Yeni-yeni sahələrin inkişaf istiqamətlərinin müəyyən edilməsi, mövcud olanların isə daha da təkmilləşdirilməsi, strukturunun təşkilatlandırılması və s. kimi məsələlərə geniş diqqətin göstərilməsi burada keyfiyyət irəliləyişlərinin əsaslarını müəyyən etdi.
Pozitiv inkişaf meyillərinin ölkəmizdə hökmran olması, bunun isə sosial-iqtisadi yüksəlişə stimul verməsi onun bütün regionlarda olduğu kimi muxtar respublikanın da sağlam iqtisadi mühitinə əlverişli dəstək olmuşdur. Qətiyyətli və təcrübəli idarəetməyə söykənən Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün bölmələrinin bir-biri ilə səmərəli vəhdəti təmin edilmiş, təbii ki, bunun da nəticəsində makroiqtisadi proseslər uğurlu yöndə təşəkkül tapmışdır. Heç şübhəsiz, əsas məqsəd milli iqtisadi inkişafa töhfə verəcək nəticələrin əldə edilməsindən ibarətdir. Məhz bu mənada muxtar respublikanın makroiqtisadi potensialı müvafiq dövrlər üzrə özünün artım vəziyyətini qorumuşdur. Fikrimizi əsaslandırmaq üçün cari ilin yanvar-aprel aylarının sosial-iqtisadi xronikasına diqqət etmək zəruri olardı. Ötən 2015-ci ili 2 milyard 467 milyon 422 min 400 manatlıq yüksək makroiqtisadi göstərici ilə geridə qoyduğumuz muxtar respublika iqtisadiyyatı 2016-cı ilin yanvar-may ayları ərzində 883 milyon 63 min manatlıq ümumi daxili məhsul istehsal ilə yoluna davam etməkdədir. Bu fakt stimulun, gələcəyə inamın, qətiyyətli iqtisadi addımların, daha doğrusu, yorulmadan, əksinə, daha da yüksək əzmkarlıqla və potensialla həyata keçirilən fəaliyyətin ən gerçək ifadəsidir. Təsadüfi deyildir ki, diqqət edərkən görünür ki, ilk beş ayın makroiqtisadi göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artıq olmuşdur.
Bu bir həqiqətdir ki, iqtisadiyyatın əsası istehsal, istehsalın əsası isə insandır. Deməli, insan amili elə iqtisadiyyatın ən zəruri açıqlaması, izahı və mənalandırılmasıdır. İyirmi ildən artıq dövrü əhatə edən uğurlu sosial siyasət Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində bu gerçəkliyin üstün tutulmasına münbit zəmin yaratmış və daim diqqətdə saxlanılmaqdadır. Buna görə də göstərilən dövrdə əsas makroiqtisadi göstərici olan Ümumi Daxili Məhsulun hər bir nəfərə düşən həcmi 1983,1 manat təşkil etmişdir ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz artım deməkdir.
Əhatəli, genişmiqyaslı, çoxşaxəli və çoxsahəli iqtisadiyyata böyük nailiyyətlərlə keçid etmək, ən müasir, ən işlək, ən çevik potensialla formalaşmaq, innovativ, yenilikçi və islahatçı idarəetməyə əsaslanmaq, güclü infrastruktura malik olmaq, maddi və qeyri-maddi istehsal sahələrinə aid təlabatların ifadə oluna, təmin edilə, qarşılana biləcəyi bir iqtisadiyyat qurmaq Naxçıvan Muxtar Respublikasının yüksək təcrübəyə söykənməklə yaratdığı, əldə etdiyi, gerçəkləşdirdiyi nailiyyətlərdir. İqtisadi potensialın davamlı və dayanıqlı artımı burada iqtisadiyyatın mühüm sahələrinin daimi inkişafını təmin edə bilmişdir. Ardıcıl hüquqi tənzimləmə vasitələrinin tətbiq dairəsinin genişliyi muxtar respublikada iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin dinamik inkişafına həlledici təkan vermişdir. Bu mənada muxtar respublikada istehsal edilmiş ÜDM-in strukturunda ilk yeri sənayenin tutması ərazidəki məqsədyönlü iqtisadi idarəetmənin mövcudluğundan xəbər verməkdədir. Statistik göstəricilərə nəzər salanda görürük ki, 2016-cı ilin təkcə yanvar-may aylarında istehsal edilən sənaye məhsulları 410 milyon 601 min 300 manat təşkil etmişdir.
Ölkəmizdə sənayeləşmə prosesinin qətiyyətlə başladılması, onun uğurla icra olunması və milli iqtisadi inkişafda sənayenin artan əhəmiyyətinin olduq qədər yüksəldilməsini, heç şübhəsiz, uzaq gələcəyə hesablanmış düzgün siyasətin bəhrəsi kimi dəyərləndirmək lazımdır. Hələ ümummilli liderimiz böyük Heydər Əliyevin keçmiş İttifaq dövründə Azərbaycanda əsaslarını qoyduğu regional-sənayeləşmə siyasətinin hazırkı müstəqillik illərində də güclü baza olduğu hamımıza məlumdur. Müasir iqtisadi şərait zəminində də bu proses yüksələn xətt üzrə davam etdirilməkdədir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə Sumqayıt Kimya, 2015-ci il 26 fevral tarixli Sərəncamı ilə Mingəçevir, 2011-ci il 28 dekabr tarixli Sərəncamı ilə Bakı şəhərində Balaxanı Sənaye Parkları yaradılmışdır. Həyata keçirilən tədbirlərin məqsədyönlülüyünün davamı olaraq, 2016-cı ilin iyun ayının 13-də ölkə başçısının imzaladığı müvafiq Sərəncama əsasən isə Masallı Sənaye Məhəlləsinin yaradılması da qarşıya qoyulmuşdur. Təbii ki, bütün bunlar ölkəmizdə sağlam iqtisadi mühitin, fəallığın və fəaliyyətin əsaslarının yaradılmasına, nəticədə kiçik və orta sahibkarların sənaye sahəsində dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədlərinə xidmət edəcəkdir.
Göründüyü kimi, məşğulluq siyasətinin uğurlu davamlılığı dövlətin prioritet seçdiyi əsas hədəfləri, həm də bütün sahələr üzrə təminatının gücləndirilməsi və milli iqtisadi inkişafa yönəlmiş tədbirləri içərisində yer almışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 24 aprel 2013-cü il tarixdə imzalanmış Fərmanla “Sənaye Parkları haqqında Nümunəvi Əsasnamə”, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 iyun 2013-cü il tarixli Fərmanı ilə isə “Sənaye Parkları haqqında Əsasnamə” də təsdiq edilmişdir. Yəni bununla müasir dünya gerçəklikləri ilə səsləşməklə ölkəmizin iqtisadi siyasətinin əsas prioritetlərinin düzgün müəyyən olunması, sosial yönümlülüyün üstün mövqedə tutulması, innovativ infrastrukturun özünə kök salması və digər amillər ölkənin davamlı, dayanıqlı inkişafının zəruri gerçəkliklərinə çevrilmişdir.
Ölkəmiz bütün təminatların ən yaxşısının mümkünlüyünə diqqəti olduqca güclü edən yenilikçi, islahatçı bir məmləkət olmaqla, dövrün nəinki tələblərinə uyğunlaşmaq, hətta zaman-zaman onu da qabaqlamaq istiqamətində möhkəm səy göstərməkdədir. Artıq regionların sosial-iqtisadi inkişafına dair bütün Dövlət Proqramları, eləcə də bu səhədə çeviklik yarada biləcək digər iqtisadi-hüquqi tənzimləmələr özünün ən əhatəli nəticələrini verməkdədir. Tikmək, qurmaq, gözəlləşdirmək, həyat vermək, fəaliyyətin axarlılığını təmin etmək kimi məsələlərin gündəlik hal alması Azərbaycan Respublikasında, onun regionlarında, xüsusən də Naxçıvan Muxtar Respublikasında bütün sahələri əhatə etməklə həyata keçirilməkdədir. Bu mənada muxtar respublikanın bütün şəhər, rayon, qəsəbə və kəndlərində ən müasir infrastruktur təminatına yer verilməsini qeyd etmək yerinə düşər. Təsadüfi deyildir ki, elə infrastruktur potensialının daha da gücləndirilməsi dövlətin ali məqsədləri içərisində yer almış, bunun da nəticəsində cari ilin yanvar-may ayları ərzində muxtar respublikada əsas kapital üçün 379 milyon 900 manat həcmində investisiya qoyuluşu həyata keçirilmişdir.
Sosial siyasətin uğurlu istiqamətdə təminatı Naxçıvan iqtisadi rayonunun müasir inkişaf mənzərəsinin daha da möhtəşəmliyinə səbəb olmuş, ərazini tikinti meydançasına çevirmişdir. Ən ucqar dağ kəndlərində belə, ən müasir standartların təmin edilməsi muxtar respublikanın nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsində israrlı olduğunun ən bariz təsdiqidir. Bu məqsədlə, makroiqtisadi hədəflər içərisində tikinti-quraşdırma tədbirlərinə strateji mahiyyət verilmiş və əsas kapitala yönəldilmiş investisiyaların 355 milyon 596 min manatını və ya 93,6 faizini bu sahədəki işlər təşkil etmişdir.
İqtisadiyyatın çoxşaxəli inkişafı strateji əhəmiyyət daşıyan sahələrin daimi diqqət mərkəzində saxlanılması, əhalinin səmərəli məşğulluğunun təmin edilməsində həlledici rol oynayan sahələrin üstün tutulması və s. məsələlər davamlı inkişafı şərtləndirən amillərdəndir. Məhz bunlar muxtar respublika iqtisadiyyatının gələcək perspektivləri üçün də ciddi vədlər verməkdədir.
Əvvəlki illərdə olduğu kimi, 2016-cı il də öz başlanğıcını çox ciddi uğurların əldə edilməsi istiqamətində çox əlamətdar hadisələrlə götürdü. Bunlardan biri heç şübhəsiz ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən bu ilin 8 fevral tarixində təsdiq etdiyi 2016-2020-ci illərdə meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramında yeni iqtisadi inkişaf mərhələsinin də əsasları müəyyən olundu. Əsasən, aqrar sektorun (kənd təsərrüfatının) qarşıdakı illər üçün inkişaf dinamikasını müəyyən edəcək tədbirlərin bir hissəsi kimi bu Dövlət Proqramının xüsusi önəmi olacaqdır. Ötən dövrlərdə, daha doğrusu, 2012-2015-ci illər üzrə təsdiq edilən eyniadlı Dövlət Proqramının məntiqi, sosial və iqtisadi davamı olmaqla, növbəti beş il müddətində muxtar respublikada ekoloji, sosial və iqtisadi tarazlığın qorunmasında da müstəsna əhəmiyyətə malik olacaqdır. Xüsusən əsas məqsəd kimi kənd yerlərində məskunlaşmanın stimullaşdırılmasında, təsərrüfat subyektlərinin fəaliyyətinin tənzimlənməsində, istehsalın səmərəliliyinin yüksəldilməsində, qeyri-neft sektorunun inkişafından ibarət zəruri məqsədlərin yerinə yetirilməsində və makroiqtisadi göstəricilərdə kənd təsərrüfatının xüsusi çəkisinin çoxalması ilə milli iqtisadi potensialın daha da artırılmasında müasir aqrar siyasətin faydalılıq göstəricisi kimi bu Dövlət Proqramının önəmi çox böyük olacaqdır. Yüksək stimul, böyük qayğı, güclü dayaq kimi bu və ya digər məqsədyönlü tədbirlərin uğurlu icrasının təmin olunması nəticəsində 2016-cı ilin yanvar-may ayları ərzində kənd təsərrüfatı məhsullarının istehsal həcmi ötən dövrün müvafiq göstəricisindən 4,2 faiz çox olmaqla, 47 milyon 152 min manatdan artıq təşkil etmişdir.
(ardı var)
Cavadxan QASIMOV
AMEANaxçıvan
Bölməsinin
Palitra.-2016.-23 iyun.-S.7.