“Dövlətin qayğısı ilə Nardaran Bakının ən gözəl və abad qəsəbələrindən birinə çevrilib

 

Millət vəkili Tahir Rzayev:

Nardaranda istixanalar yaratmaqla həm işsizlik məsələsini həll etmək, həm də ölkə xaricinə məhsul ixrac etmək olar

 

Bugünlərdə Nardaran qəsəbəsinə səfəri zamanı burada yenidən qurulan infrastrukturla tanış olanyerli sakinlərlə görüşən ölkə başçısı Azərbaycanın hər bir yerinin, hər bir guşəsinin, hər bir qəsəbəsinin diqqət mərkəzində olduğunu bildirib: “Mən çalışıram Azərbaycanda elə bir qəsəbə qalmasın ki, onun infrastrukturu lazımi səviyyədə olmasın. O cümlədən Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı prosesi sürətlə gedir. Bütün qəsəbələrdə infrastruktur layihələri icra edilir”. Qəsəbədə yerli əhalinin məşğulluğunun tam təmin olunması və ixrac imkanlarının artırılması üçün də tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Bununla bağlı Prezident İlham Əliyev burada kiçik müəssisələr yaradılmasının, insanların işlə təmin olunmasının vacibliyini bildirib. Bu baxımdan Nardaranda istixana komplekslərinin yaradılmasına xüsusi diqqət yetirməyin vacibliyini vurğulayan ölkə başçısı bildirib ki, indi istixanalara daha da böyük maraq var: “Çünki indi bazar açılıb. Biz daha da böyük bazarlara çıxırıq. Bu bazarlarda da bizim məhsulumuzu bəyənirlər, gözləyirlər. Ona görə istixanaların yaradılmasına diqqət artırılmalıdır”.

Ölkə başçısının qəsəbəyə səfərini yüksək qiymətləndirən mütəxəssislər də bunun, həqiqətən də, sosial-iqtisadi inkişafın bir nümunəsi olduğunu deyirlər. Millət vəkili Tahir Rzayev bildirdi ki, bu səfər dövlət başçısının yüksək diqqətinin nəticəsidir: “Ölkə başçısı öz çıxışında qətiyyətlə söyləmişdi ki, “mən hər bir azərbaycanlının prezidentiyəm”. Bu söz, vəd çox uğurla yerinə yetirilir. Prezident ölkənin hər bir regionuna eyni qaydada diqqət göstərir. Ona görə də ölkə başçısının bugünlərdə Nardaranda olması və sakinlərlə görüşdə olan çıxışı, fikrimcə, əhali üçün əziz bir mesajdır. Çünki orada olarkən ölkə başçısı məscidi ziyarət elədi, tərtibatına baxdı, digər infrastruktur layihələrin keçirilməsi ilə bağlı fikirlərini söylədi. Sözsüz ki, bu, ölkə rəhbərinin Bakı ətrafı kəndlərin inkişafına qayğısının yeni bir təzahürüdür. Nardaranda son dövrlərdə baş verən hadisələr nəinki dövləti, eyni zamanda vətəndaşları narahat edirdi. Nardaran camaatı dövlətə sədaqətli, dinə bağlı adamlardır. Bundan istifadə edib müəyyən radikal qüvvələri, uzağı görməyən adamları düz yolla getməkdən çəkindirənlər vardı. Düzdür, oraya diqqət, qayğı göstərilirdi, ancaq bunun müqabilində qəsəbədə həmin adamlar sakitliyi pozurdular. Bu da yolverilməz idi. Çünki ölkədə qanunlar hər bir şəhər, qəsəbə, kənd üçün eynidir. Nardaranda ziyalı, dövləti sevən, uzaqgörən insanlar çoxdur. Ölkə başçısı Nardaran qəsəbəsinin tamamilə dəyişməsi ilə bağlı öz tədbirlərini gördü. Bu gün artıq Nardaran tanınmaz dərəcə dəyişib. Nəinki yollar, səhiyyə, ictimai iaşə obyektləri, bütün infrastruktur dəyişilib. Ölkə başçısının bu səfəri bir daha göstərdi ki, dövlət başçısı nardaranlıları sevir, onların qayğısı ilə yaşayır, ağıllı təkliflərini dəstəklənir, fikirlərinə ciddi reaksiya verir. Bunun nəticəsidir ki, bu gün Nardaran Bakının ən gözəl, yaraşıqlı, abad qəsəbələrindən birinə çevrilib. O qəsəbə dinə çox bağlıdır. Ona görə ölkə başçısı məsciddə oldu, onun yenidən bərpası ilə əlaqədar öz tapşırıqlarını verdi. Bu da nardaranlılara diqqət və qayğının nəticəsidir”.

 

“Qəsəbədə toxuculuq fabriki, ayaqqabı sexi açmaq olar

 

Nardaran sakinlərinin işlə təmin olunması ilə bağlı ölkə başçısının fikirlərinin çox mühüm amil olduğunu deyən millət vəkilinin fikrincə, ümumiyyətlə regionlarda kiçik müəssisələr yaradılmalıdır: “Nardaranlılar da tarixən təsərrüfatla məşğul olublar. Orada xırda emal müəssisələri olub. Ölkə başçısı orada bu məsələni bir daha qaldırıb ki, əhali işlə təmin olunmalıdır. Emal müəssisələri açıla bilər, ona imkan var, eləcə də sexlər, iaşə obyektləri yaradılmalıdır. Ölkə başçısının bu fikirləri dilə gətirməsi bir mesajdır ki, hər bir dövlət məmuru həmin qəsəbənin abadlaşdırılması, insanların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı öz köməyini göstərsin. Ölkədə mövcud dövlət qurumları, qeyri-hökumət təşkilatları var və onların hər biri bu qəsəbəyə dəstək versə, orada işsizlik tamamilə aradan qaldırılacaq. Ona görə bundan hər birimiz nəticə çıxartmalıyıq və əlimizdən gələn köməkliyi etməliyik. Nardaranda bu qədər sahibkarlar, adamları var. Niyə onlar orada emal müəssisəsi açmasınlar, əhalini işə cəlb etməsinlər? Orada toxuculuq fabriki tikilə bilər, ayaqqabı sexi açmaq olar. Bu ölkə başçısının müvafiq qurumlara həqiqətən də bir mesajıdır ki, bu barədə fikirləşin, insanlar işsiz qalmamalıdır, onlar işlə təmin olunmalıdır, ölkəyə fayda gətirməlidir”.

 

Onlara müəyyən qaydada kreditlər verilməli,

güzəştlər edilməlidir”

 

Nardaranda istixana komplekslərinin yaradılmasına xüsusi diqqət yetirməyin vacibliyi ilə bağlı T.Rzayev bildirdi ki, qəsəbədə istixanalarda kənd təsərrüfatı məhsulları, gül yetişdiriblər və sovet dövründə Rusiya bazarlarına ən çox gül məhz Nardarandan göndərilib: “Ümumiyyətlə, pomidor, xiyar və digər kənd təsərrüfatı məhsulları yetişdirməkdə mahirdirlər. Əhali bu sahəni bilir. Ona görə də burada istixanaların yaranması həm ölkəni kənd təsərrüfatı məhsulları ilə təmin etməyə imkan verər, digər tərəfdən əgər sovet dövründə Rusiya bazarlarına istehsal etdikləri məhsulları çətinliklə çıxarırdılarsa, indi imkan, şərait daha çoxdur. İndi qaz, işıq, su daimidir, yol problemi yoxdur, infrastruktur daha da yaxşılaşıb, nəqliyyat imkanları var. İndi niyə olmasın? Burada kütləvi şəkildə istixanalar yaradıla bilər. Onlar bütün ilboyu tərəvəz yetişdirə bilərlər. Bunu deməklə ölkə başçısı müvafiq qurumların diqqətinə çatdırır ki, gəlin, qəsəbənin şəraiti ilə tanış olun, insanların fikirlərini öyrənin və tədbir görün. Onlara müəyyən qaydada kreditlər verilməli, güzəştlər edilməlidir. Bu, həm işsizliyi aradan qaldırmağa imkan verəcək, həm də həmin təsərrüfatlar ölkə xaricinə məhsul ixrac edə biləcək. Sevindirici haldır ki, bu gün bizim bir çox regionlar, Şəmkir, Qazax zonası Rusiyanın bir çox şəhərlərini tonlarla pomidor, xiyar və digər kənd təsərrüfatı məhsulları ilə təmin edir. Nardaranda buna təbii şərait imkan verir, insanları işgüzardırlar və bu sahəni bilirlər. Bu baxımdan ölkə başçısı tərəfindən qarşıya çox gözəl tapşırıq qoyulub”.

 

Nigar Abdullayeva

Palitra.-2016.-23 iyun.-S.4.