Suraxanıdakı uşaq
evi üçün
Zirədə inşa edilən “Dalğa” yay düşərgəsinin
açılışı olub
Heydər
Əliyev Fondunun təşəbbüsü
ilə Bakının Xəzər rayonunun
Zirə qəsəbəsində Suraxanı rayonundakı 2
saylı uşaq evi üçün inşa
edilən “Dalğa” yay
düşərgəsinin dünən açılış mərasimi
olub. Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
və Fondun vitse-prezidenti
Leyla Əliyeva mərasimdə iştirak ediblər. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun
vitse-prezidenti Leyla
Əliyeva düşərgənin rəmzi
açılışını bildirən lenti
kəsiblər. Bütün uşaqlar yay tətillərini
səbirsizliklə gözləyirlər.
Uşaqların yay aylarını dəniz kənarında keçirmələrinə həmişə üstünlük verilib. Bu yay günlərində Heydər Əliyev Fondu hər zaman olduğu kimi, valideyn himayəsindən məhrum olan uşaqların qayğılarını yaddan çıxarmayıb və yenə də uşaq evlərinin sakinlərinə gözəl hədiyyə hazırlayıb. Dənizə yaxın məkanda - Bakının Xəzər rayonunun Zirə qəsəbəsində Fond 2 saylı uşaq evi üçün yay düşərgəsi inşa edib. Bu isə Heydər Əliyev Fondunun bu kateqoriyadan olan uşaqların istirahətini, mənalı əylənmələrini əsl valideyn qayğısı ilə düşündüyünü bir daha nümayiş etdirir. Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva gözəl dizaynla qurulan düşərgə binasında uşaqların səmərəli və maraqlı istirahəti üçün yaradılan şəraitlə tanış olub. Heydər Əliyev Fondunun prezidentinə məlumat verilib ki, 2015-ci ilin yanvarında başlanılan tikinti işləri bu ilin may ayında yekunlaşıb. Nəticədə uşaqların istirahəti üçün ən müasir şərait yaradılıb. Suraxanı rayonundakı 2 saylı uşaq evinin 3 yaşdan 18 yaşadək sakinləri bu gündən burada istirahət edəcəklər. Düşərgənin əsas məqsədi isə uşaqların yay istirahətini səmərəli keçirmələrini təmin etməkdir. 120 nəfər üçün nəzərdə tutulan bu düşərgədə müxtəlif yaş qruplarına aid uşaqlar üçün yaddaqalan yay istirahəti təşkil ediləcək. Düşərgədə balacalar və yeniyetmələr musiqi ilə məşğul olmaq, müasir kompüterlər vasitəsilə informasiya- kommunikasiya texnologiyalarına yiyələnmək imkanı qazanacaqlar, rəsm sahəsində istedadlarını inkişaf etdirəcəklər. Düşərgənin kitabxanasında bir çox sahələrə dair ədəbiyyat toplanıb. Müəssisənin geniş yeməkxanası balacaların və yeniyetmələrin vaxtında və düzgün qidalanmalarını təşkil etməyə şərait yaradır. Burada, həmçinin oyun zalı, emalatxana, dərs, istirahət otaqları da var. İkinci və üçüncü mərtəbə isə yataq korpusu üçün ayrılıb. Düşərgədə uşaqların əylənmələri üçün maraqlı tədbirlər təşkil ediləcək. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada 2 saylı uşaq evinin balaca sakinləri ilə görüşdü, yay istirahət düşərgəsinin artıq hazır olması münasibətilə onları təbrik etdi, maraqlı və xoş istirahət arzulayıb. Birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, Xəzər dənizinin yaxınlığında yerləşən bu yay düşərgəsində gələcək nəslin sağlam böyüməsi, onların fiziki baxımdan güclü olması diqqətdə saxlanılacaq. Belə ki, ümumi sahəsi 21 min kvadratmetrdən çox olan düşərgədə bu məqsədlərə xidmət edəcək idman meydançaları var. Uşaq istirahət müəssisəsinin həyətini müxtəlif ağac və dekorativ kollar bəzəyir, burada uşaqların əylənmələri və istirahəti üçün maraqlı guşələr yaradılıb. Beləliklə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Zirə qəsəbəsindəki 2 saylı uşaq evinin yay istirahət düşərgəsi uşaqların sosiallaşmasında, asudə vaxtlarının təşkilində, düşüncə tərzinin, məntiqinin inkişaf etdirilməsində mühüm rol oynayacaq.
Zirə Cümə məscidi kompleksi istifadəyə verilib
Qeyd edək ki, dünən Zirə Cümə məscidi kompleksi istifadəyə verilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva məsciddə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar. Zirə Cümə məscidi kompleksi paytaxtın ən qədim dini ibadətgahlarından biri olub. Uzun keçmişlər bu dini ocağın da həyatında öz izini qoyub. Tədricən yararsız vəziyyətə düşən məscidin ərazisində 2015-ci ilin əvvəllərindən başlanan tikinti işləri qısa vaxtda yeni məscid kompleksinin yaranması ilə nəticələnib. Yüksək keyfiyyətlə aparılan inşaat işləri sayəsində paytaxtın ən gözəl dini ibadətgahlarından biri yenidən öz qapılarını insanların üzünə açıb. Ümumi sahəsi 3 min 400 kvadratmetr olan məscid kompleksinin hündürlüyü 30 metr olan 2 möhtəşəm minarə bəzəyir. Məsciddə dini ayinlərin icra olunması, insanların rahat ibadət etmələri üçün hər cür şərait yaradılıb. Burada eyni vaxtda 400 insan ibadət edə bilər. Bundan əlavə, ərazidə 250 nəfərlik mərasim zalı yaradılıb. Kompleksin axundu sakinlər adından Azərbaycanın birinci xanımını salamlayaraq Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Xəzər rayonunda böyük abadlıq və quruculuq işlərinin görüldüyünə görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, indi rayonda yeni məktəblər, xəstəxanalar, stadionlar qurulub. Zirə Cümə məscidinin təmirdən sonra istifadəyə verilməsinin “Qurani-Kərim”in nazil olduğu Ramazan ayına təsadüf etdiyini deyən məscidin axundu ölkəmizdə dini-mənəvi dəyərlərin qorunub saxlanmasına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. Müqəddəs Ramazan ayında yeni məscidin açılışı münasibətilə xalqımızı təbrik edən Mehriban Əliyeva son illər Azərbaycanda həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən yüzlərlə məscidin tikildiyini bildirib. Heydər Əliyev Fondunun prezidenti xüsusi qeyd etdi ki, təkcə Xəzər rayonunda dörd məscid yenidən inşa olunub. Heydər Əliyev Fondunun prezidentinə “Qurani-Kərim” hədiyyə olunub.
Nigar
Palitra.-2016.-23 iyun.-S.2.