Modern iqtisadiyyatla
gələcəyə doğru
(əvvəli
ötən sayımızda)
Ümummilli lider Heydər Əliyev istər vətəndaşlıq mövqeyilə, istər siyasi fəaliyyətilə, istərsə də rəhbərlik missiyası ilə daim Azərbaycan vətəndaşlarının, bütün azərbaycanlıların firəvan, əminaman, xoşbəxt yaşayışının keşiyində durmuş, çoxsaylı iqtisadi-hüquqi tənzimləmələr vasitəsilə buna nail olmuşdur.
Əhalinin yaşayış vəziyyətinin yaxşılaşdırılması, alıcılıq qabiliyyətinin yüksəldilməsi, bu vasitə ilə sosial dayanıqlığın möhkəmləndirilməsi məsələlərinin çevik vəziyyətə gətirilməsi istiqamətində qətiyyətli və möhkəm dövlət siyasətinin müəyyənləşdirilməsi hər bir vətəndaşın gündəlik yaşam tərzində özünü göstərməkdədir. Təbii ki, bütün regionlar üzrə bu uğurlu sosial nailiyyətlər var olmaqla, Naxçıvan Muxtar Respublikasının da makroiqtisadi nailiyyətləri arasında yer almaqdadır. Bu mənada muxtar respublikada əhali gəlirlərinin artırılması istiqamətində həyata keçirilən tədbirlər gündəlik hal almışdır. Belə ki, cari ilin yanvar-may aylarında muxtar respublikada əhalinin gəlirləri 658 milyon 809 min 200 manat, onun hər bir nəfərə düşən həcmi isə 1479,5 manat olmuşdur.
Xalqla dövlət arasında mövcud olan tellərin qırılmazlığı həyata keçirilən uğurlu sosial siyasətlə daha da öz təsdiqini tapmaqdadır. Sosial səhadə gerçəkləşdirilən tədbirlər əhalinin öz dövlətinə etibarlılığını daha da gücləndirmiş və hər addımda qarşılaşdığı yüksək firəvanlıq səviyyəsi bu etibarı daha da artırmaqdadır. Müasir dünya gerçəklikləri fonunda sosial siyasətin daha da inkişafı məqsədləri üçün davam etdirilən islahatlar bu sahədə ən yaxşı, ən keyfiyyətli, ən optimal, ən dayanıqlı və ən pozitiv nəticələrin qazanılmasına imkanlar yaratmaqdadır. Strateji hədəf olaraq əhalinin sosial vəziyyətinin gücləndirilməsi istiqamətində davamlı və ardıcıl tədbirlərin məcmusu olaraq 2016-cı ilin yanvar-aprel aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 401,8 manat təşkil etmişdir. Təbii ki, bütün bunlar muxtar respublikada qətiyyətli dövlət siyasətinin yaratdığı sağlam iqtisadi şəraitin və səmərəli fəaliyyət mühitinin nəticəsində mümkün olmuşdur.
Müasir dövr beynəlxalq aləmə çıxışı əsaslı şəkildə şərtləndirir. Təkcə siyasi sahədə deyil, eyni zamanda sosial, iqtisadi, hüquqi, mədəni və digər sahələrdə dünyanın çağırışları ilə səsləşmək, eynilik təşkil etmək, yenilikçi olmaq, daha böyük diqqəti, daha geniş maraqları cəlb və ifadə etmək, təlabatların öyrənilməsi və qarşılanmasında ölkə hüdudlarından kənara çıxa bilmək qaçılmaz bir məqsədə çevrilmişdir. Əsasları böyük Heydər Əliyev tərəfindən müəyyən edilmiş Yeni Azərbaycan dövlətçiliyinin müasir müstəqillik şəraitindəki inkişaf konsepsiyası Prezident İlham Əliyevin uğurlu rəhbərliyi altında daha da təkmilləşmiş və ölkəmiz yuxarıda qeyd etdiyimiz çağırışlara elə dünyəvilik prizmasından cavab verməkdədir. Bu isə, təbii ki, ölkəmizə və onun regionlarına çox güclü iqtisadi potensial bəxş etməkdədir. Ölkələrimiz arasında formalaşan şəxsi və dövlət səmimiyyətinin, münasibətlərinin mövcudluğu özlüyündə səmərəli iqtisadi münasibətlərin qurulması və inkişafı üçün mühüm təkana çevrilmişdir. Bunun da nəticəsində Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətinə baxmayaraq, çevik iqtisadi münasibətlərin kök saldığı ərazi kimi formalaşdığını qətiyyətlə qeyd edə bilərik. 40-dan artıq ölkə ilə xarici ticarət əlaqələrinə təkan verən muxtar respublikanın xarici ticarət əlaqələrinin genişlənməsinin nəticəsidir ki, 2016-cı ilin yanvar-may aylarında burada 140698,2 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. Əsas prioritet təşkil edən məsələ ixrac potensialının artırılmasından ibarətdir. Bu mənada qeyd edə bilərik ki, muxtar respublikada ixracın həcmi 125480,7 min Amerika Birləşmiş Ştatları dolları təşkil etmişdir. Ticarət münasibətlərinin səmərəliliyi ən ümdə vəzifə olaraq götürülmüş və istinad edilən dövrdə 110 milyon Amerika Birləşmiş Ştatları dollarına yaxın həcmdə müsbət saldo qeydə alınmışdır.
Bu ilin iyun ayının 3-də Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında ölkə başçısı cənab İlham Əliyev ölkəmizin bütün qonaqlar üçün açıq olduğunu bəyan etdi. Həqiqətən də, qeyd edə bilərik ki, Azərbaycan dövlət siyasətində qarşılıqlı hörmətə söykənən dostluq münasibətlərinə hər zaman böyük yer vermişdir. Təbii ki, bu sahədə turizm sektorunun inkişafı həlledicidir. Hazırda qeyri-neft sektorunun geniş əhatədə təşəkkül tapması, o cümlədən İKT-nin, sənayenin, xidmət sahəsinin və eləcə də turizmin davamlı inkişafından ibarət prioritetlərin üstün tutulması üçün çox zəruri addımlar atılmaqdadır. Regionların turizm əhəmiyyətinin yüksəldilməsi, makroiqtisadi potensialda bu sahənin çəkisinin artırılması, dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsi və bu sahədə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikası da bütün sahələrdə olduğu kimi, turizmin inkişafı baxımından da önəmli mərhələyə yüksəlmişdir. Fikrimizi əsaslandırmaq üçün qeyd edə bilərik ki, 2016-cı ilin yanvar-may aylarında muxtar respublikaya 147 min 542 nəfər turist gəlmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4 faiz çoxdur.
Beləliklə, Naxçıvan Muxtar Respublikası çoxşaxəli
iqtisadiyyatını formalaşdırmaq istiqamətində çox böyük yol qət etmişdir.
Xüsusən də son iyirmi
ildən artıq bir dövrdə iqtisadiyyat yalnız keyfiyyət irəliləyişlərinin
gətirmiş olduğu zənginliklərdən
bəhrələnməkdədir. Pozitiv nəticələrin
əldə edildiyi muxtar
respublika iqtisadiyyatı gələcək üçün yüksək ümidlər
doğurmaqdadır.
Cavadxan QASIMOV
AMEA
Naxçıvan Bölməsinin
Təbii Ehtiyatlar İnstitutunun
İqtisadiyyat şöbəsinin müdiri, İqtisad
üzrə fəlsəfə doktoru
Palitra.-2016.-24 iyun.-S.7.