“Universitetimizdə tələbələrin kitabxanaya müraciəti və marağı artıb”

 

“Əsaslı kitabxananın İctimai, siyasi və bədii ədəbiyyat şöbəsində “Bədii qiraət guşəsi” yaradılıb. Bu guşə bədii ədəbiyyata marağın aşılanması, milli-mənəvi dəyərlərimizin daşıyıcısı sayılan bədii mütaliə və mütaliə mədəniyyətinin formalaşmasına təkan vermək məqsədi daşıyır”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azərbaycan dili kafedrasında rəhbərliyin tapşırığına əsasən “Mütaliə mədəniyyəti və milli mentalitet” adlı layihə davam edir. Qeyd edək ki, Azərbaycan dili kafedrasının müdiri, dosent Ədalət Abbasov sözügedən layihəni hazırlayaraq universitet əməkdaşlarının və tələbələrin ixtiyarına təqdim edib. “Mütaliə mədəniyyəti və milli mentalitet” layihəsi üzrə bir sıra təkliflər verilib. Burada ixtisasından asılı olmayaraq bütün qruplarda tələbələr arasında müəllimlər tərəfindən müvafiq təbliğat işinin qurulması (auditoriyadankənar saatlarda bir neçə dəqiqə bu məsələ ilə bağlı söhbətlərin aparılması), ayda bir dəfə milli ideya və məzmunca daha güclü bədii əsərlərdən birinin müzakirəsinin keçirilməsi, ADNSU-nun əsaslı kitabxanasında “Bədii qiraət” guşəsinin yaradılması, tanınmış şair, yazıçı və ədəbi tənqidçilərlə ADNSU tələbələrinin görüşünün təşkili, milli etnoqrafik mövzulu (müxtəlif janrlı) əsərlərin ADNSU klubunun müvafiq personallarının təcrübəsi və iştirakı əsasında səhnələşdirilməsinin həyata keçirilməsi öz əksini tapıb. Həmçinin ADNSU-nun Azərbaycan dili kafedrasının tədris planına uyğun olaraq hər bir tələbəyə millidünya ədəbiyyatı nümunələrindən seçmə (məzmun və ideya dəyərinə görə fərqlənən) bədii əsərlərin təqdimat mövzusu olaraq verilməsi və qəbulu zamanı qrup tələbələri ilə birgə ciddi müzakirəsinin keçirilməsi, “Əli və Nino” “Kitab Mağazalar Şəbəkəsi” və “Qanun” nəşriyyatının bu prosesə cəlb olunması, onların mövcud imkanlarından istifadə edilməsi, ADNSU-nun ictimai-mədəni tədbirlər planının tərkib hissəsi olaraq tələbələri asudə vaxtlarında (əsasən şənbə günü nəzərdə tutulur) ayrı-ayrı fakültə və qruplar üzrə konkret vaxt əsasında növbəli şəkildə respublikanın mərkəzi və digər tanınmış kitabxanaları, eləcə də milli-mənəvi dəyərlərimizin, ədəbi-mədəni irsimizin mənimsənilməsi və gələcək nəsillərə ötürülərək qorunub-saxlanılması məqsədilə ədəbiyyat və tarix muzeyləri ilə yaxından tanış etmək üçün ekskursiyaların təşkili nəzərdə tutulur. Eləcə də intellektual potensialı güclü, ictimai fəallığı çevik olan tələbələrdən ibarət ədəbi dərnəklərin yaradılması (ya hər bir fakültənin nəzdində, ya da ixtisasça yaxın olan bir neçə fakültələrin birləşməsi şəklində 1 qrupdan ibarət), müzakirə edilən “Bədii əsər haqqında ən mükəmməl rəy” və ya “ən fəal oxucu” müsabiqələrinin təşkili (keçirilməsi) və qaliblərin mükafatlandırılmasıdır. Bunun üçün azməbləğli “Mükafatlandırma” fondunun yaradılması, bu tədbirlər planının mərhələli şəkildə həyata keçirilməsində aparıcı mövqe daşıması funksiyasının Azərbaycan dili kafedrasına həvaləsi ilə yanaşı, ADNSU-nun nəzdində fəaliyyət göstərən filoloji istiqamətli Xarici dil-1 və Xarici dil-2 kafedralarının imkanlarından da faydalanması məsələsi öz əksini tapıb. Layihənin müəllifi bildirib ki, belə bir layihənin həyata keçirilməsi tələbələrdə mütaliə mədəniyyətinin formalaşmasında və bütövlükdə yeni cəmiyyət quruculuğu işində müsbət bir töhfə ola bilər: “İnsanın şəxsiyyət kimi formalaşmasında, dünyagörüşünün inkişaf edərək zənginləşməsində kitabın rolu əvəzsizdir. Cəmiyyət hadisələrinə çevik, həssas münasibətin ifadəsi, eləcə də obrazlı, məntiqi təfəkkürün yaranması, bədii təxəyyülün təşəkkül tapması məhz kitablardan alınan bilik və məlumatların vasitəsilə mümkündür. Görkəmli rus yazıçısı M.Qorkinin “Mən həyatımda baş verən yaxşı işlər üçün kitablara borcluyam” deməsi də məhz bu fikrin təsdiqinə hesablanmış aforizmlərdəndir. Bu ali məqsədə çatmaq üçün mütaliə mədəniyyətinə yiyələnmək ən prioritet məsələlərdəndir. Mütaliə - eyni zamanda, milli etnoqrafik adət-ənənələrin öyrənilməsi və gələcək nəsillərə ötürülərək yaşadılması deməkdir”.

 

Əsaslı kitabxanada “Bədii qiraət guşəsi” yaradılıb

 

Qeyd edək ki, artıq ADNSU-nun Əsaslı kitabxanasının İctimai, siyasi və bədii ədəbiyyat şöbəsində “Bədii qiraət guşəsi” yaradılıb. Bu guşə bədii ədəbiyyata marağın aşılanması, milli-mənəvi dəyərlərimizin daşıyıcısı sayılan bədii mütaliə və mütaliə mədəniyyətinin formalaşmasına təkan vermək məqsədini daşıyır. “Bədii qiraət guşəsi” universitetdə həyata keçirilən “Mütaliə mədəniyyəti və milli-mentalitet layihəsi” üzrə gerçəkləşib. Ümumiyyətlə, bu gün ölkədə müxtəlif tipli kitabxanaların daxil olduğu geniş kitabxana-informasiya şəbəkəsi mövcuddur. Bu şəbəkəyə kütləvi, elmi-texniki, tədris məktəblərinin kitabxanaları, dövlət qurumlarının tabeliyində olan kitabxanalarali dövlət müəssisələrinə “kitabxana-biblioqrafiyainformasiya xidməti göstərən kitabxanalar daxildir. Bu ali məktəb kitabxanalarından biri də əsası 1920-ci ildə Bakı Texniki Məktəbinin kitabxanasının bazası əsasında qoyulmuş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Əsaslı kitabxanasıdır.

ADNSU-nun Əsaslı kitabxanası zəngin fonda malik olmaqla Azərbaycan, rus, ingilis, fransız və digər dillərdə olan dərslik, dərs vəsaitləri, lüğətlər, ensiklopediyalar, dissertasiyalar, avtoreferatlar, dövri mətbuat (qəzetlər, jurnallar), elektron materiallarla universitetin və kənardan kitabxanamıza müraciət edən oxucuların, professor-müəllim heyətinin, doktorantların, bakalavr, magistr təhsili alan bütün tələbələrin və tədris köməkçi heyətin xidmətindədir. Kitabxananın direktoru Səlahət Mahmudovanın sözlərinə görə, universitetdə Türkiyə, Türkmənistan, İraq, Çin, Vyetnam, Rusiya və digər xarici dövlətlərdən təhsil almağa gəlmiş tələbələrin, tədqiqatçıların və stajkeçənlərin əsaslı kitabxanaya müraciəti və sorğuları lazımınca ödənilir və onlara yüksək səviyyədə xidmət göstərilir: “Belə ki, kitabxanada hər bir tələbənin, hər bir oxucunun sorğusuna fərdi yanaşılır, onların kitaba olan tələbatı lazımi səviyyədə ödənilir. Sevindirici haldır ki, universitetimizdə tələbələrin kitabxanaya müraciəti və marağı artıb. Müxtəlif oxucu qruplarına daha keyfiyyətli və az vaxt məsrəfi ilə xidmət məqsədilə kataloqkartotekalar qarşısında təcrübəli və peşəkar kitabxanaçı və biblioqraflar müntəzəm olaraq növbətçilik edir və onların hər hansı bir sorğusunun tez bir zamanda ödənilməsinə yardımçı olurlar. Kitabxanamız zəngin fonda malik olmaqla neftin bütün sahələrinə - neft-qaz quyularının axtarışı və kəşfiyyatı, neftqaz quyularının qazılması, neftin nəqli və istismarı, petroqrafiya, geologiya, elektrotexnikaneft sənayesinin energetikası, kimya, fizika, riyaziyyat, yüksək molekullu birləşmələr, beynəlxalq əlaqələr, marketinq, iqtisadiyyat, mexanika, maşınqayırma və termiki emal, nanotexnologiya, proqramlaşdırma və s. sahələrə dair ədəbiyyatı özündə cəmləşdirib. Ümumiyyətlə, kitabxana fəaliyyətimizin əsas istiqamətləri kitablar və digər sənəd növləri üzrə fondları formalaşdıraraq informasiya ehtiyatları yaratmaq, onları mühafizə etmək, həmin fondları özündə əks etdirən mükəmməl ənənəvi və elektron kataloq, kartotekabiblioqrafik vəsaitlər sistemini tətbiq etmək, onu daim inkişaf etdirməklə bu fondları oxucuların hərtərəfli istifadəsinə verməkdən ibarətdir”. Direktorun sözlərinə görə, kitabxanada, həmçinin 1805-1900-cü illərdə müxtəlif dillərdə çapdan çıxmış nadir ədəbiyyat nümunələri və miniatür kitab nümunələri qorunub saxlanılır.

Kitabxanada elektron kataloq sistemi qurulub, elektron kitabxana üçün baza formalaşdırılır. Artıq kitabxananın fondunda olan Azərbaycan və rus dillərində kitabların, avtoreferatların, dissertasiyaların müəyyən bir hissəsi elektron kataloqun bazasına daxil edilib. Belə ki, kitabxanada elektronlaşma proseslərinin daha mütərəqqi istiqamətlərini müəyyənləşdirmək üçün bir çox yeniliklər ediləcək: “Bu gün universitetimizdə qazanılmış uğurlara, əldə olunmuş nailiyyətlərə görə, kitabxanaya xüsusi diqqət və qayğı göstərdiyinə görə universitetin rektoru, professor Mustafa Babanlıya kitabxana işçiləri adından dərin təşəkkürümu bildirirəm. Göstərilən diqqət və qayğının nəticəsidir ki, ADNSU-nun Əsaslı kitabxanasının yenidən qurulmasında Böyük Britaniyanın Lester Universitetinin kitabxanasının təcrübəsindən istifadə ediləcək və ümid edirəm ki, biz bu təcrübədən yararlanaraq kitabxanamızı nüfuzlu kitabxanalar səviyyəsində görəcəyik.

Son zamanlar kitabxana fondumuza daxil olan kitabların sayında çox artım müşahidə olunur. Belə ki, rektorun “Tədris vəsaitlərinə nəşr hüququ verilməsi” əmrinə əsasən universitet müəllimlərinin çapdan çıxmış kitablarının müəyyən nüsxəsinin kitabxana fonduna verilməsi fondun zənginləşməsində və sayının artmasında mühüm rol oynayıb. Həmin kitablar fonda daxil olan kimi kitabxana qaydalarına əsasən işlənilir və “Yeni nəşrlər” sərgisində öz yerini alır, oxuculara həmin kitablar haqqında operativ məlumat verilir”.

 

Nigar Abdullayeva

Palitra.-2016.-30 iyun.-S.14.