Multikulturalizm Azərbaycan dövlətinin və
xalqının ana məramıdır
2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması ilə əlaqədar ölkənin tolerantlıq ənənələrini, millətlər, mədəniyyətlər və sivilizasiyalararası münasibətlərə verdiyi dəyərləri üzə çıxarmaq və təbliğ etmək baxımından əhəmiyyətli işlər həyata keçirilməkdədir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu mühüm mərama xidmət edən yay və qış məktəbləri isə artıq ənənəyə çevrilməkdədir.
Fevralın 8-15-i arası Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi layihəsində 2015-ci ilin yaz və payız semestrlərində multikulturalizmilə bağlı fənlərin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələr, nüfuzlu elm adamları təmsil olunmuşlar. Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyanın ali təhsil ocaqlarından 40-a yaxın, eləcə də Azərbaycanın yerli universitetlərindən 12 nəfər olmaqla, bütövlükdə 50-dən artıq tələbə burada iştirak etmişdir. Naxçıvan Muxtar Respublikasının Beynəlxalq Multikulturalizm qış məktəbində yeganə təmsilçisi, Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Sosial iş ixtisası üzrə I kurs tələbəsi Ərşad Zeyqəmli ilə görüşüb, onun layihə ilə bağlı təəssüratlarını öyrəndik.
Ərşad qeyd etdi ki, Qış məktəbinin təşkilində əsas məqsəd xarici ölkə universitetlərindəki tələbələrə, tanınmış ictimai xadimlərə, ziyalılara Azərbaycanı sevdirmək, xalqımızın tolerantlılıq təcrübəsini, milli kultural ənənələrini, Azərbaycanın bununla bağlı birmənalı dövlət siyasətini əcnəbilərə aşılamaq idi və buna uğurla nail olundu. Layihə çərçivəsində azərbaycanlı mütəxəssislərlə yanaşı, müxtəlif ölkələrdən professorlar - BBMM-in Lissabon nümayəndəliyinin rəhbəri, Lusofona Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru Teresa Damasio, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Ardahan Universitetinin rektoru, Qafqaz Universitetləri Birliyinin rəhbəri Ramazan Qorxmaz, BBMM-in Drezden filialının icraçı direktoru Birgit Vaysberger, Litva Pedaqoji Universitetinin alimi Vidas Kavaliauskas, “Xudojestvennaya literatura” nəşriyyatının baş redaktoru G.V.Pryaxin, Moskva Açıq Təhsil İnstitutunun UNESCO beynəlxalq təhsil və miqrant uşaqların məktəbə inteqrasiyası kafedrasının müdiri Y.A.Qoryaçev kimi tanınmış alimlərin mühazirələri dinlənildi.
Ərşad onu da vurğuladı ki, maraqlı və rəngarəng ekskursiyalar Azərbaycanı daha dərindən tanıtmağa, ölkəmizi maksimum təqdim etməyə xidmət edirdi. Belə ki, Fəxri və Şəhidlər xiyabanlarını, Heydər məscidini, Bakıda yerləşən ibadət evlərini, Qubada və Qusarda ümummilli lider Heydər Əliyevin abidəsini, Quba Soyqırımı Memorialını ziyarətlər qonaqlarda böyük maraq doğurdu. BBMM, Bakı Slavyan Universiteti, Bilik Fondu, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı və Milli Azərbaycan Tarixi muzeyləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Heydər Əliyev Mərkəzi, Muğam Mərkəzi, Milli Olimpiya Komitəsi, Bakı Əyləncə Mərkəzi, Xaçmaz Rayon Tarix Diyarşünaslıq Muzeyi və Qubadakı Qırmızı Qəsəbədə görüşlər olduqca maraqlı idi. Qış məktəbi boyu tələbələrin Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, Milli Məclisin komitə sədri, akademik Rafael Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlinski, Azərbaycan Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayev, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının Dövlət Rəqs Ansamblının rəhbəri, Xalq artisti Afaq Məlikova, eləcə də digər rəsmi şəxslər və incəsənət xadimləri ilə görüşləri, əminəm ki, qonaqlarımız unutmayacaq.
Ərşadın söylədikləri, “Dünya təcrübəsində multikulturalizm modelləri” mövzusunda keçirilən “dəyirmi masa”, kütləvi informasiya vasitələrinə verilən müsahibələr bir daha təsdiq edir ki, Qış məktəbi xarici ölkə iştirakçılarında Azərbaycan haqqında dolğun, dəqiq məlumat formalaşdırmışdır. Layihə çərçivəsində tədrislə yanaşı, tələbələrin istirahət saatlarının səmərəli təşkili də yüksək səviyyədə həyata keçirilmişdir. Qış məktəbinin davamı olaraq Qubaya, Xaçmaza, Qusara, Şahdağa səfərlər zamanı Azərbaycanın əsrarəngiz, füsunkar təbiəti, ecazkar gözəllikləri ilə yanaşı, ölkəmizin müxtəlif regionlarındakı insanların qonaqpərvərliyi, humanizmi, daxili saflıqları, mənəvi gözəllikləri əcnəbilərdə heyrətamiz hislər oyatmışdır. Qonaqlar tolerantlığın bütövlükdə Azərbaycanın köklü mənəvi dəyəri olduğunu öz gözləri ilə görmüşlər.
Ərşad Qış məktəbi çərçivəsində daha maraqlı bir layihənin də həyata keçirilməsi, “Qardaşlaşmış məktəblər” layihəsinə bu dəfə Rusiya, Türkiyə və Azərbaycan məktəblilərin qoşulması haqqında da məlumat verdi.
İnanırıq ki, gənc
nəslin bu nümayəndələrinin bir-biri ilə dostluğu, isti münasibətləri həyatları boyu davam edəcək. Bu layihə vasitəsilə müxtəlif
xalqların nümayəndələri ilə həmişəlik
sevgi, səmimi ünsiyyət, dostluq münasibətləri qurulmuşdur.
Başlıcası isə, kitablarda
oxuduqları Azərbaycan kulturalizminin əyanı
şahidi olan bu insanların hər biri
ayrı-ayrılıqda özləri ilə ölkələrinə
Azərbaycana sevgi, məhəbbət, ehtiram daşıyacaqlar. Bu
görüş onların heç
birinin hafizəsindən silinməyəcək.
Bu layihə həm də Azərbaycanı
daha çox
tanıtmaq, Azərbaycan həqiqətlərini daha
geniş təbliğ etmək
baxımından əlverişli fürsət idi.
Tələbəmiz Ərşad Zeyqəmli isə
bu il keçiriləcək
yay məktəbinə dəvət
almağının sevincini də gizlətmədi,
layihə təşkilatçılarına, onun
buradakı iştirakına dəstək olan
müəllimlərinə, universitet rəhbərliyinə
minnətdarlığını çatdırdı.
Mehriban Sultan
Naxçıvan Muxtar Respublikasının
əməkdar jurnalisti,
filologiya üzrə fəlsəfə
doktoru,
Azərbaycan Jurnalistlər Birliyinin
və Naxçıvan
Mətbuat Şurası
İdarə heyətinin
üzvü
Palitra.-2016.-2 mart.-S.15.