Gender bərabərliyi:
Milli mentalitet və zəmanə küləkləri
Azərbaycanda bütün
dövrlərdə qadına xüsusi münasibət və
yanaşma olub. Bəlkə də,
dünyanın heç bir yerində qadına və anaya bizdəki
qədər şeir yazılmayıb, mahnı bəstələnməyib.
Ədəbiyyat həyatın
güzgüsüdür. Bu güzgüdə
Azərbaycan cəmiyyətinin, Azərbaycan insanının
qadına hörməti və ehtiramı real əksini
tapır. Müasir dövr isə milli mentalitetə
özünəməxsus dəyişiklik edir, onu yeni dəyərlərlə
zənginləşdirir.
Tarixə bir nəzər
Bu haqda söhbətə keçməzdən əvvəl
tarixə ötəri də olsa nəzər salmaq ehtiyacı
yaranır. Bu, guya vaxtı ilə Azərbaycan
qadınının ictimai-siyasi həyatdan tam kənarlaşdırıldığı,
aşağı tutulduğu barədə formalaşmış
təsəvvürlərin yanlışlığını
göstərmək üçün lazımdır. Sara xatunu, Möminə xatunu, Nigarı, Natəvanı,
Həcəri, yaxud Nizaminin müasiri olmuş Məshəti Gəncəvini
xatırlayın. Tariximizdə gender bərabərliyinin
ən önəmli səhifəsi isə 1918-ci ildə
açıldı. Azərbaycan Xalq Cümhuriyyəti təxminən
100 il əvvəl qadınlara
seçib-seçilmək hüququ verdi. Onda hələ
dünyanın çox yerində qadınların belə bir
hüququ yox idi. Məsələn,
ABŞ-da qadınlara seçki hüququ yalnız 1920-ci ildə,
Fransada 1944-cü ildə, İtaliyada 1945-ci ildə,
İsveçrədə 1971-ci ildə verilmişdi.
Əlbəttə, bütün bunlar o demək deyil ki,
bizdə gender problemi olmayıb və yoxdur. Bu məsələ
bütün dövrlərdə aktual olub. Ötən
əsrin əvvəllərində Sabir qadın
hüquqsuzluğuna dair şeirlər yazır, zəmanədən
acı-acı şikayətlənirdi. Qızları
məktəbə qoymurdular. Həmin
vaxtlarda, 1901-ci ildə milyonçu və mesenat Hacı
Zeynalabdin Tağıyev Bakıda Qız məktəbi
açdı. Teatrlarda qadın
rollarını kişilərin oynamağa məcbur olduğu
bir vaxtda azərbaycanlı Şövkət Məmmədovanın
Milanda təhsil almasına yardım etdi. Lakin
belə faktlar tək-tək idi və atalar demişkən, bir
gül ilə bahar olmazdı.
Bizdə tariximizin 70 ilinin - sovet dövrünün üstündən
çalın-çarpaz xətt çəkmək
tendensiyası yaranıb. Zülmətdəki işığı, qaranın
içərisindəki ağ rəngi
sezmirik və ya sezmək istəmirik. Yaxşı
baxsaq görərik ki, gender bərabərliyi məhz həmin
dövrdə bərqərar olmağa, savadsızlıqla bərabər,
cəhalət və xurafat da aradan qalxmağa başladı.
Azərbaycan qadını çadrasını
ataraq kişilərlə bir cərgədə dayandı.
Bakıda “Azad Qadın” heykəli ucaldı.
Cəfər Cabbarlı “Firuzə” hekayəsini,
“Sevil” və “Almaz” pyeslərini yazdı. Bu
əsərlər sovet ideologiyasının, sosializm realizminin təzahürü
olsa da, qadının dövlət və cəmiyyət həyatında
getdikcə daha geniş yer tutmasını, rolunun
artmasını danmaq olmaz. Ola bilsin, bəlkə
də, hadisələri müsbət məcraya rejimin xoş məramı
yox, zəmanə küləkləri yönəldirdi.
Xalqın gələcəyini müəyyənləşdirən
əsas amillərdən biri təhsildir. Xüsusən,
təhsilli qadın təhsilli nəslin yetişməsində
mühüm rol oynayır. Bu mənada sovet
dövründə qadınlar arasında
savadsızlığın ləğvi ölkəmizin
intellektual potensialının yüksəlməsinə öz
müsbət təsirini göstərib. Eyni
zamanda, savadlı qadın öz hüquqlarını
başqalarına nisbətən daha yaxşı bilir və
qoruyur. Gender bərabərliyinə nail olmağın bir
mühüm şərti də məhz budur.
Tariximizin bütün dövrlərində örnək
kimi qəbul edilən qadınlarımız olub. Bir qədər
əvvəl uzaq keçmişdən misallar çəkdik.
XX əsr tariximizə nəzər salsaq, bir çox yeni adlar
görərik: Şərqdə ilk operanın müəllifi
Şəfiqə Axundova, ilk qadın peşəkar rəssam
Maral Rəhmanzadə, ilk qadın opera müğənnisi
Şövkət Məmmədova, ilk qadın heykəltəraş
Zivər Məmmədova, ilk qadın beynəlxalq qrossmeyster
Aynur Sofiyeva, ilk qadın balet ustası Qəmər Almaszadə,
ilk qadın mexanizator, Sosialist Əməyi Qəhrəmanı
Sevil Qazıyeva, ilk qadın oftalmoloq alim Zərifə
Əliyeva, ilk qadın şərqşünas alim Aida
İmanquliyeva və başqaları.
Müstəqil
Azərbaycan dövlətinin qadın siyasəti
Azərbaycanda qadınlara münasibət dövlət
siyasəti səviyyəsinə nə vaxtdan yüksəlməyə
başlayıb? Yəqin ki, hər kəs bu suala birmənalı cavab verər:
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxtdan. Doğrudan da, dövlətin qadın siyasəti
birinci şəxsin zərif cinsə münasibət və diqqətindən
qaynaqlanır. 1969-cu ilədək yüksək vəzifələrdə
çalışan qadınlar barmaqla sayılacaq qədər az idi. Sonra nə baş verdi?
Heydər Əliyevin hakimiyyətə gəlişi
ilə qadınlar ön sıralarda görünməyə
başladılar. Qadınlar ilk dəfə olaraq rəhbər
vəzifələrə irəli çəkildi; qadın
birinci katib, qadın nazir, qadın rektor... İlk
vaxtlar bu tendensiya təəccüb və maraqla
qarşılansa da, çox keçmədən adiləşdi.
Neçə-neçə azərbaycanlı
qadın Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman
ana kimi yüksək adlara layiq görüldü, yüksək
məclislərdə başa çəkildi.
Bütün
bunlar dünya miqyasında aktual olan gender bərabərliyi
istiqamətində diqqət çəkən addımlar idi. Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra bu məsələ daha sistemli xarakter almağa
başladı. 1995-ci ildə Prezidentin fərmanı
ilə Azərbaycan “Qadınlara münasibətdə
ayrı-seçkiliyin bütün formalarının ləğvi”
Konvensiyasına qoşuldu.
Qadınlarla
bağlı problemlərin dövlət səviyyəsində
həll etmək məqsədilə digər önəmli addımlar
atıldı: 1998-ci ildə MDB ölkələri arasında
ilk dəfə Azərbaycanda Qadın Problemləri üzrə
Dövlət Komitəsi yaradıldı. 2000-ci
ildə isə Heydər Əliyev dövlətin qadın siyasətinin
əsaslarını müəyyənləşdirən
mühüm sənədə - “Azərbaycan Respublikasında
dövlət qadın siyasətinin həyata keçirilməsi
haqqında” Fərmana imza atdı.
Heydər Əliyev qadına, anaya hörmət və
ehtiramı vacib hesab edir, eyni zamanda, onların dövlət
işində, ictimai həyatda fəaliyyətinə xüsusi
önəm verirdi. Müstəqil Azərbaycanın 1995-ci ildə seçilmiş
ilk parlamentində 124 deputatdan 12 faizinin qadınlardan ibarət
olmasını böyük nailiyyət kimi vurğulayaraq
deyirdi ki, dünyanın ən inkişaf etmiş ölkələrinin
parlamentlərində qadınların xüsusi çəkisi
Azərbaycanda olduğu qədər deyil. Bu, bir
tərəfdən cəmiyyətimizin qadınlara münasibətinin,
digər tərəfdən onların fəallığının
göstəricisidir.
Azərbaycan dövlətinin qadın siyasəti Prezident
İlham Əliyev tərəfindən eyni qətiyyətlə
davam etdirilir.
Bu siyasət qadınların özünütəsdiqi,
ictimai həyatın bütün sahələrində fəal
iştirak üçün əlavə imkanlar yaradır.
Hazırda dövlət qulluğunda
çalışan qadınların xüsusi çəkisi 28
faizə, Milli Məclisdə 16 faizə, bələdiyyələrdə
35 faizə çatır. Respublikamızdakı
85 rayonun icra hakimiyyəti orqanlarında 78 qadın rəhbər
vəzifə tutur. Ədliyyə
orqanlarında 1153, diplomatik korpuslarda 181 qadın fəaliyyət
göstərir. Əgər ötən əsrin
90-cı illərində cəmi bir neçə qadın təşkilatı
vardısa, bu gün onların sayı 200-ü ötür.
Fəxrlə
demək olar ki, dövlət müstəqilliyini cəmi 25 il əvvəl bərpa etmiş Azərbaycan
gender bərabərliyi sahəsində nümunə göstərir,
özünəməxsus model ortaya qoyur. 2010-cu ilə Avropa
Şurasının “Gender bərabərliyi: de-yure və
de-fakto bərabərliyinin təmin
olunması” VII konfransının 2012-ci ildə Krans Montana
Forumu çərçivəsində “Qadın
hüquqları insan hüquqlarıdır, insan
hüquqları isə qadınların hüququdur”
mövzusunda plenar iclasın Bakıda keçirilməsi Azərbaycanın
bu sahədə əldə etdiyi uğurların göstəricisi
sayıla bilər.
Proses
davam edir. Müasir dövrdə Azərbaycan dövləti
gender bərabərliyinin həm de-yure, həm də de-fakto təmin
edilməsi istiqamətində ardıcıl və sistemli
iş aparır, müvafiq qanunvericilik bazası daim təkmilləşdirilir.
Bu sahədə atılan addımlara qısaca nəzər
salaq: 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı
ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi yaradılıb. “Gender
(kişi və qadın) bərabərliyinin təminatı”
haqqında (2006), “Məişət
zorakılığının qarşısının
alınması” haqqında (2010) Azərbaycan
Respublikasının qanunları qəbul olunub. 2014-cü
ildə Prezident “Ana və uşaqların
sağlamlığının
yaxşılaşdırılmasına dair 2014-2020-ci illər
üçün Dövlət Proqramı”nı
təsdiqləyib, eyni zamanda, Ailə məcəlləsinə
dəyişikliklər edilib.
Azərbaycanda
gender bərabərliyinin təmin olunması istiqamətində
görülən işlər həyatın, demək olar,
bütün sahələrini əhatə edir. Nəticə
ürəkaçandır. Belə ki, ötən il
BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyinin
bütün formalarının ləğv edilməsi
haqqında” Konvensiyaya dair Azərbaycan Hökumətinin V
dövri hesabatı təşkilatın Xüsusi Komitəsində
dinlənilərkən ekspertlər ölkəmizdə
qadın hüquqlarının müdafiəsi istiqamətində
aparılan islahatları, eləcə də dövlət
qadın siyasətinin həyata keçirilməsində əldə
olunan nailiyyətləri, qanunvericilik bazasının təkmilləşdirilməsini
yüksək qiymətləndiriblər.
Zəmanəmizin
qəhrəmanları
Hər bir dövr öz qəhrəmanlarını və
öncüllərini yetişdirir. Yeri düşdükcə
onların bəzilərini xatırladıq. İndi isə zəmanəmizin qadın liderlərindən
bəhs etməyin məqamıdır. Onlar
beynəlxalq arenaya çıxaraq dünyada Azərbaycan
qadını haqqında təsəvvür
formalaşdırır, onun istedad və
bacarığını nümayiş etdirirlər.
Azərbaycanın birinci xanımı, UNESCO və
ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu sahədə
xüsusi xidmətlər göstərir. Təkcə
ölkəmizin deyil, dünyanın qadın liderlərindən
sayılan Mehriban Əliyevanın təşəbbüsü
ilə Avropada, MDB məkanında, müsəlman ölkələrində
bir sıra diqqət çəkən layihələr həyata
keçirilir. O, birinci Avropa Oyunlarının Təşkilat
Komitəsinin sədri kimi adını dünya idman tarixinə
yazdırıb. Azərbaycan qadın hərəkatının
lideri olaraq tariximizi və mədəniyyətimizi beynəlxalq
aləmdə tanıtmaq istiqamətində yorulmadan fəaliyyət
göstərir.
Bu gün
UNESCO-nun sülh artisti, professor Firəngiz Əlizadənin əsərləri
dünyanın ən möhtəşəm konsert
salonlarında səslənir: Turin, Berlin, Boston, Çikaqo,
Nyu-York, Bazel, Amsterdam, Bern, Roma, Tokio, Paris... Firəngiz
xanım Azərbaycan musiqi tarixində yeganə bəstəkardır
ki, əsərləri məşhur “Kronos” Kvartetinin
repertuarına daxil olub.
Milli Məclis sədrinin müavini Bahar Muradova, parlamentimizin
bir çox qadın deputatları mötəbər beynəlxalq
təşkilatların tribunalarından Azərbaycanın
mövqeyini qətiyyətlə müdafiə edir, qanun
yaradıcılığına özünəməxsus
töhfələr verirlər.
Azərbaycanı beynəlxalq məkanda layiqincə təmsil
edən, ölkəmizin tərəqqisində mühüm rolu
olan, xalqımızı şöhrətləndirən
qadınlarımızın sıraları getdikcə genişlənir
və onlarla qürur duyuruq. Bütün bunlar isə nəticə
etibarı ilə ölkəmizdə gender bərabərliyinin
bərqərar olmasının, qadınların istedad və
bacarıqlarının reallaşdırılmasına
yaradılan münbit şəraitin nəticəsi, nəhayət,
xoş zəmanə küləklərinin təsiridir.
Bərabərlik
tavanı
Zəmanə küləkləri heç də həmişə
təmiz və saf hava gətirmir, müxtəlif istiqamətdən
əsir. Gender problemi buna bilavasitə bağlı
olduğundan, müəyyən məqamlarda mentalitetlə
ziddiyyət yaradır, cəmiyyətdə birmənalı
qarşılanmır. Qadın və qızların bəzən
açıq-saçıq geyim və davranışı sual
doğurur: Qadına bunca sərbəstlik vermək nə dərəcədə
düzgündür?
Xüsusən, mühafizəkarlar bu fikirdədirlər
ki, gender məsələsində bir bərabərlik
tavanı, yəni hədd və ölçü
olmalıdır. Həqiqətən də, bəzi müsəlman
ölkələrində qadınların geyim və
davranış tərzi qanunla tənzimlənir. Azərbaycan dünyəvi dövlətdir və hər
hansı çərçivə qanunlarımızla bir araya
sığmaz. Deməli, problemin həlli təkcə
dövlətdən və qanunlardan deyil, eyni zamanda, cəmiyyət
və fərdlərdən asılıdır. Bərabərlik tavanını gərək insanlar
özləri müəyyənləşdirsinlər. Milli dəyərləri və mentaliteti arzuolunmaz zəmanə
küləklərinin təsirindən qorumaq vəzifəsi məhz
cəmiyyətin üzərinə düşür.
Tarixin gedişinə nəzər salanda belə
görünür ki, gender bərabərliyi əbədi
problemdir. Hələ qədim Romada vərəsəlik
hüququ yalnız kişilərə məxsus idi.
Sonradan həmin romalılar fikirləşdilər: axı
qadınlar da insandır! Qədim roma
dövründən başlayaraq əsrlərdir ki, gender bərabərliyi
aktual problem olaraq qalır. Kimi üçün bir qədər
çox, kimi üçün bir qədər az...
Abdulla Suvar
AZƏRTAC-ın
müxbiri
Palitra.-2016.-3 mart.-S.15.